Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1124/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-1(112)-2868/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın mümkün hesab edilməsi, işə mahiyyəti üzrə baxılması və İddiaçı 57 yaşının tamam olduğu gündən, yəni 09.03.2019-cu il tarixdən ona yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsindən cavabdeh tərəfindən verilmiş imtinanın əsassız və qanunsuz hesab edilməsi, İddiaçı 09.03.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1962-ci il tarixdə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Kəsəmən kəndində anadan olmuşdur və hal-hazırda da həmin kənddə yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır. Əmək fəaliyyətinə 01 sentyabr 1979-cu il tarixdən Tovuz rayonunun “Qələbə” üzümçülük sovxozunun şərab zavodunda fəhlə işləməklə başlamış, 12 may 1981-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar həmin işdən azad edilmişdir. 2 il hərbi xidmətdə olduqdan sonra 1983-cü ilin iyun ayının 8-də yenidən həmin sovxozda anbar fəhləsi kimi işə başlamış, bir həftədən sonra, 14.06.1983-cü il tarixdə işdən azad edilmişdir. 22.06.1983cü il tarixdən 01.09.1983-cü il tarixədək Tovuz rayonunun Əli Bayramov adına üzümçülük sovxozunun şərab məntəqəsində fəhlə işləmişdir. İddiaçı 21.10.1983-cü il tarixdən X9 və Qaz Flotunda matros şagirdi, 19.12.1983-cü il tarixdən matros, 01.04.1984-cü ildən A.Kortunov adına gəmidə bosman, 10.08.2000-ci il tarixdən gəmilərin neftçıxarma sahəsində işləyən xarici şirkətlərə icarəyə verilməsi ilə əlaqədar, həmin şirkətlərdən biri olan “X2 inc” şirkətində 09.06.2008-ci ilədək gəmi bosmanı vəzifəsində işləmişdir. İddiaçı 15.07.2008-ci il tarixdən 16.02.2009-cu il tarixədək BYUİ Kaspian Şirkətində gəmilərdə bosman vəzifəsində, 16.03.2009-cu il tarixdən 27.09.2012-ci ilədək Xəzər X7 İdarəsində "Kür” gəmisində bosman, 28.09.2012-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xəzər X3 “Kür” gəmisində bosman vəzifəsində işləyir. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli 6 №-li və 10 yanvar 2014-cü il tarixli 213 №-li Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X4 yenidən təşkili yolu ilə “Azərbaycan X5” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. İddiaçı da həmin təşkilatda işini davam etdirir. 01 yanvar 2006-cı il tarixə İddiaçı ümumi əmək (sığorta) stajı 26 il 1 ay 9 gün, güşəştli iş sahələrində 22 il 2 ay 11 gün təşkil edir. 28 yanvar 2020-ci il tarixə isə ümumi əmək (sığorta) stajı 40 il, güzəştli sahədə 36 il 1 ay 02 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə görə İddiaçı ağır və zərərli iş sahələrində uzun müddət 36 ildən artıq işləmiş şəxs kimi güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək ümumi əmək stajı 26 il 1 ay 9 gün, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş sahələrində isə stajı 22 il 2 ay 11 gün təşkil etdiyi üçün, İddiaçı pensiya həmin vaxtadək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahının XXVİİİ bölməsində 23003010-cu kodla göstərilmiş gəmi bosmanı güzəştli iş sahəsi kimi nəzərdə tutulmuşdur. Həmin vəzifə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş siyahıda da (21.2-ci bölmə b) yarımbəndi) nəzərdə tutulmuşdur. Göstərilən hüquq normalarının müddəalarına əsasən İddiaçı 57 yaşı tamam olduqdan sonra, yəni 09.03.2019-cu ildən sonra, ona həmin yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdeh dövlət orqanı olan DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycanda şəhərdaxili və şəhərətrafı yol gəmilərinin (Bakı buxtasında işləyən gəzinti gəmilərindən başqa) olmadığını hamının bildiyi halda, həmin idərənin rəisinin imzası ilə guya İddiaçı bosman vəzifəsində işlədiyi gəmilərin şəhərdaxili və şəhərətrafı yol gəmilərinə aid olmadığı ona verilmiş arayışda göstərilmədiyi üçün ona pensiya təyinatından imtina edilmişdir. Bundan sonra İddiaçı işlədiyi təşkilatdan, 23.10.2019-cu il tarixli izahedici arayış alaraq cavabdeh təşkilata təqdim etmiş və təkrarən pensiya təyin edilməsini xahiş etmişdir. 20 noyabr 2019-cu il tarixli **********9 №-li imtina məktubunda göstərilmişdir ki, əmək kitabçasında qeyd edilən iddiaçının işlədiyi gəmilərin üzən heyətə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Azərbaycan dilinin izahlı lüğətinin İ cildinin 336-cı səhifəsində (2006-cı il nəşri) bosman sözü - gəmi komandasının təsərrüfat işləri cəhətdən tabe olduğu şəxsdir, matros isə mülki donanmada adi dənizçidir. Cavabdeh təşkilatın imtinası qanunsuz və əsassızdır, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılaraq iddiaçıya 57 yaşının tamam olduğu 09 mart 2019-cu il tarixdən güzəştli şərtlərdə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericilikdə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəniz, çay donanmasının (21.2) yarımbəndinin üzən heyəti (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) (b) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab edilir. İddiaçının İdarəyə təqdim etdiyi 10 aprel 1981-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, onun işlədiyi gəmilərin üzən heyətə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-1(112)-2868/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə yazılı etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda. xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, 01.09.1979-cu ildə «Qələbə» Sovxozunda şərab zavoduna müvəqqəti fəhlə qəbul edilmiş, 12.05.1981-ci il tarixədə hərbi xidmətə getməsi ilə əlaqədar şərab zavodunda fəhləlikdən azad edilmiş, 08.06.1983-cü ildə öz ərizəsinə əsasən müvəqqəti olaraq “Qələbə” sovxozu AVM-də işləmək üçün fəhlə qəbul edilmiş, 14.06.1983-cü ildə öz ərizəsinə əsasən “Qələbə” sovxozu AVM-də fəhləlikdən azad edilmişdir, 22.06.1983-cü ildə Əli Bayramov adına üzümçülük sovxozunun nəzdində olan şərab məntəqəsinə fəhlə qəbul edilmiş, 01.09.1983-cü ildə Əli Bayramov adına üzümçülük sovxozunun şərab məntəqəsində fəhləlikdən öz ərizəsinə əsasən azad edilmiş, 21.10.1983-cü ildən 19.12.1983-cü il tarixədək X9 və Qaz İdarəsi donanmasında matros şagirdi, 19.12.1983-cü ildən 01.04.1984-cü il tarixədək həmin idarədə matros, 01.04.1984-cü ildən 10.08.2000-ci ilədək A.Kortunov adına gəmidə bosman işləmiş, 10.08.2000-ci ildə icarədə olan gəmilərə işləməyə göndərilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmiş, 11.08.2000-ci ildən 09.06.2008-ci ilədək “X2 inc” şirkətində bosman, 15.07.2008-ci ildən 16.02.2009-cu ilədək BYUİ Kaspian Şirkətində gəmilərdə bosman, 16.03.2009-cu ildən 27.09.2012-ci ilədək X9 X1 Neft Donanması İdarəsində “Kür” gəmisində bosman işləmiş, 28.09.2012-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xəzər X7 “Kür” gəmisində bosman vəzifəsində işləyir. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X5nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X4 yenidən təşkili yolu ilə “Azərbaycan X5” Qapalı Səhmdar Cəmiyyəti yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. Azərbaycan Milli Arxiv İdarəsi Tovuz rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Qələbə üzümçülük sovxozunun Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərində vətəndaş İddiaçı 01 sentyabr 1979cu il tarixdə 122 №-li əmrlə Qələbə üzümçülük sovxozunun şərab zavoduna müvəqqəti fəhlə qəbul edilmiş, 12 may 1981-ci il tarixdə 53 №-li əmrlə hərbi xidmətə getməsi ilə əlaqədar olaraq fəhləlikdən azad edilmiş, 10 iyun 1983-cü il tarixdə 69 №-li əmrlə öz ərizəsinə əsasən AVM-də işləmək üçün fəhlə qəbul edilmiş, 14 iyun 1983-cü il tarixdə 72 №-li əmrlə fəhləlikdən azad edilməsi göstərilmişdir. “Azərbaycan X5” QSC Xəzər X4 23.10.2019-cu il tarixli EN01/02-689 saylı arxiv arayışından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 21.10.1983-cü ildə Xəzər X4 k/s “Y.Kazımov” gəmisinə şagird matros peşəsinə işə qəbul edilmişdir (21.10.1983-cü il tarixli 237-k nömrəli əmr). 19.12.1983-cü ildə həmin gəmiyə 2-ci dərəcəli matros (19.12.1983-cü il tarixli 280-k nömrəli əmr) peşəsinə keçirilmişdir. 01.04.1984-cü ildə t/x “A.Kortunov” gəmisinə bosman vəzifəsinə (01.04.1984- cü il tarixli 70-k nömrəli əmr) keçirilmişdir. 10.08.2000-ci ildə icarədə olan gəmilərə işləməyə getməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir (10.08.2000-ci il tarixli 151-k nömrəli əmr). 16.03.2009-cu ildə t/x “Kür” gəmisinə bosman vəzifəsinə işə qəbul edilmişdir (16.03.2009cu il tarixli 83-k nömrəli əmr). 27.09.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) əmək müqaviləsinə xitam verilmişdir (27.09.2012-ci il tarixli 775-k nömrəli əmr). 28.09.2012-ci ildə t/x “Kür” gəmisinə bosman vəzifəsinə işə qəbul edilmişdir (14.09.2012-ci il tarixli 1008-k nömrəli əmr). Hal-hazırda “Sokar-1” gəmisində bosman peşəsində çalışır. (Şəxsi iş № 402.) Adı çəkilən gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Əsas: şəxsi vərəqə T- 2, ştat cədvəli, Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində xidmət Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən “Xəzərdənizneftdonanma” idarəsi 07.03.2007-ci ildən Xəzər X7 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X5nin və Xəzər X4 yenidən təşkili yolu ilə “Azərbaycan X5” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. “Azərbaycan X5” QSC tərəfindən məhkəməyə ünvanlanmış 08.10.2020-ci il tarixli MC 02/02-469 saylı məktubunda qeyd edilir: Sizin 2-1(112)-2868/2020 nömrəli inzibati iş üzrə 2020-ci il 28 avqust tarixli məktubunuz “Azərbaycan X5” Qapalı Səhmdar Cəmiyyətinə (ASCO) 2020-ci il 01 oktyabr tarixində daxil olmuş və həmin məktuba aidiyyəti struktur bölmələr tərəfindən baxılmışdır. Bildiririk ki, məktubda qeyd edilən “TideWater Marine İnternational İNC” şirkəti 2000-2009-cu illər ərzində, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən ləğv edilərək hüquq və öhdəlikləri ASCO-ya ötürülən Xəzər X7 (XDND) ilə alyans şəklində Azərbaycanda fəaliyyət göstərmişdir. “BYUİ Kaspian” şirkəti isə 1999-cu ilin dekabr ayından etibarən XDND ilə alyans şəklində fəaliyyət göstərməyə başlamış və hal-hazırda da fəaliyyətini davam etdirir Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) məhkəməyə ünvanladığı 21.10.2020-ci il tarixli məktubundan görünür ki, məhkəmənin sorğusunda qeyd edilmiş şirkətlər vaxtı ilə SOCAR-ın strukturuna daxil olmuş Xəzər X4 alyansı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli sərəncamına əsasən, Azərbaycan X5 və SOCAR-ın Xəzər X4 ləğv edilməsi və onların əsasında “Azərbaycan X5” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması qərara alınmışdır. “Azərbaycan X5” QSC Xəzər X4 24.11.2020-ci il tarixli arxiv arayışından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-in gəmilərinə aiddir. Bu gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə qüvvədən düşmüş 21.06.1993-cü il tarixli 320 nömrəli qərarına 2№-li əlavə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət - kod ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli, 539 nömrəli fərmanına əsasən “Xəzərdənizneftdonanma” idarəsi 07.03.2007-ci ildən Xəzər X7 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli, 6 nömrəli və 10.01.2014-cü il tarixli sərəncamına əsasən Azərbaycan Dövlət X5nin və Xəzər Dəniz Neft Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X5” QSC yaradılmışdır “Azərbaycan X5” QSC Xəzər X4 arayışında qeyd olunmuşdur ki, İddiaçı 28.09.2012ci il tarixdən hal-hazıra kimi “Azərbaycan X5” QSC Xəzər X4 üzən heyətində bosman vəzifəsində növbəli iş rejimi ilə çalışır və 24.11.2020-ci il tarixinə ümumi iş stajı 38 il 10 ay təşkil edir. Cavabdehin iddiaçıya ünvanlanmış 26.08.2019 və 20.11.2019-cu il tarixli imtina məktublarına əsasən iddiaçının əmək kitabçasında işlədiyi vəzifələrin üzən heyətə aid olub-olmaması barədə hər hansı məlumatın qeyd edilməməsi, bundan başqa 01.01.2006cı il tarixə iddiaçının ümumi iş stajının 25 ildən az olması əsası ilə iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlilləri imtinanın və etirazın dəlilləri ilə eynilik təşkil edir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir və aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01.08.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının 01.01.2006cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin birinci instansiya məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının 01.01.2006-cı ilə qədər 25 ildən artıq ümumi iş stajı və 12 il 06 aydan artıq güzəştli iş stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Cavabdeh imtina məktubunda iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az təşkil etməsinə istinad etmişdir. Lakin iş materiallarında olan hərbi biletin və əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Cavabdehin imtina məktubunda və apellyasiya şikayətində iddiaçının əmək kitabçasında işlədiyi vəzifələrin üzən heyətə aid olub-olmaması barədə məlumatın olmaması barədə dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: “Nəqliyyat” XXVİİİ fəsil (kod 23000000, fəsil); Dəniz və çay donanması- bölmə 3 (kod ********); 1) Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) (kod ********). Eyni zamanda həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» 21-ci bölmə (Nəqliyyat) 21.2-ci bənd (Dəniz və çay donanması) «b» yarımbəndində (üzən heyət) nəzərdə tutulmuşdur (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla). Bu hal işə birinci instansiyası məhkəməsində baxarkən müəyyən olunmuş, həmçinin iddiaçının işlədiyi gəmilərin liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçıxidmət gəmiləri, xidmət şəhərətrafı, şəhərdaxili yol gəmilərinə aid olmadığı arxiv arayışı ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, İddiaçı hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (09.03.2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 09.03.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-1(112)-2868/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1124/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1124/2021
16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver