Məhkəmə qərarları › İş №2-1(103)-112/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-112/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-112/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X16 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X7 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X25, X9 və X14) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2-1(112)-1661/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X15, X3 və X7 onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4, mənzil 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4, mənzil 1 İddiaçı xüsusi mülkiyyətindədir və ona bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarış verilmişdir. Üçüncü şəxslər X25, X9 və X14 demək olar ki, bir gün də olsun onun mülkiyyətində olan evdə yaşamamışlar. Hazırda onlar başqa ünvanda yaşayırlar. Üçüncü şəxslərin onun evində pasport qeydiyyatında qalması mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Onlara görə mənzil-kommunal xərcləri ödəməkdə çətinlik çəkir. Müəyyən sənədləşmə işlərini apara bilmir. Bu da mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. Üçüncü şəxslərin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi (əvvəlki adı - Firudin bəy Köçərli küçəsi) ev 21, mənzil 1-dən qeydiyyatdan çıxarılmaları üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, Novruzi (Məmmədova) Fidan Sabir qızı, Əsədullayeva (Məmmədova) Aydan Sabir qızı və X7 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Firudin bəy Köçərli küçəsi, ev 21, mənzil 1-dən qeydiyyatdan çıxarılması Sabunçu RPİ QMB-nın səlahiyyətləri daxilində deyil. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, məhkəmə qərarı ilə X25, X9 və X7 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi (keçmiş adı Firudin bəy Köçərli küçəsi) ev 21, mənzil 1-dən pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X25, X9 və X14 (bundan sonra üçüncü şəxslər) üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər. Üçüncü şəxs X14 məhkəməyə təqdim etdiyi yazılı etirazında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının mülkiyyəti kimi qeyd etdiyi Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, 21 saylı evin 1-ci mənzili Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş seriya ÖM, 137514 nömrəli, xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən onun mərhum qayınanası X4 xüsusi mülkiyyətində olmuşdur. Onun qayınanası, iddiaçının isə anası olmuş X10 xx.xx.1998-ci ildə vəfat etmişdir. O, iddiaçının qardaşı olan X17 ilə rəsmi nikaha daxil olduqdan dərhal sonra o zaman dövlət mülkiyyətində olan və kirayəçisi mərhum qayınanası olmuş Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, ev 21, mənzil 1 ünvanına ailə üzvü kimi qeydiyyata düşmüşdür. O, həmin ünvana ailə üzvü kimi qeydiyyata düşdükdən sonra, yəni 1995-ci ildə mənzil ailə üzvlərinin (o cümlədən onun) razılığı əsasında mərhum qayınanasının adına özəlləşdirilmişdir. Onlar hamısı, hazırda iddiaçı olan Oktay Məmmədov, onun həyat yoldaşı Sabir, özü, sonradan isə övladları olan Fidan və Aydan həmin ünvana qeydiyyata düşmüşlər. Mənzilin sahəsi az (20 kv.metr) olduğundan istər onlar (əri, özü və 2 övladı), istərsə də iddiaçı həmin mənzildə yaşamamışlar. Müvafiq mənzil miras əmlakdır. Yəni Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, ev 21, mənzil 1 mərhum qayınanasından qalan əmlakdır. İş üzrə iddiaçı miras əmlakı digər qanun üzrə vərəsələrin razılığını (paydan imtina barədə) almadan hansısa yolla özəlləşdirmişdir ki, bu da mövcud qanunvericiliyə zidd olduğundan qanun üzrə digər vərəsələr bu məsələ, yəni verilmiş vərəsəlik şəhadətnaməsinin və iddiaçının hal-hazırda məhkəməyə təqdim etdiyi “çıxarışın" ləğvi ilə bağlı məhkəməyə müraciət etmək üçün zəruri sənədləri toplayırlar. Digər tərəfdən, iddiaçının məhkəməyə təqdim etdiyi çıxarışa nəzər saldıqda mənzilin bu yaxınlarda (xx.xx.2022-ci il) xüsusi mülkiyyət kimi qeydiyyatdan keçdiyi aydın olur. İstənilən halda mənzilin mülkiyyətçisi dəyişərkən həmin ünvanda qeydiyyatda olanların razılığı istənilir. Lakin onların bundan xəbəri olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1661/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qərarı düzgün əsaslandırılmamış, məhkəmə qərar qəbul edərkən maddi hüquq normalarının tətbiq edilməsində bəzi səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, eyni zamanda iddia tələbinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara hüquqi qiymət verilməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır. X25, X9 və X14 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi (küçənin əvvəlki adı Firudin bəy Köçərli küçəsi) ev 21, mənzil 1 ünvanda qeydiyyatda olsalar da, lakin həmin ünvanda qeydiyyatda olduqları vaxtdan indiyə kimi heç vaxt yaşamayıblar. Bu faktı məhkəmə iclasında iştirak edən, X14 da təsdiqləmiş və bildirmişdir ki, mənzilin sahəsi az olduğundan əri, özü və 2 övladı onun mənzilində yaşamamışlar. Belə olan halda X25, X9 və X1 mənzilə istifadə hüququnun olmasından söhbət gedə bilməz. Həmçinin, onların onun mülkiyyətində olan evdə yaşamaması halı inzibati orqana əsas verir ki, X18, X5 və X11 onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi (küçənin əvvəlki adı Firudin bəy Köçərli küçəsi) ev 21, mənzil 1-dən pasport qeydiyyatından çıxarsın. Bu barədə Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında da qeyd edilmişdir. İstifadə hüqüqları olmayan və onun evində yaşamayan şəxslər barədə o, mənzildən çıxarılma və yaxud da istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmağı əsassızdır. X8, X9 və X14 onun evində yaşamır, heç vaxt da yaşamayıb və bu səbəbdən də onların onun evinə istifadə hüquqları da yaranmayıb. X12, X9 və X7 ünvan 3-dən istifadə hüquqlarının yaranmasına əsas olsaydı, o zaman o, məhkəmənin mövqeyi ilə razılaşardı. Lakin hazırki vəziyyətdə üçüncü şəxslərin onun mənzilindən istifadə hüquqularının olmaması aydındır və bu barədə mübahisə yoxdur. İşə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar tam olaraq aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız qərar qəbul etmişdir. X25, X9 və X14 heç vaxt onun mülkiyyətində olan ünvan 3də yaşamadıqlarına görə Sabunçu Rayon Polis İdarəsi onları həmin ünvandan qeydiyyatdan çıxarmalı idi. Lakin Sabunçu Rayon Polis İdarəsi bunu etməmiş, eləcə də Bakı İnzibati Məhkəməsi də Sabunçu Rayon Polis İdarəsinin bu mövqeyini əsaslı hesab etməklə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd etdiyi qərarının tələblərini pozmuşdur. Məhkəmədə Sabunçu Rayon Polis İdarəsinin onun X25, X9 və X7 qeydiyyatdan çıxarılmaları barədə ərizəsinin təmin edilməməsinin əsaslı olması sübut edilməmişdir. Üçüncü şəxslərin onun evində heç vaxt yaşamaması X14 tərəfindən məhkəmə iclasında etiraf olunmuşdur. Bu hal həm də onu təsdiq edir ki, onların onun evindən istifadə hüququ yaranmayıb və yarana da bilməz. Məhkəmənin iddiasının əsassız olması nəticəsinə gəlməsi işin hallarına uyğun deyildir. Çünki Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən qeydiyyatdan çıxarılma üçün iki əsas kifayət edir: 1) şəxsin yaşayış sahəsində faktiki yaşamaması və 2) istifadə hüququnun olmaması. Hazırki mübahisə ilə bağlı hər iki hal mövcuddur və mübahisə doğurmur. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 apellyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndənin məhkəmə iclasında iştirakını təmin etməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını və üçüncü şəxs X11 dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırda qardaşı arvadı X7 və onun uşaqları olan X15 və X3 ona məxsus mənzildə yaşamadığına və istifadə hüququnun olmadığına istinad edərək onların həmin mənzildən qeydiyyatdan çıxarılmasını xahiş edir. G.Məmmədova 1992-ci ildə hazırkı iddiaçının qardaşı, X17 ilə rəsmi nikaha daxil olmuş, bundan sonra həmin nikaha əsasən xx.xx.1994-cü ildə 1 saylı mənzilə qeydiyyata alınmışdır. Digər cavabdehlər isə onun bu nikahdan doğulan övladları olmaqla, F.Novruzi 1994-cü ildə, A.Əsədullayeva isə 1995-ci ildə həmin mənzilə qeydiyyata alınmışlar. İş materiallarında olan: - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı, 137514 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, ev 21 ünvanında yerləşən 1 saylı mənzilə dair X4 mülkiyyət hüququ xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi olan oğlu İddiaçı miras əmlak Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, ev 21 ünvanında yerləşən, 1 otaqlı 1 saylı mənzilə dair pay hüququ müəyyən edilmişdir. - ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, qeyd olunan mənzilə dair İddiaçı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ünvan 3 ünvanında digər şəxslərlə yanaşı xx.xx.1993-cü il təvəllüdlü X25, xx.xx.1995-ci il təvəllüdlü X9 və xx.xx.1070-ci il təvəllüdlü X14 da qeydiyyatdadır. -AZ-İ №269572 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.1961-ci il tarixdə doğulmuşdur. X2, anası isə X6r. - 254692 nömrəli, xx.xx.1992-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X17 və X21 xx.xx.1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - Bakı şəhəri “Balaxanıneft” NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatı Birliyinin Mənzil İstismar Sahəsinin 2847 nömrəli, xx.xx.2008-ci il tarixli arayışından görünür ki, X14 xx.xx.1994-cü il tarixdə, onun əri X17 xx.xx.1981-ci il tarixdə, qızı Məmmədova (Novruzi) Fidan Sabir qızı 1994-cü il tarixdə, qızı X19 1995-ci il tarixdə və qaynı İddiaçı xx.xx.1984cü il tarixdə ünvan 3 ünvanına qeydiyyata alınmışlar. - İddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, üçüncü şəxs Gülarə Məmmədova (Əliyeva) nikaha əsasən xx.xx.1994-cü il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, ev 21, mənzil 1 ünvanına qeydiyyata alınmış, şəxsi vərəqədə ailə üzvləri kimi qızı - 1993-cü il təvəllüdlü X20, 1995-ci il təvəllüdlü X19 da qeyd edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Baki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X25, X9 və X7 Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən, 1 saylı mənzilə dair mülkiyyət, istifadə və ya digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin, işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2023-cü il tarixli (qanuni qüvvəsini almış) qərardadından görünür ki, İddiaçı cavabdehlər X25 və qeyrilərinə qarşı “mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə cavabdeh X14 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və həmin iş üzrə icraata iş məhkəmədə mülki mühakimə icraatında baxılmalı olmadığına görə xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan göründüyü kimi, “üçüncü şəxslərin mənzilə qeydiyyata düşdükləri 1994-cü ildə qüvvədə olan, xx.xx.2009-cu il tarixdə qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinin dispozisiyasında olan tələblərə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Hazırkı iş üzrə üçüncü şəxs G.Məmmədova özü qeydiyyatda olduğu həmin evdə bir gün də yaşamadığını bildirdiyindən müəyyən olunur ki, onun və övladlarının həmin mənzilə istifadə hüququ olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Hazırkı halda iddiaçının qardaşı arvadı G.Məmmədova və onun uşaqları F.Novruzi və A.Əsədullayevaya münasibətdə həmin şərtlərin mövcudluğu müəyyən olunur. Demək ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarı ilə müəyyən edilmiş mövqeyinə əsasən, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər”. Kollegiya qeyd edir ki, İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərardadında əksini tapmış hüquqi mövqeyə görə hazırki iş üzrə üçüncü şəxslərin mübahisəli mənzilə istifadə hüquqları yaranmamışdır (mövcud deyildir). Həmin qərardadın hazırki iş üzrə preyudisial əhəmiyyəti vardır. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.” Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Üçüncü şəxslərin sözügedən mənzil üzərində hər hansı əmlak hüququna malik olmadıqları və yaşamadıqları halda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçı üçüncü şəxslərin sözügedən evdən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməklə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuş, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və beləliklə də səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1661/2023 saylı, 10 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Məmmədova (Novruzi) Fidan Sabir qızının, Məmmədova (Əsədullayeva) Aydan Sabir qızının və X7 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4, mənzil 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar