Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1121/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçının qanuni təmsilçisi X4 və nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı (VÖEN – **********; Hüquqi ünvanı – AZ1025,Bakı şəh., Xətai ray., Xəqani Rüstəmov küç., ev 1; Qanuni təmsilçi – X7; dövlət qeydiyyatına alındığı tarix- 07.06.1994) cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2-1(112)- 1455/2020 saylı qərarından iddiaçı, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) qarşı 14 avqust 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 906.770 (doqquz yüz altı min yeddi yüz yetmiş) manat məbləğində pulun İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi “Azərneftyağ” İstehsalat Birliyinə məxsus olmuşdur. 28.12.1992-ci il tarixdə İddiaçı ilə “Azərneftyağ” İstehsalat Birliyi arasında bağlanmış 3-x nömrəli icarə müqaviləsi əsasında həmin torpaq sahəsi üzərindəki inzibati bina ilə birlikdə İddiaçı-nin sahibliyinə və istifadəsinə verilmişdir. Bundan sonra “Zamiq" MMC icarəyə götürülmüş torpaq sahəsinin mülkiyyətçisinin razılığı əsasında orada başqa tikililər inşa etmişdir. Belə ki, İddiaçı-nin müvafiq müraciəti əsasında “Azərneftyağ” İstehsalat Birliyi DM № 19/21 19/İİ-93 nömrəli məktubla sözügedən ərazidə tikililərin inşa edilməsinə dair İddiaçı-yə razılıq vermişdir. Buna uyğun olaraq da sonradan “Zamiq" MMC tərəfindən həmin torpaq sahəsində tikililər inşa edilmiş və 19.01.1997-ci il tarixdə ona bu tikililərlə bağlı texniki pasport verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10.07.2013-cü il tarixli, 225 saylı Sərəncamı əsasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov küçəsi, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin köçürülməsi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmişdir. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10.07.2013-cü il tarixli, 225 nömrəli Sərəncamının icrası ilə əlaqədar olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətində yaradılmış komissiyada ünvan 2 ünvanında “Zamiq" MMC-yə məxsus olan tikililərin dəyərinin ümumilikdə 200.755 (iki yüz min yeddi yüz əlli beş) manat olması müəyyən edilmişdir. Sözügedən əmlakların sökülməsi nəticəsində iddiaçıya vurulmuş ziyan bu günədək ödənilməmişdir. Müəyyən olunmuş bu məbləğlə iddiaçı razı deyil. Sözügedən ünvanda iddiaçı tərəfindən inşa edilən tikililərin dəyəri 200.755 (iki yüz min yeddi yüz əlli beş) manat təşkil etmir. Belə ki, Azərbaycan Respublikası “X9 LTD" müştərək müəssisəsi tərəfindən tərtib edilmiş 30.10.2007-ci il tarixli, 0036/VR/10-07 nömrəli qiymətləndirmə hesabatından da göründüyü kimi ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 30.10.2017-ci il (mətnə uyğun) tarixə olan bazar dəyəri və maddi ziyan məbləği müəyyən olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında İddiaçı tərəfindən inşa edilmiş sahəsi 401,51 kvadratmetr olan tikilinin (istehsalat sexi və anbar binası) köçürülməsi ilə əlaqədar olaraq 471.211 (dörd yüz yetmiş bir min iki yüz on bir) manat məbləğində kompensasiyanın İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2-1(112)-1455/2020 saylı qərarı ilə (hakim P.Hüseynov) iddia tələbi qismən təmin edilərək, ünvan 3 ünvanında sahəsi 401,51 kvadratmetr olan tikilinin (istehsalat sexi və anbar binası) köçürülməsi ilə əlaqədar olaraq 200.755 (iki yüz min yeddi yüz əlli beş) manat kompensasiya məbləğinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmış, iddia digər hissədə təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı, cavabdeh və üçüncü şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı qismən təmin edərkən tərəflər arasında imzalanmış 2014-cü il tarixli razılaşma aktına istinad etmişdir. Halbuki, iş materiallarına əlavə olunmuş mütəxəssis rəyindən görünür ki. mübahisəli əmlakın köçürülməsi ilə əlaqədar ehtimal olunan maddi ziyanın həcmi 471.211 manat həcmində müəyyən edilmişdir. Məhkəmə göstərilən məbləği əsas götürməsi barədə mövqeyini tərəflərin həmin aktda kompensasiyanın məbləği barədə razılığa gəlməsi ilə əsaslandırmışdır. Lakin, məhkəmə nəzərə almamışdır ki, sözügedən razılaşma aktı imzalansa da, keçən 7 il ərzində həmin akt icra olunmamış və tərəflər arasında razılaşdırılmış şərtlər cavabdeh tərəfindən pozulmuşdur. Belə olan halda isə həmin aktda göstərilən məbləğ deyil, konkret olaraq, iddiaçıya dəyən real kompensasiya məbləği ödənilməlidir. Həmçinin, razılaşma aktından da göründüyü kimi mübahisəli əmlak istehsalat sexi və iki hissədən ibarət anbar olmuşdur. Bu əmlakların 1 kv.m-nin real qiymət 500 manat deyildir. Əslində iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği müəyyənləşdirilərkən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının zaman etibarilə daha əvvəlki sərəncamlarına əsasən isə hazırkı mübahisənin predmetini təşkil edən qeyri-yaşayış sahəsinin yerləşdiyi yerə yaxın ərazilərdə yerləşmiş qeyri-yaşayış sahələrinin hər kvadratmeri üçün ödənilən kompensasiya məbləği nəzərə alınmalıdır. Həmçinin tərəflər arasında imzalanmış aktdan göründüyü kimi, iddiaçı həmin aktda göstərilən məbləğdən əlavə kompensasiyanı tələb etmək hüququndan imtina etməmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən və Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 21 dekabr 2001-ci il tarixli, 939/2268 nömrəli müqavilə əsasında ”Zamiq” MMC tərəfindən icarəyə götürülmüş sahədə fiziki şəxslər X4 və X3 vəsaiti hesabına inşa edilmiş 150 kv.m qeyri-yaşayış sahəsinə Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli, 689 saylı Fərmanına əsasən sökülən tikilinin 1 kv.m üçün 20.0 % əlavə hesablanmaqla birlikdə alqı-satqı orta bazar qiyməti 300 (üç yüz) manat müəyyənləşdirilərək fiziki şəxslər X6 və X5 hesablanmış 150 kv.m tikili üçün cəmi alacaq təzminat 45.000 (qırx beş min) manat təşkil etmişdir və onlar öz imzaları ilə təzminatın məbləği ilə razılaşmış və qeyd edilən vəsaiti qəbul etmişlər. Lakin məhkəmə iddiaçı tərəfindən notarial qaydada təsdiqi olmayan və ehtimallara sığınaraq guya Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Komissiyanın tərkibindən ibarət razılaşma aktının imzalandığını və heç bir möhürlə təsdiq olmayan ksero-surətdən ibarət sənədi əsas gətirərək iddianı qismən təmin etmişdir. Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Zamiq" MMC tərəfindən məhkəməyə təqdim edilən 30.11.1998-ci il tarixli ARDNŞ “Azərneftyağ” İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış müqavilə və 28.12/1992-ci il tarixli İddiaçı ilə “Azərneftyağ” İstehsalat Birliyi arasında müqavilə iddiaçıya sözügedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ deyil, istifadə etmək hüququ vermişdir. Sözügedən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı mövcud olmadığı üçün İddiaçı mübahisələndirilən tikili üzrə mülkiyyətçi hesab oluna bilməz. Ümumiyyətlə məhkəmə tərəfindən sözügedən müqavilələrin qüvvədə olub-olmaması, müqavilələrdə daşınmaz əmlakın dövlət tədbirləri çərçivəsində geri alına və ya alına bilməməsi ilə bağlı müddəaların olub-olmaması, daşınmaz əmlak İddiaçı-nin istifadəsinə verilərkən qarşılığında hər hansı bir məbləğin verilib-verilməməsi araşdırılmamışdır. Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 5.1-ci bəndinə əsasən dövlət əmlakı dedikdə, Azərbaycan Respublikasının mülkiyyətində olan daşınmaz və daşınar əşyalar, qiymətli kağızlar, habelə onlar üzərində əmlak və əşya hüquqları nəzərdə tutulur. “Azərneftyağ” İstehsalat Birliyi dövlət müəssisəsi olduğunu nəzərə alaraq, daşınmaz əmlakın istifadəyə verilməsi barədə “Azərneftyağ” İstehsalat Birliyi və İddiaçı arasındakı müqavilə İddiaçı-yə mülkiyyət hüququ verə bilməz. Bundan başqa bildiririk ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müvafiq məktubla Ali Məhkəməyə müraciət edilərək daşınmaz əmlakın qiymətləri ilə əlaqədar məhkəmə işlərinə Nazirliyin ekspert və ya mütəxəssislərin iştirakının təmin edilməsi xahiş edilmişdir. Maliyyə Nazirliyinin həmin müraciətinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin 09 aprel 2010-cu il tarixli 2- 182 nömrəli məktubu ilə respublikanın rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apellyasiya instansiyası məhkəmələrinə tövsiyyə edilmişdir ki, daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər. Lakin məhkəmə əmlakın qiyməti ilə bağlı Maliyyə Nazirliyinin mütəxəssisinin rəyini öyrənməmiş, habelə ümumiyyətlə ekspertiza təyin edilməmişdir. Göründüyü kimi məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, bəzi hallarda tətbiq edilməli olan normativ hüquqi aktı tətbiq etməmiş, həmçinin cavabdeh təşkilatın büdcədən maliyyələşdirilməsini nəzərə almamış və nəticədə maddi və prosessual hüquq normalarını kobud surətdə pozmaqla dövlət büdcəsinin ziddinə qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni təmsilçi, onun nümayəndəsi və vəkili iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh və üçüncü şəxsin apelyasiya şikayətlərinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq, iddiaçının qanuni təmsilçisi sədrlik edənin sualına cavab olaraq, şüşə sexinin 1992-ci ildən 2009-cu ilədək fəaliyyət göstərdiyini bildirdi. Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - 3-x nömrəli icarə müqaviləsindən görünür ki, 28.12.1992-ci il tarixdə İddiaçı ilə “Azərneftyağ” İstehsalat Birliyi arasında müqavilə bağlanmış, Bakı şəhəri, Svetlana Məmmədova 1 ( 3 nömrəli sex Karayev) ünvanında yerləşən torpaq sahəsi üzərindəki istehsalat təyinatlı sahəni, avadanlıqla birlikdə İddiaçı-nin icarəsinə verilmişdir. - “Azərneftyağ” İstehsalat Birliyi tərəfindən İddiaçı-yə ünvanlanmış DM № 19/21 19/İİ-93 nömrəli məktubundan görünür ki, icarəyə verilmiş ərazidə (keçmiş Q.Qarayev adına zavodun 3 № sexinin ərazisi) anbar və digər köməkçi sahələrin tikilməsinə icazə verilmişdir. (imzalayan direktor R.B.Quliyev) - ARDNŞ «Azərneftyağ» İB ilə (icarəyəverən) İddiaçı (icarəçi) arasında imzalanmış 30.11.1998-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, S.Məmmədova küçəsi 1 ünvanında yerləşən 92 kv.m qeyri-yaşayış sahəsi və 2010 kv.m yerüstü sahə İddiaçı-nin istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının özəlləşdirilməsi departamenti (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında imzalanmış 939/2268 №-li, 21.12.2001-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 92,9 kv.m təşkil edən “Azərneftyağ” İB-nin balansında olan qeyri-yaşayış sahəsi istehsal məqsədilə İddiaçı-nin müddətli istifadəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti – 15.12.2001-ci il tarixdən 15.06.2002-ci il tarixədək müəyyən edilmişdir. 01.11.2001-ci il tarixindən 15.12.2001-ci il tarixinə kimi dövlət büdcəsinə icarə haqqı borcu 41 109,0 manat təşkil edir. ƏDV- 167 220,0 manat; İllik icarə haqqı (ƏDV ilə)- 1 096 220, 0 manat; bir aylıq icarə haqqı (ƏDV ilə) – 91 352,0 manat. - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2014-cü ilin dekabr ayında təsdiq edilmiş Razılaşma Aktına əsasən ölkəminin sosial iqtisadi inkişafı sahəsində qəbul olunan dövlət proqramları çərçivəsində iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, abadlıq və quruculuq işlərinin sürətlənməsinə, sosial məsələlərin həlli istiqamətində irimiqyaslı işlər görülməsinə şərait yaratmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar rayon ərazisində aparılan abadlıq və yenidən qurma işlərinin tərkib hissəsi olaraq Babək prospekti, Xənaqi Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10.06.2013-cü il tarixli 225 saylı sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Sənəcamın icrasını təmin etmək məqsədi ilə köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyətinin başçısının 28.04.2014-cü il tarixli 126 saylı sərəncamı ilə təsdiq edilmiş komissiya yaradılmışdır. ünvan 7 ünvanında İddiaçınin təsisçisi və direktoru X4 inşa etdiyi istehsalat sexinin (istehsalat sexi 13,6 m x 13,2 m + 7,9 m x 2,5 m = 179,52 kv.m + 19,75 kv.m = 199,27 kv.m) və hər iki hissəsindən ibarət anbar binasının (anbar binasının 1-ci hissəsi 5,2 x 12,7 = 66,04 kv.m və anban binasının 2-ci hissəsi 22,7 m x 6,0 m = 136,2 kv.m anbar 202,24 kv.m) cəmi 401,51 kv.m tikilinin Nobel və Babək prospektlərini birləşdirən yol tikintisi ilə əlaqədar sökülməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli Fərmanına əsasən 20% əlavə hesablamaqla istehsalat tikilisinin 1 kv.m üçün qiymətləndiricinin müəyyən etdiyi 500 manat əsas götürülür. Sahibkarın 401,51 kv.m sökülməsi zəruri olan tikilisinə 401,51 kv.m x 500 manat = 200.755 manat təklif olunmuşdur. X2 alacağı təzminatın məbləği 200.755 manatdır. X1 iclasında iştirak etdiyini, ödəniləcək təzminatın məbləği ilə razılaşdığını bildirməklə razılaşma aktını imzalamışdır. Razılaşma aktını komissiyanın üzvləri də imzalamışlar. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.03.2020-ci il tarixli, **********33 №-li məktubuna əsasən ünvan 8 ünvanında yerləşən əmlaka dair “Azərneftyağ” İB-nin adına tərtib edilmiş 19.01.1997-ci il tarixli texniki pasport və onun verilməsinə əsas olmuş sənədlər İdarənin arxivində aşkar olunmamışdır. İşin hazırkı apellyasiya icraatı zamanı iddiaçının vəkili və nümayəndəsi ərizə təqdim edərək, Bakı şəhəri Xətai rayonu Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsinə dair Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 10 iyun 2013-cü il tarixli, 225 saylı sərəncamının surətinin, eyni zamanda mübahisə predmeti olan əmlakın yerləşdiyi yerə yaxın analoji əmlakların hər kvadratmetrinə görə müəyyən edilmiş kompensasiya məbləğlərini əks etdirən digər mövcud sərəncamların rəsmi qaydada məhkəmə təqdim edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə sorğu göndərilməsini xahiş edilmişdir. Məhkəmə tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanaraq, işin obyektiv həlli məqsədilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, X.Rüstəmov, S.Vəzirov, Y.Əliyev küçələrinin və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin qəbul etdiyi 10.06.2013-cü il tarixli, 225 saylı sərəncamın təsdiq edilmiş surətinin, sərəncamın verilməsinə əsas olmuş, sərəncama əlavə olunmuş sənədlərin surətlərinin Bakı Apellyasiya Məhkəməsinə göndərməyiniz xahiş olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 7-2643/17 №-li, 15 iyul 2021-ci il tarixli məktubu ilə Bakı Şəhər İcra Hakimiyyətinin qəbul etdiyi 10.06.2013-cü il tarixli, 225 saylı sərəncamının təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin qəbul etdiyi 10.06.2013-cü il tarixli, 225 saylı sərəncamının təsdiq edilmiş surətindən müəyyən edilir ki, “Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Xətai Rayon İcra Hakimiyyətinə (Razim Məmmədov) həvalə edilmiş, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış itkilərinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsini təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən hesab etmişdir ki, iddiaçı ona 471.211 manat kompensasiyanın ödənilməsini tələb etsə də, tərəflər arasında imzalanmış razılaşma aktından qeyd olunan tikili üçün müəyyən edilmiş və təklif olunan 200.755 manat məbləğ ilə iddiaçının razılaşdığı görünür. Ona görə də məhkəmə hesab etmişdir ki, ünvan 3 ünvanında sahəsi 401,51 kvadratmetr olan tikilinin (istehsalat sexi və anbar binası) köçürülməsi ilə əlaqədar olaraq 200.755 manat kompensasiya məbləğinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara görə razılaşmır. Birincisi, məhkəmənin Mülki Məcəllənin 157.9-cu və Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun normalarını hazırkı mübahisəli hüquq münasibətlərinə tətbiq etməsi düzgün deyil. Çünki, həmin ərazidə torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı dövlət aktı mövcud olmamışdır. Konkret halda, iddia olunan münasibətləri iddiaçıya cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmuş zərərə görə sonuncunun mülki məsuliyyətini müəyyən edən maddi hüquq normaları tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi zərərvurma ilə bağlı hüquq məsuliyyətinin yaranması üçün 4 şərtin mövcudluğunu sübut edilməlidir: hüquqa zidd əməl, zərər, səbəbli əlaqə və təqsir. İş materiallarından müəyyən olunur ki, iddiaçı “Azərneftyağ” İstehsalat Birliyinin Bakı Neftayırma zavoduna məxsus torpaq sahəsində sonuncunun razılığı ilə inşa etdiyi 401,51 kv.m tikilinin cavabdeh tərəfindən sökülməsi ilə bağlı 471.211 manat kompensasiya tələb etmişdir. Konkret halda isə 401,51 kv.m tikilinin söküntüsünə görə cavabdehin mülki məsuliyyətinin faktiki şərtlərinin mövcudluğu müəyyən olunmadığı halda, birinci instansiya məhkəməsi tərəfindən həmin tikili sahəsinə görə 200.755,00 manat məbləğində kompensasiya məbləğinin ödənilməsi vəzifəsini cavabdehə həvalə etmişdir. Məhkəmə bu nəticəyə gələrkən, 28.12.1992-ci il tarixli icarə müqaviləsinə və 10 və ya 19 (səlist deyil) yanvar 1997-ci il tarixində tərtib olunmuş bina hissəsinin texniki pasportuna dekabr 2014-cü il tarixli razılaşma aktına istinad etmişdir. Halbuki, Azərbaycan Pespublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsi baxımından Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqaviləllər, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Lakin birinci instansiya məhkəmənin qərarından görünür ki, prosessual qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmamış, həqiqiliyi müəyyən edilməyən sənədlərə istinad olunmuşdur. Belə ki, məhkəmənin istinad etdiyi, iş materiallarına əlavə olunmuş həmin sənədlər, təsdiq olunmayan kserosurət sənədlərdir. «Texniki pasport və razılaşma aktı üümumiyyətlə. səlahiyyətli şəxs tərəfindən imzalanıb, təşkilatın möhürü ilə təsdiq olunmamışdır. İş materiallarında isə mübahisələndirilən 401,51 kv.m qeyri-yaşayış (tikili) sahəsinə dair başqa hüquqmüəyyənedici sənəd-sübut (o cümlədən, texniki pasportun və Razılaşdırma Aktının əsli və ya notariat qaydasında təsdiq olunmuş surəti) məhkəməyə təqdim olunması təklif edilsə də, mövcud deyil. Hazırkı mərhələdə də iddiaçıya təklif olunmasına baxmayaraq müvafiq sübutetmə vasitələri məhkəməyə təqdim olunmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin istinad etdiyi həmin sənədlərlə müəyyən edilən məlumatların iş üçün əhmiyyəti olan mötəbər sübutetmə vasitələri kimi qiymətləndirilməsi əsassızdır. Digər tərəfdən, işin yuxarıda qeyd olunan, mübahisələndirilməyən hallarından isə göründüyü kimi, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 21 dekabr 2001-ci il tarixli, 939/2268 nömrəli müqavilə əsasında ”Zamiq” MMC tərəfindən icarəyə götürülmüş sahədə fiziki şəxslər X4 və X3 vəsaiti hesabına inşa edilmiş 150 kv.m qeyri-yaşayış sahəsinə görə 45.000 (qırx beş min) məbləğində təzminat məbləği hesablanaraq onlara ödənilmişdir. Beləliklə də birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərarı çıxarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və İPM-in 69, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2-1(112)-1455/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı-nin 401,51 kvadratmetr olan tikilinin köçürülməsi ilə əlaqədar 471.211,00 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1121/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1121/2021
20.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver