Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1124/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X12, iddiaçının vəkili Vəkil2 (Bakı şəhəri 6 saylı Vəkil Bürosu) və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 (Bakı şəhəri 24 saylı Vəkil Bürosu) iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “orderlərin etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26 fevral 2021- ci il tarixli, 2-1(112)-57/2021 nömrəli qərarından cavabdeh və üçüncü şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 01 avqust 2018-ci il tarixdə cavabdeh AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7 adına verilmiş 07 nömrəli orderin, həmin order əsasında üçüncü şəxs X6 adına verilmiş 03 saylı orderin, eyni zamanda onun adına AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 041265 nömrəli torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1998-ci il tarixli qərarına əsasən iddiaçının mərhum atası X18 Bakı şəhəri, Sabunçu rayonu Vişnyovka-2 bağ massivi ünvanında sahəsi 0,12 ha olan 248A nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçının atası xx.xx.1995-ci ildə vəfat etmişdir. Bundan sonra iddiaçı Bakı şəhəri 9 nömrəli notariat kontoruna vərəsəlik dairəsinin müəyyən edilməsi ilə bağlı müraciət etmiş və iddiaçıya X13 vərəsəsinin qızı – İddiaçı olması barədə bildiriş (arayış) verilmişdir. Bundan sonra iddiaçı atasının və ailəsinin istifadəsində olan bağ sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2017-ci ildə cavab məktubu ilə bağ sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtina etmiş və imtinanı aparılan yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəsisslərə şərait yaradılmaması ilə əsaslandırmışdır. Bununla əlaqədar iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivi ünvanında sahəsi 0,12 ha olan 248A nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş məhkəmənin icraatına qəbul olunduqdan sonra həmin işə üçüncü şəxs qismində X17 cəlb olunmuşdur. Onun iddiaya verdiyi etirazda qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi bağ sahəsi Vişnyovka-1 ərazisindədir, həmin ərazi X8 məxsusdur. Tamara Qurbanova eyni zamanda məhkəməyə onun adına həmin sahəyə dair X23 Komitəsi tərəfindən verilmiş A 041265 nömrəli, xx.xx.2001-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünü, atası X7 adına verilmiş 7 nömrəli, və sonradan öz adına rəsmiləşdirilmiş 03 nömrəli orderin surətini məhkəməyə təqdim edərək həmin ərazinin ona aid olmasını iddia etmişdir. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin surətlərindən görünür ki, onlar saxtadırlar. Belə ki, 23 nömrəli Vişnyovka-2 BTK-nın xx.xx.1988-ci il tarixli qərarına əsasən Vişnyovka BTK üzvlərinə bağ sahələri ayrılmışdır. O üzvlərdən biri də iddiaçının atası X19r. Ona xx.xx.1988-ci il tarixli, 9/549 nömrəli qərara əsasən xx.xx.1988ci il tarixli orderlə Bakı şəhəri, Sabunçu rayonu Vişnyovka-2 bağ massivi ünvanında sahəsi 0,12 ha torpaq sahəsi ayrılmışdır.Üçüncü şəxsin atasının adına verilmiş order isə xx.xx.1990-cı il tarixli, 9/549 nömrəlidir. Halbuki xx.xx.1990-cı il tarixi həftənin bazar günü, qeyri-iş günüdür, qeyri-iş günündə rəsmi sənədin imzalanması və təsdiq edilməsi mümkün deyildir. Həmçinin, xx.xx.1988-ci il tarixli, 9/549 nömrəli qərarın nömrəsi 1990-cı il tarixli qərarla üst-üstə düşə bilməz. Bu da onun göstərir ki, order təsadüfən oxşar tarix seçilməklə, heç bir səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Həm iddiaçının, həm də üçüncü şəxsin atasına və sonradan öz adına dəyişdirilmiş orderlərdə olan kooperativin sədri X9 imzalarında açıq-aşkar uyğunsuzluq vardır. Eyni zamanda X13 adına olan order blankı, X7 adına verilmiş order blankından gözlə görünən əlamətlərlə fərqlənir – birinci orderin blankı makinada rus dilində çap olunaraq doldurulsa da, X7 adına verilmiş order mətbəə üsulu ilə azərbaycan dilində hazırlanmışdır; daha sonra X13 adına olan orderdə 23 nömrəli BTK-nın möhürü olsa da, X7 adına olan orderdə möhür yoxdur, orderin altında yalnız ştamp mövcuddur. İddiaçının atasına torpaq sahəsi ayrıldıqdan sonra uzun müddət iddiaçı öz ailəsi, qardaşlarının ailəsi ilə birlikdə o bağa gedib-gəliblər, bağı əkib-becəriblər və bütün qonşular onları tanıyır. Bundan fərqli olaraq üçüncü şəxsin özünü və atasını heç bir qonşu tanımır. Üçüncü şəxs tərəfindən təqdim edilmiş və iş materiallarında olan xx.xx.1990-cı il tarixli, 9/549 nömrəli qərara əsasən verilmiş orderin foto surəti notariat qaydasında təsdiq edilmişdir. Bu da onu göstərir ki, orderin əsli tərəfdə yoxdur. İddiaçı məhkəməyə iddia tələbinə dəyişikliyin edilməsi barədə ərizə ilə müraciət edərək, işdə olan cavabdeh Azərbaycan Respublikası ƏMDK DƏDRX Bakı şəhər ərazi İdarəsini Bakı şəhəri İcra Hakimiyyəti ilə əvəzləşdirilməklə, “Vişnyovka” 1 bağlar sahəsindən 23 saylı BTK X7 adına olan 07 saylı orderin, həmin order əsasında üçünçü şəxs X6 adına 03 saylı orderlərin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-186/2019 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, iddia bağ sahəsinə 07 saylı və 03 saylı orderlərin etibarsız sayılması kimi göstərilmişdir.İş üzrə cavabdeh AR ƏMDK DƏDRX 1 saylı Bakı ərazi İdarəsi Cavabdeh ilə əvəz edilmişdir. X17 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bundan sonra, iddiaçı iddia tələbinə dəyişikliyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı şəhər sakinlərinin bağ sahələrinin ayrılmasına dair Bakı şəhər İcra Komitəsinin 9/549 nömrəli xx.xx.1988-ci il tarixli qərarına əlavə edilmiş siyahıda 23 saylı Bağ təsərrüfat kooperativinin üzvləri sırasında X14 Sabunçu rayonu, Vişnyovka 2 bağ massivindən torpaq sahəsinin ayrılması qeydinin etibarsız hesab edilməsi, “Vişnyovka 1 bağlar sahəsindən 23 saylı BTK X7 adına olan 07 saylı orderin, həmin order əsasında üçünçü şəxs X6 adına verilmiş 03 saylı orderlərin ləğv olunması barədə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-186/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakim R.Kərimli) iddianın dəyişdirilməsinin qəbulundan imtina edilmişdir,iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-2135/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakimlər V.Məmmədov,S.Seyidova,İ.Əhmədov) apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-186/2019 nömrəli iş üzrə 12 iyun 2019-cu il tarixli qərardadı ləğv edilərək, iş baxılması üçün məhkəməyə göndərilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X7 adına verilmiş 07 saylı orderin, həmin order əsasında verilmiş xx.xx.2004-cü il tarixli 03 saylı orderin etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni icraata qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-57/2021 saylı qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilərək, X7 adına verilmiş 07 nömrəli order, həmin order əsasında üçüncü şəxs X6 adına verilmiş 15 dekabr 2004-cü il tarixli, 03 nömrəli orderin etibarsız hesab edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh və üçüncü şəxs apellyasiya şikayətləri vermişlər Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv olunmuşdur və həmin Sərəncamın 2.1-ci maddəsinə əsaslanaraq ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivləri yalnız saxlanc üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə olunmuşdur. Bu da onu deməyə əsas verir ki, hazırkı tələbdə Cavabdeh tərəf ola bilməzdi. Bundan başqa, hazırkı məhkəmə qərarının məzmunundan görünür ki, iş üzrə üçüncü şəxsin atasının adına (X7) order verilməsindən həmin dövrdə (1990-cı illərdə) Cavabdeh (Bakı Şəhər XDS İK-nin) tabeliyində olmuş X4 İdarəsinin xəbəri olmamışdır. Ona görə ki, işə baxan hakimin özünün aparmış olduğu “ekspertiza tədqiqatının” nəticəsindən belə məlum olur ki, həmin order həftənin bazar günü verilmiş və orderin Dövlət Arxivində olması barədə məlumat yoxdur. Deməli order Bakı şəhər XDS İK-si tərəfindən də verilməmişdir. Qanunun imperativ normasının tələbi pozulmuş, işə baxan hakim bilavasitə ekspert funksiyasını yerinə yetirmişdir ki, bu da yolverilməzdir. Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası “Kooperasiya haqqında qanunun” 1-ci maddəsində deyilir ki, kooperativ fiziki şəxslərin, yaxud fiziki və hüquqi şəxslərin iqtisadi, təsərrüfat və sosial tələbatlarını ödəmək məqsədilə onların səy və resurslarının könüllü birləşməsi əsasında yaradılan və fəaliyyət göstərən təsərrüfat subyektidir. Bu ona dəlalət edir ki, 23 saylı kooperativ məhz dövlət orqanı olmalıdır deyə əsas yoxdur, yəni kooperativin rəhbəri məhz iş günlərində qərar qəbul etməlidir deyə də belə bir məhfum yoxdur. Çünki, kooperativ rəhbəri azad surətdə qərar verə bilər. Həmçinin, Azərbaycan Respublikası Kooperasiya haqqında qanunun” 6-cı maddəsində deyilir ki, kooperativlərin təsərrüfat, maliyyə və digər növ fəaliyyətinə, idarəetmə (o cümlədən sədrinin) və nəzarət orqanlarının seçilməsinə, vəzifəli şəxslərin təyin olunmasına və onların vəzifədən azad edilməsinə dövlət ) bələdiyyə orqanlarının müdaxiləsinə yol verilmir. Həmçinin, məhkəmə hansı sübutlar əsasında o qənaətə gəldiki, məhz 23 saylı Vişnyovka BTK dövlət orqanı olduğundan onun verdiyi xx.xx.1990-cı il tarixli qərarı məhz həftənin bazar gününə düşdüyündən qeyri-iş günündə rəsmi sənədin imzalanması və təsdiq edilməsi mümkün deyildir deyə. Daha sonra, qətnamədə qeyd olunur ki, xx.xx.1988-ci il tarixli, 9/549 nömrəli qərarın nömrəsi 1990-cı il tarixli qərarla üst-üstə düşə bilməz. Bu da onu göstərir ki, order təsadüfən oxşar tarix seçilməklə, heç bir səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Həm iddiaçının, həmdə üçüncü şəxsin atasına və sonradan öz adına dəyişdirilmiş orderlərdə olan kooperativin sədri X9 imzalarında açıq-aşkar uyğunsuzluq vardır. Nümayəndə və vəkil qeyd etmişdir ki, imzalar arasındakı fərq və ya fərqlər hakimin gözlə görünəcək qədəri ilə müqayisəsi əsasında müəyyənləşdirilə bilməz. Belə ki, məhkəmə imza ilə bağlı xüsusi qərardad çıxararaq imzaların həqiqiliyinin müəyyən edilməsindən ötrü xəttşünaslıq ekspertizası təyin etməli və bunun əsasında yekdil fikrə gəlməli idi. Lakin, məhkəmə tərəfindən sözügedən məsələyə də səthi yanaşılmış, sanki məhkəmə xüsusi biliyə malik olan ekspertin də səlahiyyətlərini mənimsəmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1600/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakimlər A.Nuriyeva,S.Bəktaşi,A.Hüseyn) cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-57/2021 saylı qərarı ləğv edilmiş və İddiaçı Cavabdehnə və üçüncü şəxs X8 qarşı orderlərin etibarsız hesab edilməsi barədə iddia tələbi mümkün sayılmamışdır. Qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2293/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova, İ.Hüseynov,K.Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1600/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının vəkili apellyasiya şikayətlərinə etiraz edərək onların təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətlərinə etiraz edərək onların təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-57/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Bakı Tədris İstehsalat Müəssisəsi Cəmiyyəti Məhdud Məsuliyyətli Cəmiyyətinin Həmkarlar İttifaqının 1 №li, xx.xx.2018-ci il tarixli məktubuna əsasən Cəmiyyətin üzvü gözdən İ dərəcəli əlil X25 uzun illər həmin cəmiyyətdə işləmiş, cəmiyyətdə olan şifahi məlumata əsasən 1988- ci ildə X25 və Cəmiyyətin bir qrup üzvü fərdi qaydada onlara torpaq sahəsi verilməsi üçün Bağlar İdarəsinə müraciət etmişdir, bu müraciət əsasında X20 və Cəmiyyətin bir qrup digər üzvlərinə Sabunçu rayonu, X16 hər birinə 12 sotdan ibarət torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi AN041265 №-li “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Sabunçu rayonu, Vişnyovka bağ massivində yerləşən 248a saylı bağ evinin tikintisi üçün Bakı şəhəri İH-nin xx.xx.2004cü il tarixli, 186 №li qərarı və BTİ və İB-nin 03 saylı orderi ilə ayrılmış 1200 kv metr sahəsi olan torpaq sahəsinin plan və ölçüsü X6 adına xx.xx.2001-ci ildə (səlist görsənmir) sahə 1091,69 kv.m tərtib edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2018-ci il tarixli, 1605 №li məktubuna əsasən 23 saylı “Vişnyovka” BTK-nin üzvlərinin siyahısının təsdiqi barədə keçmiş Bakı şəhəri XDS İK arxiv fondu üzrə xx.xx.1988-ci il tarixli, 9/549 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. - Cavabdeh Başçısının aparatının xx.xx.2019-cu il tarixli məktubuna əsasən Bakı şəhər İH-nin başçısının 2004-cü il tarixli, 186 №li sərəncamı xx.xx.2004-cü il yox, xx.xx.2004-cü il tarixlidir və vətəndaşlara bağ sahəsi ayrılması haqqında deyildir. - Bakı şəhərinin 9 saylı notariat kontorunun notariusu X2 xx.xx.2017-ci il tarixli (səlist görsənmir) məktubuna əsasən xx.xx.1995-ci ildə vəfat etmiş xx.xx.1938-ci il təvəllüdlü ünvan 3 ünvanda qeydiyyatda olan X15 vərəsəsi İddiaçıdır. 2 №li Vişnyovka 23 №li kooperativinin nömrəsiz, xx.xx.1988-ci il tarixli orderinə əsasən X20 Bakı şəhər sovetinin icraiyyə komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarı ilə Vişnyovka № 2 massivində 23 nömrəli BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi ayrılmışdır.Order həmin kooperativin sədri İsrafilov adlı şəxs tərəfindən imzalanmışdır. - xx.xx.1988-ci il tarixli akta əsasən 23 №li bağ tikinti kooperativinin sədri H.İsrafilova kooperativ üçün ayrılmış bağ sahələri ayrılaraq təhvil verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Aparatının X11 və İstismarı Birliyinin 03 saylı orderinə əsasən həmin order X8 verilmişdir ona görə ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 186BTB saylı qərarına əsasən ona Vişnyovka- İ bağlar sahəsində 23 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 248 A saylı bağ ayrılmışdır. - Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və X5-İ bağlar sahəsindəki 23 №li kooperativin 7 nömrəli orderinə əsasən X14 Bakı şəhər İcraiyyə Komitəsinin 30 sentyabr 1990-cı il tarixli, 9/549 nömrəli qərarına əsasən Vişnyovka-İ bağlar sahəsində 23 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 248A nömrəli bağ ayrılmışdır.Orderdə 23 nömrəli BTK-nın sədri H.İsrafilovun imza etməsi göstərilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli iddiaçıya ünvanlanmış məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -2 bağ massivi ünvanda yerləşən 248A saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydyyata alınması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmaması əsası ilə imtina edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi üzrə Vişnyovka-1, 248a saylı bağ olaraq vətəndaş X6 adına xx.xx.2008-ci il tarixli, **********0563 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi qeydiyyata alınmışdır. - Üçüncü şəxs X6 2-1(82)-610/18 nömrəli iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış etirazında həmin üçüncü şəxs İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -2 bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 248 A saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir, əsas kimi o halı göstərmişdir ki, iddiaçının etirazına əlavə etdiyi order sənədində ünvan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -2 bağ massivi göstərilmişdir, lakin X8 məxsus olan orderdə ünvan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi göstərilmişdir, həmin bağ sahəsi X8 məxsusdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019- cu il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq-1 ərazisində yerləşən 248a nömrəli bağ sahəsi Bakı şəhəri İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 9/549 nömrəli qərarına əsasən X14 ayrılmışdır və 7 nömrəli order verilmişdir, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq-1 ərazisində yerləşən 248a nömrəli bağ sahəsi X7 vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən X6 adına keçirilmişdir (protokol xx.xx.2004) və onun adına 3 nömrəli order verilmişdir, həmin 3 nömrəli orderin arxivdə yalnız surəti mövcuddur. - Bakı şəhər X21 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 9/549 №li qərarına əsasən 21-32 nömrəli kooperativlərin tərkibi təsdiq edilmişdir,həmin siyahıda X7 adı göstərilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* №li çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 247 saylı bağ sahəsi X1 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019- cu il tarixli, X3 ünvanlanmış məktubuna əsasən Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 654 nömrəli protokoluna əsasən Sabunçu rayonu, Vişnyovka-2 (Albalılıq-2) qəsəbəsi, 247 nömrəli bağ sahəsi X1 icarəsinə verilmiş və onunla xx.xx.2001-ci il tarixli, 30314 nömrəli müqavilə bağlanmışdır.Daha sonra icarədar Sabunçu rayonu, Vişnyovka-1 qəsəbəsində yerləşən 247 nömrəli bağ sahəsinin evsiz özəlləşməsinə dair həmin orqana müraciət etmiş və Vişnyovka-1 qəsəbəsi, 247 nömrəli bağ sahəsi xx.xx.2017-ci ildə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. - Bakı Dövlət Universitetinin xx.xx.2019-cu il tarixli, 01-210/1727 nömrəli məktubuna əlavə edilmiş ərizələrdə və tərcümeyi-halda X9 şəxsi imzaları əks olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********49 №-li məktubda qeyd edilmişdir ki, “Sizin 1988-ci ildə 23 saylı Bağlar Təsərrüfatı tərəfindən vətəndaşlara ayrılmış Vişnyovka (Albalılıq) sahəsində yerləşən bağ sahələri (məs. 247,247a, 248,248a və.s) 1988-ci ildən hansı dövrə kimi Vişnyovka-2 olmuşdur, qeyd edilən bağ sahələri yəni 247,247a, 248,248a saylı bağ sahələri neçənci ilə kimi Vişnyovka-2 və neçənci ildən sonra Vişnyovka-1 bağ sahələrinə aid edilməsinə dair 2-1(112)-1162/2020 nömrəli xx.xx.2020-ci il tarixli sorğunuza Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır.” Bununla əlaqədar olaraq bildiririk ki, sorğuda qeyd edilən bağ sahələrinin neçənci ilə kimi Vişnyovka-2 və neçənci ildən sonra Vişnyovka-1 bağ sahələrinə aid edilməsinə dair məlumat İdarənin arxivində aşkar olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və üçüncü şəxs faktiki olaraq naturada eyni torpaq sahəsini iddia edirlər. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir Hazırkı işin hallarından müəyyən edilir ki, 2 №li Vişnyovka 23 №li kooperativin xx.xx.1988-ci il tarixli orderinə əsasən iddiaçının atası X20 Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarına əsasən Vişnyovka № 2 massivində 23 nömrəli BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi ayrılmışdır, iddiaçı onun vərəsəsidir, iddiaçı müvafiq dövlət orqanına həmin bağ sahəsinə dair mülkiyyət hüququna dair çıxarışın verilməsi barədə müraciət etdikdə ona həmin bağ sahəsinə baxış keçirilməsininin mümkün olmaması əsası ilə imtina cavabı verilmişdir, iddiaçı bununla bağlı məhkəməyə müraciət etdikdə iddiaçıya məlum olmuşdur ki, həmin bağ sahəsi ilə bağlı X6 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir, həmin plan və ölçüdə əsas kimi Bakı şəhəri İH-nin xx.xx.2004-cü il tarixli, 186 №li qərarına və BTİ və İB-nin 03 saylı orderinə istinad edilmişdir, eyni zamanda məhkəməyə qeyd edilən bağ sahəsinin X6 atası X7 adına 7 nömrəli orderlə ayrılması, sonradan isə üçüncü şəxsin adına 03 nömrəli orderin tərtib edilməsi bildirilərək həmin orderlərin surətləri təqdim edilmişdir. İddiaçı həm X7, həm də X6 adına verilmiş qeyd edilən orderlərin etibarsız hesab edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası iddiaçının atasının adına verilmiş 2 №li Vişnyovka 23 №li kooperativin xx.xx.1988-ci il tarixli orderinə münasibətdə qeyd edir ki, həmin orderin verilməsinə əsas olmuş Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında mövcuddur (xx.xx.2018-ci il tarixli 1605 nömrəli arayış). Eyni zamanda həmin order bağtikinti kooperativinin dairəvi möhürü ilə təsdiqlənmışdır. Üçüncü şəxsin atası X7 adına verilmiş 07 nömrəli orderin verilməsinə əsas olmuş Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin 9/549 nömrəli, 30 sentyabr 1990-cı il tarixli qərarın arxivdə mövcud olmamaqla yanaşı, həmin orderin üzərində möhür mövcud deyildir. Həmçinin qeyd edilməlidir ki, üçüncü şəxsin atası X10 adına verilmiş orderdə qeyd edilən 30 sentyabr 1990-cı il tarixi bazar gününə təsadüf edir ki, həmin günü qeyri-iş günü olmaqla dövlət orqanı tərəfindən qərar qəbul edilməsi gününə təsadüf edə bilməzdi Həm iddiaçının atası Z.Həsənovun, həm də üçüncü şəxs T.Qurbanovanın atasının adına verilmiş orderlərdə orderləri imza edən şəxs kimi bağ tikinti kooperativinin sədri X22 göstərilmiş, lakin həmin şəxsin adının qarşısında olan imzaların tamamilə bir-birindən fərqli imzalar olması vizual baxışdan tam aydındır. Belə ki, həmin imzalar H.İsrafilovun iş yeri olmuş Bakı Dövlət Universitetinin məktubuna əlavə edilmiş H.İsrafilov tərəfindən şəxsən imzalanmış ərizələrdə və tərcümeyi-halda mövcud olan H.İsrafilovun imzası ilə müqayisə edildikdə müəyyən olunur ki, iddiaçının atasının adına verilmiş orderdəki imza H.İsrafilovun imzası ilə tam oxşardırsa üçüncü şəxsin atası Ə.Cəfərovun adına verilmiş, hazırda etibarsızlığı tələb edilən 7 nömrəli orderdəki imzadan tam fərqlidir, yəni 7 nömrəli orderdəki imza İ.İsrafilova məxsus deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda göstərilir ki, X6 adına verilmiş 3 nömrəli orderin arxivdə yalnız surəti mövcuddur.Həmin orderin əslinin mövcud olması inzibati məhkəmə icraatının gedişi zamanı müəyyən olunmamışdır. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən X7 adına verilmiş 07 nömrəli order, həm də həmin order əsasında üçüncü şəxs X6 adına verilmiş 15 dekabr 2004- cü il tarixli 03 nömrəli orderin mötəbər hesab edilməsi iş materialları ilə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv olunması və həmin Sərəncamın 2.1-ci maddəsinə əsaslanaraq ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin yalnız saxlanc üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə olunması, bu səbəbdən hazırkı tələbdə Cavabdeh tərəf ola bilməməsi ilə bağlı qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş olması, onlar tərəfindən verilmiş inzibati aktların mübahisələndirmək imkanını aradan qaldırmır. Bağ təsərrüfatı idarələri yerli icra hakimiyyətlərinin nəzdində olduqlarından hazırkı iş üzrə də Cavabdeh olmalıdır. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin dəlili olan məhkəmənin imza ilə bağlı qərardad çıxararaq imzaların həqiqiliyinin müəyyən edilməsindən ötrü xəttşünaslıq ekspertizası təyin etməli olması ilə bağlı qeyd edir ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Hazırkı iş üzrə mübahisələndirilən orderlərdə bağ tikinti kooperativinin sədri X9 imzalarının bir-birilə və iş materiallarında olan Bakı Dövlət Universitetinin məktubuna əlavə edilmiş ərizələrdə və tərcümeyi-halda mövcud olan imzalar ilə tamamilə fərqlilik təşkil etməsi vizual baxışdan müəyyən edildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə məhkəmə ekspertizasının təyin edilməsinə lüzum görməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh və üçüncü şəxs X6 apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 fevral 2021- ci il tarixli, 2-1(112)-57/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1124/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1124/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver