Məhkəmə qərarları › İş №2-1(103)-1128/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1128/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1128/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1128/2023 (Açar sözlər: “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”) Bakı şəhəri 13 iyun 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçının və onun vəkili Vəkil Babalı oğlunun, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2448/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Notarial qaydada təsdiq edilmiş Rusiya Federasiyası Moskva şəhəri Moskva Dövlət Sosial Universiteti tərəfindən verilmiş, apostil edilmiş ИВС № ******* nömrəli, 13 qeydiyyat nömrəli, xx.xx.2002-ci il tarixdə verilmiş diplomun surətindən görünür ki, İddiaçı Dövlət attestasiya komissiyasının xx.xx.2002-ci il tarixli qərarına əsasən “Sosial pedaqoq müəllim-psixoloq” ixtisası üzrə bakalavr diplomu verilmişdir.

2. Apostil edilmiş notarial qaydada tərcümə təsdiq olunmuş diploma əlavənin surətindən görünür ki, İddiaçı diploma əlavədə göstərilən tədris yükünü yerinə yetirmişdir.

3. Cavabdehin xx.xx.2021-ci il tarixli, NA00002499 “Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyin (nostirifikasiyasının) müəyyən edilməsi barədə” qərarın surətindən görünür ki, ərizəçinin ali təhsil aldığı müəssisənin Bakı filialının qanunsuz fəaliyyət göstərdiyi məlum olmuşdur. Belə ki, sözügedən təhsil müəssisəsi onun fəaliyyətinə xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Kovnensiyanın İ hissəsinə əsasən, ali təhsil müəssəsi – ali təhsil verən və Tərəfin səlahiyyətli qurumu tərəfindən tanınan müəssisədir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 16.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verillmiş və akkreditasiya olunmuş təhsil müəssəsinin fəaliyyətinə hüquqi təminat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6- cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununa uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunanlara əsasən qərara alınmışdır ki, ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir.

4. İddiaçının müraciətinə əsasən Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, İ-5825 nömrəli məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, İddiaçı həqiqətən də, Moskva dövlət sosial universitetinin (MDSU- nun Bakı şəhərində BSTM) “Sosial pedaqogika” - 050711.65 ixtisası üzrə tələbəsi olmuşdur. İddiaçı “Sosial pedaqogika” ixtisası üzrə “Sosial pedaqoq. Pedaqoq - psixoloq” ixtisas dərəcəsi və xx.xx.2002-ci il tarixli, 13 qeydiyyat nömrəli HBC ******* saylı diplom verilmişdir. Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında ali təhsil sahəsində həmrəylik haqqında dövlətlərarası sazişə, Moskva dövlət sosial universiteti (bundan sonra - “MDSU”) və “Texnoloq” elmiistehsalat firması (bundan sonra - “Firma”) arasında 12 iyul 1996-cı il tarixli birgə fəaliyyət haqqında müqaviləyə müvafiq olaraq, MDSU-nun 29 iyul 1996-cı il tarixli, 298 saylı əmri əsasında Azərbaycan Respublikası, Bakı şəhərində Firmanın bazasında MDSU-nun Beynəlxalq sosial təhsil mərkəzi (UBM) açılmışdır. 2002-ci ildə MDSU-nun Beynəlxalq sosial təhsil mərkəzi (UBM) MDSU-nun Bakı şəhərində nümayəndəliyi adlandırılmışdır. 2005-ci ildə MDSU-nun nümayəndəliyi Rusiya dövlət sosial universitetinin (bundan sonra - “RDSU”) nümayəndəliyi adlandırılmışdır. RF Əmək və sosial inkişaf nazirliyinin 13 mart 2003-cü il tarixli 50 saylı əmri ilə MDSU “Rusiya Federasiyası Əmək və sosial inkişaf nazirliyinin Moskva dövlət sosial universiteti” ali professional təhsil dövlət təhsil müəssisəsi adlandırılmışdır. RF Hökumətinin xx.xx.2005-ci il tarixli 64-p saylı sərəncamı ilə “Rusiya Federasiyası Əmək və sosial inkişaf nazirliyinin Moskva dövlət sosial universiteti” APT DTM Federal təhsil agentliyinin (Rosobrazovaniye) idarəçiliyinə verilmişdir. Federal təhsil agentliyinin (Rosobrazovaniye) 21 iyul 2005-ci il tarixli 711 saylı əmri ilə “Rusiya Federasiyası Əmək və sosial inkişaf nazirliyinin Moskva dövlət sosial universiteti” APT DTM “Rusiya dövlət sosial universiteti” (RDSU) APT DTM adlandırılmışdır. Rusiya Federasiyası Təhsil və elm nazirliyinin 23 may 2011-ci il tarixli 1701 saylı əmri ilə “Rusiya dövlət sosial universiteti” APT DTM “Rusiya dövlət sosial universiteti” APT FDBTM adlandırılmışdır. Rusiya Federasiyası Təhsil və elm nazirliyinin 29 oktyabr 2015-ci il tarixli 1255 saylı əmri ilə “Rusiya dövlət sosial universiteti” APT FDBTM “Rusiya dövlət sosial universiteti” AT FDBTM adlandırılmışdır.

5. cavabdehin xx.xx.2021-ci il tarixli, NA00002499 nömrəli “Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə” qərarının surətindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkünsüz hesab edilmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edilmişdir.

6. İddiaçının müraciətinə əsasən Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, U-3139 nömrəli məktubun surətindən görünür ki, X4 həqiqətən də, Moskva Dövlət Sosial Üniversitenin tələbəsidir. İddiaçı "Sosial pedagoq. Pedaqoqpsixoloq” ixtisası təqdim olunmuşdur və xx.xx.2002-ci il tarixli, 13 qeydiyyat nömrəli HBC ******* saylı diplom verilmişdir.Əlavə olaraq məlumat verərək bildirirlər ki, Rusya Federasiyası ilə Azərbaycan Respublikası arasında ali təhsil sahəsində əməkdaşlıq haqqında dövlətlərarası razılaşmaya, Moskva Dövlət sosial Universiteti ilə (sonradan MDSU adlandırılmaqla) "Texnoloq" elmi istehsal şirkəti (sonradan Şirkət) aranmaqla) arasında 12 iyul 1996-cı ildə bağlanan müştərək fəaliyyət haqqında müqaviləyə müvafiq olaraq Azərbaycan Respublikası, Bakı şəhərinin Firmasının bazasında 298 saylı 29 iyul 1996-cı il tarixli Əmrə əsasən Beynəlxalq sosial təhsil Mərkəzi (VKM) BSTM açılmışdır. 2002-ci ildə Beynəlxalq sosial təhsil Mərkəzi (VKM) BSTM-nin adı dəyişdirilərək, Bakı şəhərində Beynəlxalq sosial təhsil Mərkəzi (VKM) BSTM-nin nümayəndəliyi olarak adlandırılmıştır.RDSU-nin işlərinin nomenklaturasına müvafiq olaraq dərs cədvəlinin saxlanması müddəti - 1 il, məqbul imtahan cədvəllərinin saxlanması müddəti isə 5 il təşkil edir. Bununla əlaqədar olaraq məşğələ keçirən müəllimlərə məlumatın təqdim olunması mümkün deyildir. 2005-ci ildə BSTM-nin adı dəyişdirilərək, Rusiya Dövlət Sosial Universitetinin nümayəndəliyi olarak adlandırılmıştır.Bakı şəhərində Rusiya Dövlət Sosial Universitetinin nümayəndəliyi Rusiya Federasiyasının Mülki Məcəlləsinin 55 maddəsi. Rusiya Dövlət Sosial Universitetinin Nizamnaməsi, eləcə də, hüquqi şəxslərin Vahid dövlət reyestrinə daxil edilən nümayəndəlik haqqında məlumatlar asasında fəaliyyət göstərir.Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyinin 50 saylı 13 mart 2003 cü il tarixli əmri ilə Moskva Dövlət sosial Universitetinin adı dəyişdirilərək, “Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyinin Moskva Dövlət sosial Universiteti" dövlət ali peşə təhsil müəssisəsi olarak adlandırılmıştır.Rusiya Federasiyası Hökümətinin 64-p saylı xx.xx.2005-ci il tarixli sərəncamı ilə "Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyinin Moskva Dövlət sosial Universiteti" dövlət ali peşə təhsil müəssisəsi Təhsil üzrə Federal agentliyinin sərəncamına verilmişdir. (Rusya təhsili). Təhsil üzrə Federal agentliyi (Rusiya təhsili) 711 saylı 21 iyul 2005-ci il tarixli əmrinə müvafiq olaraq “Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyinin Moskva Dövlət sosial Universiteti" dövlət ali peşə təhsil müəssisəsinin adı dəyişdirilərək "Rusiya Dövlət sosial Universiteti" (RDSU) DAPTM dövlət ali peşə təhsil müəssisəsi olarak adlandırılmıştır. Rusiya Federasiyası Elm ve Təhsil Nazirlinin 1701 saylı 23 may 2011-ci il tarixli Əmrinə müvafiq olaraq "Rusiya Dövlət sosial Universiteti" (RDSU) DAPTM dövlət ali peşə təhsil müəssisəsinin adı dəyişdirilərək "Rusiya Dövlət sosial Universiteti" (RDSU) FDBAPTM federal dövlət büdcəli ali peşə təhsili müəssisəsi olarak adlandırılmışdır. Rusiya Federasiyası Elm ve Təhsil Nazirliyinin 1255 saylı 29 oktyabr 2015-ci il tarixli əmrinə müvafiq olaraq "Rusiya Dövlət sosial Universiteti" (RDSU) FDBAPTM federal dövlət büdcəli ali peşə təhsili müəssisəsinin adının dəyişdirilərək "Rusiya Dövlət sosial Universiteti" (RDSU) FDBATM federal dövlət büdcəli ali təhsil müəssisəsi olarak adlandırılmıştır.

7. Məhkəmə Kollegiyasının sorğusuna cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir:” İddiaçının müraciəti üzrə inzibati icraat zamanı müraciət edən zaman Rusiya Dövlət sosial Universitetinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunmuşdur ki, iddiaçı Bakı şəhərində fəaliyyət göstərən filialda təhsil almışdır. Lakin onun nə diplomunda, nə də ki, diploma əlavəsində, o cümlədən hər hansı digər rəsmi sənəddə (məs: arayış və s.) onun Bakı filialında təhsil alması faktı öz əksini tapmamışdır.İddiaçıya 10 iyun 2002-ci il tarixində təqdim olunan diplom əlavəsindən müəyyən olunur ki, o, 1998-2002-ci illərdə təhsil almışdır.Eyni zamanda məhkəmənin diqqətinə çatdırırlar ki, sözügedən filialın ümumiyyətlə hansı ünvanda yerləşməsini müəyyən etmək mümkün olmamışdır.İddiaçıya təqdim olunan diplom əlavəsinin birinci bəndində onun təhsil aldığı proqram üzrə əyani təhsilalma formasında təhsilin normativ müddətinin 5 (beş) il olması göstərilmişdir ki, iddiaçıya təqdim olunan diplom əlavəsindən onun 1998- 2002-ci illərdə, yəni 4 il müddətində, universitet tərəfindən əyani təhsil alan şəxslər üçün müəyyən edilmiş normativ müddətdən 1 il az müddətində təhsil alması müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları"nın 1.6-cı bəndində qiyabi forma üzrə təhsil müddətinin əyani təhsilalma formasının tədrisə tam cəlb olunma növü üzrə təhsilin normativ müddətindən bir il artıq olması təsbit edilmişdir.İcraat aparılan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.7-ci bəndində xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin Ümumi normativ müddətinin Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulan təlimin ümumi normativ müddətinin bir il az olması xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi üzrə mənfi rəyin verilməsi üçün əsas kimi çıxış edirdi.Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.1-ci yarımbəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınma üzrə ümumi tələblərə aid edilmişdir ki, sözügedən tələblərə riayət olunmaması həmin Qaydaların 3.10.1-ci yarımbəndinə əsasən kvalifikasiyanın tanınmasından imtina edilməsi üçün əsas kimi çıxış edir.Bu günə kimi tərəflərindən Moskva Dövlət Sosial Universitetində təhsil almış 41 nəfərin kvalifikasiyası tanınmışdır ki, onların iddiaçı ilə eyni müəssisədə təhsil alması faktı tərəflərindən müəyyən edilməmişdir. Belə ki, məhkəmənin nəzərinə çatdırırlar ki, Moskva Dövlət sosial Universiteti Rusiya Federasiyasında fəaliyyət göstərən və akkreditasiyadan keçmiş ali təhsil müəssisəsidir.Lakin sözügedən ali təhsil müəssisəsinin Bakı şəhərində fəaliyyət göstərən hər hansı bir filialı qanunvericilikdə müəyyən edilmiş qaydada lisenziya əldə etməmişdir.”

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Təhsildə X1rşı Moskva Dövlət Sosial Universitetinin sosial pedoqoq müəllim psixoloq ixtisasını bitirərək əldə etdiyi ИВС ******* saylı diplomun tanınması və ekvivalentliyi (nostrifikasiyasının) müəyyən edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 14 may 2002-ci itlarixdə Dövlət Atestasiya Komissiyasının qərarı ilə Moskva Dövlət Sosial Universitetinin sosial pedaqoq müəllim psixoloq ixtisasını bitirərək ИВС ******* saylı diplom almışdır. Diplomu 10 iyun 2002-ci ildə almışdır. 30 avqust 2021-ci il tarixində cavabdeh TKTA NA 00002499 saylı qərarla onun xarici dövlətlərin ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin (nostrikifasiyasının) müəyyən edilməsi barədə qərar vermişdir. Qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6, 3.7-ci bəndlərinə istinad edərək diplomu tanımaqdan imtina etmişdir. Hesab edir ki, yuxarıda qəbul edilmiş qayda 13 may 2003-cü ildə qəbul edildiyi halda, o, universitetə 1998-ci ildə daxil olmuş, 2002-ci ilin iyun ayında isə bitirmişdir. Qanunvericiliyin tələblərinə əsasən isə hüquqi aktların şəxsin vəziyyətini ağırlaşdırdığı halda geriyə qüvvəsi yoxdur.

10. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, imtina qanuni və əsaslı olmuşdur. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı müraciət edən zaman elektron ərizəsində sözügedən təhsil müəssisəsinin Bakı filialında təhsil aldığını qeyd etmişdir. Lakin onun nə diplomunda, nə də ki, diploma əlavəsində, o cümlədən hər hansı digər rəsmi sənəddə (məs: arayış və s.) onun Bakı filialında təhsil alması faktı öz əksini tapmamışdır.İddiaçının sərhəd məlumatlarının yoxlanılması zamanı isə tədris müddətində Rusiya Federasiyasında ümumən olmadığı məlum olmuşdur. Bu səbəbdən də, həmin ölkə ərazisində olmadan tədris yükünün mənimsənilməsi qeyrimümkün hesab edilmişdir. İddia ərizəsində qeyd edilən iddiaçının Bakı filialında təhsil almasına münasibətdə isə sözügedən filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən - qanunsuz olaraq fəaliyyət göstərmişdir. Həmin dövrdə qüvvədə olmuş AR Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 1.5-ci bəndinə əsasən, xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Eyni zamanda, həmin dövrdə qüvvədə olmuş AR Prezidentinin 4 oktyabr 1997-ci il tarixli, 637 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Bundan əlavə, Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı’nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.

11. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2448/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı Universitetin Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi dövrdə mövcud olmuş və hazırkı qanunvericilikdə Rusiya Federasiyasında qeydiyyata alınmış ali təhsil müəssisəsinin Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün lisenziya tələbi nəzərdə tutulmamışdır.

15. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli fərmanı ilə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı təsdiq edilmişdir. Həmin siyahıda, eləcə də, Azərbaycan Respublikası Prezidentinin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" xx.xx.2002-ci il tarixli fərmanında xarici təhsil müəssisələrinin ölkəmizdə fəaliyyəti üçün lisenziya alması nəzərdə tutulmamışdır. O cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003 tarixli 64 saylı qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”nda da Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici Universitetin lisenziyasının olmaması nostrifikasiyadan imtina edilməsinin əsası kimi nəzərdə tutulmamışdır. Hətta lisenziya tələb olunsa idi, belə, bu xarici təhsil müəssisəsinin filialı üçün tələb oluna bilərdi.

16. Hazırki mübahisənin predmeti olan Universitetin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş 2-1(102)- 882/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “işin halları araşdırılarkən müəyyən edilmişdir ki, Universitetin Bakıdakı fəaliyyəti filial deyil, səyyar sessiyalar formasında həyata keçirilmişdir.Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli xx-xx-1841/16 saylı məktubundan görünür ki, Moskva Dövlət Sosial Universitetində qiyabi təhsil alan tələbələrin, Universitetin Bakıda yerləşən tədris-məsləhət məntəqəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar səyyar sessiyalarının müvəqqəti olaraq "Bilik" Elm-Sosial Mərkəzinin (işdə olan vergi orqanının arayışına əsasən həmin Mərkəz 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır) nəzdində təşkil edilməsi barədə məlumat nəzərə alınmışdır. Səyyar sessiya isə filialdan fərqli olaraq mahiyyətinə görə fəaliyyət göstərdiyi ölkənin tənzimləyici müdaxiləsini tələb etməyən bir formadır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, işdə olan Təhsildə Keyfiyyət Agentliyinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 00-05-333/TKTA və 00-05-334/ TKTA nömrəli məktublarından görünür ki, Azərbaycan Respublikası ərazisində fəaliyyətinə icazə verilmiş ali təhsil müəssisələrinin siyahısında “Bilik” Elm- Sosial Mərkəzi yer almamışdır. Həmçinin, Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetinin (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) Bakıda yerləşən hüquqi əsası olmayan filialının fəaliyyətinin dayandırılması ilə əlaqədar bu filialın bazasında qiyabi təhsil alan tələbələrin səyyar sessiyalarının “Bilik” Elm-Sosial Mərkəzi nəzdində təşkil edilməsi barədə hər hansı məlumat və sənəd aşkarlanmamışdır.”

17. Sözügedən qərarda əlavə olaraq göstərilmişdir ki, Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetindən (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) 2006-cı ilədək məzun olmuş və əldə etdiyi xarici ali təhsil ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş 56 ərizəçinin xarici ali təhsil ixtisası ölkə ərazisində tanınmış və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilmişdir.

18. Birinci instansiya məhkəməsi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.7., 1.0.8., 27.1., 27.4., 29.0.21, 44.2 maddələrinə istinad etmişdir.

a) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

19. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2448/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təhsil aldığı illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq əmrləri ilə bir sıra xarici ali təhsil müəssisələrin filiallarına müvafiq lisenziyaların verilməsi halları mövcud olsa da, Moskva Dövlət Sosial Universitetinin hər hansı bir filialına təhsil fəaliyyəti göstərməsi üçün xüsusi razılıq (lisenziya) verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydası”nın 3.7-ci bəndinə əsasən xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda ixtisasın ekvivalentliyinin müəyyən edilməsindən imtina edilə bilər. İddiaçıya təqdim edilmiş diplom əlavəsində təlim müddətinin 5 il müəyyən edilməsinə, iddiaçının isə cəmi 4 il müddətində təhsil almasına baxmayaraq məhkəmə təlimin müddəti ilə bağlı hərtərəfli araşdırma aparmadan iddia tələbini təmin etmişdir.

c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar və birinci instansiya məhkəməsinin mövqeyinə uyğun məzmunda yazılı etiraz daxil olmuşdur.

ç) Prosses iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında cavabdehin mümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətin təmin olunmasını xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. İddiaçı əlavə olaraq məhkəmə Kollegiyasının sualına cavabında təhsilini qiyabi aldığını, lakin diplomuna əlavədə niyə əyani şöbə üzrə və təhsil müddəti 5 illik olduğu halda 4 il təhsil aldığını özü də bilmədiyini, təhsilini Bakı şəhərində aldığını, lakin təhsil aldığ müəssisənin, yaxud Firmanın adını dəqiq söyləyə bilmədiyini, həmçinin, təhsil aldığı tələbə yoldaşlarından kimin isə adını söyləyə bilməyəcəyini, ümumiyyətlə Rusiya şəhərində olmadığını bildirmişdir.

Tətbiq edilən hüquq

24. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: - 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; - 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; - 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 29.0.21 Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; - 44.2 Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydası”nın 3.7-ci bəndinə əsasən xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda ixtisasın ekvivalentliyinin müəyyən edilməsindən imtina edilə bilər.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

30. İddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, Rusiya Federasiyası Moskva şəhəri Moskva Dövlət Sosial Universiteti tərəfindən verilmiş, apostil edilmiş ИВС № ******* nömrəli, 13 qeydiyyat nömrəli, xx.xx.2002-ci il tarixdə verilmiş diplomun surətindən görünür ki, İddiaçı Dövlət attestasiya komissiyasının xx.xx.2002-ci il tarixli qərarına əsasən “Sosial pedaqoq müəllim-psixoloq” ixtisası üzrə bakalavr diplomu verilmişdir.

31. İddiaçı müraciəti təmin edilmədiyindən hazırkı iş üzrə cavabdeh Təhsildə X1rşı Moskva Dövlət Sosial Universitetinin sosial pedoqoq müəllim psixoloq ixtisasını bitirərək əldə etdiyi ИВС ******* saylı diplomun tanınması və ekvivalentliyi (nostrifikasiyasının) müəyyən edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

32. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin İddiaçı Moskva Dövlət Sosial Universitetinin sosial pedoqoq müəllim psixoloq ixtisasını bitirərək əldə etdiyi ИВС ******* saylı diplomun tanınması və ekvivalentliyi (nostrifikasiyasının) müəyyən edilməsi barədə müraciətini təmin etməkdən imtinası əsaslı olmuşdur. 33.Odur ki, birinci instansiya məhkəməsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə Moskva Dövlət Sosial Universitetinin sosial pedoqoq müəllim psixoloq ixtisasını bitirərək əldə etdiyi ИВС ******* saylı diplomun tanınması və ekvivalentliyi (nostrifikasiyasının) müəyyən edilməsi barədə öhdəliyinin qoyulması barədə qərarı qanuni və əsaslı olmamışdır, odur ki, ləğv olunaraq iddia tələbi rədd edilməlidir.

34. Belə ki, iddiaçı iddia ərizəsində və apellyasiya baxışı zamanı izahatında bildirmişdir ki, Moskva Dövlət Sosial Universitetində ali təhsil alması ilə bağlı əldə etdiyi ИВС ******* saylı diplom üzrə 1998-2002-ci illərdə qiyabi təhsil almışdır.

35. Lakin iddiaçıya təqdim olunan diplom əlavəsinin birinci bəndində onun təhsil aldığı proqram üzrə əyani təhsilalma formasında təhsilin normativ müddətinin 5 (beş) il olması göstərilmişdir ki, iddiaçıya təqdim olunan diplom əlavəsindən onun 1998-2002ci illərdə, yəni 4 il müddətində, universitet tərəfindən əyani təhsil alan şəxslər üçün müəyyən edilmiş normativ müddətdən 1 il az müddətində təhsil alması müəyyən edilir.

36. İddiaçı məhkəmə Kollegiyasının sualına cavabında təhsilini qiyabi aldığını, lakin diplomuna əlavədə niyə əyani şöbə üzrə və təhsil müddəti 5 illik olduğu halda 4 il təhsil aldığını özü də bilmədiyini, təhsilini Bakı şəhərində aldığını, lakin təhsil aldığ müəssisənin, yaxud Firmanın adını dəqiq söyləyə bilmədiyini, həmçinin, təhsil aldığı tələbə yoldaşlarından kimin isə adını söyləyə bilməyəcəyini, ümumiyyətlə Rusiya şəhərində olmadığını bildirmişdir.

37. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddianı təmin edərkən istinad etmişdir ki, “Hazırki mübahisənin predmeti olan Universitetin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş 2-1(102)- 882/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “işin halları araşdırılarkən müəyyən edilmişdir ki, Universitetin Bakıdakı fəaliyyəti filial deyil, səyyar sessiyalar formasında həyata keçirilmişdir.Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli xx-xx-1841/16 saylı məktubundan görünür ki, Moskva Dövlət Sosial Universitetində qiyabi təhsil alan tələbələrin, Universitetin Bakıda yerləşən tədris-məsləhət məntəqəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar səyyar sessiyalarının müvəqqəti olaraq "Bilik" Elm-Sosial Mərkəzinin (işdə olan vergi orqanının arayışına əsasən həmin Mərkəz 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır) nəzdində təşkil edilməsi barədə məlumat nəzərə alınmışdır. Səyyar sessiya isə filialdan fərqli olaraq mahiyyətinə görə fəaliyyət göstərdiyi ölkənin tənzimləyici müdaxiləsini tələb etməyən bir formadır.”

38. Qeyd edilənlənlərə münasibətdə məhkəmə Kollegiyası diqqətə çəkir ki, əvvəla iddiaçı təhsilini qiyabi aldığını bildirsə də, iddiaçıya təqdim olunan diplom əlavəsinin birinci bəndində onun təhsil aldığı proqram üzrə əyani təhsilalma formasında təhsilin normativ müddətinin 5 (beş) il olması göstərilmişdir.İkincisi, iddiaçı təhsilini Bakı şəhərində aldığını, lakin təhsil aldığ müəssisənin, yaxud Firmanın adını dəqiq söyləyə bilmədiyini, həmçinin, təhsil aldığı tələbə yoldaşlarından kimin isə adını söyləyə bilməyəcəyini bildirmişdir.Göstərilənlərə əsasən məhkəmə Kollegiyası iddiaçının Bakı şəhərində, hansı təhsil müəssisəsində və hansı qaydada təhsil almasını müəyyən edə bilməmişdir.

39. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddianı təmin edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş 2-1(102)- 882/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında göstərilənlərə, yəni-Moskva Dövlət Sosial Universitetində qiyabi təhsil alan tələbələrin, Universitetin Bakıda yerləşən tədris-məsləhət məntəqəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar səyyar sessiyalarının müvəqqəti olaraq "Bilik" Elm-Sosial Mərkəzinin (işdə olan vergi orqanının arayışına əsasən həmin Mərkəz 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır) nəzdində təşkil edilməsi barədə məlumat nəzərə alınmasına istinad etsə də, hazırkı iş üzrə iddiaçının izahatından və iddiaçının müraciətinə əsasən Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, U-3139 nömrəli məktubun surətindən iddiaçının "Bilik" Elm-Sosial Mərkəzdə təhsil aldığı da müəyyən edilmir.

40. Belə ki, iddiaçının müraciətinə əsasən Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, U-3139 nömrəli məktubun tərcümə olunmuş surətindən görünür ki, X4 həqiqətən də, Moskva Dövlət Sosial Üniversitenin tələbəsidir. İddiaçı "Sosial pedagoq. Pedaqoq-psixoloq” ixtisası təqdim olunmuşdur və xx.xx.2002-ci il tarixli, 13 qeydiyyat nömrəli HBC ******* saylı diplom verilmişdir.Əlavə olaraq məlumat verərək bildirirlər ki, Rusya Federasiyası ilə Azərbaycan Respublikası arasında ali təhsil sahəsində əməkdaşlıq haqqında dövlətlərarası razılaşmaya, Moskva Dövlət sosial Universiteti ilə (sonradan MDSU adlandırılmaqla) "Texnoloq" elmi istehsal şirkəti (sonradan Şirkət) aranmaqla) arasında 12 iyul 1996-cı ildə bağlanan müştərək fəaliyyət haqqında müqaviləyə müvafiq olaraq Azərbaycan Respublikası, Bakı şəhərinin Firmasının bazasında 298 saylı 29 iyul 1996-cı il tarixli Əmrə əsasən Beynəlxalq sosial təhsil Mərkəzi (VKM) BSTM açılmışdır. 2002-ci ildə Beynəlxalq sosial təhsil Mərkəzi (VKM) BSTM-nin adı dəyişdirilərək, Bakı şəhərində Beynəlxalq sosial təhsil Mərkəzi (VKM) BSTM-nin nümayəndəliyi olarak adlandırılmıştır.Məktubda həmçinin, bildirilmişdir ki, RDSU-nin işlərinin nomenklaturasına müvafiq olaraq dərs cədvəlinin saxlanması müddəti - 1 il, məqbul imtahan cədvəllərinin saxlanması müddəti isə 5 il təşkil edir. Bununla əlaqədar olaraq məşğələ keçirən müəllimlərə məlumatın təqdim olunması mümkün deyildir.

41. Məhkəmə Kollegiyası Beynəlxalq sosial təhsil Mərkəzi barədə ona görə araşdırma aparmamışdır ki, iddiaçı təhsilini Beynəlxalq sosial təhsil Mərkəzində aldığını iddia etməmişdir.

42. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddianı təmin edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş 2-1(102)- 882/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında digər göstərilənlərə, yəni-Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetindən (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) 2006-cı ilədək məzun olmuş və əldə etdiyi xarici ali təhsil ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş 56 ərizəçinin xarici ali təhsil ixtisası ölkə ərazisində tanınmasına və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsinə istinad edilməsinə əsaslanmışdır.

43. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı iddiaçı təhsil aldığı tələbə yoldaşlarından kimin isə adını söyləyə bilməyəcəyini bildirmişdir.Məhkəmə Kollegiyası bu səbəbdən işin obyektiv araşdırılması baxımından iddiaçının təhsil aldığını iddia etdiyi dövr üzrə tələbələrdən şahid qismində məhkəmədə dindirilməsi yönündə də araşdırma aparmamışdır.

44. Bundan başqa Məhkəmə Kollegiyasının sorğusuna cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, bu günə kimi tərəflərindən Moskva Dövlət Sosial Universitetində təhsil almış 41 nəfərin kvalifikasiyası tanınmışdır ki, onların iddiaçı ilə eyni müəssisədə təhsil alması faktı tərəflərindən müəyyən edilməmişdir.

45. Beləliklə, məhkəmə araşdırması zamanı təqdim və tədqiq edilmiş sübutlar ziddiyyətli olmaqla, bu ziddiyyətlərin inzibati məhkəmə icraatında aradan qaldırılması mümkün olmadığından məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından çıxış edərək iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaətini əsaslı və işin faktiki hallarına uyğun hesab etmir.

46. Odur ki, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2448/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunaraq, iddia tələbi rədd edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2448/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar