Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1130/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X9 (İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi,ədliyyə kapitanı) iştirakları ilə, İddiaçı İddiaçı (xx.xx.1992-ci il tarixində Biləsuvar rayonunda anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- ünvan 3vabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2- 1(112)-8983/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 29.07.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X4 üçüncü şəxs qismində göstərilməklə) qarşı məhkəməyə müraciət edərək 1476 (min dörd yüz yetmiş altı) manat maddi və 50000 (əlli min) mənəvi zərərin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 11.07.2021-ci il tarixdə azyaşlı qızı X5, öz doğma bacısı X6 ilə birlikdə müalicə olmaq üçün Türkiyəyə getmək üçün Hava limanına yola salıb. Keçmiş həyat yoldaşı Rüstəm ona etibarnamə vermədiyi üçün Yasamal Rayon Məhkəməsinə onun icazəsi olmadan ölkə hüdudlarını tərk edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsi iş № 2(004)- 3343/2015-saylı 29.07.2015-ci il tarixli qətnamə çıxararaq onun iddiasını təmin etmişdir. 28.03.2016-cı il tarixdə 2 saylı Asan Xidmət Mərkəzində Notariat kontorunun xüsusi notariusu X7 ərizə ilə müraciət edərək qızı Həzranın onun anası X10 ilə birgə ölkədən xaricə gedib- gəlməsinə etirazının olmadığını notarius təsdiqini alandan sonra qızı Həzra anası ilə birlikdə bir neçə dəfə ölkəni tərk etmişlər. O yenidən ərizə ilə notariusa müraciət edərək qızının bacısı ilə Türkiyəyə getməsinə etirazının olmadığının notarius təsdiqini istəyib. Notarius təsdiqini alandan sonra 1296 (bir min iki yüz doxsan altı) manat xərc çəkərək bilet alıb onları Türkiyəyə müalicəyə getmək üçün Hava Limanına yola salıb. Bir neçə saatdan sonra ona zəng vurublar ki, onun azyaşlı qızı Zeynalova Həzranı hava limanında bacısından ayırararaq sərhəd xidməti otağında saxlamışlar. O hava limanına gedəndə Sərhəd qoşunları xidmətçiləri onun azyaşlı qızını onun atası Nümayəndə vasitəsi ilə evə yola salıblar. O hava limanına çatanda uşaq artıq orada deyildi. Beləliklə, Azərbaycan Respublikası sərhəd qoşunları xidmətinin əməkdaşları öz səlahiyyətlərini aşaraq notariusun onlara verdiyi sənədi qanunsuz sayaraq, qızı Həzra Zeynalovanı əlində notarius sənəti olan bacısı Qüdrətli Zəhradan ayıraraq, geri qaytarmışlar. Bunun nəticəsində bilet pulu 1296 manat və 180 manat digər xərclər dəyərində ona zərər dəymişdir. Azyaşlı isə qorxudan ağır stress keçirmişdir. 06.12.2021-ci il tarixində iddiaçı tərəfindən məhkəməyə vəsatət verilmiş, vəsatətdə hava limanında həmin gün növbədə olmuş Dövlət Sərhəd Xidmətinin əməkdaşları barədə xüsusi iddia qaydasında cinayət işinin başlanması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2-1(112)-8983/2021 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2-1(112)-8983/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin apellyasiya icraatı zamanı iddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 11.07.2021-ci il tarixdə növbədə olmuş əməkdaşı və Bakı şəhər 54 saylı Notariat ofisinin xüsusi notariusu X1 məhkəmə iclasında iştirakının təmin edilməsini,Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qanunu pozaraq səlahiyyətini aşmış əməkdaşının müəyyənləşdirilərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə xüsusi ittiham qaydasında cinayət işinin başlanması barədə qərar verərək, Prokuror nəzarətinə verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.Əlavə olaraq, azyaşlı övladların ananın icazəsi ilə ölkədən kərnara çıxarılması ilə bağlı Ali Məhkəmənin iş materiallarına əlavə edilən analoji qərarının olduğunu, Notariusun etibarnamənin hansı formada verməsinin cavabdehə heç bir aidiyyatının olmadığını, cavabdeh orqanın əməkdaşının qeyd olunan sənədlə həmin uşağı şəxslə buraxa bilməyəcəyini, bunun qadağan olduğunu, əvvəlki vaxtlarda keçməsi ilə bağlı müvafiq araşdırmalarının olduğunu, böyük ehtimalla müvafiq şəxslərin cəzalandırıldığını, hər hansısa bir sərhədçinin Azərbaycan Respublikası vətəndaşına, hər şeydən öncə azyaşlı uşağa kobud rəftar etməsinin ağlabatan olmadığını bildirdi. Üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2-1(112)-8983/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında iddiaçının hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciətini təsdiq edən hər hansı sənəd-sübut olmadığından, məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddiaçıya cavabdeh inzibati orqana müraciət etməsini sübut edən sənədlərin təqdim edilməsi təklif edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə ünvanlanmış 13.08.2021-ci il tarixli şikayət ərizəsinin surəti məhkəməyə təqdim edilmişdir. Həmin ərizədə iddiaçı ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb etmişdir. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisi tərəfindən yetkinlik yaşına çatmayan Həzra Zeynalovanın və qohumu Zəhra Qüdrətlinin 11.07.2021-ci il tarixdə Bakı-Ankara aviareysinə buraxılmayaraq geriyə qaytarılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə ünvanlanmış müraciətə cavab olaraq Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbərinə cavab məktubu ünvanlanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatına daxil olduqdan sonra belə cavabdeh inzibati orqana müraciət edildiyindən, müraciət maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı olduğundan, həmçinin cavabdeh tərəfindən bu məsələ ilə bağlı Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə cavab məktubu ünvanlandığından, hazırkı iddia tələbi iddianın mümkünlük şərtlərini ödəyir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: -İddiaçı notarius tərəfindən təsdiq olunmuş 28.03.2016-cı il ərizəsinə əsasən, 20.08.2012 il təvəllüdlü X2 (PC AZE CO 1224488, DİN - 12.10.2015) 12/10/2020 tarixədək X10 (PP AZE P4031579, DİN - 26.07.2010) ilə birlikdə Azərbaycan Respublikasından kənara istənilən xarici ölkəyə gedib qayıtmasına heç bir etirazı yoxdur. - İddiaçı notarius tərəfindən təsdiq olunmuş 02.07.2021-ci il ərizəsinə əsasən, 20.08.2012 il təvəllüdlü X2 (ŞV AA2673887; ASAN 5-29.06.2021; FİN:7K2ZMBW) yetkinlik yaşına çatanadək X6 (PS: P5091587, DİN-15.08.2012; FİN: 55BUGK7) ilə birlikdə Azərbaycan Respublikasından kənara Türkiyə Respublikasına gedib qayıtmasına heç bir etirazı yoxdur. - Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli, 2(004)- 3343/2015 nömrəli iş üzrə qətnaməsinə əsasən (hakim T.Axundov) 20 avqust 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər atası X8 razılığı olmadan anası İddiaçı müşahidəsi altında Azərbaycan Respublikasının hüdudlarından kənara gedibgəlməməsinə icazə verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli, 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamənin 9-cu bəndinə əsasən Dövlət Sərhəd Xidməti öz təyinatına uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı əsas vəzifələri yerinə yetirir. 9.4. şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçməsinin qarşısının alınmasını təmin edir..; Həmin Əsasnamənin 9.11-ci bəndinə əsasən səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş dövlət sərhəd rejiminə, sərhədboyu rejimə (o cümlədən sərhəd sularında) və Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində rejimə əməl olunmasını təmin edir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3343/2015 nömrəli iş üzrə 29.07.2015-ci il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan Həzra Zeynalova atasının razılığı olmadan yalnız anası ilə birlikdə ölkəni tərk etməsinə icazə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsində yetkinlik yaşına çatmayan Həzra Zeynalova atasının razılığı olmadan anası ilə birlikdə dövlət sərhədindən hərəkətinə icazə verilsə də, anası özü getməyərək digər şəxsə (bacısı) Zəhra Qüdrətliyə razılıq ərizəsi vermişdir. Cavabdeh qurumun əvvəllər qeyd edilən qətnamə əsasında uşağın nənəsi ilə ölkə hüdudlarından kənara çıxmasına imkan verməsi onun həmin inzibati praktikaya etimad hüququna əsas vermir. Belə ki, həmin məhkəmə aktında uşağın anasının müşahidəsi olmadan ölkədən çıxarılmasına yol verilməsinə dair hər hansı müddəa yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan səlahiyyətlər daxilində hər hansı qanunazidd hərəkətə yol verməmiş və azyaşlının ölkədən çıxışına müdaxiləni nəzərdə tutan tədbir onun güddüyü qanuni məqsədə mütənasib olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, hazırkı iş üzrə cavabdehin hər hansı qanunazidd hərəkət və ya hərəkətsizliyi mövcud olmadığından, iddiaçıya qarşı maddi və mənəvi zərərin vurulması müəyyən edilmir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavədə qeyd edilmiş cavabdeh Azərbaycan Sərhəd Xidmətinin 11.07.2021-ci il tarixdə növbədə olmuş əməkdaşı və Azərbaycan Respublikası Sərhəd Xidmətinin qanunu pozaraq səlahiyyətini aşmış əməkdaşının müəyyənləşdirilərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə xüsusi ittiham qaydasında cinayət işinin başlanması barədə qərar verərək, Prokuror nəzarətinə verilməsi barədə vəsatətlərinin təmin edilməsinə əsaslar mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2-1(112)-8983/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2-1(112)-8983/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1130/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1130/2022
15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver