Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1129/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiаçı İddiaçı, iddiaçının nümayəndəsi X1, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 (Bakı şəhəri 4 saylı Vəkil Bürosu) , üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 (Bakı şəhəri 12 saylı Vəkil Bürosu) iştirakları ilə, İddiaçı (xx.xx.1967-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(112)-7432/2020 nömrəli qərarından üçüncü şəxs “xxxx” MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 12.09.2018-ci il tarixdə cаvаbdеh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “xxxx” MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəlləsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m olan 3 otaqlı 23 saylı mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.07.2018-ci il tarixli 2-1(81)-3105/2018 saylı qərarı ilə (hakim E.Məmmədov) iddia təmin edilərək, «xxxx» MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m olan 3 otaqlı 23 saylı mənzilin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar, ondan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən qanuni qüvvəyə minmiş və icra edilməsi üçün 20.08.2018-ci il tarixdə cavabdehə göndərilmişdir. 12.09.2018-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.07.2018-ci il tarixli 2-1(81)-3105/2018 saylı qərarının icrası təmin edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllə, mənzil 23 ünvanına dair İddiaçı adına hazırlanmış çıxarış məhkəməyə göndərilmişdir. 27.08.2020-ci il tarixdə “xxxx” Mənzil Tikinti Kooperativi Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və inzibati məhkəmə icraatının təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23.10.2020-ci il tarixli 2-1(81)-3105/2018 saylı qərardadı ilə “xxxx” MTK-nın ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3105/2018 saylı 12 iyul 2018-ci il tarixli qərarı ləğv edilmiş və “xxxx” MTK hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(112)-7432/2020 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m olan 3 otaqlı 23 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(112)-7432/2020 nömrəli qərardadı ilə üçüncü şəxs “xxxx” MTK-nın hazırkı iş baxılıb yekun nəticə qəbul edilib, qanuni qüvvəsini alana qədər ünvan 3, 1 saylı çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 140,6 kv.m. olan 3 otaqlı 23 saylı mənzilin üzərinə həbs qoyulması və həmin iş üzrə icraata dönüş barədə qərardad qəbul edilməsinə dair ərizəsi təmin edilməmişdir. 15.01.2021-ci il tarixdə üçüncü şəxs tərəfindən Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(112)-7432/2020 nömrəli qərardadından apellyasiya şikayəti verilmişdir. 17.02.2021-ci il tarixdə üçüncü şəxs “xxxx” MTK apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(112)-7432/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan 12 oktyabr 2004-cü il tarixli 234 №-li Bakı şəhər İcra Başçısının sərəncamından, Bakı şəhəri xəritəsinin çıxarışından, ayrılmış torpaq sahəsinin cizgisindən, ayrıc aktından, 09 dekabr 2019-cu il tarixli 246 №-li istismara icazəsindən, 06 dekabr 2019-cu il tarixli rəyindən, 24 iyul 2020-ci il tarixli Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubundan və digər tərəfimizdən təqdim olunmuş sənədlərdən görünür ki, ünvan 3 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binası «xxxx» Mənzil Tikinti Kooperativə məxsusdur. Hazırki iş üzrə İddiaçı iş üzrə 3-cü şəxsə «xxxx» Mənzil Tikinti Kooperativə məxsus binanın mənzilinə dair adına çıxarışın verilməsini iddia edir və həmin mənzilə dair heç bir hüququ olmayan «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlamış və mənzilin dəyərini «xxxx» MMC-ə ödəmişdir. Halbuki «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ümumiyyətlə həmin binanın mənzillərin satılmasına ixtiyarsız idi və hüququ olmamışdır. 1-ci instansiya məhkəməsi işdə olan sənədləri yalnız iddiaçının xeyrinə izah vermiş, İddiaçı «xxxx» MMC- i arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 18 iyun 2013-cü il tarixli bağlanmış 84 №-li müqaviləni, həmin müqavilə üzrə mənzilin dəyərini ödədiyini əsas gətirərək, öz qərarını Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsi ilə əsaslandıraraq iddia tələbini təmin etmişdir. 1-ci instansiya məhkəməsi işdə olan sənədləri yalnız iddiaçının xeyrinə izah vermiş, İddiaçı «xxxx» MMC- i arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 18 iyun 2013-cü il tarixli bağlanmış 84 №-li müqaviləni, həmin müqavilə üzrə mənzilin dəyərini ödədiyini əsas gətirərək, öz qərarını Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsi ilə əsaslandıraraq iddia tələbini təmin etmişdir. Eyni zamanda 1-ci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli 2(006)-9252/2016 saylı qətnaməsi ilə İddiaçı cavabdeh «xxxx» MMC-ə qarşı sahiblik və istifadə hüquqları tanınmaqla, mənzildə təmir işlərinə icazə verilməsi öhdəliyinin «xxxx» MMC-nin üzərinə qoyulması tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, 140,6 kv.m. sahəsi olan 23 №-li mənzilə İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzildə təmir işlərinə icazə verilməsi öhdəliyinin «xxxx» MMC-nin üzərinə qoyulması qət edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2583/2017 saylı 07 mart 2017-cı il tarixli qərardadı ilə cavabdeh «xxxx» MMC-nin apellyasiya şikayətindən imtinası qəbul edilmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)- 9252/2016 saylı 21 noyabr 2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməsi də əsas gətirmişdir. Müdafiə hesab edirik ki, məhkəmənin gəldiyi nəticəsi tam əsassızdır. Yuxarıda qeyd etdiyim kimi Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binanın «xxxx» Mənzil Tikinti Kooperativə məxsus olduğu və binada olan mənzillərin və digər sahələrin «xxxx» MMC-nin ümumiyyətlə təkbaşına mənzillərin satmasına heç bir ixtiyarı olmamışdır. Ona görə də hesab edirik ki, məhkəmə əsas gətirdiyi İddiaçı «xxxx» MMC-i arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 18 iyun 2013-cü il tarixli bağlanmış 84 №-li müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Bundan başqa İddiaçı «xxxx» MTK-nin üzvü olmamış, MTK-i ilə müqavilə bağlamamış və mənzilin dəyərini kooperativə ödəməmişdir. İşin apellyasiya icraatı zamanı iddiaçı üçüncü şəxs “xxxx” MTK-nın apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(112)-7432/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iş üzrə yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(112)-7432/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan : - “xxxx” MMC ilə İddiaçı arasında imzalanmış 18.06.2013-cü il tarixli 84 nömrəli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “xxxx” MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının Vİİİ mərtəbəsində 3 otaqlı 23 nömrəli 140,6 kv.m mənzili tikib İddiaçı təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının “xxxx” MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. - “xxxx” MMC-nin maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı “xxxx” MMC-dən 18.06.2013-cü il tarixli 84 saylı müqavilə ilə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının Vİİİ mərtəbəsində yerləşən 140,6 kv.m sahəsi olan 23 saylı mənzilə görə müəssisəyə 182780 manat pul ödəmişdir, İddiaçı 18.06.2013-cü il tarixli 84 saylı müqavilə üzrə borcu qalmamışdır. - 18.06.2013-cü və 19.06.2013-cü il tarixli kassa mədaxil orderlərinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən həmin tarixlərdə müvafiq olaraq 5000 manat və 177780 manat olmaqla, ümumilikdə 18.06.2013-cü il tarixli 84 saylı müqavilə üzrə “xxxx” MMC-yə 182780 manat ödənilmişdir - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 04.06.2018-ci il tarixli məktubunda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10, 11.1, 12.1- ci maddələrinə istinad edilmiş və bildirilmişdir ki, araşdırma aparılan zaman ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. - Bakı ŞİH başçısının 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı ilə Bakı şəhəri Nəsimi RİH-in 1 oktyabr 2004-cü il tarixli 01-04/368 saylı razılıq məktubunu, “xxxx” MTK-nın 23 sentyabr 2004-cü il tarixli A/01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağının layihələşdirilməsi və tikintisinə həmin MTKya icazə verilmişdir. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən “xxxx” MTK-ya müvafiq inşaat pasportu və ayrıc aktı verilmişdir. - 5 mart 2006-cı il tarixli “xxxx” MTK ilə (sifarişçi) “xxxx” MMC (podradçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 1.1-ci bənd – “Sifarişçi”nin (“xxxx” MTK) tapşırığı ilə “Podratçı” (“xxxx” MMC) öz vəsaiti və riski ilə Bakı ŞİH başçısının 237 nömrəli 12 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, 28 May küçəsi, 717ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, yaşayış binası və 2.220 kv.m ticarət obyektinin inşa edilməsini öhdəsinə götürür, “Sifarişçi” isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq “Podratçı”ya təhvil verməyi öz öhdəsinə götürür; 3.1.12-ci bənd - Podratçı obyektin tikintisi 50% yerinə yetirdikdən sonra öz 50% payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər; - 3.1.14-cü bənd – mənzillərin satılması üçün alıcılarla müqavilələr “xxxx” MTK tərəfindən bağlanır. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli icazə verilmişdir (istismara icazə sənədi). Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində “xxxx” MTK (“xxxx” MMMC). -Azərbaycan Respublikasının FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən “xxxx” MTK-ya ünvanlanmış 21 avqust 2020-ci il tarixli məktubda qeyd olunur: Sizin binanın istismara hazırlığı barədə rəyə düzəliş edilməsi və eskiz layihəsinin surətinin verilməsi barədə məktubunuza baxılmışdır. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının tikintisi Bakı ŞİH-in 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı və torpağa dair rəsmiləşdirilmiş ayrıc aktı əsasında “xxxx” MTK tərəfindən həyata keçirilmişdir. Həmin bina istismara icazə verilmədən məskunlaşdırıldığına görə «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən bina müvafiq qaydada təhlükəsizlik və etibarlılıq nöqteyi nəzərindən müayinədən keçirilmiş və bunun nəticəsində binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəy verilmişdir. Həmin binanın sifarişçi funksiyaları, bütün icazəverici və hüquq müəyyənedici sənədləri “xxxx” MTK-ya aid olduğundan, binanın istismara hazırlığı barədə rəy “xxxx” MTK-nın adına rəsmiləşdirilmişdir. Həmin rəydə mötərizədə göstərilən “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 149cu maddəsinə uyğun olaraq çoxmənzilli binada yalnız əmlak kompleksini birgə idarə edən qurum kimi nəzərdə tutulmuşdur və binaya dair icazəverici və hüquq müəyyənedici sənədlərin rəsmiləşdirilməsinin formal hüquqi tələblər baxımından ona heç bir aidiyyəti yoxdur. Qeyd olunanları nəzərə alaraq, MTK tərəfindən verilmiş binanın istismara hazırlığı barədə rəydə hər hansı dəyişikliklərin və ya düzəlişlərin edilməsinə zərurət yoxdur. - Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi X2 Baş İdarəsi tərəfindən “xxxx” MMMC-yə ünvanlanmış 28 avqust 2020-ci il tarixli məktubda qeyd olunur: Sizin müraciətiniz əsasında “Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yaşayış binası” üzrə tikinti layihəsinə dair 26 iyul 2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində texniki səhvə yol verilmişdir. Ekspertiza rəyində sifarişçi qismində “xxxx” MMC əvəzinə “xxxx” MTK oxunmalıdır. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “xxxx” MTK-ya ünvanlanmış 09.09.2020-ci il tarixli məktubda qeyd olunur: ünvan 6 ünvan D.Əliyeva 198) 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına sadələşdirilmiş qaydada verilmiş icazə sənədindəki “Tikinti obyektinin sahibi” qrafasından “xxxx” MMMC-nin adının çıxarılması ilə bağlı MTK-nın müraciətinə Komitədə baxılmışdır. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış anoloji məzmunda müraciətə 21 avqust 2020-ci il tarixli cavab məktubunda “xxxx” MMMC-nin yalnız daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını təmin etmək məqsədilə yaradıldığı vurğulanaraq, sifarişçi funksiyalarını aparmaq üçün səlahiyyətli olmadıqları qeyd edilmiş və bu səbəbdən binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəyində hər hansı dəyişiklik və ya düzəlişlərin edilməsinə zərurət olmadığı bildirilmişdir. Eyni zamanda, FHN TTHDA X2 Baş İdarəsinin təqdim olunan 28 avqust 2020-ci il tarixli 37/36-01251 nömrəli məktubunda bina üzrə 26 iyul 2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində səhvə yol verildiyi qeyd olunmuş, sifarişçi qismində “xxxx” MMMC-nin yerinə “xxxx” oxunmalı olduğu bildirilmişdir. 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli istismara icazə sənədinin Fövqəladə Hallar Nazirliyinin binanın istismara hazırlığı barədə qeyd olunan rəyi əsasında tərtib edildiyini və «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qüvvəsinin 1 yanvar 2020- ci il tarixədək olduğunu nəzərə alaraq, həmin sənəddə hər hansı düzəliş edilməsinə zərurət yoxdur. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-150/2018 saylı cinayət işi üzrə 19 iyul 2018-ci il tarixli hökmünün surətindən görünür ki, “xxxx” MMC-nin rəhbəri və təsisçisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə dair cinayət mühakimə icraatında “xxxx” MMC ilə ayrı-ayrı şəxslər arasında yuxarıda qeyd olunan ünvandakı mənzillərlə əlaqədar bir sıra müqavilələr nəzərə alınmışdır - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1602/2016 saylı iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” MMC cavabdeh “xxxx” MTK-ya qarşı iddiası qismən təmin edilərək, ünvan 7dəki qeyri-yaşayış obyektinin “Bakı” Mehmanxanasının yerləşdiyi 0,673 ha, torpaq sahəsinin D.Əliyeva küçəsinə çıxan yerində inşa edilmiş 1 bloklu 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın tikinti sahəsinin satılmasından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi iddiaçıya aid edilməklə, həmin binanın özgəninkiləşdirilməmiş sahələri üzərində iddiaçının sahiblik, istifadə və sərəncam hüququnun tanınması, cavabdehdən tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 vmanat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-662/2018 saylı iş üzrə 6 dekabr 2018-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1602/2016 saylı iş üzrə qətnaməsi yoxlanıllan «ünvan 7də yerləşən qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyriyaşayış sahəsi 2.220 kv.m olan binanın özgəninkiləşdirilməmiş sahələri üzərində “xxxx” MMC-nin sahiblik, istifadə və sərəncam hüquqları tanınsın. “xxxx” MTK-nın tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pul alınaraq “xxxx” MMC-yə ödənilsin.» hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin edilməmiş, qətnamə iddianın rədd olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)- 158/2019 saylı iş üzrə 9 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 6 dekabr 2018-ci il tarixli həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 9252/2016 saylı 21.11.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı «mülkiyyət, sahiblik və istifadə hüququnun tanınması» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı 18.06.2013-cü il tarixli 84 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində “xxxx” MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 140,6 kv.m olan 3 otaqlı 23 nömrəli mənzilə üzərində sahiblik və istiafdə hüququnun tanınması, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində “xxxx” MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 140,6 kv.m olan 3 otaqlı 23 nömrəli mənzildə təmir işlərinə icazə verilməsi öhdəliyinin “xxxx” MMC-nin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2583/2017 saylı 07.03.2017-ci il tarixli qərardadı ilə cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayətindən imtinası qəbul edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 9252/2016 saylı 21.11.2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilmişdir. - “xxxx” MMC ilə İddiaçı arasında imzalanmış 18.01.2016-cı il tarixli Razılaşma və 20.02.2017-ci il tarixli təhvil təslim Aktından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa olunmuş çoxmənzilli yaşayış binasının Vİİİ mərtəbəsində 3 otaqlı 23 nömrəli 140,6 kv.m mənzil İddiaçı təhvil verilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir; Məhkəmə kollegiyası qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)- 1602/2016 saylı iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə ünvan 7 ünvanındakı iddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyatını iddia etdiyi mənzilin də yerləşdiyi çoxmənzilli yaşayış binasının tikinti sahəsinin satışından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi “xxxx” MMC-yə aid edilmişdir. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-150/2018 saylı cinayət işi üzrə 19 iyul 2018-ci il tarixli hökmünün surətindən görünür ki, “xxxx” MMC-nin rəhbəri və təsisçisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə diar cinayət mühakimə icraatında “xxxx” MMC ilə ayrı-ayrı şəxslər arasında yuxarıda qeyd olunan ünvandakı mənzillərlə əlaqədar bir sıra müqavilənin qanuniliyi və mötəbərliyi tanınmışdır Eyni zamanda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-9252/2016 saylı 21.11.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı «mülkiyyət, sahiblik və istifadə hüququnun tanınması» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı 18.06.2013-cü il tarixli 84 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində “xxxx” MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 140,6 kv.m olan 3 otaqlı 23 nömrəli mənzilə üzərində sahiblik və istiafdə hüququnun tanınması, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində “xxxx” MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 140,6 kv.m olan 3 otaqlı 23 nömrəli mənzildə təmir işlərinə icazə verilməsi öhdəliyinin “xxxx” MMC-nin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2583/2017 saylı 07.03.2017-ci il tarixli qərardadı ilə cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayətindən imtinası qəbul edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 9252/2016 saylı 21.11.2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə qərarları ilə iddiaçının «xxxx» MMC ilə imzaladığı müqavilənin qanuniliyi və mötəbərliliyi, həmçinin iddiaçının qeyd olunan mənzilə hüquqları tanınmış və qəbul edildiyindən, həmin müqavilə hər hansı qaydada mübahisələndirilmədiyindən, o cümlədən ləğv edilmədiyindən, etibarsız sayılmadığından hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticə doğru olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(112)-7432/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Üçüncü şəxs “xxxx” MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(112)-7432/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1129/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1129/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver