Məhkəmə qərarları › İş №2-1(103)-1127/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1127/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1127/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X7 Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9739/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya əlilliyə görə pensiyanın təyin edilməsi vəzifəsinin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması” vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Ona şizofreniya paranoid forma diaqnozu qoyulub, eləcə də ailədə qardaşı X6 da birinci dərəcəli əlildir. İddiaçı məcburən müxtəlif müəssisələrdə qısa müddət işləməklə ailəsini dolandırmağa çalışmışdır. Çünki qardaşı xəstə olduğu üçün ata və anasının ahıl vəziyyəti olduğu üçün ailəni dolandıracaq tək insan o olmuşdur. Güzəştli şərtlərlə pensiya təyinatı almaq istəyi ilə əlaqədar iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Təyinat üzrə Mərkəzi Filiala müfaviq müraciət edilmişdir. Lakin həmin orqan tərəfindən ona verilmiş cavab məktubunda əlilliyə görə pensiyasının təyinatının mümkün olmaması göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 X5 xx.xx.2021-ci il tarixli rəyində də iddiaçının xəstə olması açıq-aydın şəkildə görünür. Lakin əlilliyə görə müraicətinə baxılmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qəbul edilməklə “iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti Bakı 2 saylı şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və X1: F20.0 Paronoid şizofreniya, Şizofreniya paronoid forma, Şizofreniya paronoid forma, fasiləsiz gedişli, psixi qüsur halı; Nəticə - əlavə müalicəyə ehtiyacın olması; Səbəb: ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunmalıdır. Pulsuz dərman alan ruhi əsəb xəstələrinin reyestrində qeydiyyatı tapılmadı. İddiaçıya əlavə müalicəyə ehtiyacın olması - səbəb: ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunmalıdır, həmçinin pulsuz dərman alan ruhi əsəb xəstələrinin reyestrində qeydiyyatının tapılmamasına əsasən əlillik təyinatı aparılmamışdır. Həmçinin şəxsin adına aktiv əmək müqaviləsi var (satıcı), xəstəlik vərəqəsi genləri 0 (sıfır) gündür. İddiaçıya münasibətdə tərtib edilmiş göndərişdə əsas diaqnoz olaraq F20.0 Paranoid şizofreniya, şizofreniya paronoid forma, fasiləsiz gedişatlı psixi qüsur halı göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9739/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixli Z00153550YZL göndəriş əsasında, göndərişin imzalandığı xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9739/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2021-ci il tarixli, 1/326 saylı məktubu əsasında verilmiş Həkim Psixiatr Komissiyasının 290 saylı rəyinə əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı 5 saylı şəhər poliklinikası tərəfindən qoyulmuş “Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı” diaqnozunun dəqiqləşdirilməsi üçün o, 2 nömrəli X2 Həkim Psixiatr Komissiyasına göndərilmiş və komissiya tərəfindən diaqnoz “Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı (F20.01)” olaraq qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 1/2727 nömrəli məktubda qey edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1992-ci il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023- cü il tarixinədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 2 nömrəli X3 stasionar müayinə və müalicədə olmuş, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 2 nömrəli X3 stasionar müayinə və müalicəyə qəbul olmuşdur, hal-hazırda müalicəsi davam etdirilir. Həmçinin həmin məktubda “Diaqnoz: Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı” olaraq qeyd edilmişdir. Məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi 2 saylı X3 keçirilmiş elektroensefaloqrafiya nəticəsində “yüngül dərəcəli diffuz rezidual-orqanik tipli dəyişikliklər” müəyyənləşdirilmişdir. - Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi 2 saylı X2 tibbi-psixoloji müayinə vərəqində müayinə zamanı iddiaçıda “intellekti yüngül koqnitiv pozuntuya uyğun” halı müşahidə edilmişdir. - Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi 2 saylı X2 xx.xx.2024-cü il tarixli, 53 saylı sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında aktda psixi status: düşüncəsi pozulmayıb. Bələdliyizamanda, məkanda və öz şəxsiyyətində saxlanılıb. Zahirən özünə qapalıdır. “Ünsiyyətə formal daxil olur, öz fikirlərini tam açıqlamır. Narahatdır. Təfəkkürü autistikdir. Beyninin içində səslər olduğunu və ona göstərişlər verdiyini bildirir. Ətrafa şübhə ilə yanaşır, heç kəsə inamı yoxdur. Ünsiyyət zamanı kəkələmə müşahidə edilir. Maraq dairəsi dardır. Əhval ruhiyyəsi enmişdir. Emosional-iradi sferası enikdir. İntellektual-mnestik funksiyalar yaş səviyyəsinə və həyat tərziə uyğundur” və diaqnoz “Şizofreniya paranoid forma. F20.0” olaraq qeyd edilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-4/2-F13147/2024 saylı məktubda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin Z00153550YZL nömrəli göndəriş əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. İddiaçının müraciətini əsasında xx.xx.2024-cü il tarixində o, Agentlikdə qəbulda iştirak etmiş, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq onun səhhətində əlillik təyinatına əsas verən dəyişikliklər müəyyən olunmamışdır. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9739/2024 nömrəli qərardadının icrası ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 4343 nömrəli məktubu ilə göndərilmiş İddiaçı haqqında olan xx.xx.2024-cü il tarixli 2497 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, ... İddiaçı Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F20.0) müəyyən edilir. Bunu anmnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırki müayinənin nəticələri (yoxlanılan şəxsin anasının verdiyi anamnestik məlumatlara görə oğlunun psixi vəziyyətində dəyişikliklər yeniyetmə dövründən başlayaraq meydana gəlməsi, ilk dövrlərdə yuxu pozuntusu, qorxu hissləri, şübhələr meydana gəlməsi, həmçinin qavrama aldanmaları, qeyriadekvat hərəkətlləri biruzə verməsi, psixi vəziyyəti ilə əlaqədar dəfələrlə Bakı şəhər 2 saylı X3 “Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı” müalicələrdə olması, sonuncu dəfə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi “Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı” diaqnozu ilə dəfələrlə Bakı şəhər 2 saylı X3 stasionar müalicədə olması, həkimpsixiatr tərəfindən təyin edilmiş dərmanları mütəmadi qəbul edir, buna baxmayaraq düçar olduğu psixi xəstəlik ilə əlaqədar hallüsinator təsirə məruz qalaraq öz-özünə danışması, yersiz hərəkətləri, bəzən aqressiv hərəkətlərinin olması, ifadəli davranış pozuntuları ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırkı müayinə zamanı hazırki müayinə zamanı aşkar olunan əlamətlər - təfəkkürünün autikliyi, paraloji olması, sorğu gedişatında verilən suallara bəzən yerinə düşməyən cavablar verməsi, mimikasında qeyri-adekvatlıq biruzə verməsi, maraq dairəsinin və emosional-iradi sferasının enməsi, şəxsiyyətin psixi qüsur əlamətləri müəyyən edilməsi, öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması və s.) sübut edir. Rəyin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı qoyulmuş "F20.0 Paranoid şizofreniya, şizofreniya paronoid forma, fasiləsiz gedişatlı psixi qüsur halı” diaqnozu düzgündür. Diaqnozların əlilliyin meyarlarına uyğun olubolmamasının müəyyən edilməsi məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətinə aid deyil. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə İddiaçı hazırkı sağlamlıq vəziyyətinin ona əlillik təyinatına əsas verib-verməməsinin yoxlanılması məqsədilə canlı müayinəsinin həyata keçirilməsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə həvalə edilmişdir. Qərardadın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani m¸ayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nˆmrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin m¸əyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2024-c¸ il tarixindən imum¸ xəstəlik səbəbilə 5 il müddətinə (xx.xx.2029-cu il tarixinədək) orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir.” Məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbisosial ekspert komissiyasının 3-17-4/3-1-8816/2025 №-li qərarında göstərilmişdir ki, “xx.xx.2025-ci il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri baş ağrılarından, baş gicəllənmələrindən, yuxusuzluqdan, əsəbilikdən, yaddaş zəifliyindən, hallüsinasiyalardan (səslər eşitdiyini bildirir), ümumi halsızlıq və zəiflikdən olmuş, anamnestik olaraq uzun müddətdir xəstə olduğunu, mütəmadi olaraq ambulator və stasionar müalicələr aldığını, atasının da həmin xəstəlikdən əziyyət çəkdiyini bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, 2 saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2019-xx.xx.2019, xx.xx.2020xx.xx.2020, xx.xx.2021 (tibbi rəy), xx.xx.2023- xx.xx.2023, xx.xx.2024-xx.xx.2024-cü il tarixli epikrizlərinə əsasən diaqnoz “Şizofreniya, paranoid forma, fasiləsiz gediş, psixi qüsur halı.” şəklində göstərilmişdir. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi, normostenik tip bədən quruluşuna malik olmuş, həkim-psixiatr müayinəsinin nəticəsinə əsasən bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən səliqəli, nitqi qüsurlu, ünsiyyətə həvəssiz daxil olmuş, ailə və məişət adaptasiyası izlənilməmiş, əlillik təyinatına əsas verən psixopatoloji pozuntular aşkar edilmişdir. Əyani müayinə zamanı, İddiaçı əsas diaqnoz və əsas diaqnozun əlillik təyinatına əsas verən ağırlaşmalarının aydınlaşdırılması üçün həkim-ekspertlər tərəfindən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndəriş verilsə də, vətəndaş müvafiq tibb müəssisəsində müayinə olunmaq və müayinə-müalicə sənədi təqdim etməkdən israrla imtina etmişdir. Anamnestik məlumatlar, obyektiv və intrumental muayinələrin nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədi əsasında vətəndaşın əlillik vəziyyəti yenidən qiymətləndirilərək Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.3.1.1 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması barədə qərar qəbul edilsin.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.3.1-ci bəndində “şizofreniya (formadan asılı olmadan)” F20 diaqnozu öz əksini tapmaqdadır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən təqdim edilmiş qərardan da müəyyən edilir ki, “Əlilliyin müəyyən olunması meyarları”nın 7.3.1-ci bəndində nəzərdə tutulmuş diaqnoz hal-hazırda iddiaçıda mövcuddur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olmaqla birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion səlahiyyətlərin təsir dairəsinə düşən qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Həmçinin inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlərin sübut edilməsi öhdəliyi cavabdehin üzərinə düşsə də, həmin hallar sübut edilməmiş, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9739/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9739/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar