Məhkəmə qərarları › İş №2-1(103)-1129/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1129/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1129/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə X5 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “idxal edilmiş avadanlıqların rəsmiləşdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7873/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və “XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların gömrük rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7873/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı MMC tərəfindən **********7815 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların gömrük rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayətində işin hallarını sadalanmış və qeyd edilmişdir ki, məhkəmə qanunu səhv təfsir etmiş, iş materiallarında olan "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" xx.xx.2022-ci il tarixli qərara və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 -ci maddəsinə istinad edərək iddianı təmin etmişdir. Qanunverici Cinayət-Prosessual Məcəllənin 65.1-ci maddəsinin preyudisial əhəmiyyətini cinayət-prosessual qanunvericiliyinə aid etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, İddiaçı MMC-nin ünvanına 34JZ9529/34KZ4337 nömrəli nəqliyyat vasitəsində, 000128 saylı xx.xx.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş yük **********7815 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Mal müşayiət sənədlərində həmin malların XİF MN üzrə ********** kodu altında təsnif edildiyi göstərilmişdir. Həmin malların XİF MN üzrə hansı kod altında sinifləşdirilməsinin müəyyən edilməsi məqsədi ilə X2 İdarəsinə müraciət edilmişdir. X2 İdarəsindən daxil olmuş məktubda göstərilmişdir ki, İddiaçı MMC tərəfindən verilmiş invoys üzrə 1- ci mövqedə olan malın XİF MN ********** kodu altında təsnif edilməklə 5 % idxal gömrük rüsumuna, 2-ci mövqedə olan malın isə XİF MN ********** kodu altında təsnif edilməklə 15 % idxal gömrük rüsumuna cəlb edilməlidir. Nəticədə həmin malların idxalı zamanı İddiaçı MMC-nin 26678,80 manat gömrük ödənişlərinin ödənilməsindən yayındığı və əməldə Azərbaycan Respublikası CM-nin 209.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq İdarəsinin 24 fevral 2022-ci il tarixli qərarı ilə İddiaçı MMC barəsində xx/xx/058840 nömrəli materialı üzrə əməldə Azərbaycan Respublikası CM-nin 209 və digər maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi olmadığından cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun anbarında saxlanılan, İddiaçı MMC tərəfindən idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805-MOV 24181” və “XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilərək buraxılmasının təmin edilməsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Lakin cavabdeh X3 İdarəsinin verdiyi rəyə əsaslanaraq, gömrük rəsmiləşdirilməsinin aparılmasından imtina etmişdir. Hazırda iddiaçı idxal edilmiş “Neles” markalı, T5GB16AAH1805 MOV 24181” və XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların gömrük rəsmiləşdirilməsi tələbini irəli sürür. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi ilə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İPM-in 87.8-ci bəndinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İşdən görünür ki, məhkəmə iddianın təmin edilməsinə dair yekun qərarını əsaslandırarkən işin digər halları ilə yanaşı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 fevral 2022-ci il tarixli qərara əsaslanmışdır. Cavabdeh tərəf apelyasiya şikayətində yalnız X3 İdarəsinin verdiyi rəyə əsaslanmış və məhkəmə tərəfindən 24 fevral 2022-ci il tarixli qərara əsaslanılmasını preyudisiallıq baxımından qanunun səhv təfsiri kimi qeyd etmişdir. AR İnzibati Prosessual Məcəlləsi: 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin istinad etdiyi dəlillər işdə olan digər dəlillərlə birgə qiymətləndirilir və yalnız işin faktiki halları ilə öz təsdiqini tapdığı təqdirdə məhkəmə tərəfindən mübahisənin həlli zamanı əhəmiyyət kəsb edən sübut qismində nəzərə alınır. İşdən və apelyasiya şikayətindən də göründüyü kimi cavabdeh orqan iddiaçıya məxsus malların anbarda saxlanılmasına dair mövqeyini yalnız X2 tərəfindən verilmiş ekspert rəyi ilə əsaslandırır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 321.4-cü maddəsinə əsasən, malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Qanunvericilik normasından aydın olduğu kimi, müvafiq ekspert rəyləri malların təsnifat kodları müəyyənləşdirilərkən nəzərə alına bilən yardımçı məlumat xarakteri daşımaqla məcburi və ya qəti informasiya mənbəyi deyildir. Cavabdeh orqan tərəfindən mövqeyini əsaslandıran digər hər hansı dəlil apelyasiya şikayətinə əlavə edilməmiş, apelyasiya baxışı zamanı məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 fevral 2022-ci il tarixli qərardan görünür ki, xx/xx/058840 nömrəli yoxlama materialı üzrə əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209 və digər maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi olmadığından cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun anbarında saxlaılan, İddiaçı MMC tərəfindən idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilərək buraxılmasının təmin edilməsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Həmin material üzrə müəyyən edilmişdir ki, idxalatçı tərəfindən təqdim edilmiş sənədlərin və sənədlərdə əksini tapmış məlumatların həqiqiliyi şübhə doğurmur. İddiaçı MMC həmin avadanlıqların idxalı və “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirilməsi zamanı malların təsviri və XİFMN kodunu düzgün bəyan etmiş və gömrük ödənişlərinin ödənilməsindən yayınma halı mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət prosesini həyata keçirən orqanı birbaşa preyudisial əhəmiyyət daşımasa da, hazırki mübahisənin faktiki hallarından biri kimi cavabdehin dəlilinin əsassız olması nəticəsinə gəlməyə imkan verir. Yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilmiş, prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edilmişdir. Cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7873/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar