Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1126/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı1 MMC-nin cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı “tenderin nəticələrinin ləğvi, tenderin qalibi elan etmək və müvafiq satınalma müqaviləsinin imzalanması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)-4621/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı1 MMC cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı məhkəmədə iddia qaldıraraq cavabdehin aparatında, 1 saylı Bakı “Asan xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində (LOT039324, 019015 nömrəli müsabiqə), həmçinin 2 saylı Bakı “Asan xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində (LOT039327, 019012 nömrəli müsabiqə) gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı 08 fevral 2021-ci il tarixdə keçirilən tenderlərin nəticələrinin ləğv edilməsi və cavabdeh təşkilatın üzərinə iddiaçı, İddiaçı1 MMCni həmin satınalma predmetləri ilə bağlı 09 dekabr 2020-ci ildə keçirilmiş tenderin qalibi elan etmək və müvafiq satınalma müqaviləsini hazırlayıb imzalamaqla, iddiaçı təşkilata göndərmək vəzifəsinin qoyulması barədə qərar edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra “Agentlik” adlanacaq) Agentliyin aparatında, Agentliyin nəzdində olan 1 saylı Bakı “Asan xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində (LOT039324, 019015 nömrəli müsabiqə), həmçinin 2 saylı Bakı “Asan xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində (LOT039327, 019012 nömrəli müsabiqə) gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elektron qaydada açıq tenderlər elan etmiş, İddiaçı1 MMC-nin həmin tenderlərdə iştirak edərək hər iki müsabiqə üzrə ən aşağı qiymət təklifi təqdim etdiyi müəyyən edilmişdir. Protokollardan görünür ki, müzakirələrdən sonra Tender Komissiyası zərflərin açılışı ilə bağlı məlumatların iddiaçılara dərhal təqdim edilməsini və 1 bank günü ərzində təklifi qiymətləndirərək, müvafiq qərar qəbul edilməsini qərara almışdır. Lakin Tender Komissiyası zərflərin açılışı ilə bağlı məlumatları təqdim etsə də, İddiaçı1 MMC-nin həmin müsabiqələrin qalibi olduğunu elan etməmişdir. Bununla əlaqədar olaraq iddiaçı təşkilat 11 yanvar 2021-ci il tarixdə cavabdeh təşkilata elektron qaydada məktub göndərərək, bunun səbəbləri barədə məlumat verilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat iddiaçının həmin müraciətinə cavab verməmişdir. Bundan sonra iddiaçı təşkilat Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 29 yanvar 2021-ci il tarixdə, rəsmi qaydada müraciət etmişdir. Həmin Dövlət Xidməti tərəfindən göndərilən 17 fevral 2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Agentlik tərəfindən Dövlət Xidmətinə göndərilən 25 dekabr 2020-ci il tarixli, **********27 nömrəli məktubda sözü gedən tender prosedurlarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə uyğun olaraq, tender predmetinin maliyyələşdirilməsinin dayandırılması səbəbindən ləğv olunduğu bildirilmişdir. Lakin iddiaçının əldə etdiyi digər rəsmi məlumatlardan görünür ki, qeyd olunan tender 09 dekabr 2020-ci il tarixdə keçirildiyi halda, həmin tender ondan təqribən bir ay sonra, yəni 06 yanvar 2021-ci il tarixdə, qanunsuz olaraq ləğv edilmiş və eyni gündə də yeni tenderlər elan edilmişdir. Növbəti tender 08 fevral 2021-ci il tarixdə keçirilmiş və "xxxx" MMC onun qalibi elan edilmişdir. Göründüyü kimi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.7-ci maddəsinə uyğun olaraq qalib müəyyən olunmuş tender təklifi aksept edilməli və həmin Qanunun 40.1-1-ci maddəsinin tələbinə görə tender təklifi aksept edildikdən sonra tenderin qalibinə bu barədə dərhal, dövlət satınalmalarının vahid internet portalı vasitəsilə, avtomatik qaydada, bildiriş göndərilməli, həmin Qanunun 40.2-1-ci maddəsinə görə isə cavabdeh təşkilat 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq həmin portala yerləşdirməli və imzalamalı idi. Bu qayda tenderin X1 və Tender Komissiyasının 09 dekabr 2020-ci il tarixdə tərtib etdiyi 2 saylı protokollarda da öz əksini tapmışdır. Lakin cavabdeh təşkilat həm qanunun, həm də tenderin X2 tələblərini kobud qaydada pozmuş, İddiaçı1 MMC tenderin qalibi olduğu halda, onu aksept etməmiş, bu barədə ona dərhal bildiriş göndərməmiş və satınalma müqaviləsini hazırlayıb, imzalanması üçün ona göndərməmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbinin əsasını mülki hüquq münasibətləri təşkil etdiyindən ona inzibati icraat qaydasında baxılmamalıdır. Bundan əlavə, elan edilmiş elektron açıq tender üzrə iddiaçı tərəfindən təklifin və X1 nəzərdə tutulmuş sənədlərin təqdim edilməsi sözügedən tender üzrə onun qalib hesab olunmasını ehtiva etmir. “Dövlət satınalmaları haqqında” Qanunun 36.7-ci maddəsinin tələbinə əsasən tenderin qalibi olmaq üçün ən aşağı təklifi vermək kifayət etmir. Bundan əlavə, X1 göstərilən meyarlar üzrə qiymətləndirmə aparılır. Əlavə olaraq, Tender Komissiyası tərəfindən ləğv edilmiş elektron açıq tender üzrə tərəfimizdən iddiaçıya bildiriş göndərilməmiş, iddiaçı ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə elektron qaydada müqavilə bağlanmadığından həmin tender üzrə iddiaçı qalib hesab oluna bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4621/2021 saylı, 05 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti vermiş əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadında iddia tələbinin hansı əsasda qeyri-mümkün hesab edilməsi aydın görünmür. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 23 iyun tarixli, 2- 1(103)-1778/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4621/2021 saylı, 05 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(102)-1769/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1778/2021 nömrəli, 23.06.2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 05 may 2021ci il tarixli, 2-1(112)-4621/2021 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İşdən görünür ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 1 saylı Bakı “Asan xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində və 2 saylı Bakı “Asan xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı açıq tender elan edilmiş, 09.12.2020-ci il tarixdə açıq tender proseduranda təklif zərflərinin açılması nəticəsində iddiaçı şirkətin ən aşağı təklifi verdiyi müəyyən edilmişdir. 18.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatı və tabeliyində olan “ASAN xidmət” mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş açıq tender Tender Komissiyasının qərarı ilə ləğv edilmişdir. 07.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Agentliyin aparatı və 1 saylı Bakı “Asan xidmət” mərkəzində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan vermiş, Tender Komissiyası tərəfindən açıq elan edilmiş tenderin qalibi 08.02.2021-ci il tarixdə elan edilmiş, iddiaçı həmin tenderdə iştirak etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Beləliklə satınalma müqaviləsi malgöndərən (podratçı) ilə satınalan təşkilat tərəfindən imzalandığı andan qüvvəyə mindiyindən satınalma müqaviləsini imzalamış tərəflər arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir (m.40.4.). Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən və işin faktiki hallarından da müəyyən edilir ki, tərəflər arasında müqavilə baglanmadıgından mübahisəyə xüsusi hüquq sahəsi sayılan mülki qanunvericiliyinin tələbləri tətbiq edilməklə aidiyyəti üzrə məhkəmədə baxılması hüququ izah edilmir. Bununla yanaşı yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi (m.55.1.) satınalan təşkilatın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır. Lakin Qanunun (m.57.1.) müddəalarına görə Qanunun 55-ci maddəsinə uyğun şikayət vermək hüququ olan malgöndərən (podratçı) müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə şikayət verə bilər. Şikayətə baxan orqanın (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) qərarlarından verilmiş şikayətlərə və ya həmin orqanın bu Qanunun 56, 57 və 59-cu maddələrində müəyyənləşdirilmiş müddətlərdə qəbul etmədiyi qərarlara isə (m.60) İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair mübahisələndirmə haqqında iddia növü kimi inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İşin hallarından göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciəti sorgu xarakterli olmuş, satınalan təşkilatla arasında olan mübahisəyə dair inzibati orqana şikayətlə müraciət etməmiş, bu barədə inzibati orqanın qəbul etdiyi inzibati aktı mübahisələndirməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Hazırkı iş üzrə iddiaçının tələbi 08 fevral 2021-ci il tarixdə keçirilən tenderlərin nəticələrinin ləğv edilməsi, cavabdeh təşkilatın üzərinə iddiaçı, İddiaçı1 MMC-ni həmin satınalma predmetləri ilə bağlı 09 dekabr 2020-ci ildə keçirilmiş tenderin qalibi elan etmək və müvafiq satınalma müqaviləsini hazırlayıb imzalamaqla, iddiaçı təşkilata göndərmək vəzifəsinin qoyulmasıdır. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə öz qərarında “08 fevral 2021-ci il tarixdə keçirilən tenderlərin nəticələrinin ləğvi” tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı 08 fevral 2021-ci il tarixdə keçirilən tenderlərin nəticələrini tələb etsə də, başqa sözlə tenderin keçirilməsi nəticəsində qəbul edilmiş qərarı mübahisələndirsə də, həmin tenderdə iştirak etməmiş, tenderdə iştirakına bu və ya digər şəkildə maneçilik törədilməmiş, başqa sözlə tenderin nəticəsi onun hüquqlarına toxunmamışdır. İddiaçının iştirak etmədiyi və ya iştirak etmək üçün müraciət etmədiyi tenderin nəticələrinin ləğvini tələb etməkdə subyektiv hüququ yoxdur. Həmçinin, iddiaçının digər tələblərindən görünür ki, cavabdeh tərəfindən ilkin elan edilən tenderin( 09 dekabr 2020-ci ildə keçirilmiş) tenderin qalibi elan edilməsini istəyir. Başqa sözlə, iddiaçı ilkin tenderin keçirilməsinin ləğvindən narazıdır və bu halın onun hüquqlarına təsir etdiyini hesab edir. Belə olan halda isə iddiaçı ilkin elan edilmiş tenderin ləğvini mübahisələndirməli idi. AR İnzibati-Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır... Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər (3.1-3.5-ci bəndlər). İddiaçıya onun hüquqi marağına uyğun, o cümlədən çatmaq istədiyi hüquqi nəticəyə uyğun iddia qaldırmaqda yardım edilməlidir. Lakin birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağının nə olduğunu aydınlaşdırmadan, ona bu istiqamətdə müvafiq hüquqi yardım etmədən iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)-4621/2021 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1126/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1126/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver