Məhkəmə qərarları › İş №2-1(103)-1124/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1124/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1124/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X5 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5114/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3- 17-4/2-Ş-xx/xx/2023 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olmuş, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində xx.xx.2022-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Həmçinin, hazırda səhhətində ağırlaşmalar əmələ gəlibsə, dövlət tibb müəssisəsi tərəfindən müayinə olunub, sağlamlıq vəziyyətinizi tam şəkildə əks etdirən yeni göndəriş rəsmiləşdirildikdən sonra əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəyi bildirilmişdir.

2. İddiaçı əlillik vəziyətinə xx.xx.1997-ci il tarixdə baxılmış və “əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat: ikinci dərəcəli əlillik; əlillik səbəbi: Hərbi Xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; diaqnoz: Sağ budun aşağı 1/3-nin dişlənmiş yaraları. Sağ tərəfli N.femoralisin travmatik zədələnməsindən sonrakı it dişləməsi. Baş beynin travması nəticəsində şəxsiyyətin dəyişiklikləri ilə kobud davranış pozuntuları, yaddaş zəifliyi. Sağ aşağı ətrafın monoparezi.” səbəbi ilə beş il müddətinə, yəni, xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlillik verilmişdir.

3. Sonuncu dəfə İddiaçı əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixdə baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi travma mənşəli nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri kobud davranış pozuntuları və yaddaş zəifliyi. (Sağ budun dişlənmiş yarası), Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması – Səbəb: diaqnozun öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçıya münasibətdə tərtib edilmiş göndərişdə xəstəliyin gedişi xroniki, ağırlıq dərəcəsi orta ağır olaraq qeyd edilmişdir. Əsas diaqnoz olaraq - F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi travma mənşəli nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri kobud davranış pozuntuları və yaddaş zəifliyi, ağırlaşma qismində; 1. F07.8 - Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin üzvi xəstəliyi travma mənşəli nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri kobud davranış pozuntuları və yaddaş zəifliyi; 2. F06.8 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozuntular, baş beynin üzvi xəstəliyi travma mənşəli nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri kobud davranış pozuntuları və yaddaş zəifliyi göstərilmişdir.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının 28 fevral 2023-cü il tarixli, 3-17-4/3-3-1247/2023 nömrəli Qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyası (bundan sonra- Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adı göstərilən 29 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. 25. Bakı şəhər sakini xx.xx.1977-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2016-cı il tarixli 1061 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ budun aşağı 1/3-nin dişlənmiş yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, bədənində keyimə hissi, aşağı ətraflarda hissiyatsızlıq və hərəkət məhdudluğundan şikayətlənmiş, Miokard infarktı keçirdiyini, bundan sonra ürəklə bağlı problemlərinin başladığını bildirmişdir. Hal-hazırda medikamentoz preparatlardan “Aspirin Kardio” qəbul etdiyini qeyd etmiş, digər dərmanların adlarını bilməmişdir. Anamnestik məlumatlarda, yıxılıb başının çay daşına dəydiyini, sağ ayağını it dişlədiyi qeyd etmişdir. Müayinə zamanı sağ budun orta 1/3-də diş izlərinə müvafiq çapıq toxuma aşkarlanmış, hər iki aşağı ətrafda əzələ inkişafı paralel, atrofiya, parez izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Təqdim olunmuş, MRT müayinəsi kəllə-beyin travmasını təsdiqləməmiş, psixi statusunda sadəcə emosional labillik müşahidə olunmuşdur. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 1061 nömrəli Qərarında qeyd edilmişdir ki, Qobustan RHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Knyaz oğlunun hərbi xidmət dövründə aldığı və xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ budun aşağı 1/3-nin dişlənmiş yaraları” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon idarəsinin xx.xx.2010-cu il tarixli 4/360 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli 4/71 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2003-cü il tarixli çıxarış epikrizi, 314 nömrəli xəstəlik tarixindən çıxarışlar, vətəndaşın ərizəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmişdir”.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona səhhətinə görə əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Diaqnoz: Sağ budun aşağı 1/3 nin dişlənmiş yaraları. Sağ tərəfli N.femoralisin travmatik zədələnməsindən sonrakı it dişləməsi. Baş beynin travması nəticəsində şəxsiyyətin dəyişiklikləri ilə kobud davranış pozuntuları, yaddaş zəifliyi. Sağ aşağı ətrafın monoparezi. Əlilliyin səbəbi “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi ilə göstərilmişdir. xx.xx.2022-ci il tarixdə iddaçının əlillik müddəti bitmiş və o, əlilliyin yenidən təyin olunması üçün qeydiyyat yeri üzrə Poliklinikaya müraciət etmiş və həmin X6 Komissiyasının qərarı ilə xx.xx.2022-ci il tarixdə ona imtina cavabı verilmişdir. Tibbi Sosial Ekspert Komissiyasına müvafiq göndəriş verilmişdir. Lakin cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixdə keçirdiyi qiymətləndirmə ilə ona imtina cavabdeh verilmişdir. İddiaçı imtinanı əsassız və qanunsuz hesab edərək cavabdeh ona münasibətdə diaqnozlara uyğun düzgün qiymətləndirmə aparmamışdır. Halbuki iddiaçıya təyin edilmiş çox saylı diaqnozlar ona 2-ci dərəcəli əlillik qrupunun təyin edilməsi üçün kifayət qədər əsas verirdi. Belə ki, iddiaçıya 2022-2023-cü illərdə aşağıda göstərilən müxtəlif tibbi müəssisələri tərəfindən müxtəlif diaqnozlar təyin edilmiş və o, həmin diaqnozlar üzrə müalicə almışdır. “Medistyle” Hospitalında xx.xx.2020-ci il tarixdə müayinə olmuş və ona koronar angioplastika məsləhət görülmüş; AR Səhiyyə Nazirliyinin 2 №-li X2 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müalicədə olmuş və ona “Baş beyin xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və yaddaş zəifliyi” diaqnozu təyin edilmiş; AR Səhiyyə Nazirliyinin 2 №-li X2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müalicədə olmuş və ona “Baş beyin xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və yaddaş zəifliyi” diaqnozu təyin edilmiş; 23 saylı Birləşmiş şəhər Xəstəxanasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müayinədə və müalicədə olmuş və ona “Sol aşağı ətrafı atrofıyası və hərəkət funksiyasının pozulması, baş beyin travması nəticəsində davranış pozuntuları” diaqnozu təyin edilmiş; AR Səhiyyə Nazirliyinin 2 №-li X2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müalicədə olmuş və ona “Baş beyin xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və yaddaş zəifliyi” diaqnozu təyin edilmiş; AR Səhiyyə Nazirliyinin 2 №-li X2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək müalicədə olmuş və ona “Baş beyin xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və yaddaş zəifliyi” diaqnozu təyin edilmiş; AR Səhiyyə Nazirliyinin 2 №-li X2 xx.xx.2022-ci il tarixdə Elektroensofaloqrafıya müayinəsindən keçmiş və “Orta strukturların disfunksiyası, aktivləşdirici strukturların üstünlüyü” diaqnozu təyin edilmiş; Akademik C.Abdullayev adına X8 İnstitutunda xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və ona ürək qandamar sisteminin 40% tutulması qeyd olunmuş; xx.xx.2020-ci il tarixdə X9 MRT müayinəsindən keçmiş və “Mastoid hüceyrələrdə skleroz qeyd olunmuş, Paranazal sinuslar-Arxa qrup etmoidal hüceyrələrdə yığıntılar və mukoza qalınlaşması qeyd edilir” diaqnozu müəyyən edilmişdir.

8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, xx.xx.2024-cü il tarixdə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X3 xx.xx.2022-ci il imzalanma tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi travma mənşəli nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri kobud davraniş pozuntulari və yaddaş zəifliyi. (Sağ budun dişlənmiş yarası). Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1977-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2016-cı il tarixli 1061 nömrəli qərar verilmişdir. Həmin qərarda “Sağ budun aşağı 1/3-nin dişlənmiş yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, bədənində keyimə hissi, aşağı ətraflarda hissiyatsızlıq və hərəkət məhdudluğundan şikayətlənmiş, Miokard infarktı keçirdiyini, bundan sonra ürəklə bağlı problemlərinin başladığını bildirmişdir. Halhazırda medikamentoz preparatlardan “Aspirin Kardio” qəbul etdiyini qeyd etmiş, digər dərmanların adlarını bilməmişdir. Anamnestik məlumatlarda, yıxılıb başının çay daşına dəydiyini, sağ ayağını it dişlədiyi qeyd etmişdir. Müayinə zamanı sağ budun orta 1/3-də diş izlərinə müvafiq çapıq toxuma aşkarlanmış, hər iki aşağı ətrafda əzələ inkişafı paralel, atrofiya, parez izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Təqdim olunmuş, MRT müayinəsi kəllə-beyin travmasını təsdiqləməmiş, psixi statusunda sadəcə emosional labillik müşahidə olunmuşdur. Təqdim olunmuş Medistyle Hospitalın xx.xx.2020-xx.xx.2020-ci il tarixli Epikrizdə diaqnoz “Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası İİ funksional sinif. Koron ar angioplastika LAP damarına angioplastika” kimi qeyd olunsa da, əlillik təyinatına əsas verməmişdir. X7 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli arayışında qeyd edilmiş diaqnoz əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. 2 saylı X3 xx.xx.2022-xx.xx.2022-ci il tarixli çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları və yaddaşın enməsi ilə” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. 2 saylı X3 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsində nəticə “Orta strukturların disfunksiyası, aktivləşdirici strukturların üstünlüyü qeyd olunur” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Medistyle Hospital xx.xx.2022-ci il tarixli EMG müayinəsinin nəticəsi “Bu əlamətlər sağ ayaqda ağır aksonal degenerasiyalı Femoral sinirin ifadəli distal neyropatiyası lehinə dəyərləndirilir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X10 xx.xx.2022-ci il tarixli Kranioserebral MRT müayinəsinin nəticəsi “Sağdan Mastoid hüceyrələrdə skleroz qeyd olunur. Paranazal sinuslar-arxa qrup etmoidal hüceyrələrdə yığıntılar və mukoza qalınlaşması qeyd edilir. Beyin yarımkürələrində subaraxnoidal şırımların həcmi bir qədər artmışdır qeyri-kobud kortikal atrofiya əlamətləri” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunur, anterior septumun və inferior septumun apikal seqmenti ciddi hipokinetikdir, sistolik funksiya azalıb (LVEF=44%). Aortal və Mitral qapaqlar fibrotikdir. Min MR, Min TR. Perikard təmizdir Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR=116)” kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Eyni zamanda, İddiaçı əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir və iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5114/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixli B00030354CHX göndəriş əsasında göndərişin imzalandığı xx.xx.2022-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi sırf ekspertiza rəyinə əsaslanaraq, işi lazimi qaydada araşdrımadan vətəndaşa əlillik təyin edilməsi barədə qərar qəbul etmişdir. Belə ki, diaqnozun doğruluğunun müəyyən edilmsəi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Lakin, iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Həmçinin, birinci instansiya məhkəməsi müddət məsələsinə münasibət bildirməmişdir. Belə ki, İddiaçı əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

13. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir.Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun:

2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 18.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 və 3.1-ci maddələrinə əsasən)

20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-16-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

21. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı ona əlillik dərəcəsinin təyin edilməsini tələb edir.

22. Cavabdeh orqan isə iddiaçıya qoyulmuş diaqnozun əyani müayinə zamanı öz təsdiqini tapmaması səbəbindən imtina cavabı vermişdir.

23. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5114/2024 nömrəli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və İddiaçı haqqında olan xx.xx.2024-cü il tarixli 2243 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, ...İddiaçı Knyaz oğlunda Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, ifadəli davranış və yaddaş pozuntuları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu anmnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırki müayinənin nəticələri (yoxlanılan şəxsin verdiyi anamnestik məlumatlara görə 2003-cü ildə gizir rütbəsində kəşfiyyatçı kimi hərbi xidmətdə olduğu zaman hadisə yerində itin qəfildən hücum edərək onu ayağından dişləməsi və onun oradan uzaqlaşmaq istədiyi zaman hündürlükdən çaya yıxılaraq bir sutkaya yaxın müddət huşunu itirməklə başından zədə alması, aşkar edilərək Sarcalı qəsəbəsində yerləşən hərbi hospitala gətirilməsi, müalicələrdə olması, daha sonralar onda meydana gələn əsəbilik, yuxu pozuntusu, baş ağrıları ilə və hərbinin tələblərini icra etməkdə çətinliklərlə əlaqədar hərbi xidmətdən təxris edilməsi, psixi vəziyyəti ilə əlaqədar ilk dəfə stasionar müalicədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi “Baş beynin travma nəticəsində şəxsiyyətin dəyişiklikləri və davranış pozuntuları” diaqnozu ilə olması, son illər onda digər şikayətlərin yarandığını, yuxusunun pozulması, əsəbilik, baş ağrıları ilə yanaşı yaddaşında zəifləmə yaranması, hərdən əsəblərini cilovlaya bilməyərək əsəbi reaksiyalar verməsi, göstərilənlərlə yanaşı ayağında və belində ağrılarla əlaqədar yaşayış yeri üzrə poliklinikaya müraciətlərinin olması, ambulator müalicələr qəbul etməsi, həmçinin ürək ağrıları ilə əlaqədar müayinələrdən sonra 2020-ci ildə ürəyində stend əməliyyatı keçirməsi, psixi vəziyyəti ilə əlaqədar son illərdə Bakı şəhər 2 nömrəli X1 dəfələrlə “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və yaddaş zəifliyi” diaqnozu ilə stasionar müalicələrdə olması, həmçinin hazırki müayinə zamanı bir qədər narahat görünməsi, ünsiyyətə həvəssiz daxil olması, verilən suallara bir qədər ləng dərk etməsi, şikayətləri barəsində soruşduqda tez yorulma, hövsələsizlik, əhvalında dəyişkənlik olmasını, bununla yanaşı baş ağrıları, yuxu pozuntuları, yaddaşda zəiflik yarandığını, göstərilən səbəblərlə əlaqədar işləyə bilməməsini bildirməsi, əsəbi halların tez-tez baş verməsi, əsəbi gərginliklər zamanı hirsini boğmaq məqsədilə yumruğu ilə divara vurması, əlinə düşən hər-hansı bir əşyanı çırparaq sındırması, bəzən ailə üzvlərinə qarşı aqressiv davranması, adi qıcıqlara qarşı dözümsüzlükdən əziyyət çəkdiyini, əsəblərini cilovlaya bilməməsini bildirməsi, ambulator qaydada müraciətləri və stasionar müalicələrdə olduqdan sonra evə yazıldıqda ona evdə qəbul etməsi üçün reseptlərə müvafiq dərmanları (təqdim etdiyi ambulator xəstənin tibbi kartasına görə qəbul etdiyi dərmanlar – Amitriptilin, Pirasetam, Serebrozilin, Fenezepam, Sermion və s.) əldə edərək qəbul etməsi, aparılan söhbət gedişatında verilən bəzi suallar zamanı əsəbiliyinin artmasının nəzərə çarpması, sorğu gedişatında tez yorulması, astenizasiya olunması, “məni tez buraxın çıxım gedim, hövsələm çatmır, başın ağrıyır” kəlmələri ilə onda əsəbi gərginliyin aşkar biruzə verməsi və s.) sübut edir. İddiaçı qoyulmuş “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin üzvi xəstəliyi, travma mənşəli nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və yaddaş zəifliyi” diaqnozun yoxlanılan şəxsin hazırkı psixi vəziyyətinə uyğun olması müəyyən edilir. İddiaçı hal-hazırda müəyyən edilən “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, ifadəli davranış və yaddaş pozuntuları ilə” diaqnozlu psixi pozuntu yoxlanılan şəxsin 2003-cü ildə başından almış olduğu travma nəticəsində onda yaranmış ifadəli davranış və yaddaş pozuntuları həmin travmanın sonrakı dinamikasını əks etdirərək xəstəliyin ağırlaşmasının göstəricisidir. İddiaçı sağalma ehtimalının nə qədər olması və göstərilən psixi pozuntunun müalicə olunaraq sağalması barəsində qoyulan suala cavab olaraq bildirmək olar ki, yoxlanılan şəxsdə onda aşkar edilmiş "Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, ifadəli davranış və yaddaş pozuntuları ilə" aldığı müalicələrə baxmayaraq pozuntu əlamətləri təkrarlandığı üçün həmin psixi pozuntunun dəqiq proqnozunu vermək mümkün deyildir.

24. Eyni zamanda işin apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1124/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1182 saylı əlavə ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən İddiaçı Knyaz oğlunda Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, ifadəli davranış, yaddaş pozuntuları və intihar fikirləri ilə ( Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. İddiaçı Knyaz oğluna aid inzibati işə əlavə edilmiş tibbi sənədlərin tədqiqi və təhlili, həmçinin hazırki müayinə zamanı yoxlanılan şəxsin psixi vəziyyətini nəzərə alaraq ekspert komissiyasının üzvləri belə nəticəyə gəlir ki, İddiaçı Knyaz oğlunda müəyyən edilən Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, ifadəli davranış, yaddaş pozuntuları və intihar fikirləri ilə formasında psixi pozuntu aşkar edilir və hazırda düçar olduğu xəstəliklər ilə əlaqədar onun həyat keyfiyyətlərinə mənfi təsir etmiş, onda əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptonlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması ilə (məsələn, yüksək intihar riski zamanı) müşayət olunur.

26. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, əvvəllər əlillik təyinatına əsas olan xəstəliklər inkar edilməmiş, psixiatrik ekspertiza nəticəsində aşkar olunmuş xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 7-ci bənd - Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular – 7.6.2-ci yarımbənd – “üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” diaqnozu əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Lakin Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə təyin edilmiş sonuncu məhkəmə psixiatrik ekspertizasının rəyində həmçinin F07.0 diaqnozunun qiymətləndirmə meyarlarıda öz əksini tapmışdır. Belə ki, iddiaçıda aşkar edilmiş xəstəlik siyahının 7.6.2.1-ci bəndində göstərilmiş hallarla müşayət olunur. Həmin diaqnoz (XBT F07.0) qiymətləndirmə amilləri ilə müşayət olunduqda xəstəliyə ducar olmuş şəxslərə iki il müddətinə orqanizm funksiyaların pozulması 35-60 faiz göstərilməklə əlillik təyin edilir.

27. Nəzərə alınmalıdır ki, əlilliyin təyin edilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi (xx.xx.2022-ci ildən etibarən əlilliyin qüvvədə olma müddətinə qədər) ona köhnə tarixlə əlilliyin təyin edilməsi və buna görə nəzərdə tutulmuş məvacibin alınması üçün iddiaçıya hər hansı bir məhdudiyyət yarada bilməz.

28. Göründüyü kimi, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.

29. Cavabdehin apellyasiya şikayətinin müddətlə bağlı gətirdiyi arqumentə, yəni hazırki, iddia tələbinin mübahisələndirmə və ya məcburetmə haqqında iddia olması səbəbindən prosessual müddətin tətbiq edilməsi bağlı məhkəmə kollegiyası qeyd edir ki, verilmiş iddia tələbi öhdəliyin icrasından irəli gəldiyinə görə hazırki, iddia tələbinə öhdəliyin icrası iddiası kimi baxılaraq hüquqi qiymət verilməlidir. Başqa sözlə desək əlillik üçün Nazirlər Kabinetinin 187 saylı qərarı ilə təsdiq edilmiş meyarlara əlavədə qeyd olunmuş xəstəliklər qiymətləndirmə amilləri ilə müşayiət olunarkən inzibati orqanın üzərinə Qanunun müvafiq tələbi əsasında öhdəlik qoyulur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki, iddia tələbi öhdəliyin icrası ilə bağlı olduğundan və bu növ iddia tələbləri üçün prosessual müddət nəzərdə tutulmadığından müddətlə bağlı birinci instansiya məhkəməsi tərəfindən hər hansı bir pozuntuya yol verilməmişdir.

30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

31. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

32. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5114/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı orqanizm funksiyalarının pozulması 35-60 faiz göstərilməklə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5114/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı orqanizm funksiyalarının pozulması 35-60 faiz göstərilməklə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar