Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1121/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2002/2021 saylı, 29 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx xxxx 1956-cı il tarixdə doğulmuşdur. O, 07 mart 1978-ci il tarixdən 12 iyun 1981-ci il tarixədək, yəni 3 il 3 ay 8 gün “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsində izolyasiyaçı vəzifəsində işləmişdir. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 22900000- 12520 kodu üzrə güzəştli pensiya şərtlərlə pensiya hüququ yaranmışdır. Bu barədə arayış da mövcuddur. İddiaçı 13 iyun 1988-ci il tarixdən 18 yanvar 1996-cı il tarixədək “Xəzər” Gənclərin X1 baş iş icraçısı vəzifəsində, 01 dekabr 2014-cü il tarixdən 01 aprel 2017-ci il tarixədək “Xəzər” GETYM-in tikintisində iş icrası vəzifəsində işləmişdir. Bu vəzifələr isə, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının XXVİİ bölməsinin “b” bəndində sadalanan güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Qeyd olunanlardan da görünür ki, iddiaçı 1978-ci ildən 2017-ci ilədək müxtəlif işlərdə işləmiş, stajının kifayət qədər hissəsini zərərli iş şəraitində həyata keçirmişdir. Bu səbəbdən də stajının bir hissəsinin AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş vəzifələrdə işləmişdir. Stajının digər hissəsi isə, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının XXVİİ bölməsinin “b” bəndinə əsasən 1 nömrəli siyahıda sadalanan güzəştli vəzifələrdə işləmişdir. O, 04 mart 2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı ərizə ilə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh 17 mart 2020-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdehin məktubunu gec əldə etmişdir. O, hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə də cavabdehin imtinası qanunsuz hesab edilməli və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, həmin dövrdən indiyədək ödənilməmiş pensiya məbləği ödənilməlidir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş fərq məbləğinin ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2002/2021 saylı, 29 aprel 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə” müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, tədqiq olunmuş sənədlərə əsasən iddiaçının işlədiyi “izolyasiyaçı”, “iş icraçısı” və “baş iş icraçısı” vəzifələri AR Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmuşdur. Cavabdeh “baş iş icraçısı” ilə “iş icraçısı” vəzifələrinin əhəmiyyətli fərqi barədə hər hansı dəlil gətirmədiyindən, məhkəmə bu əsasla verilmiş imtinanı formal mülahizələrə əsaslanan imtina kimi qiymətləndirmiş və iddiaçının 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işlədiyinin təsdiqləndiyi qənaətinə gəlmişdir. Məhkəmə qanunvericilik normalarına əsasən vurğulamışdır ki, iddiaçının inzibati orqana müraciəti ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olsa da, inzibati orqanın qərarı iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina ilə bağlıdır. İddiaçı isə, hazırda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşdan təyin olunması tələbini irəli sürür. Məhkəmə 60 yaşdan iddiaçıya əmək pensiyasının təyin olunması məsələsinin araşdırılmadığını nəzərə alaraq, bununla bağlı inzibati icraatı məhkəmə araşdırmasına nisbətən daha məqsədəuyğun hesab etmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati icraat zamanı iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə işləyib-işləməməsi barədə Mərkəzi Filial tərəfindən kifayət qədər ətraflı araşdırma aparılmışdır. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 04 noyabr 1974-cü il tarixli əmək kitabçasında qeyd olunan xx.xx.2005- xx.xx.2006 və xx.xx.2017-xx.xx.2018 tarixləri arasındakı dövr ərzində müvafiq olaraq “Xəzər GETYM”-də işlədiyi baş iş icraçısı və mühəndis vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2059/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2002/2021saylı 29 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2056/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-2059/2021 nömrəli qərarı ləğv edilmiş və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin müvafiq qərarında qeyd edilmişdir ki, “inzibati orqanın qərarının iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina ilə bağlı olması, iddiaçının məhkəmə icraatının gedişində iddiasını dəqiqləşdirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşdan təyin olunmasını tələb etməsi, mübahisə ilə bağlı hazırkı işin iddiaçıya 60 yaşdan əmək pensiyasının təyin olunmasının araşdırılması üçün cavabdehə göndərilməsinə haqq qazandıra bilməz.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin **********0 nömrəli 17 mart 2020-ci il tarixli məktubu ilə 60 yaşdan pensiya təyin olunmasını və həmin dövrdən indiyədək ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iş üzrə iddiaçının birinci instansiya icraatı zamanı iddia tələbini ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş fərq məbləğinin ödənilməsi təşkil etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən prosessual normaların tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində “iddianın qismən təmin edilməsi, İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə” müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması” qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında iddiaçının tələbinin konkret nədən ibarət olduğunun göstərilməsi imperativ olaraq tələb olunur. Bu işin hallarının araşdırılması prinsipinin tətbiqində mühüm rol oynayır. Eyni zamanda məhkəmə işin hallarının araşdırılması zamanı yalnız mübahisə predmeti barəsində qərarın qəbulu üçün zəruri olan hallarla kifayətlənməlidir. Məhkəmə lüzumsuz və işə aidiyyəti olmayan halları araşdıra bilməz. Bu tələb məhkəmə baxışının hədlərini müəyyən edən İPM-in 52-ci maddəsindən irəli gəlir. Yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsi tərəfindən “İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə” müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması” barədə natamam qərar qəbul etmişdir. Baxmayaraq ki, məhkəmə qərarının icra oluna bilməsi onun nəticə hissəsinin anlaşılan və konkret fikir ifadə etməsindən irəli gəlir. Eyni zamanda iş üzrə materiallardan iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı dispozisiya şərtlərinin mövcudluğunun məhkəmə tərəfindən məhkəmə icraatı çərçivəsində yoxlanılmasının mümkün olduğu görünür. Başqa sözlə, məhkəmə iş üzrə materiallar əsasında şəxsin yaşını, ümumi və güzəştli iş stajını yoxlamaq və müəyyən etmək, habelə məhkəmə icraatı çərçivəsində bu halların müəyyən edilməsi məqsədilə zəruri sübütları toplamaq iqtidarında olmuşdur. Bunu birinci instansiya məhkəməsinin öz qərarının əsaslandırma hissəsində gəldiyi qənaətlər də təsdiq edir. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində tələb olunan araşdırmanın həyata keçirilməsi mümkün olmadığı təqdirdə, məhkəmə inzibati orqanın üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla iddiaçının müraciətinə yenidən baxılması öhdəliyi qoymaqda haqlı sayıla bilər. Lakin məhkəmə icraatı çərçivəsində zəruri araşdırmaları həyata keçirmək iqtidarında olmadığını məhkəmə öz qərarında hər hansı şəkildə əsaslandırmamışdır. Bu baxımdan inzibati orqanın qərarının iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina ilə bağlı olması, iddiaçının məhkəmə icraatının gedişində iddiasını dəqiqləşdirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşdan təyin olunmasını tələb etməsi, mübahisə ilə bağlı hazırkı işin iddiaçıya 60 yaşdan əmək pensiyasının təyin olunmasının araşdırılması üçün cavabdehə göndərilməsinə haqq qazandıra bilməz. Bununla bağlı olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ondan gözlənilən araşdırma həddinə riayət etməmiş, araşdırma həddi iddia tələbindən asılı olaraq müəyyən edilməmiş və işin hallarının araşdırılması prinsipinə əməl olunmamaqla ciddi prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası İPM-nin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2002/2021 saylı, 29 aprel 2021-ci il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2002/2021 saylı, 29 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş fərq məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. .
Məhkəmə qərarları › İş №2-1(103)-1121/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1121/2022
06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver