Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1127/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1971-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı müavinətin verilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3504/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 2004-cü ildən 2010-cu ilədək olan xidmət illəri ərzində «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsində nəzərdə tutulmuş hərbi qulluqçuların müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü ildə qəbul edilmiş «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. O, 1995-ci ilin iyun ayından 2018- ci ilin fevral ayına qədər (Azərbaycan Respublikası MTN və Dövlət Təhlükəsizliyi Xidməti) hərbi xidmətdə olmuşdur. 2018-ci ilin fevral ayında «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «q» bəndinə (ştatların ixtisarına görə) əsasən ehtiyata buraxılmışdır. Xidmət etdiyi dövrdə yalnız 2010-cu ildən 2018-ci ilədək işlədiyi dövr ərzində«Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsində nəzərdə tutulmuş hərbi qulluqçuların müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət almışdır. Buna baxmayaraq 2004-cü ildən 2010-cu ilədək olan dövr ərzində qeyd olunanmüavinətin ona ödənilməsi təmin edilməmişdir. Xidmətdə olduğu dövrlərdə tam olaraq ödənilməmiş müavinətin ödənilməsi üçün cavabdeh təşkilata müraciət olunsa da, müraciətinin təmin olunmasından əsassız və qanunsuz olaraq imtina edilmişdir. Cavabdeh Dövlət Təhlükəsizliyi Xidməti iddiaya etiraz vermiş və etirazını iddiaçının arxiv şəxsi işində, həmçinin kompensasiya təyinatlı komissiyaya aid saxlanılan materiallarda qeyd edilən müavinətin təyin edilməsinə dair hər hansı bir sənədlə müraciət etməsi barədə məlumatın mövcud olmaması, 2010-cu ildən etibarən 2018-ci il daxil olmaqla xidmət dövrü ərzində müalicə olunma ilə əlaqədar birdəfəlik müavinətin hər il növbəti məzuniyyətə çıxarkən ona ödənilməsi ilə əsaslandırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3504/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3504/2019 saylı iş üzrə xx xxxxxx 2019cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq, o, 2004-2010-cu illərdə müavinəti almadığını, 2010-2018-ci illərdə müavinəti aldığını, 2018-ci ildən ştat ixtisarı ilə bağlı pensiyaya çıxdığını, xidmətdə olduğu vaxt komissiyanın yaradılmadığını, bu səbəbdən müavinətlə bağlı müraciətinin olmadığını bildirdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, iddia ərizəsində və apellyasiya şikayətindəki imzalar ona məxsusdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, iddiaçının xidmət etdiyi dövrdə müavinətlə bağlı müraciətinin qeydə alınmadığını bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3504/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin faktiki hallarına əsasən İddiaçı xx.xx.1995-ci ildən xx.xx.2018-ci ilədək (Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti) hərbi xidmətdə olmuşdur. xx.xx.2018-ci ildə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «q» bəndinə (ştatların ixtisarına görə) əsasən hərbi xidmətdən tərxis olunmuşdur. Hazırda iddiaçı 2004-cü ildən 2010-cu ilədək olan xidmət illəri ərzində müalicə olunması ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin hesablanaraq ödənilməsini istəyir. İddiaçı bununla bağlı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə əsasən Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu Qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. İddiaçının arxiv şəxsi işində, həmçinin kompensasiya təyinatlı komissiyaya aid saxlanılan materiallarda qeyd edilən müavinətin təyin edilməsinə dair hər hansı bir sənədlə müraciət etməsi barədə məlumatın mövcud olmaması, 2010-cu ildən etibarən 2018-ci il daxil olmaqla xidmət dövrü ərzində müalicə olunma ilə əlaqədar birdəfəlik müavinətin hər il növbəti məzuniyyətə çıxarkən ona ödənilməsi bildirilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikasının xx xxxx 2004-cü il tarixli 711-İİQ nömrəli Qanununun 20.7-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu Qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 43 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında” Əsasnamənin 9 və 9.43-1-ci bəndlərinə əsasən, nazirlik qanunvericiliyə uyğun olaraq vəzifələrinin yerinə yetirilməsi üçün nazirliyin tabeliyində olan müalicə, profilaktika və sanatoriya-kurort müəssisələri tərəfindən yerinə yetirilən xidmətlərə (“Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Qanuna, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə uyğun olaraq pulsuz tibb xidməti almaq hüququ olan, habelə sanatoriya-kurort müəssisələrində imtiyazlı istirahət hüququ olan şəxslərə göstərilən xidmətlər istisna olmaqla) ödənişlərin tətbiq edilməsinə razılıq vermək hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 94-16 nömrəli qərarının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası milli təhlükəsizlik naziri tərəfindən xx.xx.2005-ci il tarixdə təsdiq olunmuş və Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə xx.xx.2005-ci il tarixdə razılaşdırılmış, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin xx.xx.2005-ci il tarixli 0578 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 19-cu bəndinə görə, müalicə olunma ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət (19.1) milli təhlükəsizlik nazirinin əmri ilə yaradılmış komissiya tərəfindən qəbul edilmiş qərar əsasında (19.2) xidmət yerində aldığı pul təminatından (19.3) hərbi qulluqçunun komissiyaya raportu əsasında təqdim edilir (19.4). Əsasnamənin 19.2-ci bəndinə 2010-cu ilin fevralında əlavə edilmiş yeni cümləyə əsasən “Yalnız bu Əsasnamənin 4.1-ci bəndinə müvafiq olaraq 15 təqvim ilindən artıq xidmət illərinə görə üstəlik haqq almaq hüququna malik hərbi qulluqçulara müalicə olunmaları ilə əlaqədar verilən birdəfəlik müavinət növbəti məzuniyyətə çıxarkən bu Əsasnamənin 18.2-ci bəndində göstərilən qaydada hesablanaraq bir dəfə ödənilir.” Göründüyü kimi, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.2-ci maddəsi ilə verilmiş səlahiyyət əsasında keçmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq 2010-cu ilədək Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularına müalicə olunmaları ilə əlaqədar verilən birdəfəlik müavinət, hərbi qulluqçunun raportu əsasında milli təhlükəsizlik nazirinin əmri ilə yaradılmış komissiya tərəfindən qəbul edilmiş qərar əsasında ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 2010-cu ilədək birdəfəlik müavinətin alınması üçün onun xidmət etdiyi 2004-2009-cu illərdə müayinədə və müalicədə olması, bununla bağlı arayış əldə edərək, müalicə olunma ilə əlaqədar müavinətin ödənilməsi üçün aidiyyəti üzrə müraciət etməsi ilə bağlı hər hansı sübut iş materiallarında mövcud deyildir. 2010-cu ildən başlayaraq iddiaçının pensiyaya çıxdığı tarixədək (2018-ci il) xidmət dövrü ərzində müalicə olunma ilə əlaqədar verilən birdəfəlik müavinət hər il növbəti məzuniyyətə çıxarkən ona ödənilmiş, iddiaçı məhkəmə iclası zamanı da verdiyi izahatında qeyd edilən faktları təsdiqləmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni iddiaçının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu kimi müalicə olunması ilə əlaqədar verilən birdəfəlik müavinətin ona ödənilməsi ilə bağlı müraciətinin təmin olunmasından cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3504/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3504/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1127/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1127/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver