Məhkəmə qərarları › İş №2-1(103)-1127/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1127/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1127/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X8 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, X2 və X1 cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı “polis idarəsinin inzibati binasına qeydiyyatın bərpası” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2-1(112)-10276/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı onun və ailə üzvləri, X2 və X1 ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 08 avqust 1964-cü il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. X6 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından 09 oktyabr 1997-ci il təvəllüdlü X4 anadan olmuşdur. Bildirmək istəyir ki, o və ailə üzvləri uzun müddət Qaradağ Rayon Polis İdarəsinin inzibati binasında pasport qeydiyyatında olmuşlar. Lakin, hazırda həmin ünvandan qeydiyyatdan çıxarılmışlar. Qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxs kimi ona ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil verilmişdir. Hazırda faktiki olaraq ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar. Mənzil ilə bağlı bütün kommunal ödənişlər onun adına rəsmiləşdirilmişdir. Tərəfindən həmin mənzilə pasport qeydiyyatına alınmaq üçün müraciət edilsə də, cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında’’ Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən, yaşayış yerinə köçmək üçün əsas verən sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edildikdən sonra vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması məsələsinə baxıla bilər. Bu şəbədən də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı, X6 və X4 ərizə ilə müraciət edərək, onların inzibati iş üzrə iddiaçı qismində cəlb edilməkləri və Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin inzibati binasına, ünvan 2 ünvanına qeydiyyatlarının bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Ərizələr icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2-1(112)-10276/2023 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qaradağ rayon Ümid qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, U-47 nömrəli arayışından görünür ki, həmin ünvan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin adına qeydiyyatına alınmışdır. Belə olan halda həmin orqan vətəndaşın həmin ünvanda yaşaması barədə hər hansı bir sənəd verməlidir (icarə və ya kirayə müqaviləsi). Bu halda qanunvericiliyin tələblərinə əsasən vətəndaşın yaşadığı ünvana qeydiyyata alınması mümkündür. Vətəndaşın yaşayış yeri olduğu halda həmin ünvana sənədlər təqdim edilmədiyindən əsaslı olaraq imtina edilmişdir. Digər tərəfdən də iddiaçılardan İddiaçı hal-hazırda Ümid qəsəbəsi, ev 1, mənzil 13 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır və onlara məxsus olan şəxsiyyət vəsiqələri Aktiv statusundadır. Vətəndaşın yaşayış yeri olduğu halda "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələblərinə əsasən polis orqanının inzibati binasının şəxsin yaşayış yeri və olduğu yer kimi qəbul edilməsi qanunvericiliyin tələblərinə ziddir. Yəni polis orqanı Dövlətin güc strukturlarından biri olmaqla əsas vəzifəsi ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etməkdir. Polis orqanının inzibti binası mənzil, ev, sanatoriya, yataqxana və s. kimi qəbul edilə bilməz. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdeh Bakı şəhər Qaradağ rayon Polis İdarəsi tərəfindən məhkəmə dəftərxanası vasitəsilə təqdim edilmiş ərizə ilə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İrəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilini əsaslı hesab edir və qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. -27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. -3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. - 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Apellyasiya şikayətinin dəlillərinə münasibət. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, yuxarıda sadalanan maddələrin təhlili nəticəsində müəyyən olunur ki, qanunvericilik şəxsin qeydiyyatının aparılmasını konkret olaraq şərtləndirmişdir ki, bu zaman dəyərləndirmə məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılır. İşin hallarından müəyyən edilir ki, iddiaçının Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə əvvəllər qeydiyyatı olsa da, sonradan polis idarəsi onu qeydiyyatdan çıxarmışdır. İddiaçı hazırki iddia tələbində polis idarəsinə qeydiyyatının bərpa olunmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların əvvəllər polis idarəsinə qeydiyyatı mövcud olduğundan, hazırda polis idarəsinin inzibati binasından qeydiyyatdan çıxarılmaları nəticəsində aktiv şəxsiyyət vəsiqələrinin mövcud olmaması onların vətəndaşlıq hüquqlarının və ondan irəli gələn digər Konstitusiya hüquqlarının, o cümlədən cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək (Konstitusiyanın 54-cü maddəsi), dövlətin idarə olunmasında iştirak etmək (Konstitusiyanın 55-ci maddəsi), seçki (Konstitusiyanın 56-cı maddəsi), təhsil (Konstitusiyanın 42-ci maddəsi), dövlət orqanlarına müraciət etmək (Konstitusiyanın 57-ci maddəsi) və s. hüquqlarının pozulmasına səbəb ola biləcəyindən, həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalı olduğundan, həmçinin, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaq olduğundan, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımadığından və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bildiyindən, iddiaçıların hazırda qeydiyyatsız qalmaları onların hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olacağından iddia tələbi təmin edilərək, onların polis idarəsinə qeydiyyatları bərpa edilməlidir. Vətəndaşın yaşadığı yerə qeydiyyata düşməsi üçün ilk növbədə həmin yerdə qanuni əsaslarla yaşamalıdır. İş materiallarından isə görünür ki, iddiaçılar faktiki yaşadığı yerdə qanuni əsaslarla yaşasalarda onların həmin yerə dair qanunvericilikdə nəzərdə tutulmuş (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyil. Belə olan halda iddiaçıların faktiki yaşadığı yer “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan “yaşayış yeri” hesab oluna bilməz. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxs kimi iddiaçıya ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil verilmişdir. Məhkəmənin sorğusuna əsasən AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən X3 ünvan 3 ünvanına qeydiyyata alınmasına əsas olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, AR ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi AR DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı AR-in ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərdən X3 ünvan 4 ünvanında ikiotaqlı 13 nömrəli mənzil verilmişdir, sonda İddiaçı 2(iki) nəfər ailə üzvü (həyat yoldaşı-X7, qızı-X5) ilə birlikdə həmin mənzildə daimi pasport qeydiyyatına götürülməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. AR ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubda da qeyd edilmişdir ki, AR DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə X3 ailə üzvləri (həyat yoldaşı-X7, qızı-X5) ilə birgə Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Yeni Yaşayış kompleksində ikiotaqlı 13 nömrəli mənzildə (yeni qaydalarla: ünvan 4) daimi yaşayış yeri üzrə pasport qeydiyyatına alınmasına dair Agentliyin 4 oktyabr 2023-cü il tarixli 3-17-3/2-29254/2023 nömrəli məktubu ünvanlanmış və vətəndaş Aydın Niftalıyev hazırda qeyd edilən ünvanda daimi yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan CMS-AZEMİS məlumat-axtarış sistemindən görünür ki, iddiaçı X3 şəxsiyyət vəsiqəsinin statusu “aktiv”dir. Beləliklə, iddiaçı faktiki yaşadığı yer üzrə daimi qeydiyyata alındığından və iddiaçıların faktiki yaşadığı yer “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından “yaşayış yeri” hesab olunduğundan iddiaçıların polis idarəsinin inzibati binasına qeydiyyatın bərpası ilə bağlı iddia tələbləri əsassız olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2- 1(112)-10276/2023 nömrəli qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2-1(112)-10276/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı, X2 və X1 cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı “polis idarəsinin inzibati binasına qeydiyyatın bərpası” tələbinə dair iddiaları təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar