Məhkəmə qərarları › İş №2-1(103)-1130/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1130/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1130/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” barədə iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 2- 1(112)-14637/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Birgə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana (inzibati binaya) pasport qeydiyyatına alınmaları vəzifəsinin cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdürlər. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx xxx 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda təqaüddədir. 2022-ci lin son aylarına kimi o, qızı Aygün, oğlanları Nadir və Ramil Xəzər Rayon Polis İdarəsinin İnzibati Binasında pasport qeydiyyatında olmuşlar. Sonradan onu və ailə üzvlərini İnzibati Binadan pasport qeydiyyatından çıxarmışlar. İddiaçı ünvan 2-də faktiki olaraq yaşayır və həmin evdə doğulmuşdur. Bu ev onun ata-baba mülküdür. İddiaçılar hazırda həmin ünvandakı evdə yaşasalar da, evin sənədlərini düzəldə bilmədiyindən hal-hazırda qeydiyyatsız yaşayırlar. Evinə sənəd düzəltdirmək mümkün olmadığından o və ailə üzvləri məcburiyyət qarşısında qalaraq yenidən Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İnzibati Binasına qeydiyyata düşmək üçün ərizə ilə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin rəisinə müraciət etmişdirlər. Lakin ərizəyə cavab olaraq polis idarəsi tərəfindən Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İnzibati binasına pasport qeydiyyatına alınmaqları məqsədə müvafiq sayılmayaraq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hesab edilir ki, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi iddiaçıları inzibati binaya qeydiyyata almamaqda haqlı deyil. İndiki halda qeyd etdiyi kimi anadan olandan sözügedən ünvanda yaşayır, oğlanları Ramil, Nadir və qızı Aygün də onunla birlikdə anadan olandan ünvanda yaşayırlar. İddiaçılar qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Bakı İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 2-1(112)-14637/2023 nömrəli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 tərəfindən onların hal- hazırda faktiki olaraq ünvan 2 ünvanında yaşamaqlarını təsdiq edən sənəd, yəni yaşayış yeri haqqında arayış nə cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə, nə də birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. İlkin olaraq iddiaçılar tərəfindən, onların həmin ünvanda faktiki olaraq yaşayıb-yaşamamaqları ilə bağlı müvafiq Mənzil Kommunal İstismar Sahəsindən yaşayış yeri haqqında arayış təqdim olunmalı idi. Bakı İnzibati Məhkəməsinin sözügedən qərarından və işin hallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi ümumiyyətlə bu halları araşdırmamış, iddiaçıların həmin ünvanda faktiki olaraq yaşadıqlarını qeyd etmiş, lakin bu faktı təsdiq edən hər-hansı bir sənədə əsaslanmamışdır. Beləliklə, məhkəmə yalnız iddiaçıların izahatına əsaslanaraq onların həmin ünvanda yerləşən evdə yaşama faktını hər-hansı bir sübut olmadan təsdiq etmişdir, bu isə tamamilə qanunsuz və əsassızdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İrəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilini əsassız hesab edir və qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. -27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. -3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. - 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Apellyasiya şikayətinin dəlillərinə münasibət. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, yuxarıda sadalanan maddələrin təhlili nəticəsində müəyyən olunur ki, qanunvericilik şəxsin qeydiyyatının aparılmasını konkret olaraq şərtləndirmişdir ki, bu zaman dəyərləndirmə məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilimişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və birbirinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.Bu müddəalardan göründüyü kimi, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədardır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbayan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında «yaşayış yeri» bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas vermir. Beləliklə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər. Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməməsi onların vətəndaşlıq hüququnun və ondan irəli gələn digər Konstitusiya hüquqlarının, o cümlədən cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək (Konstitusiyanın 54-cü maddəsi), dövlətin idarə olunmasında iştirak etmək (Konstitusiyanın 55ci maddəsi), seçki (Konstitusiyanın 56-cı maddəsi), təhsil (Konstitusiyanın 42-ci maddəsi), dövlət orqanlarına müraciət etmək (Konstitusiyanın 57-ci maddəsi) və s. hüquqlarının pozulmasına səbəb ola bilər. Konstitusiyanın 53-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz. Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi həmçinin bərabərlik hüququnu poza bilər. Belə ki, Konstitusiyanın 25-ci maddəsinin İİİ hissəsinə əsasən dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır”. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edilən qərarında hesab etmişdir ki, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi barədə qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər. Digər ölkələrin təcrübəsini nəzərə alaraq bu orqanlar belə vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirməklə onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təmin edə bilərlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarının nəticə hissəsinin 2-ci bəndində qərara almışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında «yaşayış yeri» bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz və 3-cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyyə olunmuşdur ki, yaşayış yeri olmayan vətəndaşların xüsusi yerlər üzrə qeydiyyatdan keçirilməsini və onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təxirə salınmadan təşkil etsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən qərarının icrası olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 55s nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamına əsasən, yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. İş materiallarında olan CMS-AZEMİS məlumat-axtrarış sistemindən görünür ki, iddiaçıların şəxsiyyət vəsiqələrinin statusu “deaktiv”dir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar Xəzər rayonun inzibati ərazisində yerləşən özbaşına tikilidə qeydiyyatsız yaşayırlar. Bu işin mübahisəsiz halıdır. Həmin evin hüquqmüəyyənedici sənədləri yoxdur, belə olan halda iddiaçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. İddiaçıların yaşadığı özbaşına tikili məhz Xəzər rayonun inzibati ərazi vahidində yerləşir və həmin evin mötəbər ünvan göstəricisi yoxdur, odur ki, iddiaçılar faktiki olaraq yaşayış yeri olmayan şəxslərdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq xx.xx.1956-cı il təvəllüdlü İddiaçı1, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı3, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı2 və xx.xx.1981-ci il təvəllüdlü İddiaçı4 adına hər hansı daşınmaz əmlakın olub-olmaması barədə, həmçinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Ərəblinski küçəsi, 31 nömrəli evin qeydiyyatdan keçib-keçməməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Ərəblinski küçəsi, 31 nömrəli fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmçinin sorğuda qeyd olunan fiziki şəxslərin adlarına hazırda Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədi ilə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə sorğu ünvanlanaraq xx.xx.1956-cı il təvəllüdlü İddiaçı1, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı3, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı2 və xx.xx.1981-ci il təvəllüdlü İddiaçı4 əvvəllər Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyata olub-olmaması, həmçinin adıçəkilən şəxslərin əvvəllər hansı ünvanda qeydiyyatda olması barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 xx.xx.2022-ci il tarixə qədər Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 87 (Xəzər rayon polis idarəsinin inzibati binası) ünvanında, daha əvvəl isə ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların hal-hazırda faktiki yaşadığı Bakı şəhəri ünvanında yerləşən tikiliyə münasibətdə hüququ yaranmadığından, iddiaçının cavabdeh inzibati orqanın ünvanı üzrə qeydiyyata alınmasından imtina edilməsi (qeydiyyatda olduğu ünvandan çıxarması və bərpa ilə bağlı iddiaçının müraciətini təmin etməməsi) onun qanunvericiliklə qorunan hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Odur ki, tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 2-1(112)-14637/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar