Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1126/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Məmmədov Vidadi Məmməd oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mülkiyyət hüquqlarının qorunması tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2- 1(112)-3238/2020 saylı qərardadından iddaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsi mülkiyyətçi qismində hüquqlarının qorunması və faktiki pozulmasının qarşısının alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhər Cavabdeh hərəkətlərinin onun mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilərək, qanunsuz hesab edilməsi; ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətçisi olduğu daşınmaz əmlakın sökülməsi nəticəsində bərpa dəyəri həcmində, yəni 39.400 manat məbləğində maddi zərərin (daşınmaz əmlakdakı payının dəyəri 38.400, məişət texnikası və əşyalarının minimal dəyəri ən aşağı dəyərləndirmə ilə 1.000 manat və 50.000 manat məbləğində mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2-1(112)-3238/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim N.Abıyev). Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermişdir. İddiaçı verdiyi apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyət payına dair könüllü olaraq cavabdehin xeyrinə özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsi bağlamış, həmin müqavilə mülki icraat mübahisələndirməmiş və hal hazırda qüvvəsindədir, buna görə iddiaçının cavabdehə qarşı onun hərəkətləri nəticəsində pozulmuş hüquqlarının bərpasını və kompensasiya ödənilməsini tələb etmək üçün subyektib hüququ yoxdur. İddiaçı məhkəmədə bildirmişdir ki, 10 mart 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və məcburən imzaladığı razılığın etibarsiz sayılması tələbi ilə məhkəməyə müraciət etmiş və hal hazırda həmin iddia ərizəsi Yasamal Rayon Məhkəməsinin (hakim Toğrul Axundov) icraatındadır. Həm Bakı İnzibati Məhkəməsinə verdiyi iddia ərizəsimdə, həm də müqavilənin etibarsızlığı tələbi ilə Yasamal rayon məhkəməsinə verdiyi iddia ərizəsində bildirmişdir ki, iddiaçı paylı mülkiyyətçisi olduğu daşınmaz əmlakdan məhkəmə qərarı və digər qanuni əsas olmadan məhrum edilmişdir. Cavabdehin hakimiyyətdən sui-istifadəsi yolu ilə qeyri-insani rəftarı nəticəsində iddiaçının ağır vəziyyətə düşməsi, hədələnməsi, təhqir olunması, faktiki ailə üzvləri ilə birgə küçədə qalma təhlükəsi qarşısında mülkiyyətindən imtinaya məcbur edilmişdir. 10 mart 2020-ci il tarixdə küçədə qalmasından, köməksiz vəziyyətindən və çıxış yolunun olmammasını bilən Yasamal RİH Öz inzibati səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində iddiaçı və digər paylı mülkiyyətçi İddiaçı Yasamal RİH ilə Yaşar Əliyev arasında bağlanan daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə razılıq imzalamağa məcbur olmuşlar ki, Yaşar Əliyevə ödənilən kompensasiyaya mənzil alınsın və onlar da heç olmasa müvəqqəti olaraq orada məskunlaşsın. Lakin müqaviləni təzyiq və şiddət təsiri ilə imzaladıqlarına görə onun etibarsız sayılmasını məhkəmədən tələb etmişdir. iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbiə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. İş materiallarında olan; iddiaçıya məxsus AA******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1994-cü ildə doğulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin MA seriyalı ******* saylı “Çıxarış”ının surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ əsasında ½ hissə X2, ½ hissədən 8.2 kv.m olan 1 otaq X7, qalan ½ hissənin 4/6 hissəsi X4, 1/6 hissə İddiaçı, 1/6 hissə X5 adına qeydiyyata alınmış, bu barədə **********87-10301 reyestr nömrəli texniki pasport tərtib edilmişdir. AN-İ seriyalı ******* saylı 10.03.2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, X1, İddiaçı və X11 özlərinə məxsus ünvan 2 ünvanının ½ hissəsinin müvafiq olaraq 4/6, 1/6 və 1/6 hissələrini ümumilikdə 60.223 (altmış min iki yüz iyirmi üç) manat müqabilində Bakı şəhər Cavabdehnə satmışdır. X1, İddiaçı və X11 həmçinin notarial qaydada təsdiq edilmiş **********878 saylı və **********880 saylı ərizələr (bəyannamə) ilə çıxış edərək Bakı şəhər Cavabdeh tərəfindən onlara 15.469.50 manat məbləğində təklif olunan maddi yardımı da qəbul etdiklərini, ümumilikdə onlara 75.223 manat məbləğində kompensassiya ödənildiyini göstərib gələcəkdə mənzilə dair hər hansı tələblərinin olmayacaqlarını bildirmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin 1/2 hissədən qalan hissəsinin mülkiyyətçiləri olan X1, İddiaçı və X11 həmin hissədə əmlaklarını könüllü olaraq cavabdehin xeyrinə özgəninkiləşdirilməsinə dair alqısatqı müqaviləsi bağlamış, həmin müqavilə də onun tərəfindən mülki icraat qaydasında mübahisələndirilməmiş və hal-hazırda qüvvəsindədir, lakin iddiaçı həmin alqı-satqı müqaviləsi qüvvədə ola-ola, artıq özgəninkiləşirdiyi əmlakına görə, təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürmüş, halbuki, hər iki tərəf mübahisələndirilən əmlakın alqı-satqına dair bağlanmış müqavilə ilə və Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olan öhdəliklərini icra etmiş, yəni, satıcı öz əmlakını alıcıya satmış, alıcı isə həmin əmlakın dəyərini ona ödəmiş və satıcı da qəbul etmişdir. Belə olduğu halda Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olur. Bununla da iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürməkdə subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. Həmin Məcəllənin 247.1.1-ci maddəsinə əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği torpağın bazar qiymətinin müəyyən edilməsi üsulu ilə hesablana bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinə əsasən qiymətləndirmə komissiyasının bu Qanunun 23.1.7-ci maddəsinə uyğun olaraq müstəqil qiymətləndiricinin torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflərinin, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyinin təhlili nəticəsində torpaq və digər əmlakın bazar qiyməti barədə qəbul etdiyi qərarı alan orqan tərəfindən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənilməsində istifadə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Beləliklə də, məhkəmə araşdırması ilə sübut olmuşdur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2-1(112)-3238/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1126/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1126/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver