Məhkəmə qərarları › İş №2-1(103)-1125/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1125/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1125/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X5, İddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin vəkili və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs “xxxx” MTK-nə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 27.11.2020-ci il tarixli, 2-1(112)-7434/2020 saylı qərardadından üçüncü şəxsin vəkili və nümayəndəsi G.İlyasova tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (1 saylı Bakı Ərazi İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m olan 2 otaqlı 17 saylı mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.07.2018-ci il tarixli 2-1(81)-3104/2018 saylı qərarı ilə iddia təmin edilərək, «xxxx» MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m olan 2 otaqlı 17 saylı mənzilin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar, ondan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən qanuni qüvvəyə minmişdir. “xxxx” Mənzil Tikinti Kooperativi Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və inzibati məhkəmə icraatının təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli 2-1(81)-3104/2018 saylı qərardadı ilə “xxxx” MTK-nın ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3104/2018 saylı 12 iyul 2018-ci il tarixli qərarı ləğv edilmiş və “xxxx” MTK hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X4 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş baxılıb yekun nəticə qəbul edilib, qanuni qüvvəsini alana qədər ünvan 1, inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m. olan 2 otaqlı 17 saylı mənzilin üzərinə həbs qoyulması və həmin iş üzrə icraata dönüş barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27.11.2020-ci il tarixli, 2-1(112)-7434/2020 saylı qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan üçüncü şəxsin vəkili və nümayəndəsi X4 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, işdə olan 12 oktyabr 2004-cü il tarixli 234 №-li Bakı şəhər İcra Başçısının sərəncamından, Bakı şəhəri xəritəsinin çıxarışından, ayrılmış torpaq sahəsinin cizgisindən, ayrıc aktından, 09 dekabr 2019-cu il tarixli 246 №-li istismara icazəsindən, 06 dekabr 2019-cu il tarixli rəyindən, 24 iyul 2020-ci il tarixli Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubundan və s. təqdim olunmuş sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binası «xxxx» Mənzil Tikinti Kooperativə məxsusdur. Hazırki iş üzrə İddiaçı mübahisəli mənzilə dair adına çıxarışın verilməsini iddia edir və həmin mənzil üzrə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlamış və mənzilin dəyərini «xxxx» MMC-ə ödəmişdir. Halbuki «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumiyyətlə həmin binanın mənzillərin satılmasına ixtiyarsız idi və hüququ olmamışdır. İşdə olan «xxxx» MTK-i «xxxx» MMC-i ilə 05 mart 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırılma müqaviləsinin 3.1.14-cü bəndində görünür ki, mənzillərin satılması üçün alıcılarla bağlanan müqavilə «xxxx» MTK-i tərəfindən bağlanır. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etdiyi zaman həmin bina istismara təhvil verilməmişdir. Vəkil və nümayəndə hesab etmişdir ki, hazırki vəziyyətdə mübahisəli mənzilin üzərində həmin iş baxılıb, yekun nəticə qanuni qüvvəsini alana qədər müvəqqəti xarakterli tədbirlər, yəni «həbs» qoyulması tam zəruridir və işin icraatına dönüş verilməlidir. Vəkil və nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qıəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə təqdim etdiyini bildirmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 40.1- ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər; 40.2- ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər; 40.3- cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər; 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər; 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Müvəqqəti xarakterli müdafiə təbiri çıxarılacaq məhkəmə qərarının gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn və məhkəmə qərarının gələcəkdə icrasının təmini məqsədilə görülən prosessual hüquqi tədbirdir. İddia tələbi mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi ilə bağlıdır, belə olan halda əgər gələcəkdə iddia təmin edilərsə, ərizədə qeyd olunan tələbin (mənzilin üzərinə həbs qoyulması) gələcəkdə məhkəmə qərarının icrası ilə heç bir bağlılığı və əlaqəsi yoxdur. Digər tərəfdən, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi hüquq barəsində mübahisə barədə məhkəmədən müvafiq məlumatın daxil olduğu halda, qeydiyyatın dayandırılmasını nəzərdə tutur. Eyni zamanda üçüncü şəxsin ərizəsində göstərilən mənzil üzərində həbs qoyulması mülkiyyətçinin istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə mane ola bilər. Həmin əmlakın üzərində sərəncam verilməsinə qadağan qoyulmasına isə, adətən onun başqa şəxsin adına özgəninkiləşdirilməsini ehtiva etdiyindən və hazırkı mübahisə başa çatanadək (bu barədə cavabdeh kimi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məlumatlıdır) hər hansı qeydiyyat aparılması qanunla dayandırıldığından, zərurət yaranmır. Məhkəmə ərizənin məhkəmə qərarının icrasına dönüş edilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında hazırki iş üzrə məhkəmə mübahisəsi başa çatmamışdır, məhkəmə mübahisəsi davam edir. Əvvəlki qərarın ləğv edilməsi üçüncü şəxslərin icraata cəlb edilməsi ilə əlaqədar olmuş, məhkəmə araşdırmasının yekunlaşması ilə bağlı deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının ərizəsində qaldırılan məsələ mahiyyətcə yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvini ehtiva edir, bu da inzibati məhkəmə icraatı qaydasında ayrıca iddia tələbi ilə mübahisələndirilə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxsin vəkili və nümayəndəsi G.İlyasova tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27.11.2020-ci il tarixli, 2-1(112)-7434/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar