Məhkəmə qərarları › İş №2-1(103)-112/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-112/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-112/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2158/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəbirstanlığına gedən yolun sol tərəfində yerləşən sahəsi 800 kv.m olan torpaq sahəsinə cizginin (yerləşmə sxemi) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəbirstanlığına gedən yolun sol tərəfində yerləşən sahəsi 800 kv.m olan torpaq sahəsinə cizginin (yerləşmə sxemi) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəbirstanlığına gedən yolun sol tərəfindən yerləşən sahəsi 800 kv.m olan torpaq sahəsi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1999-cu il tarixində iddiaçının mərhum nənəsi X3 verilmişdir, verildiyi vaxtdan ailəsinin daimi istifadəsindədir. Bundan başqa, həmin torpaq sahəsinə ailəsinin digər üzvlərinin hər birinə ayrılıqda 800 kv.m torpaq ayrılmışdır. Bütün torpaqlar hasar daxilindədir. İddiaçı torpaq sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, torpaq sahəsinə dair cizgi təqdim edilməmişdir. Cavabdehə rəsmi müraciət etsə də, hazırki vaxta qədər cavabdeh ərizəsini icra etməmiş və bu barədə qəsmi cavab verməmişdir. Cavabdehin hərəkətləri qanunsuzdur. Torpaq sahəsini ayıran orqan onun cizgisini xəritədən çıxarışı təqdim edir ki, vətəndaş həmin sənədlərlə reyestr xidmətinə müraciət edərək torpaq üzərində hüquqlarını dövlət qeydiyyatına aldırır. Torpaq sahəsini ayıran orqan olaraq indiki Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti cizgini təqdim etməlidir. Sərəncamın arxiv nüsxəsi alınmış, ancaq arxiv nüsxəsi verilərkən qeyd edilmişdir ki, cizgi əlavə edilməmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-2158/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəbirstanlığına gedən yolun sol tərəfində yerləşən sahəsi 800 kv.m olan torpaq sahəsinə dair yerləşmə cizgisinin İddiaçı verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinə yerləşmə cizginin verilməsinə dair iddia tələbi məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilərək, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 1645 saylı sərəncamı ilə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəbirstanlığına gedən yolun sol tərəfində yerləşən 800 kv.m torpaq sahəsinə dair yerləşmə cizginin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmədə işə baxılarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə və digər hüquq normalarına istinad edilmədən qərar qəbul edilmişdir. Belə ki, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən həmin dövrdə torpaq sahələri ayrılarkən natura qaydada bölgülər aparılmış və torpaq sahəsinə dair yerləşmə cizgisi (plan-sxem) Rayon İcra Hakimiyyəti başçısının sərəncamları ilə birlikdə onun ayrılmaz hissəsi olaraq vətəndaşlara təqdim edilmişdir. 1999-cu ildə ayrılmış torpaq sahəsinə 25 il ötdükdən sonra cizginin verilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciət etməsi və ya məhkəmədə iddia qaldırması cavabdeh tərəf olaraq ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Belə hallarda Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə ayrılmış torpaq sahəsinin yaxınlığında eyni ölçüdə zəbt edilmiş digər torpaq sahələrinin sənədləşdirilməsinə cəhdlər göstərilir və bu da ciddi qanun pozuntuları ilə nəticələnir. İddiaçı Torpaq sahəsi ayrılandan sonra qısa müddət ərzində deyil, uzun illər keçdikdən sonra sözügedən torpaq sahəsinə dair cizginin verilməsi ilə bağlı sənədləşmə qərarına gəlmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 1645 saylı sərəncamı ilə qeyd olunan ünvanla sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sərəncamın sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi başa düşülür. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı cizginin (ayrıc aktının) verilməsi tələbinə dair iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməli idi. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 1645 saylı sərəncamı ilə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəbirstanlığına gedən yolun sol tərəfində yerləşən 800 kv.m torpaq sahəsinə torpaq sahəsinə dair yerləşmə cizginin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması əsassız hesab olunaraq, apellyasiya şikayətinin verilməsi və qərarın ləğv edilməsi qanunamüvafiq hesab edilir. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəbirstanlığına gedən yolun sol tərəfindən yerləşən sahəsi 800 kv.m olan torpaq sahəsinə cizginin (yerləşmə sxemi) verilməsi öhdəliyinin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh bu qərardan apellyasiya şikayəti vermişdir. Cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı verməklə, sonuncunun qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərman ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdi edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Cavabdeh sərəncam verərkən cizgini də təqdim etməli idi, lakin belə olmamışdır. Torpaq sahəsi ayrıldığı vaxtdan eyni ölçüdədir, yəni 800 kv.metrdir, heç bir mübahisə yoxdur, torpaq sahəsi daş hasara alınaraq istifadə edilir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər Suraxanı Rayonu İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli 1645 saylı sərəncamının surətindən görünür ki, Əmircan qəsəbəsi, Əmircan qəbirstanlığına gedən yolun sol tərəfində bir neçə illər istifadə olunan sahədə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır: 1.3.Vət. X3 - 800 (səkkiz yüz) kv.m. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş X2 vərəsəlik işində olan sənədlərə əsasən: - Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 273756 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü ildə 593 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: xx.xx.2013-cü il tarixdə vəfat etmiş X2 miras əmlakına dair vəsiyyətnamənin qoyulub-qoyulmaması və vərəsəlik işinin açılıb-açılmaması barədə məlumatın istənilməsi ilə əlaqədar Dövlət notariat arxivinə daxil olmuş müraciətinizə baxılmışdır. «Elektron notariat» informasiya sistemində X2 hər hansı miras əmlakına dair vərəsəlik işi barədə məlumat aşkar edilməmişdir. X1 tərəfindən Bakı şəhəri 10 saylı dövlət notariat ofisində xx.xx.2009-cu il tarixdə 2V-İ-91 reyestr nömrəsi ilə vəsiyyətnamənin qoyulduğu müəyyən edilmiş və həmin vəsiyyətnamənin xx.xx.2023-cü ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. - xx.xx.2009-cu il tarixli reyestrdə 2V-İ-91 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin surətindən görünür ki, X5 Bakı şəhəri, Əmircan qəsəbəsi, Əmircan qəbirstanlığına gedən yolun sol tərəfində yerləşən sahəsi 800 kv.m torpaq sahəsini həmin ünvanda yaşayan nəvəsi İddiaçı vəsiyyət edir. - Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 1923-cü il təvəllüdlü, xx.xx.2001-ci il tarixdə vəfat etmiş, ünvan 3 qeydiyyatda olan X2 vərəsəlik işi ilə əlaqədar olaraq vərəsəsi İddiaçı notarial ofisinə müraciət etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəbirstanlıgına gedən yolun sol tərəfində yerləşən 800 kv.m. olan torpaq sahəsi X2 adınadır, həmin əmlaka dair çıxarışın vərəsəsi İddiaçı verilməsi xahiş olunur. - İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2013-cü ildə onun ünvan 3 ünvanında qeydiyyatda olmuş nənəsi X5 ölmüşdür. Ondan irs qalmış mirası: daşınar və daşınmaz əmlakları qəbul edir. Mirasın tərkibinə daxil olan daşınar və daşınmaz əmlaklaryaşayış sahəsindən ona çatası hissəyə dair vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (28 oktyabr 2008-ci il tarixdə 1-ci cümlə çıxarılmışdır). 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 65-ci maddəsinin 7-ci bəndinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 8-ci bəndinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. İşin faktiki hallarına görə Bakı şəhər Suraxanı Rayonu İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 1645 saylı sərəncamına əsasən X3 Əmircan qəsəbəsi, Əmircan qəbirstanlığına gedən yolun sol tərəfində bir neçə illər istifadə olunan sahədə fərdi yaşayış evi tikmək üçün 800 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi yerində təhvil verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı nənəsi X5 xx.xx.2013-cü ildə Bakı şəhərində ölmüşdür. Məhkəməyə təqdim edilmiş vərəsəlik işində olan xx.xx.2009-cu il tarixli reyestrdə 2V-İ-91 nömrə ilə qeyd edilmiş vəsiyyətnaməyə əsasən X5 Bakı şəhəri, Əmircan qəsəbəsi, Əmircan qəbirstanlığına gedən yolun sol tərəfində yerləşən sahəsi 800 kv.m torpaq sahəsini həmin ünvanda yaşayan nəvəsi İddiaçı vəsiyyət etmişdir. Eyni zamanda Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən X2 vərəsəlik işi ilə əlaqədar olaraq vərəsəsi İddiaçı notarial ofisinə müraciət etmişdir, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəbirstanlıgına gedən yolun sol tərəfində yerləşən 800 kv.m olan torpaq sahəsi X2 adınadır, həmin əmlaka dair çıxarışın vərəsəsi İddiaçı verilməsi xahiş olunur. Eyni zamanda iddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış və notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, xx.xx.2013-cü ildə onun nənəsi X5 ölmüşdür, ondan irs qalmış mirası qəbul edir və mirasın tərkibinə daxil olan daşınar və daşınmaz əmlaklardan ona çatası hissəyə dair vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. Hazırda iddiaçı həmin torpaq sahəsinin cizgisinin ona verilməsini xahiş edir. Göründüyü kimi, torpaq sahəsi X3 naturada təhvil verilmiş olsa da, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair cizgi həmin dövrdə qərarla birlikdə təqdim edilməli idi. Qeyd olunan sərəncam ləğv edilməmişdir və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-48-2F/2-08429/2023 nömrəli məktubla həmin sərəncamın surəti məhkəməyə təqdim edilmişdir. Sərəncam dövlət arxivinə təhvil verilmiş, lakin həmin sərəncamla birgə arxivə torpaq sahəsinin yerləşmə cizgisi təhvil verilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd olunanlara əsasən qərar icra olunmalıdır. Lakin iddiaçı torpaq sahəsinə dair cizginin hazırlanaraq ona verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Halbuki torpaq ayrılması barədə müvafiq sərəncam qəbul edilənədək ayrılmış torpaq sahəsinin sərhədlərini yerində və xəritədə müəyyən etmək, buna dair plan və ölçüsünün hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış cizginin təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Bu da iddiaçının qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən torpaq ayrılan və ondan sonrakı dövrlərdə torpağa sahiblik və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında cizginin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Eyni zamanda qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla həmin hüquqların həyata keçirilməsinə maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı idi, hətta həmin vaxt sözügedən cizgi təqdim olunsa belə, onu təkrar tələb etməkdə iddiaçı haqlıdır. İddiaçı məhz həmin sərəncam əsasında ona ayrılmış torpaq sahəsinin cizgisinin verilməsini tələb etdiyindən, cavabdehin bunu zəbt edilmiş digər torpaq sahələrinin sənədləşdirilməsinə cəhd kimi qiymətləndirməsi və bununla əlaqədar dəlilləri əsassızdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2158/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar