Məhkəmə qərarları › İş №2-1(103)-1128/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1128/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1128/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş pensiya məbləğinin (pensiya fərqinin) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-503/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiyaya çıxdığı vaxtdan, yəni 2007-ci ilin mart ayından başlayaraq 2022-ci ilin sentyabr ayına qədər olan dövrdə ödənilməli olan, lakin ödənilməmiş 157157 manat məbləğində pensiya məbləğinin (pensiya fərqinin) ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 287305 manat pul vəsaitinin ona birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1947-ci ildə Azərbaycan Respublikası Şuşa şəhərində doğulmuşdur. İddiaçı xx.xx.1962-ci ildən əmək fəaliyyətinə başlamış və xx.xx.1974-cü ildən Prokurorluq orqanlarında işləməyə başlamışdır. xx.xx.2007-ci il tarixindən isə İdarə Prokuroru vəzifəsində işləməklə əmək pensiyasına çıxmışdır. İddiaçı 33 il müddətində Baş Prokurorluqda müxtəlif məsul vəzifələrdə işləmişdir. İddiaçının pensiyası 2007-ci ilin mart ayından 2003 manat, həmin tarixdən 2018-ci ilin 10 sentyabrınadək 2224 manat, sonuncu tarixdən xx.xx.2019-cu ilədək 2224 manat və həmin tarixdən indiyədək isə 2500 manat hesablanıb. Amma əslində isə iddiaçının pensiyasının məbləği 3000 manat təşkil etməlidir və həmin məbləğdən ötən illər ərzində ona ödənilmiş pensiya məbləğlərinin fərqi ona ödənilməlidir. 2007-ci ilin mart ayından 2018-ci ilin sentyabrınadək olan dövrdəki pensiya məbləğinin fərqi 137.586 manat, 2018-ci ilin sentyabrından xx.xx.2019-cu ilədək olan dövrdəki fərq 3104 manat, 2019-cu ilin yanvar ayından 2022-ci ilin sentyabr ayınadək olan dövrdəki pensiya məbləğinin fərq məbləği 16.467 manat, bu fərq məbləğlərinin cəmi isə 157.157 manat təşkil edir. Hesab edir ki, həmin 157.157 manat pul ona ödənilməmiş pensiyanın fərq məbləğidir və həmin pul ona ödənilməlidir. “Əmək pensiyaları haqqında" Qanunun 37.3.5ci maddəsinə əsasən bu qanunun 20.1.11-ci və 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir. Həmçinin, qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Odur ki, pensiyaya çıxdığı vaxtdan bu günədək, yəni 2022-ci ilin sentyabr ayına qədər olan dövrdə ona ödənilməli olan, lakin ödənilməmiş 157.157 manat məbləğində pensiya məbləğinin ona ödənilməsini tələb etməkdə haqlıdır. Bununla əlaqədar iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin ona xx.xx.2022-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Həmin cavabda guya onun buna hüququnun olmadığı və ona əvvəllər cavab verildiyi bildirilir. Bu cavabı isə əsassız və ədalətsiz hesab edir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-503/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı fasiləsiz olaraq mart 1974-cü ildən 33 il müddətində Respublika Prokurorluğunda, o cümlədən keçmiş Xanlar rayonunda stajor müstəntiq, Əli-Bayramlı şəhər Prokurorluğunda baş müstəntiq, Bakı şəhər X1 Prokuroru, Xaçmaz Rayon Prokuroru müavini, Suraxanı Rayon Prokuroru köməkçisi, Prokurorun müavini, Prokuror, Baş Prokurorluqda İstintaq İdarəsinin Rəisi və nəhayət Baş Prokurorluqda DİO-da İstintaq və Tətqiqata Nəzarət İdarəsində Prokuror vəzifələrində işləməklə baş ədliyyə müşaviri rütbəsini daşımışdır. 2006-cı ilin mart avından Nəsimi Rayon Sosial Müdafiə Şöbəsində pensiyaçı kimi qeydiyyata alınmaqla, ayda 1384,40 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair qərar qəbul olunmuşdur. Aylıq pensiya məbləğinin düzgün hesablanmasında səhvə yol verilməsinə və bu barədə 2022-ci ilin iyul ayından etibarən cavabdehə müraciət etməyinə baxmayaraq, müsbət cavab ala bilməmişdir. Əldə etdiyi bir sıra sənədlərə əsaslanaraq apardığı təxmini hesablamaya görə 2007-ci ilin mart ayından 2018-ci ilin sentyabrınadək olan dövürdə pensiya məbləğinin 157157 manat kəsirlə ödənilməsini müəyyən edərək müvafiq tədbir görülməsi üçün xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdehin məktubunda göstərilmişdir ki, vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşını 1155.00 manat, qulluq starjına görə vəzifə maaşının 45%-i məbləğində əlavəsi 519.75 manat, rütbəyə görə əlavəsi 138.00 manat, digər növ əlavəsi 1041.13 manat olmaqla orta aylıq əmək haqqısı 2853.88 manat təşkil etmişdir. Orta aylıq əmək haqqının 80%-i 2283.10 manat müəyyən edilmişdir. Bununla əlaqədar Azərbaycan Beynəlxalq Bankından aldığı sənədlərdən aydın olmuşdur ki, onun pensiya kartına 2007 may-2010 aprel aylarında 1383.43 manat, 2010 may-2014 aprel aylarında 1442.63 manat (59 manat ayda artırılır), 2014 iyun-2015 may aylarında 1639.20 manat (197 manat ayda) artırılır, 2015 iyun-2018 may aylarında 2030 manat (391 manat ayda, artırılır), 2018 avqust-2021 noyabr aylarında 2224.08 manat (194 manat ayda, artırılır), nəhayət 2021 dekabrda 2283,45 manat (59 manat artırılır) göstərilən artımlar indeksləşdirmə ilə əlaqədar olmuşdur. Beləliklə, bank və digər sənədlərə əsasən müəyyən olunur ki, iddiaçıya 2007-2022-ci il mart ayı da daxil olmaqla həmin illər ərzində hər ay pensiya kartına 1383 manat, yəni 900 manat kəsirlə (2283-1383=900), ümumilikdə 150200 manat köçürülməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun maddi-texniki təminat şöbəsinin məsul işçiləri tərəfindən imzalanan 23 fevral 2022-ci il tarixli 20/195 saylı arayışdan görünür ki, 29 iyun 2001-ci il tarixli "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8. və 20.9. maddəsinə uyğun olaraq prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən ildə bir dəfə 2 aylıq, müalicə olunmaları ilə əlaqədar isə ildə 1 dəfə 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, aylıq əmək haqqı 1155,00 manat olduğundan 17 il ərzində (2007-2023-cü illər) məzuniyyət üçün 39.100 manat, müalicə üçün 17 il ərzində 39.100 manat, ümumilikdə 78.200 manat pensiya kartına köçürülməmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununun 21.4 maddəsində göstərilir ki, prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçilərinə müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə nəzərdə tutulur. Beləliklə, hesablama aparılarkən həmin Qanunun tələblərinə əməl edilməmiş, yəni vəzifə maaşı 1155,00 manat olduğundan 17 il ərzində (2007-2023) 58905 manat pensiya kartına köçürülməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya pensiya təyinatı 01 yanvar 2006-cı ildən etibarən aparılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə istinad edilərək qeyd olunur ki, 32 il 11 ay 22 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının 80%-i, yəni 2283 manat 10 qəpik məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Azərbaycan Beynəlxalq Bankından əldə edilmiş sənədlərdən görünür ki, 2007-ci ilin may ayından kart hesabına 2283 manat 10 qəpik deyil, 1383,44 manat köçürülmüş, 2283,10 manat pul məbləği yalnız 2021-ci dekabr ayından 2022-ci ilin may ayına kimi 5 ay ərzində kart hesabına köçürülmüşdür. Beləliklə, 2007-ci ildən 2023-cü ilin yanvar ayına kimi cəmi 287305 manat kart hesabına köçürülməmişdir. Cavabdehin 28 iyul 2023-cü il tarixli məktubunda “Əmək pensiyaları haqqında” qanunun 29.1-ci maddəsinə istinad edilərək göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdən indeksləşdirmə ilə əlaqədar əmək pensiyası 3724 manat təşkil etmişdir. 7 fevral 2006-cı ildə qəbul edilmiş həmin qanunun qeyd edilən maddəsində göstərilir ki, əmək pensiyasının siğorta hissəsi və fərdi hesabın siğorta hissəsində qeydə alman pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqına müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarına əsasən indeksləşdirilir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertiziyası təyin edilmiş, 14 iyun 2024-cü il tarixli rəydə məhkəmənin qərardadında qarşıya qoyulan suallara tamamilə cavab verilməmiş, aylıq pensiyanın 1383 manat müəyyən edilməsinə aydınlıq gətirilməmiş, hətta ekspert tərəfindən bir cümlə ilə qeyd edilir ki, hər il indeksləşdirilmə aparılıb, hər il neçə faiz olması göstərilmir. Ekspert bununla kifayətlənməyərək, mənbəyi məlum olmayan hansı maliyyə sənədlərinə istinad edərək aşağıdakı kimi rəy verməsi başa düşülən deyil. Məsələn, göstərir ki, xx.xx.2006-xx.xx.2006-ci il tarixləri arasındakı dövr üzrə 1290.87 manat əskik pul ödənilib, xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində 1455.87 manat əskik pul ödənilib, xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində 10912.18 manat əksik pul ödənilib, xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində 19916.71 manat əksik pul ödənilib, xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 23796.21 manat artıq pul ödənilib, xx.xx.2018-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 2656 manat əksik pul ödənilib. İşə onun iştirakı olmadan baxılarkən məhkəmə ekspertinin rəyində qeyd edilənlərə əsasən qanun pozuntusuna (əgər həqiqətdirsə) yol vermiş cavabdehin müvafiq əməkdaşları aşkar olunaraq məhkəmə prosesinə dəvət edib bunları aydınlaşdırmamış, şəxslərin əməlinə hüquqi qiymət verərək müvafiq qərar qəbul etməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri; 20.1.5-

1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla). Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya şikayətinin məzmunundan, iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatdan görünür ki, iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hazırki iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1947-ci il təvəllüdlüdür. İddiaçı prokurorluq orqanlarında xidmət etmişdir. İddiaçıya məxsus pensiya işi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçıya DSMFnin Nəsimi rayon şöbəsi tərəfindən işləyən əmək pensiyaçısı olaraq xx.xx.2006-cı ildən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə xx.xx.2007ci ildə qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarından xaric edilmişdir. Hazırda iddiaçı ona təyin edilmiş pensiya düzgün hesablanmadığı üçün 287305 manat pul vəsaitinin ona birdəfəlik ödənilməsini tələb edir. Hazırki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3376 saylı xx.xx.2024cü il tarixli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Həmin ekspert rəyindən görünür ki, xx.xx.2006-cı il tarixdən İddiaçı 373.45 manat aylıq pensiya hesablandığı müəyyən edilir. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12435,32 manat əskik pul vəsaiti ödənildiyi müəyyən edilir. Hər il indeksləşdirmə İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşında dəyişikliklər əsasında aparıldığı müəyyən edilir. İddiaçı pensiyasının hesablanmasında 2007-2023-cü illər arası 12435,32 manat yaranmış fərq qanunvericiliyin tələblərinə uyğun olaraq üç il üçün hesablanmış 2124,72 manat hissəsi xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay 531,18 manat olmaqla İddiaçı pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürüldüyü, yəni qanunvericiliyin tələblərinə uyğun qaydada müəyyən edilmiş vəsaitin adıçəkilən şəxsə ödənişi tam başa çatdırıldığı müəyyən edilir. Əlavə olaraq prokurorluq orqanları işçilərinin vəzifə maaşlarının artırılması, maddi yardımın pensiyanın tərkibinə aid edilməsi və cari il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla İddiaçı pensiyası 4142,05 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürüldüyü, adıçəkilən şəxsə əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 14719,61 manat (bugünkü tarixə indeksləşdirilməklə) pensiya sığorta kapitalı qeydə alındığı və İddiaçı sonuncu dəfə işdən azad olduğu 08 fevral 2007-ci il tarixədək topladığı sığorta kapitalı adıçəkilən şəxsin əmək pensiyası hesablanarkən nəzərə alındığı müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona təyin edilmiş pensiya məbləğinin düzgün hesablanmadığını iddia etsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan ekspert rəyi və digər sənədlərdən, o cümlədən pensiya işinndə olan sənədlərdən isə görünür ki, iddiaçıya əmək pensiyası hesablanarkən vəzifə maaşı, vəzifə maaşına bütün əlavələr daxil olmaqla orta aylıq əmək haqqının məbləği, habelə vəzifə maaşına və əlavələrə edilmiş artım məbləğləri nəzərə alınmış, habelə müvafiq dövrlər üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi həyata keçirilmişdir. Həmçinin iddiaçıya əmək pensiyası hesablanarkən onun sonuncu dəfə işdən azad olduğu 08 fevral 2007-ci il tarixədək topladığı sığorta kapitalı nəzərə alınmışdır. Eyni zamanda iddiaçı 2007-ci ilin may ayından kart hesabına 2283,10 manat deyil, 1383,44 manat köçürüldüyünü, buna görə də yaranmış fərqin ona ödənilməli olmasını bildirsə də, iddiaçının qeyd olunan dövrlərdə orta aylıq əmək haqqı və əlavələrin cəmi məbləği 2283,10 manat məbləğindən az olmuş, ona görə də qeyd olunan dövrlərdə həmin məbləğdə əmək pensiyasının hesablanması mümkün deyildir. Həmin dövrlərdə cavabdeh tərəfindən iddiaçıya vəzifə maaşı, vəzifə maaşına bütün əlavələr daxil olmaqla orta aylıq əmək haqqının məbləği və sair nəzərə alınmaqla əmək pensiyası hesablanmış, 2283,10 manat əmək pensiyası isə sonrakı dövrdə (xx.xx.2018-ci ildə) vəzifə maaşına artımlar nəzərə alınmaqla hesablanmış və ödənilmişdir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilərkən və yenidən hesablanarkən cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. Qeyd olunanlar məhkəmə araşdırması dövründə araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-503/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar