Məhkəmə qərarları › İş №2-1(103)-1130/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1130/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1130/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Nərimanov Rayon Polis İdarəsinə qarşı “X4 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçı2, 3-cü şəxs X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Nərimanov Rayon Polis İdarəsinə qarşı “X4 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2679/2020 saylı 16 iyun 2020-ci il tarixli qərarından 3-cü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətinə 05 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2 tərəfindən tikilmiş, ailəliklə həmin evdə yaşamış, oğlu X2 (Mirzəzadə) Roza Telman qızı ilə 06.10.2015-ci ildə rəsmi nikaha daxil olaraq evlənmiş və birgə nikahdan onların iki övladı doğulmuşdur. Sonradan iddiaçının oğlu ilə gəlini arasında ailə münasibətləri korlanmış, Roza Quliyeva uşaqlar ilə birlikdə evi tərk etmişdir. Bundan sonra X10 cavabdehlər İddiaçı1 və X5 qarşı uşaqla birlikdə mənzilə köçürülməsi tələbinə dair məhkəmədə iddia qaldırmış, lakin onun iddiası Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-3595/2018 saylı 10.09.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı2 keçmiş gəlini X4 qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Nərimanov rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 0781451M saylı 23.04.2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılma məsələlərinin onların səlahiyyəti daxilində olmadığından pasport qeydiyyatında olan X4 qeydiyyatdan çıxarılması mümkün deyildir. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Nərimanov Rayon Polis İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək X4 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2 tərəfindən tikilmiş, həmin evdə hal-hazırda X16 qeydiyyatdadır. Sonradan həmin evə Quliyeva (Mirzəzadə) Roza Telman qızı və onun oğlu X12 qeydiyyata alınmışlar. Quliyeva (Mirzəzadə) Roza Telman qızı bu evi tərk edəndən bir müddət sonra evə köçürülmə ilə əlaqədar Nərimanov rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Nərimanov rayon Məhkəməsinin 10.09.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 evə köçürülmə barədə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin 28.12.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Nərimanov rayon Məhkəməsinin 10.09.2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanmışdır. Bu qətnamədən də kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.06.2019-cu il tarixli 2(102)-3930/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 dekabr 2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanmışdır. Odur ki, Quliyeva (Mirzəzadə) Roza Telman qızının ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinin imtina olunması preyudisial xarakter aldı. Quliyeva (Mirzəzadə) Roza Telman qızının həmin evə heç bir hüququ olmadığı halda onun bu evə yaşayış hüququ itirilmiş hesab edilməklə o, bu evdən qeydiyyatdan çıxarılmalıdır. Quliyeva (Mirzəzadə) Roza Telman qızının qeydiyyatdan çıxarılması ilə bağlı İddiaçı2 tərəfindən Nərimanov rayon Polis İdarəsinə müraciət edilmiş, lakin onun tələbi təmin edilməmişdir. Halbuki iddiaçının tələbi tam əsaslıdır və təmin olunmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2679/2020 saylı 16 iyun 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X10 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır, bu səbəbdən də ləğv edilməlidir. X7 və İddiaçı2 birgə nikahından olan X11 ilə 06.10.2015-ci il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuş, həmin nikahdan iki övladları olmuşdur. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini onlar birgə nikah dövründə, yəni 2016-cı ilin oktyabr ayında almışlar. Keçmiş həyat yoldaşıyla birgə nikah dövründə onlar həmin evi Qazax rayonu. Qaymaqlı kəndi sakini X3 almışlar. X13 notarial qaydada təsdiq olunmuş (**********279 nömrəli, 14.12.2019-cu il tarixli) ərizə vermişdir ki, ona məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini keçmiş həyat yoldaşı X1 o bildirmişdir ki, pulu çatmamışdır və həmin pulun bir hissəsini qayınatası, yəni onun atası vermişdir. O, məhkəmədə şahid kimi ifadə verməyə hazırdır. Sözügedən mənzilin birgə nikah dövründə alınmasını və onun orada yaşamasını qonşular da təsdiq edirlər. Əvvəllər evə köçürmə tələbi ilə məhkəmədə iddia qaldırmış, lakin iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qətnaməsində göstərilmişdir ki, evə köçürmə tələbi ona görə mümkün deyil ki, evə yaşayış hüququ əldə edilməmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsində ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun verilməsi haqqında iddia qaldırmış, həmin iddia hal-hazırda məhkəmənin icraatındadır. Tərəflərin izahatları: 3-cü şəxs X10 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı digər İddiaçı1 və cavabdeh Nərimanov Rayon Polis İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh məktubla məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslər hazırki işə digər iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə digər İddiaçı1 və cavabdeh Nərimanov Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Nərimanov Rayon Polis İdarəsinə qarşı tələbləri “X4 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıların iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdirlər. Belə ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3930/2019 saylı 04 iyun 2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 3595/2018 saylı 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdeh İddiaçı1 və X8 qarşı uşaqla birlikdə mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3930/2019 saylı 04 iyun 2019-cu il tarixli qərarında göstərilmişdi ki, mübahisəli ev Arif Mirzəzadəyə məxsus başqa bir evin satılmasından əldə olunmuş gəlir hesabına alınmış, belə ki, Arif Mirzəzadə və oğlu Pərviz Mirzəzadə evin satışından əldə olunmuş gəliri hər biri 27250 ABŞ dolları olmaqla banka əmanət kimi 29.07.2015-ci il tarixli müqavilə ilə yerləşdirmiş və mübahisəli ev həmin vəsait hesabına alınmışdır. Göründüyü kimi, cavabdeh tərəf evin alınması üçün sərf olunmuş vəsaitin mənbəyini göstərir. İddiaçı Roza Mirzəzadə isə bu halın əksini iddia etsə də, öz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, mübahisəli evin alqı-satqısı üçün hansı mənbədən istifadə edildiyini göstərməmişdir. Beləliklə, mübahisəli evin özbaşına tikili olması və tərəflərin birgə nikahı dövründə alınması mübahisəsiz olsa da, həmin evin məhz tərəflərin ümumi gəlirləri hesabına əldə edilməsi sübuta yetirilməmişdir. Yuxarıda göstərildiyi kimi, mübahisəli ev cavabdehin atası tərəfindən və ona məxsus olan pul vəsaiti hesabına alınmışdır. İddiaçı bu evin alınmasına, təmirinə və ya yaxşılaşdırılmasına hər hansı şəkildə vəsait xərcləməmişdir. Belə olan halda iddiaçının həmin evə istifadə hüququnun yaranmasından və evə köçürülməli olmasından söhbət gedə bilməz. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisəli evdən istifadə hüququ tanınmadığından azyaşlı uşaqların məhz iddiaçı ilə birlikdə həmin evə köçürülməsi də hazırki halda mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə olan halda Kollegiya Azərbaycan Respublikası MPM-nin bəzi müddəalarının hazırki mübahisə üzrə prosessual normalar daxilində tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı 26.04.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı1 10 dekabr 2016-cı il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, hazırki vəziyyətdə iddiaçılar mülkiyyətçi olmasa da, onlar mübahisəli evin sahibi olmaqla, həmin evi mülkiyyətlərinə keçirmək üçün qanunla qorunan gözlənti hüququ olan şəxslər olduğundan hazırki iddianı qaldırmaqda haqlı olmuşlar və onların subyektiv hüququnun mövcudluğu həmin evə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarında müəyyən edilmiş əmlak hüquqlarının mövcudluğuna dəlalət edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun müddəalarının təhlilindən göründüyü kimi, qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarında məhz bu məsələləri araşdırmış və qərara almışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin bu qərarının hazırki işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin İddiaçı2 tərəfindən alınmış mübahisəli evdə iddiaçının razılıq ərizəsi əsasında qeydiyyata alınması müəyyən olunmur. Buna gərə də məhkəmə hazırki iddianın həllində Konstitusiya Məhkəməsinin qərarının 3-cü bəndindən hərəkət etməlidir. Konstitusiya Məhkəməsi eyni zamanda bununla bağlı da hüquqi mövqeyini bildirərək göstərmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması hallarında qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3930/2019 saylı 04 iyun 2019-cu il tarixli qərarından görünür ki, üçüncü şəxs Roza Mirzəzadənin mübahisəli evdən istifadə hüququ yoxdur. Bu o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin mübahisəli evdə qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox həmin evdə yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini nəinki təmin etmir, əksinə mümkünsüz edir. Qeydiyyat haqqında qanunun məqsədləri və müəyyən etdiyi şərtlər baxımından üçüncü şəxslərin iddiaçıların evində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük 9 palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93). 45. Baxılan iş üzrə üçüncü şəxslərin iddiaçının evində qeydiyyatda qalmasını şərtləndirən cəmiyyətin üstün maraqları mövcud deyil. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər qərarın ləğv edilməsi üçün əsas deyil. Belə ki, apellyasiya şikayətində göstərilmiş “Nərimanov rayon məhkəməsində mübahisəli fərdi yaşayış evindən və həyətyanı sahədən istifadə hüququnun verilməsi haqqında iddia qaldırması” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin iş hazırki mübahisənin həllindən asılı olduğundan hazırki iş üzrə icraatın dayandırılmasına ehtiyac yoxdur. Bir daha nəzərə alınmalıdır ki, üçüncü şəxsin mübahisəli evə istifadə hüququnun olmaması artıq qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilmişdi. Buna görə də üçüncü şəxsin həmin evə istifadə hüququnun tanınması ilə bağlı yenidən hər hansı iddianı qaldırması hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılmasına mane ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəsxin apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2679/2020 saylı 16 iyun 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

3-cü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2679/2020 saylı 16 iyun 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar