Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1122/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8693/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı şəxsi hesab vərəqəsində artıq ödəmə kimi qeyd edilmiş 11209,25 manat məbləğin ona geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qanunla müəyyənləşdirilmiş dövlət ödənişlərini, o cümlədən müəyyənləşdirilmiş vergiləri vaxtında ödəmişdir. Ona məlum olmuşdur ki, 02.1.2022-ci il tarixə şəxsi hesab nömrəsində 11209,25 manat artıq ödəmə məbləği müəyyən edilmiş və qeyd olunan artıq ödəmə məbləğinin şəxsi hesab nömrəsində tələb etmə və əvəzləşdirmə müddəti bitmişdir. Bununla əlaqədar, cavabdehə rəsmi qaydada müraciət etmiş və ona cavab məktubunda bildirilmişdir ki, şəxsi hesab vərəqəsinə düzəliş edilməsi barədə xx.xx.2023-cü il tarixli müraciətinə (AVS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********094000 nömrə) Bakı şəhəri X4 üzrə Baş İdarəsində baxılmışdır. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablaşmaq məbləği yenidən hesablaşmaq və məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdir. Həmçinin, Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərinin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. xx.xx.2022-ci il tarixə şəxsi hesab vərəqəsində tələb etmə müddəti bitmiş 11.209,25 manat artıq ödəmə məbləği müəyyən edilmiş və qeyd olunan artıq ödəmə məbləginin şəxsi hesab vərəqində "Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə" vərəqəsinə işlənməsi təmin edilmiş və bu barədə ona xx.xx.2022-ci il tarixli **********77023100 nömrəli bildiriş göndərilmişdir. Artıq vergi hesablandığını bildiyi andan həmin artıq tutulmuş məbləğin qaytarılması ilə əlaqədar müraciətinə ona göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə cavab verilmiş və həmin məbləğin ödənilməyəcəyi bildirilmişdir. Həmin vaxtdan dəfələrlə müraciət etməsinə baxmayaraq, qeyd olunan məbləğ ona qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, o, hüququnun pozulduğunu bildiyi vaxtdan müraciət etmiş, qanunla müəyyən edilmiş iddia müddətini itirməmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Həmin Qaydaların 2-ci bəndində vergi ödəyicisinin düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malik olduğu göstərilmişdir. Eyni zamanda bildirilmişdir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində xx.xx.2022-ci il tarixə tələb etmə müddəti bitmiş 11209,25 manat artıq ödəmə məbləği müəyyən edilmiş və qeyd olunan artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsi təmin edilmiş və bu barədə ona xx.xx.2022-ci il tarixli **********023100 nömrəli bildiriş göndərilmişdir. Vergi ödəyicisi isə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən tələbetmə müddəti bitdiyi üçün artıq ödəmə məbləği şəxsi hesab vərəqəsindən silindikdən sonra vergi orqanına müraciət etdiyindən müraciətinin icrası təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8693/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8693/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı cavabdeh apellyasiya şikayətinə dair yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, həmin şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı cavabdeh vergi orqanı tərəfindən “Tələbetmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə barədə” xx.xx.2022-ci il tarixli ********** nömrəli bildiriş göndərilmişdir. Bildiriş iddiaçı tərəfindən alındıqdan sonra həmin borc məbləğinin şəxsi hesab vərəqəsindən silinməsinin səbəbləri və silinmiş məbləğin artıq ödəmə kimi ona geri qaytarılması barədə cavabdeh inzibati orqana çoxsaylı müraciətlər ünvanlanmışdır. Lakin, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən artıq ödəmə məbləğinin tələbetmə müddətinin xx.xx.2022-ci il tarixdə bitməsi əsası ilə imtina edilmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası və həmin imtinanın əsasları ilə razılaşan birinci instansiya məhkəməsinin qərarı əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vegilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: Bənd 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Bənd 2.1. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Bənd 2.2. Sığortaedən ondan düzgün tutulmamış və ya artıq ödənilmiş işsizlikdən sığorta haqlarının və hesablanmış faizlərin məbləğinin qaytarılmasını və ya işsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və işsizlikdən sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud sığortaedənin razılığı ilə işsizlikdən sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini hesabat dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının şəxsi hesab vərəsində 11209,25 manat məbləğində artıq ödəmə məbləği mövcud olmasına baxmayaraq, o, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində həmin artıq ödəmə məbləğinin geri qaytarılması ilə bağlı cavabdehə müraciət etməmiş, bununla da, əsaslı olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixə artıq ödəmə məbləğinin tələb etmə müddəti bitdiyindən həmin məbləğ iddiaçının şəxsi hesab vərəqəsindən silinmişdir. İddiaçı isə yalnız vergi orqanı tərəfindən ona Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən ödəmə məbləğinin tələbetmə müddəti bitərək şəxsi hesab vərəqəsindən silinmə barədə müvafiq bildiriş göndərildikdən sonra həmin məbləğin ona geri qaytarılması ilə bağlı müraciət etmişdir. Bununla da, iddiaçı tərəfindən həmin artıq ödəmə məbləğinin ona geri qaytarılması ilə bağlı tələb etmə müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8693/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1122/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1122/2024
21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver