Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1122/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan, yəni 28.02.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (həyat yoldaşı) X1, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan, yəni 28.02.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5228/2020 saylı 23 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 aprel 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1963-ci ildə anadan olmuşdur. Azərbaycan SSR X15 Təhsili Komitəsi tərəfindən 24.07.1984-cü il tarixdə verilmiş 600607 seriyalı diploma əsasən İddiaçı 25.06.1982-ci il tarixdə “Dülgər” peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. O, 25.06.1982-ci ildən 29.06.1984-cü ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ saylı ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.08.1984-cü ildən 07.03.1985-ci ilədək Azərbaycan Neft Sənayesi Nazirliyi Qobustan Vışkaquraşdırma kontoru İstehsalat Birliyində quraşdırıcı, 22.03.1985-ci ildən 22.09.2008-ci ilədək Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin üzüçü heyətinin nəqliyyat donanması gəmilərində motorçu şagirdi, motorçu, 23.01.2009cu ildən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi üzücü heyətində motorçu, 02.05.2014cü ildən X2 matros vəzifələrində işləmiş, 07.12.2018-ci ildən hal-hazıradək üzücü heyətdə nəqliyyat donanması gəmilərinə matros peşəsində işləyir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X9 18.02.2020-ci il tarixli 153 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1979-1982-ci illərdə Şamaxı rayonunun Nərimankənd kənd K.Marks adına kolxozda işləmişdir. «xxxx» QSC X3 27.02.2020-ci il tarixli arayışına əsasən İddiaçı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin üzüçü heyətinin nəqliyyat donanması gəmilərində 22.03.1985-ci il tarixdən 22.09.2008-ci il tarixədək motorçu şagirdi, motorçu, 23.01.2009-cu ildən halhazıradək motorçu, matros vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzintisəyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 34 il 07 ay 04 gün, ümumi iş stajı 35 il 02 ay 10 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təstiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********)) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 №-li və 10.01.2014-cü il tarixli 213 №- li sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X11 yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün güzəştli iş stajının olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********5 saylı 16.03.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi 6 avqust 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az təşkil etdiyi və qeyd olunanların nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. Qeyd olunan cavabdehin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək ona 57 yaşdan, yəni 28.02.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun zərərli işdə çalışdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş siyahının 21.2-ci bəndinin “b” yarımbəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cu il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndində (kod ********) göstərilmişdir. Onun 57 yaşı 28 fevral 2020-ci ildə tamam olmuş və 2006-cı ilə kimi onun 25 ildən çox və həmin əmək stajının 20 ilə yaxını zərərli sahədə olmuşdur.Tələbinin təmin olunmasından imtina etmiş cavabdeh inzibati orqan onun yalnız əmək kitabçasına istinad etmiş, onun kolxozda işləməsini, hərbi xidmət və təhsil müddətini nəzərə almamışdır. Onun əmək kitabçasında göstərilən stajı, kolxozda iş stajı, hərbi xidmət və təhsil müddəti nəzərə alınarsa, onun ümumi iş stajı 41 ildən, zərərli sahədə stajı isə 35 ildən çoxdur, 2006-cı ilə kimi isə onun ümumi stajı 25 ildən çoxdur ki, onun da 20 ilə yaxını zərərli sahədə olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdehin iddiaya dair yazılı etirazının məzmunu iddiaçının tələbinin təmin olunmasından imtina barədə verilmiş məktubun məzmunu ilə eynilik təşkil etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5228/2020 saylı 23 noyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36225,82 manat təşkil edir. Həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5359/2020 saylı 02.12.2020-ci il tarixli qərarında da qeyd olunmuşdur. Həmin qərara əsasən ““Əmək pensiyaları haqqında’ Azərbaycan Respublikası Qanununda dəyişikliklər ediməsi barədə” 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri "60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 01.07.2017-ci il tarixədək güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (01.07.2017-ci il) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 01.07.2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır". Beləliklə, məhkəmə sözügedən qərarda qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış kapitalından az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir". Nəticə etibarilə 01.07.2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Bundan əlavə Bakı İnzibati Məhkəməsinin 23.11.2020-ci il tarixli 2-1(112)-5228/2020 nömrəli qərarında qeyd edilir ki, iddiaçının hərbi xidmət və təhsil dövrü də nəzərə alınmaqla, 01.01.2006-cı il tarixədək ümumi iş stajı 26 ildən çoxdur. Halbuki iddiaçı 01.09.1979-cu il tarixindən 25.06.1982-ci il tarixinədək Şamaxı 119 nömrəli kənd orta texniki peşə məktəbində aldığı təhsilin əyani olmasını təsdiq edən müvafiq arayış və 25.06.1982-ci il tarixindən 29.06.1984-cü il tarixinədək həqiqi hərbi xidmətdə omasını sübut edən hərbi biletin qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş surətini təqdim etməmişdir. Bu səbəbdən iddiaçının 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 17821.11 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 18724.05 manat olmaqla, cəmi pensiya kapitalı 36545.19 manat təşkil edir. İddiaçının hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600 manat məbləğində hesablanmışdır. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (həyat yoldaşı) X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı 01.01.2006-cı il tarixədək ümumi iş stajının 26 ildən, güzəştli iş stajının isə 20 ildən çox təkil etməsinə əsaslanaraq ona 57 yaşdan pensiya təyin edilməsini tələb edir. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olmasına istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, Qanunun tələbinə görə Qanunun 9.8-ci maddəsinin tətbiqi həmin Qanunun 9.1-ci maddəsinin tətbiqini istisna edir. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olubolmaması yoxlanılmalıdır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsili barədə sənədi, hərbi biletini, əmək kitabçasını, iş yerindən arayışları, həmçinin arxiv arayışlarını təqdim etmişdir. Belə ki, Azərbaycan SSR X15 Təhsili Komitəsi tərəfindən 24.07.1984-cü il tarixdə verilmiş 600607 seriyalı diploma əsasən İddiaçı 25.06.1982-ci il tarixdə “Dülgər” peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirmiş, hərbi biletinin surətinə əsasən isə o, 25.06.1982-ci ildən 29.06.1984-cü ilədək hərbi xidmətdə olmuşdur. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Belə olan halda iddiaçı 01.01.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə təhsil müəssisəsindəki təhsil müddəti və hərbi xidmət dövrü də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki təhsil müddətinin və hərbi xidmət dövrünün yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normasında ümumi iş stajına yalnız əyani təhsil müddətinin aid edilməsi ilə bağlı bir göstərişin də əks olunmadığını və hərbi biletin surətinin apellyasiya icraatında təqdim olunduğunu nəzərə alaraq cavabdehin apellyasiya şikayətində “iddiaçının aldığı təhsilin əyani olması barədə sübutun və hərbi biletinin surətinin təqdim olunmaması” ilə bağlı dəlillərini əsassız hesab edir. Həmçinin iddiaçıya məxsus əmək kitabçasına əsasən müəyyən olunur ki, onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən, xüsusi iş stajı isə 12 il 6 aydan çox təşkil edir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş «xxxx» QSC X3 27.02.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin üzüçü heyətinin nəqliyyat donanması gəmilərində 22.03.1985-ci il tarixdən 22.09.2008-ci il tarixədək motorçu şagirdi, motorçu, 23.01.2009-cu ildən hal-hazıradək motorçu, matros vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 34 il 07 ay 04 gün, ümumi iş stajı 35 il 02 ay 10 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təstiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********)) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 №-li və 10.01.2014-cü il tarixli 213 №li sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X11 yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçının 22.03.1985-ci ildən X7 işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın XXVİİİ bölmə (Nəqliyyat) 3-cü bənd (Dəniz və çay donanması) 1-ci yarımbəndində (Üzən heyət) nəzərdə tutulmuşdur (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla). İşə birinci instansiya qaydasında baxmış məhkəmə eyni zamanda iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» 21-ci bölmə (Nəqliyyat) 21.2-ci bənd (Dəniz və çay donanması) «b» yarımbəndində (üzən heyət) də nəzərdə tutulduğuna (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) istinad etmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etdiyi üçün və buna görə ona münasibətdə Qanunun 9.8-ci maddəsinin tətbiqi mümkün olduğu halda, yəni 01.01.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən, xüsusi iş stajının isə 12 il 6 aydan çox olduğu müəyyən olunduğu üçün ona Qanunun 9.1-ci maddəsinin və həmin maddənin tələbinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiqi istisna olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərarında iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli əmək stajı olduğuna görə onun 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını qeyd etsə də, nəticə etibarilə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yaranması barədə düzgün nəticəyə gəldiyi üçün bu hal (əlavə olaraq Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıya da istinad) məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. O ki qaldı cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçının pensiya kapitalının yaranmaması” barədə dəlilinə, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ 01.01.2006-cı ilədək yarandığı üçün və 01.07.2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna 01.07.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb 01.07.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə 01.01.2006-cı ilədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız sayır və qəbul etmir. Qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsi iddiaçının 57 yaşının tamam olduğu 28.02.2020-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə düzgün nəticəyə gəlmişdir və bu nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5228/2020 saylı 23 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5228/2020 saylı 23 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-1122/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1122/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver