Məhkəmə qərarları › İş №2-1(103)-1128/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1128/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1128/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyaya əlavələrin hesablanaraq ödənilməsi tələbinə dair” iş üzrə cavabdehin Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1854/2022 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından apellyasiya şikayətinin geri götürməsi barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2-1(112)-1854/2022 nömrəli qərarı ilə iddiа tələbi təmin edilmiş, İddiaçı pensiya təyin olunduqdan sonra onun fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən qanunvericiliyin müvafiq maddələri nəzərə alınmaqla onun əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Məhkəmənin həmin qərarı qanuni qüvvəyə mindikdən sonra xx.xx.2022-ci il tarixli məktubu ilə icra edilməsi üçün cavabdeh orqana göndərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmənin 2- 1(112)-1854/2022 nömrəli 01.03.22 il tarixli Qərarının nəticə hissəsində nəzərdə tutulan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən pensiya təyin olunduqdan sonra fərdi hesabında qeydə alınmış sığorta kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması”na izah verilməsini, bu yenidən hesablamanın “qulluq stajına görə əmək pensiyasına əlavələrin də yenidən hesablanmaqla məbləğinin azaldılmasını nəzərdə tutub-tutmadığının izah edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1854/2022 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək izah verilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1854/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun iddiaçının pensiya kapitalına əsasən pensiyanın sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanmalıdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun verildiyi nəzərə alınmaqla, mümkün hesab olunaraq şikayət üzrə işə baxılması hazırkı günə (xx.xx.2024) təyin edilmişdir. Cavabdehin məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin qərara izah verilməsi barədə xx.xx.2023-cü il tarixli qərardadından verilmiş apellyasiya şikayətini baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir (Nümayəndənin etibarnamə üzrə apellyasiya şikayətini geri götürmək hüququ təsbit olunmuşdur). Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdeh tərəfindən apellyasiya şikayətini geri götürməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin geri götürməsi barədə ərizəsi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 88.1-ci maddəsinin tələbinə görə şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məcəllənin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini geri götürmək cavabdehin qanunla müəyyən edilən hüququdur, iddiaçı da şikayətin geri götürülməsi ilə razılaşır və bu geri götürmə hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğundur, digər şəxslərin mənafeyini pozmur (Cavabdehin nümayəndəsinə izah edilimişdir ki, İPM-in 88.3-cü maddəsinin tələbinə görə şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir). İPM-in 86.4-cü maddəsindən isə görünür ki, şikayətin geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Beləliklə də, prosessual qanunvericiliyin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, cavabdehin ərizəsi təmin olunmalı, apellyasiya şikayəti geri qaytarılmalı və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və İPM-in 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1854/2022 nömrəli xx.xx.2023cü il tarixli qərardadından verilmiş apellyasiya şikayəti geri qaytarılsın. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar