Məhkəmə qərarları › İş №2-1(103)-1120/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1120/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1120/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2343/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı-X2 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) qarşı qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vergilər Nazirliyinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 17.10.2019-cu il tarixli, **********848100 nömrəli qərarının; Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” 02.05.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarlarının; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasının 6 dekabr 2019-cu il tarixli, **********558500 nömrəli qərarının ləğv edilməsi, şikayətinin tam təmin edilməsi və vergi orqanı tərəfindən 2018-ci ilin oktyabr-dekabr ayları üçün əlavə dəyər vergisi bəyannamələri üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2343/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı illik dövriyyə həcminin 200.000 manatdan artıq olduğunu bildiyi üçün 2018-ci ilin aprel ayının 20-dək iddiaçı tərəfindən vergi orqanına sadələşdirilmiş verginin ödəyicisi olmaq barədə bəyannamə təqdim edilmiş və aylıq dövriyyəyə uyğun olaraq vergilər vaxtlı-vaxtında ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2- 1(103)-216/2021 nömrəli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, “Vergilərin hesablanması barədə” 02 may 2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarlar ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respubikası Ali Məhkəməsinin 2-1(102)-1967/2021 saylı, 08.12.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2-1(103)-216/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak etməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdə olan: - Fiziki şəxs X2 (VÖEN: **********) vergi ödəyicisi kimi 10.11.2017-ci il tarixdə uçota alınmış, əsas fəaliyyəti “restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər”dən ibarətdir. 19 mart 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Park Restoran” adlı təsərrüfat obyekti uçota alınmış, fərdi sahibkarın 01.06.2019-cu il tarixli ərizəsinə əsasən isə qeyd olunan təsərrüfat obyektinin qeydiyyatı ləğv olunmuşdur. - Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 31.08.2018-ci il tarixli **********1076 saylı “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” Qərarı əsasında ünvan 1 ünvanında yerləşən **********- 15001 kodlu “Park Restoran” adlı təsərrüfat obyektində keçirilmiş xronometraj metodu ilə müşahidənin nəticəsi üzrə 03.09.2018-ci il tarixdə tərtib olunmuş VN-14025106 saylı yekun akta əsasən fərdi sahibkarın orta günlük dövriyyəsinin ümumilikdə 3.660,12 manat olduğu müəyyən edilmişdir. - Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı fərdi sahibkarın təsərrüfat subyektində keçirilmiş son xronometraj metodu ilə müşahidələrə əsasən orta günlük satış dövriyyəsinin 3.660,12 manat (ƏDV-siz əsas məbləğ 3.101,80 manat, ƏDV-si 558,32 manat) müəyyən edilməsinə baxmayaraq 2018-ci ilin oktyabr-dekabr ayları və 2019-cu ilin yanvar-may ayları üçün əlavə dəyər vergisi bəyannamələrinin təqdim edilmədiyi müəyyən edilmiş və qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edlməsi haqqında” 09.04.2019-cu il tarixli **********403100 nömrəli, 23.05.2019-cu il tarixli **********602600 nömrəli və 05.08.2019-cu il tarixli **********286000 nömrəli məktublar göndərilmişdir. - Fərdi sahibkar X2 tərəfindən bəyannamədə olan uyğunsuzluqlar barədə məktuba cavab olaraq əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya kənarlaşma aradan qaldırılmaqla vergi bəyannaməsi təqdim edilmədiyi üçün cavabdeh vergi orqanı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2018-ci ilin oktyabr ayı üçün əlavə dəyər vergi bəyannaməsi üzrə 17.308,01 manat, 2018-ci ilin noyabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 16.749,69 manat, 2018-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 17.308,01 manat, 2019-cu ilin yanvar ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 17.308,01 manat, 2019-cu ilin fevral ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 15.633,04 manat, 2019-cu ilin mart ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 17.308,01 manat, 2019-cu ilin aprel ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 16.749,69 manat və 2019-cu ilin may ayı üçün əlavə dəyər vergisi üzrə 11.724,78 manat əlavə vergi məbləği hesablanmış və buna dair qəbul edilmiş “Vergilərin hesablanması barədə” 02.05.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli, **********726300 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30.05.2019-cu il tarixli **********637400 nömrəli, **********639800 nömrəli, **********822600 nömrəli, 26.08.2019-cu il tarixli **********803100 nömrəli və **********968500 nömrəli qərarlar vergi ödəyicisinə göndərilmişdir. - Cavabdeh vergi orqanının apardığı araşdırma zamanı, fərdi sahibkar X1 vergi tutulan əməliyyatlarının həcminin ardıcıl 12 aylıq dövr ərzində 200.000,00 manatdan artıq olduğu müəyyən olunduğu üçün sonuncu 01.08.2018-ci il tarixdən vergi orqanı tərəfindən məcburi qaydada ƏDV qeydiyyatına alınaraq, bu barədə ona 03.12.2018-ci il tarixli **********6 nömrəli “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat” Bildirişi göndərilmişdir. - Fərdi sahibkar X2 vergi orqanının qeyd edilən qərarlarından inzibati qaydada şikayət vermiş və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 17.10.2019-cu il tarixli **********848100 nömrəli qərarı ilə vergi ödəyicisinin şikayəti qismən təmin edilərək, Bakı şəhəri LGD tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” 02.05.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarlarının dəyişdirilmədən saxlanılması və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30.05.2019-cu il tarixli **********637400 nömrəli, **********639800 nömrəli, **********822600 nömrəli, 26.06.2019-cu il tarixli **********803100 nömrəli və **********968500 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmış və qeyd olunan qərarla VN-nin Bakı şəhəri LGBİyə aşağıdakılar tapşırılmışdır: fərdi sahibkara rəsmiləşdirilmiş son xronometraj metodunun nəticələrinə uyğun olaraq 2018-ci ilin sentyabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə və 2018-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə əlavə vergilərin hesablanmasını təmin etmək; fərdi sahibkarın ƏDV üzrə vergi mükəlləfiyyətinin 01.01.2019-cu il tarixdən ləğv edilməsini və sadələşdirilmiş vergi üzrə mükəlləfiyyətinin 01.01.2019-cu il tarixdən aktivləşdirilməsini və 2019-cu ilin 1-ci və 2-ci rübləri üçün rəsmiləşdirilmiş son xronometraj metodunun nəticələrinə uyğun olaraq 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi məbləğinin hesablanmasının təmin edilməsi; fərdi sahibkar tərəfindən 22.04.2019-cu il tarixdə 2018-ci ilin 3-cü rübü üçün təqdim edilmiş cari sadələşdirilmiş vergi bəyannaməsinin 810, 811 və 812-ci sətirlərinin göstəricisiz əks olunmasının təmin edilməsi; bu qərarın 2-ci, 3.1-ci və 3.2-ci və 3.3-cü bəndlərinin icrası ilə bağlı fərdi sahibkarın şəxsi hesab vərəqəsindəki müvafiq düzəlişlərin edilməsinin təmin olunması məsələsinə baxılması. - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Apellyasiya Şurasının 06 dekabr 2019-cu il tarixli **********558500 saylı qərarı ilə X1 şikayəti təmin edilməyərək,Vergilər Nazirliyinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 17.10.2019-cu il tarixli **********848100 nömrəli qərarı və Vergilər Nazirliyi yanında Bakı LGD tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” 02.05.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********7267300 nömrəli qərarların dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Hazırda iddiaçı məhkəmədən Bakı şəhəri LGBİ tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” 02.05.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarlarının ləğv edilməsini, vergi orqanı tərəfindən 2018-ci ilin oktyabr-dekabr ayları üçün əlavə dəyər vergisi bəyannamələri üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılmasını tələb edir. Məhkəmə kollegiyası aşağıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya bildirir ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır. Hazırki işin hallarından göründüyü kimi, hazırkı iş üzrə tərəflər arasında yaranan mübahisə ictimai iaşə fəaliyyəti ilə məşğul olan iddiaçıya ƏDV üzrə verginin hesablanması ilə bağlıdır. İnzibati mübahisə üzrə iddiaçının mövqeyi bundan ibarətdir ki, AR Vergi Məcəlləsinin 218.1-ci maddəsinin tələbinə uyğun olaraq 2018-ci ilin aprel ayının 20-dək sadələşdirilmiş vergi hüququndan istifadə etməyə dair müvafiq bəyannaməni təqdim etdiyindən, ona 2018-ci ilin İV rübü üzrə ƏDV hesablanması əsassızdır. Cavabdeh isə bildirir ki, iddiaçı AR VM-in 218.1-ci maddəsinin tələbinə uyğun olaraq 2018-ci ilin aprel ayının 20-dək sadələşdirilmiş vergi hüququndan istifadə edəcəyinə dair müvafiq məlumatı verməmiş, həmçinin dövriyyəsi 200.000 manatdan artıq olduğuna görə 2018-ci ilin avqust ayının 1-dən məcburi ƏDV qeydiyyatına alınmış, keçirilmiş son xronometraj müşahidəsinin nəticələrinə əsasən isə 2018-ci ilin İV rübü üzrə ƏDV hesablanmışdır (iddiaçı 2018-ci ilin İV rübü üzrə 2019-cu ilin mart ayının 05-də dəqiqləşdirilmiş bəyannamə vermiş və dövriyyəni 0 göstərmişdir). Hazırki iddia tələbinin uğurluluq ehtimalına münasibətdə məhkəmə kollegiyası bildirir ki, işin faktiki hallarından aydındır ki, iddiaçının ƏDV ödəyicisi kimi qeydiyyata alınması və mübahisələndirilən vergi orqanının qərarlarının qəbul edilməsi cavabdeh tərəfindən aparılmış vergi ödəyicisinin xronometraj metodu ilə müşahidəsinin nəticələrinə əsasən icra edilmişdir. Hazırki mübahisə üzrə iddia tələbinə münasibətdə kollegiya vurğulayır ki, iddiaçı ƏDV ödəyicisı olmadığını bildirsə də, hazırda onun ƏDV ödəyicisi kimi qeydiyyatı aktivdir və iddiaçı tərəfindən hər hansı qaydada mübahisələndirilmir. Digər tərəfdən isə iddia tələbində müvafiq qərarların ləğvi tələb edilsə də, həmin qərarlarla hesablanmış vergi məbləğinin əsasında duran xronometrajın nəticələrini mübahisələndirilmir, xronometrajın nəticələri qüvvəsini saxlayır. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi mübahisəni həll edərkən kameral qərarların qanuniliyinə qiymət verilməsi zamanı yuxarıda qeyd olunan xüsusatları - iddiaçının ƏDV ödəyicisi olmasının və cavabdeh tərəfindən aparılmış vergi ödəyicisinin xronometraj metodu ilə müşahidəsinin nəticələrinin mübahisələndirilməməsini nəzərə almamışdır. Beləliklə, hazırki iddianın təmin ediləcəyi təqdirdə iddiaçı tərəfindən mübahisələndirilən qərarlar ləğv edilsə belə, qərarların qəbul edilməsinə əsas olan hallar aradan qalxmadığından iddiaçının arzuladığı hüquqi nəticəni əldə etməsi mümkün görünmür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Sadalananları nəzərə alan kollegiya hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı X1 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2343/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsinə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar