Məhkəmə qərarları › İş №2-1(103)-1129/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1129/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1129/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X1 Asəf qızının katibliyi ilə, İddiaçı firmasının cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13874/2024, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı firması cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra cavabdeh vəsatət qaldıraraq İddiaçı firmasının rəhbərinin və MMC ilə əməliyyat aparmış riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMCnin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin rəhbərlərinin inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13874/2024, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı firmasının rəhbərinin və MMC ilə əməliyyat aparmış riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin rəhbərlərinin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatət təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını və vəsatətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti vəsatətə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, "xxxx" Firmasının rəhbərininvə həmin cəmiyyət ilə qarşılıqlı əməliyyat aparmış riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMC-nin"xxxx" MMC-nin"xxxx" MMC-nin, "xxxx" MMC-nin"xxxx" MMC-nin v"xxxx" MMC-nin rəhbərlərininadi cəlbetmə qaydasında icraatda iştiraka cəlb edilməsi və yaxud şahid qismində cəlb edilməsi üçün qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Bununla yanaşı, göstərilən şəxslərin işə cəlb edilməsi, lazım olan sübutların məhkəməyə təqdim edilməsi, işə daha tez baxılmasının təmin edilməsi baxımından əhəmiyyət kəsb edir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin qeyd edilən göstərişini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilməsinin əsasları yoxlanılmalıdır. Qeyd edilən 27-ci maddəsinə əsasən aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi), cavabdeh, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Azərbaycan Respublikası İPM-in: 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.3-cü maddəsinə əsasən üçüncü şəxsin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.5-ci maddəsinə əsasən, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadının 53-cü bəndində əsasən İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı iş üzrə qəbul ediləcək məhkəmə qərarının İddiaçı firmasının rəhbərinin və MMC ilə əməliyyat aparmış riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin rəhbərlərinin qanuni maraqlarına toxunma ehtimalının hazırda olmadığı qənaətinə gəlmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, İPM-nin 28.1-ci maddəsinin tələblərindən göründüyü kimi qanunvericilik üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmənin yalnız iki halını nəzərdə tutmuşdur:

1. məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə;

2. həmin şəxslərin vəsatəti əsasında. Hazırkı iş üzrə isə yuxarıda adları qeyd edilən hüquqi şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi məsələsi cavabdeh tərəfindən vəsatət vasitəsi ilə irəli sürülmüşdür. Göründüyü kimi inzibati məhkəmə icraatında cavabdeh tərəfindən üçüncü şəxsin məhkəmə icraatına cəlb edilməsi ilə bağlı vəsatət (ərizə) ilə məhkəməyə müraciət etmək hüququ qanunvericiliklə təsbit edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin məhkəmə qərarından qanunvericiliklə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti vermək hüququ da mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 28 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13874/2024, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina olunsun. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər cavabdehə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar