Məhkəmə qərarları › İş №2-1(103)-1123/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1123/2020

28.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1123/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Elmira Eyvaz qızı Nağıyeva (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı ( xx.xx.1981-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1932/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 manat məbləğində zərərin və cavabdehin vurduğu mənəvi ziyana görə 7.000 manat məbləğin tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cari ilin aprel ayından Naxçıvan MR-nın Naxçıvan şəhərində yerləşən 500 saylı Hərbi hissədə gizir rütbəsində xidmətə başlamışdır. İşlədiyi müddətdə intizamlı, hərbi hissənin daxili qaydalarına ciddi əməl etməklə, funksiyalarına məsuliyyətlə yanaşaraq, eləcə də hərbi hissə rəhbərliyinin qanuni tələblərini tam, vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. Həmçinin qısa müddətdə hərbi hissənin zabit və əsgərləri arasında öz davranışlarında böyük nüfuz qazanmış, hər kəs tərəfindən hörmətə layiq görülmüşdür. O, işini son dərəcə gərgin və fiziki güc tələb etməsinə baxmayaraq, onların öhdəsindən tam gəlməyi bacarmışdır. Hər gün eyni vaxtda, yəni səhər saat 06:00-dan, axşam saat 23:00- dək çöl şəraitində və ayaq üstə dayanmaq rejimində fəaliyyət göstərmişdir. İyun ayında artıq ayaqlarının diz nahiyyələrində kəskin ağrıların başladığını və bu nahiyyələrə maye yığıldığını müəyyən etmişdir. O, dəfələrlə bu barədə hərbi hissə rəhbərliyinə məlumat verməyinə baxmayaraq, buna etinasız, laqeyd və başdansovdu yanaşmışlar. Artıq xəstəlik daha kəskin xarakter aldıqdan, hər axşam hərarətlə müşahidə olunmağa başladıqdan, tamam halsız vəziyyətə düşdükdən, artıq xəstəliyin dərinləşməsi səbəbindən işləyə bilmədiyindən və surətlə arıqlama prosesi başladığını gördükdən sonra onu hərbi hospitalda əvvəlcə müayinəyə göndərmişlər. Müayinə zamanı onun diz qapaqlarına maye yığılması, qara ciyərin “hepatit-C” infeksiyası və şəkərli diabet aşkar olunmuşdur. Bundan sonra o, ciddi tələb və israr etdikdən sonra rəhbərlik hospitalda stasionar müalicə adı ilə yerləşdirilməsinə razılıq vermişdir. Hərbi hospitalda olduğu müddətdə faktiki sadaladığı xəstəliklərlə heç bir əlaqəsi olmayan natriyxlor, besilin preparatlarından başqa ona heç bir dərman köçürülməsi olmamış, 10 günün tamamında müalicənin başa çatdığını bildirərək onu hərbi hissəyə işini davam etdirməyə göndərmişlər. Onda yaxşılaşmağa doğru heç bir dəyişikliklər olmadığını, təyin olunan lazımsız dərmanların onun müalicəsinə heç bir təsir göstərmədiyini, vəziyyətinin daha da pisləşdiyini, belə bir vəziyyətdə işləyə bilməyəcəyini onların diqqətinə çatdırmağına baxmayaraq, ona ordunun yarısının hepatit xəstəsi olduğunu deyərək işə çıxmasını tələb etmişlər. Onun təyinatı üzrə mükəmməl müalicə olması üçün Bakıya göndərilməyini hospitalın rəhbərliyindən tələb etməyinə baxmayaraq, buna birmənalı şəkildə rədd cavabı verilmişdir. Belə ki, hospitalın baş həkimi nə qədər qəribə səslənsə də, bu barədə hüquqşünasla konsilium etdiyini və hüquqşünasın onun Bakıda daha ciddi səhiyyə müəssisəsində müalicə olunmadığına mənfi rəy bildirdiyini əsas götürərək, bu tələbini qəbul edə bilməyəcəyini demişdir. Məlumdur ki, sözügedən xəstəliklərin hər biri özlüyündə ciddi və ağır xəstəliklər kateqoriyasına aiddir. Ona görə də bu xəstəliklərin hər biri ayrıayrılıqda uyğunlaşdırılmış səhiyyə müəssisələrində və ixtisaslaşdırılmış peşəkar həkim heyətinin müstəsna nəzarəti altında həyata keçirilməlidir. “Hərbi qulluqçuların statusu” haqqında qanunda da konkret olaraq göstərilir ki, hərbi qulluqçuların xidmət yerində hərbitibbi idarələr olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda idarə mənsubiyyətindən asılı olmayaraq bütün mülki səhiyyə idarələrində onlara pulsuz yardım göstərilir. Hərbi hissə rəhbərliyinin, həmçinin hərbi hospitalın baş həkimi, ona təyin olunmuş həkim, eləcə də hüquqşünasın ona qarşı qərəzli məqsədi, etinasız, laqeyd və biganə münasibəti nəticəsində hazırda xəstəlikləri son dərəcə kəskin xarakter almış, onu yataq xəstəsinə çevirmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4083/2019 saylı qərardadı ilə (hakim E.Məmmədov) iş ərazi aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan apellyasiya şikayəti verilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1932/2020 saylı qərardadı ilə (hakim P.Hüseynov) iddia mümkün sayılmamışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1932/2020 qərardadının ləğv edilməsini və işin baxılması üçün yenidən həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o hal-hazırda mülki şəxsdir, onun xidməti yaşayış yeri yoxdur, yaşayış yeri Xətai rayonudur. İddiaçı inzibati aktı mübahisələndirmir, həmin inzibati orqanın hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsini tələb etdiyindən iddiaya Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Tərəflər və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birgə araşdırıb belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vurulması iddia edilən maddi və mənəvi ziyan inzibati orqanın inzibati fəaliyyəti ilə, tərəflər arasında inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Hazırkı iş üzrə iddia tələbinin predmetini cavabdehdən iddiaçının xeyrinə 10000 manat maddi və 7000 manat mənəvi zərərin ödənilməsi təşkil edir. Lakin iş materiallarından (şikayət səh.71) müəyyən olunur ki, hazırkı iş üzrə iddianın predmetini təşkil edən maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı iddiaçı cavabdeh orqana müraciət etməmişdir. Məhkəmə kollegiyası bildirir ki, yuxarıda qeyd olunan müraciətdə iddiaçının anası X1 müxtəlif orqanlara müraciət edərək oğlunun Bakı şəhərinə gətirilərək hərbi hospitalda xüsusi qaydada müalicə olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı məhkəmədə iddia qaldırdığı tələblə bağlı inzibati orqana müraciət etməmiş və bununla bağlı hər hansı sənəd sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara və işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına, eləcə də, yuxarıda sadalanan hüquq normalarının tələblərinə və apellyasiya şikayətin dəlillərinə məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunidir, apellyasiya şikayəti əsassızdır, qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1932/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar