Məhkəmə qərarları › İş №2-1(103)-1128/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1128/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1128/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3016/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən, yəni 52 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir İddianın əsaslarına görə iddiaçı xx.xx.1960-cı ildə anadan olmuş, H3 ******* nömrəli hərbi biletinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixə kimi hərbi xidmətdə olmuş, İT-İ ******* saylı əmək kitabçasına əsasən xx.xx.1981-ci ildə Leyt.Şmidt adına maşınqayırma zavodunun preventor sexinin çilingər yığma bölməsinə elektrik qaynaqçısı şagirdi peşəsinə işə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə preventr sexinə 2-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdə köçürmə yolu ilə “Kotan” KM-nə keçdiyi üçün işdən azad edilmişdir xx.xx.1991-ci il). xx.xx.1991-ci il tarixdə həmin müəssisədə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə köçürmə yolu ilə Səttərxan adına zavoda keçdiyi üçün işdən azad edilmişdir. xx.xx.1993-cü il tarixdə Səttərxan adına zavodun 21 saylı çilingər yığma sexinə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, xx.xx.1993-cü il). xx.xx.2004-cü il tarixdə işdən azad edilmişdir. Beləliklə, 2006-cı il tarixədək, 25 il 7 ay 23 gün ümumi stajı və eyni zamanda zərərli iş sahəsində güzəştli stajı olmuşdur. Onun işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda Xİ. Metal emalı bölməsinin (1100000), 5. Metal emalı üzrə sair peşələr hissəsinin 5 (********), a) fəhlələr bəndinə aiddir (1110400a-19906). xx.xx.2019-cu il tarixdə 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu ona 08 yanvar 2020-ci il tarixli cavab məktubu ilə ərizəsini ətmin etməkdən imtina edərək bildirmişdir ki, onun xx.xx.1981-xx.xx.2004-cü il tarixləri arasında "xxxx" TASC-də elektrik qaynaqçısı kimi işlədiyi vəzifə Siyahıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən onun güzəştli stajı 10 ildən az təşkil edir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, "xxxx" ASC "xxxx" TASC tərəfindən təqdim edilmiş xx.xx.2013cü il tarixli arayışda göstərilmişdir ki, iddiaçının işləmiş olduğu peşə yuxarıda adıçəkilən Nazirlər Kabinetinin qərarının 1 nömrəli siyahısının Metal emalı Xİ bölməsinin 5-ci hissəsinin “a” bəndinə aiddir (şifr 1110400a-19906 - məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq ilə elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları)). Lakin, iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında 1981-2004-cü illər ərzində “elektrik qaynaqçısı” işlədiyi qeyd edilmişdir. Güzəştli staj illəri 10 ildən azdır. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3016/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı xx.xx.2012-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahısına istinadən onunla əsaslandırılmışdır ki, “Azneftkimyamaş ASC "xxxx" TASC ancaq 1982-1991-ci illər ərzində iddiaçı tərəfindən görülən işləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarının 1 saylı Siyahısının metal emalı bölməsinə (şifr - 1110400a-19906) aid edir. Bu səbəbdən də iddiaçının güzəştli staj illəri 10 ildən azdır. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 10 ili tamamlanmamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-227/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddianın rədd olunması barədə yeni qərar qəbul edilmişdir. Həmin qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2180/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən, məhkəməyə iddiaçının işdə iştirak edən nümayəndəsi vasitəsilə məlum olmuşdur ki, iddiaçı X4 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Məhkəməənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən mərhum iddiaçının həyat yoldaşı X5, iddiaçının ölüm haqqında şəhadətnaməsini, onlar arasındakı nikahın bağlanması haqqında şəhadətnaməni, oğlunun doğum haqqında şəhadətnaməsini və şəxsiyyət vəsiqələrini məhkəməyə təqdim edərək onların hər ikisinin iddiaçının prosessual hüquq varisləri qismində işə cəlb olunmasını məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən onun vəsatəti təmin olunmuş və iddiaçının prosessual hüquqi varisləri kimi işə cəlb olunmuşlar (Məhkəmə kollegiyasının hazırkı iclası barədə məlumatlaorı olsa da məhkəmə iclasına vaxtında gəlməmiş (xeyli gecikmişlər), İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir). Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Əhmədov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarından ifadə olunan hüquqi mövqeyi nəzərə alınmaqla, iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı ali məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə iş üzrə qərarının 26-29-cu bəndlərində qeyd etmişdir ki, «apelyasiya instansiyası məhkəməsi iddiaçının yalnız xx.xx.1982- ci il tarixdən xx.xx.1991-ci il tarixədək zavodda işlədiyi dövrü güzəştli iş stajı kimi qəbul etsə də, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək eyni zavodda və eyni peşədə işlədiyi dövrü güzəştli iş stajı kimi nəzərə almamış və bununla bağlı mövqeyini əsaslandırmamışdır. Halbuki, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş əmək kitabçasından, həmçinin "xxxx"ASC "xxxx" TASCnin xx.xx.2013-cü il tarixli izahlı arayışından görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən Leyt.Şmidt adına maşınqayırma zavodunun preventr sexinin çilingər yığma bölməsində elektrik qaynaqçısı şagirdi işləmiş, xx.xx.1981-ci il tarixdən ona 2-ci dərəcəli elektrik qaynaqçısı peşəsi verilmiş və xx.xx.1991-ci il tarixədək həmin zavodda preventr sexində 2-ci dərəcəli elektrik qaynaqçısı kimi işləmişdir. Bundan əlavə, iddiaçı şikayətində də bildirir ki, xx.xx.1981-ci ildən xx.xx.2004-cü il tarixə kimi adları dəyişsə də, eyni sexdə, eyni işi icra etmişdir. Apelyasiya instansiyası məhkəməsi bununla bağlı da heç bir araşdırma aparmamışdır…» İşin təkrar apellyasiya qaydasında araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı tələbində haqlıdır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun (xx.xx.2006-cı il tarixdən qüvvədə olan) 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (xx.xx.2006-cı il tarixə qədər) qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa…»(xx.xx.1997-ci il 321-İQD saylı Qanunla 13-cü maddəyə edilən və dəyişikliyə görə qeyd olunan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış, 1avqust 2000-ci il tarixindən 52 yaş həddinə çatmışdır). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən hərbi xidmət dövrü, orta ixtisas və ali təhsil müddəti də iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qanunvericiliyin qeyd olunan göstərişləri baxımından, 52 yaşından iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun 1 nömrəli Siyahı üzrə xx.xx.2006-cı il tarixinə 20 il ümumi, azı 10 il xüsusi staja malik olması tələb olunur. İddiaçının iş materiallarında olan Ağsu rayon hərbi komissarlığı tərəfindən 18.11.178ci il tarixli H3 ******* nömrəli hərbi biletinə əsasən müəyyən olunur ki, xx.xx.1978 xx.xx.1980-cı illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir (1 il 11 ay 20 gün). Eyni zamanda, iddiaçının işə əlavə olunmuş 27 aprel 1981-ci il İT-İ ******* saylı əmək kitabçasına və işlədiyi "xxxx"ASC "xxxx" TASC-nin 198/10-150 nömrəli xx.xx.2013-cü il tarixli “İzahlı Arayışı”nının qarşılıqlı təhlili ilə aşağıdakı kimi əmək fəaliyyəti müəyyən olunur: -xx.xx.1981-xx.xx.1981:” X8 ordenli Leyt.Şmidt adına” Maşınqayırma zavodunda priventor sexinin çilingər yığma sexində xx.xx.1981-ci il tarixə kimi elektrik qaynaqçısı şagirdi (5 ay 9 gün) (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 688 saylı qərarına əsasən “Səttərxan”adına maşınqayırma zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 649 saylı fərmanına əsasən "xxxx" X11 Cəmiyyəti, xx.xx.2010-cu il tarixdən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 170 saylı sərəncamına əsasən "xxxx" X11 Cəmiyyəti adlandırılmışdır.”). -xx.xx.1981 - xx.xx.1991 (10 il 2 ay) və xx.xx.1993 - xx.xx.2004-cü illərdə (11 il 7 ay 23 gün) həmin maşınqayırma zavodunda elektrik qaynaqçısı (cəmi, 21 il 9 ay 23 gün) -xx.xx.1991 - xx.xx.1993: köçürmə yolu ilə “Kotan” kiçik müəssisəsində elektrik qaynaqçısı kimi çalışmış və köçürmə yolu ilə də (xx.xx.1993-cü ildə) həmin maşınqayırma zavaduna qayıtmışdır (2 il 1 ay). Beləliklə də, iddiaçının hərbi xidməti də daxil olmaqla, ümumilikdə, xx.xx.2006-cı ilə qədər 26 il 3 ay 22 gün ümumi stajı toplanır. "xxxx" TASC-nin tədqiq edilən 198/10-150 nömrəli xx.xx.2013-cü il tarixli “İzahlı Arayışından aydın olur ki, həmin zavodda onun 1998-2003-cü illərdə müəyyən aylarda ödənişsiz məzuniyyətdə olmuşdur. Həmin məzuniyyət dövrləri toplandıqda, 21 ay 19 gün (yəni, 1 il 9 ay 19 gün) ödənişsiz məzuniyyət dövrü mövcud olmuşdur. Bununla əlaqədar birincisi, məhkəmə kollegiyası qeyd edir ki, həmin ödənişsiz məzuniyyət dövrü də iddiaçının ümumi stajına hesablanmalıdır. Belə ki, həmin vaxt qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 70-ci maddəsi nəzərədə tuturdu ki, məzuniyyət hüququ verən iş stajına aşağıdakılar daxil edilir: 1) İşə əslində sərf olunan vaxt; 2) İşçinin əslində işləmədiyi, lakin iş yeriin 9vəzifəsini) və əmk haqqnının tamamilə və ya qismən onun üçün saxlandığı vaxt (o cümlədən işdən düzgün çıxarılmadıqda, yaxud başqa işə keçirilmədikdə və sonra işə bərpa edildikdə, haqqı ödənilmiş, çarəsizlikdən işə çıxmamamq vaxtı); 3) İşçinin əslində işləmədiyi, lakin iş yerini (vəzifəsini) saxladığı v dövlət ictimai sığortası üzrə müavinət aldığı vaxt:uşaq bir yaşına çatanadək ona qulluq etmək üçün verilən qismən ödənilən məzuniyyət istisna olmaqla; 4) Qanunvericilikdə nəzərədə tutulmuş başqa vaxtlar. Həmin Məcələnin 74-cü maddəsi isə nəzərdə tuturdu ki, ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə işçiyə onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın, rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqı saxlanılmadan qısamüddətli məzuniyət verilə bilər. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində işçi istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər. Əmək qanunvericilyinin qeyd olunan müddəalarının mahiyyətindən göründüyü kimi, işçinin müəssisə, idarə və təşkilatda işə sərf etdiyi, istirah et etdiyi, o cümlədən məzuniyyət (istər ödənişli, istərsə qismən ödənişli, istərsə də ödənişsiz) məzuniyyət müddətləri onun bütölükdə onun əmək fəaliyyətinə aiddir. Bundan əlavə, həmin vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67.1-ci maddəsi isə nəzərdə tutur ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilirdi. Göründüyü kimi, iddiaçının maşınqayırma zavodunda işlədiyi vaxt qüvvədə olan qanunvericiliyə əsasən ödənişsiz məzuniyyətdə olduğu dövr işçinin ümumi iş stajına daxil edilməlidir. Konkret halda, hətta 1 il 9 ay 19 gün ödənişsiz məzuniyyət müddəti onun ümumi iş stajından çıxıldıqda belə, ümumi iş stajı - 24 il 6 ay 2 gün təşkil edir (yəni, 20 ildən çoxdur). "xxxx" TASC-nin qeyd edilən 198/10-150 nömrəli xx.xx.2013-cü il tarixli izahlı arayışından görünür ki, həmin maşınqayırma zavodunda iddiaçının elektrik qaynaqçısı kimi çalışdığı peşə - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı Xİ bölməsinin 5-ci hissəsinin “a” (“Metal emalı üzrə sair peşələr”) bəndinə ( şifr:1110400a-19906 “məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq ilə elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları) addir. Məhkəmə sorğuları əsasında "xxxx" TASC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli (i.v.54) və 05 iyul 2022-ci il tarixli məktublarında bildirilmişdir ki, iddiaçının zavodun prevetor sexində gördüyü işlər məmulatları qızdırmaqla elektrik qaynaq işləri əl ilə icra edilir. Məhkəmə kollegiyası, "xxxx" TASC-nin qeyd edilən 198/10-150 nömrəli xx.xx.2013cü il tarixli izahlı arayışında iddiaçının gördüyü işlərlərin və zavodun yenidən təşkil olunması barədə məlumatların ətraflı şərh olunmasını və həmin arayışın iddiaçının şəxsi işi və əmrlər əsasında tərtib olunduğunu nəzərə alaraq hesab edir ki, həmin arayışda, eləcə də onun əmək kitabçasının qeydlərində təsbit olunan yazılı məlumatlar subut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməlidir. Həmin arayışın və əmək kitabçasının qarşılıqlı təhlili ilə isə müəyyən olunur ki, iddiaçının 20 ildən çox ümumi sığorta stajı, 10 ildən də xeyli artıq 1 nömrəli Siyahıda nəzərdə tutulan güzəştli pensiya hüququ verən sığorta stajı vardır. Belə olan halda, mübahisənin qanuni əsasını «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «a» bəndinin tələbinə görə iddiaçının 52 yaşından (yəni, xx.xx.2012-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Beləliklə də cavabdehin apellyasiya şikayətinin iddiaçının güzəştli stajının 10 ildən az olduğunu mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Belə olan halda, həmin əsasla iddiaçıya pensiya təyinatından imtina olunması onun qanunla qorunuan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsi də məhz nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddianın təmin olunması barədə düzgün nəticəyə gəlsə də, qərarında qanunvericiliyin tələbləri qaydasında pensiyanın hesablanıb ödənilməsi qaydasını müəyyən etməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Cavabdehin işə əlavə olunmuş 08 yanvar 2020-ci il tarixli iddiaçıya ünvanladığı məktubuna əsasən isə müəyyən olunur ki, iddiaçının pensiya təyin olunması barədə müraciəti cavabdehə xx.xx.2019-cu il tarixində daxil olmuşdur. Belə olan halda, Qanunun qeyd olunan tələbinə müvafiq olaraq cavabdeh tərəfindən ona həmin tarixdən geriyə 3 il üzrə yəni, xx.xx.2016-cı il tarixdən, iddiaçının vəfat etdiyi xx.xx.2022-ci il tarixinədək olan müddət üçün pensiya məbləği hesablanıb onun hüquqi varislərinə ödənilməli olduğu müəyyən olunur. Beləliklə də göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu vurğulayan dədlilləri ilə razılaşmır, hər bir halda, “Əmək pensiyaları haqqında» Qanunun qeyd olunan 32.1-1-ci və 37.7-ci maddələrinin tələblərini və iddiaçının vəfat etdiyini və hüquqi varislərinin prosesə gəlb olunduğunu nəzərə alaraq yekunda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellysiya şikayəti qismən təmin olunmalı, iddia təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3016/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilməli, iddia təmin edilməsi, mərhum İddiaçı 52 yaşdan (xx.xx.2012-ci il tarixdən) yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və onun pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki 3 (üç) il üçün, yəni, xx.xx.2016-cı il tarixdən vəfat etdiyi xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə hesablanıb, hüquqi varislərinə ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3016/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı (mərhum) 52 yaşdan (xx.xx.2012-ci il tarixdən) yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və onun pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki 3 (üç) il üçün, yəni, xx.xx.2016-cı il tarixdən vəfat etdiyi xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə hesablanıb hüquqi varisləri X1 və X3 ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar