Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1122/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh X1 qarşı «artıq ödənilmiş vəsaitin cavabdehdən alınması tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3555/2021 saylı, 04.03.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə artıq ödənilmiş 2100,73 manat pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə cavabdehə Fondun Nizami rayon şöbəsi tərəfindən 15 iyun 2014-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 01.12.2013-31.08.2020-ci il tarixləri arasındakı dövr üzrə cavabdehə ümumilikdə 2100,73 manat artıq pul əvsaiti ödənilmişdir. İddiaçı həmin vəsaitin qaytarılması ilə əlaqədar «Əmək pensiyaları haqqında» Qanunun 39.1-ci maddəsinnin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə 06.10.2020-ci il tarixli **********3 №-li məktubla müraciət etmiş, əks halda, həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müpraciət ediləcəyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3555/2021 saylı, 04.03.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uğun olaraq, «Əmək pensiyaları haqqında» qanunun 39.1-ci maddəsinin tələbinə istinadən əsaslandırmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2021-ci il tarixli, 2- 1(103)-1491/2021 nömrəli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-3555/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçının həmin qərardaddan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2001/2021 saylı 15.12.2021-ci il tarixli qərarı ilə təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil məhkəməyə verdiyi izahatında bildirmişdir ki, məhkəmənin tapşırığı nəzərə alınmaqla, müvafiq araşdırma aparılmış və iddiaçı tərəfindən «Əmək pensiyaları haqqında» Qanunun 39.1-ci maddəsinə uyğun olaraq «artıq ödənilmiş pensiya məblği haqqında» cavabdehə ünvanlanmış **********5 saylı 03.11.2020-ci il tarixli məktubun sonuncuya göndərilməsi və ona çatdırılması barədə sənəd aşkar edilməmiş, eyni zamanda, bununla bağlı cavabdeh tərəfindən də yazılı münasibət və ya hər hansı bir bir müraciət daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasları barədə işdə olan ünvanı üzrə cavabdehə göndərilmiş məhkəmə bildirişi «bu ünvanda yaşamır» qeydi ilə geri qaytarılmış, İPM-in 1.2-ci və MPM-in 146-cı maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını, Ali Məhkəmənin qeyd olunan qərarından irəli gələn göstərişlər nəzərə alınmaqla, işi yenidən apellyasiya qaydasında araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, pensiya təyin edən orqan pensiyaçıya artıq ödənilmiş pensiya məbləğini pensiyaçıdan tutmaq üçün ilk öncə onun razılığını almalı, belə razılıq əldə olunduqda isə müvafiq qərar qəbul etməklə artıq vəsaiti ondan tuta bilər. Məhkəməyə isə o halda müraciət edə bilər ki, iddiaçı həmin artıq ödənilmiş vəsaitin tutulmasına razılıq verməsin. İş materiallarının 4-5-ci vərəqlərindən görünür ki, işə iddiaçı pensiya təyin edən orqannın artıq ödənilmiş pensiya məbləği haqqında əmək pensiiyaçısı cavabdehə ünvanlanmış **********5 saylı 03.11.2020-ci il tarixli məktubu əlavə olunsa da, həmin məktubun sonuncuya nəinki çatdırılması, hətta onun göndərilməsinə dair hər hansı bir sənəd əlavə olunmamışdır. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsinin qeyd olunan izahatından da göründüyü kimi, məhkəmənin tapşırığı nəzərə alınmaqla, araşdırma aparılmış və iddiaçının artıq ödənilmiş vəsaitin qaytarılması ilə bağlı cavabdehə ünvanlanmış məktubunun göndərilməsinə və çatdırılmasına dair sənəd aşkar olunmamış, eyni zamanda, bununla bağlı cavabdeh tərəfindən də hər hansı bir yazılı münasibət iddiaçıya daxil olmamışdır. Beləliklə də müəyyən edilir ki, iddiaçı tərəfindən «Əmək pensiyaları haqqında» Qanunun 39.1-ci maddəsinin birinci şərti ilə müəyyən edilən pretenziya qaydasına, cavabdehdən artıq ödənilmiş pensiya məbəlğinin tutulması ilə bağlı onun razılığı barədə məsələni həll etmədən, daha konkret, imtinasını almadan məhkəmədə ona qarşı artıq ödənilmiş vəsaitin tutulması tələbinə dair hazırkı iddianı qaldırmışdır. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 28.1.2-ci maddəsinin tələbi də məhz, onu nəzərdə tutur ki, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsinin mövcudluğu inzibati icraatın başlanması üçün əsasdır. Həmin Qanunun 28.2-ci maddəsinin tələbinə görə isə bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. İnzibati qanunvericilyin qeyd olunan tələblərindən də göründüyü kimi, inzibati orqanın öz təşəbbüsü və ya qanunla nəzərdə tutulduğu hallarda inzibati icraat o halda başlanmış sayılır ki, maraqlı şəxsə bu barədə məlumat verilmiş olsun. Konkret halda isə iddiaçı pensiya təyin edən inzibati orqan kimi qanunla, yəni, «Əmək pensiyaları haqqında» Qanunun 39.1-ci maddəsinin tələbinə müvafiq olaraq artıq ödənilmiş pensiya məbləğinin tutulmasına dair cavabdeh pensiyaçıya bu barədə məlumatı çatdırmamış, məsələ ilə bağlı müvafiq münasibətini bilmədən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də iddiaçı tərəfindən Əmək pensiayları haqqında» Qanunun 39.1-ci maddəsinin birinci şərtinə və İnzibati icraat haqqında Qanunun sözügedən 28.1.2-ci və 28.2-ci maddələrinin şərtlərinə əməl olunduğu sübuta yetirilmir. Deməli, mübahisələndirilən məsələ üzrə inzibati icraat başlanması üçün əsas mövcud deyildir. Belə olan halda isə İPM-in 35.1-ci maddəsinin tələbləri baxımından iddiaçının hazırkı öhdəliyin icrası haqqında iddiası əsaslandırılmış iddia kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsi isə belə hallarda nəzərdə tutur ki, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Lakin birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul olunarkən inzibati hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, qərardadın görünür ki, məhkəmə iddianın mümkün sayılmaması barədə nəticəyə tamamilə başqa əsaslardan çıxış edərək, o cümlədən, «İnzibati icraat haqqında» Qannunun 6.1.8, 82.1 və 82.2-ci maddələrini əsas tutraq hesab etmişdir ki, inzibati orqanların icra orqanlarına pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi sayılan qərar qəbul edib təqdim etmək səlahiyyəti vardır və məhkəmə qərarı olmadan icra sənədi əsasında pul tələblərinin ödənilməsini təmin edə bilər. Halbuki, işin hazırkı mərhələsində məhkəmə kollegiyası tərəfindən müəyyən edilən halları və qanunvericiliyin imperativ qaydada müəyyənləşdirdiyi hüquqi şərtlər birmənalı şəkildə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi tamamilə yanlışdır. Qeyd olunanlarla yanaşı, hər bir halda, işə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə on nəticədə iddianın mümkün sayılmamasını düzgün olan bir nəticə olduğunu nəzərə alaraq, həmin qərardadın ləğv edilməsi üçün lüzum görmür. Məhz bu əsasdan çıxış edərək məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinин həmin qərardadın ləğv edilməli olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3555/2021 saylı, 04.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3555/2021 saylı, 04.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1122/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1122/2022
14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver