Məhkəmə qərarları › İş №2-1(103)-1129/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1129/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1129/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, onun vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6019/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci və 32.1-1-ci maddələrinə əsasən cavabdehin üzərinə ona 14 may 2017-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması öhdəliyinin qoyulması barədə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1960-cı il təvəllüdlü olmaqla, 57 yaşı 14 may 2017-ci ildə tamam olmuşdur. 08 oktyabr 2020-ci il tarixində güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması barədə cavabdehə müraciət edərək, qeyd olunan şərtlərlə pensiya almaq hüququnun yarandığı üçün ona pensiya təyin edilməsini xahiş etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 2020-ci il 27 oktyabr tarixli **********2 nömrəli məktubu ilə ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası təyin olunmasından imtina olunmuşdur. İmtinanın səbəbləri kimi 60 yaşı tamam olan tarixə, yəni 14 may 2020-ci ilə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi və 12 il 6 ay güzəştli iş stajına malik olmaması göstərilmişdir. Halbuki 57 yaşı tamam olan tarixə, yəni 14 may 2017-ci il tarixə onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ müəyyən edilməli idi. Qanunvericiliyə görə bu növ pensiyanın təyin edilməsi üçün kişilərdə 57 yaşa çatması, 25 il ümumi sığorta stajına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan istehsalatlarda, peşələrdə, vəzifələrdə və göstəricilərdə 12 il 6 ay çalışması yetərlidir. O, 01.01.1978-ci ildən 21.08.1992-ci ilədək cəmi 10 il 7 ay 11 gün zərərli sahədə çalışmış, həmin dövr ərzində keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. Hərbi xidmət dövrü nəzərə alınmaqla 12 il 8 ay 1 gün güzəştli iş stajı toplamışdır. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçının güzəştli iş stajı 12 il 6 aydan azdır. Bu səbəbdən də inzibati orqan qanunvericiliyə əsaslanaraq haqlı olaraq pensiya təyinatından imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-6019/2021 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli iş stajı 10 il 7 ay 11 gün təşkil edir və iddiaçının 23.04.1979-cu ildən 13.05.1981-ci ilədək hərbi xidmətdə olduğu dövr onun ümumi iş stajı kimi nəzərə alınsa da, lakin güzəştli iş stajı kimi nəzərə alına bilməz. Bu isə o, deməkdir ki, iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahıda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1960-cı ildə doğulmuşdur və onun 57 yaşı 14 may 2017-ci ildə tamam olmuşdur. Əmək kitabçasına əsasən onun sığorta stajı 14 may 2017-ci il tarixinə 16.09.1977-ci ildən 09.04.1979-cu ilə, 03.08.1981-ci ildən 21.08.1992-ci ilə, 03.09.1992-ci ildən 21.12.2000-ci ilə, 05.01.2001-ci ildən 05.12.2003-cü ilə, 23.01.2013-cü ildən 14.05.2017-ci ilə kimi olan dövrü əhatə edir. 23.04.1979-cu ildən 13.05.1981 -ci ilədək isə hərbi xidmətdə olmuşdur. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 14.05.2017-ci il tarixə onun 30 il 9 ay 14 gün ümumi sığorta stajı toplanır. Əmək kitabçasındakı qeydlərə əsasən güzəştli iş stajına 01.01.1978-ci ildən 09.04.1979-cu ilədək, 03.08.1981-ci ildən 17.04.1990-ci ilədək, 02.01.1992-ci ildən 21.08.1992-ci ilədək olan dövrlər daxil edilməlidir. Məhkəmə isə iddiaçının güzəştli iş stajını 10 il 7 ay 11 gün təşkil etdiyi qənaətinə gəlsə də, onun 23.04.1979-cu ildən 13.05.1981-ci ilədək hərbi xidmətdə olduğu dövrü ümumi iş stajı kimi nəzərə alsa da, güzəştli iş stajı hesab etməmişdir. Halbuki, Keçmiş SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndində qeyd edilir ki, yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdən sonra gələn işə bərabər tutulur. “Qazanılmış hüquq” konsepsiyası tətbiq olunmalı olduğu halda cavabdeh tərəfindən pozulmuş konstitusiyon hüquqlar barədə birinci instansiya məhkəməsi araşdırma aparmamış, həm maddi həm də prosessual hüquq normalarının pozuntusu ilə qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını və onun vəkilinin hüquqi məsələlərə dair izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddiaçının iddia tələbini nəzərdən keçirir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiysının təyin edilməsini xahiş edir. Belə olan halda iddia tələbinin qanuni əsasını qeyd edilən Qanunun 9.8-ci maddəsi təşkil edir. 01.01.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, 01.01.2006cı ilədək əmək şəraiti zərərli və ağır olan işlərdə çalışdığını bildirən iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları 01.01.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının 01.01.2006cı il tarixədək 25 ildən artıq olması işin mübahisəsiz halıdır. Belə ki, notarial qaydada təsdiq və tərcümə edilmiş ИT-İ seriyalı ******* nömrəli 20.01.1978-ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı 16.09.1977-ci ildə “Dəmirbeton” trestinin Təcrübə-sınaq zavoduna Yeni Texnika qrupu sahəsinə metal konstruksiyaların yığılması üzrə quraşdırıcı-çilingər şagirdi kimi qəbul olunmuşdur (əmr 101/k, 16.09.1977-ci il); 01.01.1978-ci ildə Metal konstruksiyaların yığılması üzrə birinci dərəcəli çilingər peşəsi verilir ( əmr 2/k, 2.01.1978- ci il); 17.07.1978ci il Azərbaycan SSR ƏMQ 36-cı maddəsinin 5-ci b əsasən Dəmirbeton zavodunun Təsərrüfat hesablı TTS-nə keçirilməklə işdən azad edilmişdir (əmr 80/k, 17.07.1978-ci il); 16.07.1978-ci ildə Dəmirbeton trestinin Təsərrüfat hesablı təmir tikinti sahəsi. Dəmirbetontrestinin TZS-dən keçirmə yolu ilə 2-ci dərəcəli quraşdırıcı-çilingər işinəqəbul olunmuşdur (Əmr 02/ok, 6.07.1978-ci il); 09.04.1979-cu ildə Sovet Ordusuna çağırış ilə əlaqədar işdən azad edilmişdir (Əmr 40, 09.04.1979-cu il); 23.04.1979-cu ildən 13.05.1981-cii ilə qədər hərbi xidmətdə olmuşdur (Hərbi bilet НЗ 3656472); 03.08.1981-ci ildə Dəmirbeton trestinin təsərrüfat hesablı Təmir-Tikinti sahəsi 2-ci dərəcəli betonçu işinə qəbul edilmişdir (əmr 49, 28.08.1981-ci il); 03.05.1983-cü ildə 3-cü dərəcəli betonçu işinə keeçirilmişdir ( Əmr 32/k, 03.05.1983-cü il); 01.07.1986-cı ildə 4-cü dərəcəli betonçu işinə keçirilir (Əmr 44a, 30.006.1986-cı il); 17.10.1986-cı ildə sahə icraçısı vəzifəsinə keçirilmişdir ( Əmr 58, 17.10.1986-cı il); 17.04.1990-cı ildə sahə rəisi vəzifəsinə təyin edilmişdir ( əmr 13, 16.04.1990-cı il); 31.12.1991-ci ildə TMİK Tqi-nə keçirilmişdir ( Əmr 37, 31.12.1991-ci il); 02.01.1992-ci ildə TMİK Tikinti-Quraşdırma İdarəsi THTİ-dən keçirmə yolu ilə icraçı (prorab) vəzifəsinə təyin edilmişdir (Əmr 02/k, 02.01.1992-ci il); 01.08.1992ci ildə AR ƏQM 36-cı ç 5-ci b əsasən “Abadlıq” kiçik müəssisəsinə keçirmə yolu ilə işdən azad edilmişdir (Əmr 91/k, 01.088.1992-ci il); 21.12.2000-ci ildə AR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur (Əmr 47, 21.12.2000-ci il); 05.12.2001-ci ildə Bakı Taxıl Tikinti SC-nə Mühəndis vəzifəsinə təyin edilmişdir (Əmr 2, 05.01.2001-ci il); 25.12.2003-cü ildə AR ƏMQ-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur (Əmr 41, 25.12.2003-cü il); 23.01.2013-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Resursların Artırılması və Mühafizəsi Departamenti Su Hövzələrində bioresursların mühafizəsi xidmətinin Abşeron-Bakı regionu üzrə sektoruna aparıcı müfəttiş vəzifəsinə təyin edilmişdir (Əmr 13-k, 23.01.2013-cü il); 07.12.2018-ci ildə AR ƏM-nin 70ci maddəsinin “a” bəndində əsasən ( müəssisə ləğv edildikdə) tutulduğu vəzifədən azad edilmişdir (07.02.2018-ci ildə). NZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 23.04.1979-cu ildən 13.05.1981-ci ilədək hərbi xidmətdə olmuşdur. НВ seriyalı 001421 №-li diplomun surətindən müəyyən olunur İddiaçı 1977-ci ildə Azərbaycan Mühəndis İnşşaat İnistutuna daxil olmuş və 1977-ci ildə həmin inistitutda tikinti məmulatı və konstruksiyalarının istehsalı ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 1986-cı il iyun tarixli qərarı ilə ona inşaatçı mühəndis texnoloq ixtisası verilmişdir İşin mübahisələndirilən halı iddiaçının 01.01.2006-cı il tarixədək işlədiyi güzəştli sahələr barədə arayışların təqdim edilməməsi və 12 il 6 ay güzəştli iş stajının olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası iddiaçının işlədiyi güzəştli vəzifələrə dair arayışların inzibati orqana və (və ya) məhkəməyə təqdim edilib-edilməməsini araşdırmağı lüzum görmür. Belə ki, iddia ərizəsindən, iddiaçının apellyasiya şikayətindən də aydın göründüyü kimi iddiaçı güzəştli sahədə 12 il 6 aydan az (10 il 7 ay 11 gün ) çalışdığını etiraf edir. Cavabdehin də imtinasının əsasında onun 01.01.2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajının olmaması durur. İddiaçının apelyasiya şikayətinin dəlili “qazanılmış hüquq” konsepsiyasının tətbiq edilməsi ilə bağlıdır. Bu zaman iddiaçı Keçmiş SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinə istinad edir. Həmin normada qeyd edilir ki, yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdən sonra gələn işə bərabər tutulur. Qeyd edilən normadan çıxış edərək iddiaçı hərbi xidmət də olduğu dövrün də güzəştli staja hesablanmasını xahiş edir. Məhkəmə kollegiyası bu dəlili əsassız hesab edərək qeyd edir ki, hərbi xidmət dövrünü ümumi iş stajına daxil etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67- ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin qanunun 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Digər tərəfdən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Beləliklə işdən müəyyən olunur ki, iddiaçının 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilmir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanun və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajının olmamasına əsaslanan cavabdehin imtinası nəticə olaraq qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6019/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6019/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fuad Talışinski Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar