Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1130/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və digər” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6747/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır.
2. İddiaçının əmək kitabçasında rus dilindən azərbaycan dilinə tərcümə edilmiş və təsdiq edilmiş surətində göstərilmişdir ki, xx.xx.1970-ci ildə Bakı Elektrik maşınqayırma zavodunda mexanika sexinə 2-ci dərəcəli ştamplayıcı (əmr № xx.xx.1970), xx.xx.1970-ci ildə dolaqların dolanması üzrə 1-ci dərəcəli çilingər işinə keçirilmiş (əmr №xx.xx.1970), xx.xx.1971-ci ildə sovet ordusu sıralarında xidmətə getdiyi üçün işdən azad edilmişdir. xx.xx.1973-cü ildə “KaspmorNeft” X3 Qazma İşləri İdarəsinə Neftqaz quyularının 4-cü dərəcəli qazma köməkçisi vəzifəsinə qəbul edilmişdir.(əmr № xx.xx.1973) xx.xx.1974-cü ildə qazma avadanlıqlarının prokat-təmir sexində qazma avadanlıqlarının təmiri üzrə üçüncü dərəcəli çilingər vəzifəsinə keçirilmiş (əmr №26.04), 12.011975-ci ildə SİKR MK, SSR Nazirlər Soveti və BKSPS-nin 842 saylı, xx.xx.1972-ci il tarixli Qərarları, SMUBP-a tarif-kvalifikasiya komissiyasının iclasının 3 saylı, xx.xx.1975-ci il tarixli protokollarına əsasən, əməyin yeni ödəniş qaydasına keçidlə əlaqədar qazma avadanlıqlarının təmiri üzrə 3-cü dərəcəli çilingər peşəsinin adı qoyulmuşdur. xx.xx.1979- cu ildə Qazma qurğularında PRU qazma avadanlıqlarının təmiri üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə keçirilmiş (əmr№xx.xx.1979), xx.xx.1980-ci ildə Neft-qaz istismar-Kəşfiyyat qazma idarəsinə qazmaçının 4-cü dərəcəli köməkçisi işinə keçirilmiş (əmr xx.xx.1980), 10.12 1980-ci ildə Azərbaycan SSR-in ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1980-ci ildə Tik. Və d/b konstruksiyaların montajı üzrə 3-cü dərəcəli montajçı vəzifəsinə keçirilmiş (əmr№xx.xx.1980), xx.xx.1982-ci ildə BSFSRin ƏM-nin 29-cu maddəsinin 1-ci bəndinə əsasən işdən azad edilmişdir. (tərəflər arasında razılaşmaya əsasən). İddiaçı xx.xx.1982-ci ildə Qeyri-standart avadanlıqlar sexinə 3-cü dərəcəli mexaniki-yığma işləri üzrə çilingər işinə keçirilmiş (əmr № xx.xx.1982), xx.xx.1983-cü ildə mexaniki yığma işləri üzrə 5-ci dərəcəli çilingər adı verilmişdir (əmr xx.xx.1982). xx.xx.1984-cü -cü ildə SSRİ Montaj Xüsusi tikinti Nazirliyinin 36 saylı 01.04.84-cü -cü il tarixli əmrinə əsasən Mexanika sexinin ləğvi ilə əlaqədar Az SSR-in Əmək Məcəlləsinin 38-ci maddəsi ilə Bakı SQO/ni keçirilmişdir. (əmr 41/k.xx.xx.1983) xx.xx.1984-cü ildə köçürülmə yolu ilə çilingər vəzifəsində (əmr 3/k) işləmişdir.
3. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının hüququ 55 yaşdan 57 yaşa çəkilmiş, xx.xx.2010-ci ildən artıqvermə müəyyən edilmiş, iddiaçıya xx.xx.2023-cü il tarixdən 517,79 manat ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir.
4. Cavabdehin xx.xx.2024-cü il tarixli “Artıq ödənilmiş pensiya məbləği haqqında” məktubunda göstərilmişdir ki, araşdırma zamanı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehin onun pensiyasından tutulmaların aparılmasına yönəlmiş hərəkətlərinin qanunsuz hesab edilməsi və 2023-cü ilin dekabr ayından başlayaraq pensiyasından tutulmuş ödənişlərin ona geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya təyin olunmuş əmək pensiyasının yenidən hesablanması barədə 12 dekabr 2023-cü il tarixli, 3-17-1/3-3-64362/2023 saylı qərarın ləğv edilməsi, ona 55 yaşdan təyin edilmiş pensiya məbləğinin bərpa edilməsi, azaldılma ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı bildirir ki, ona xx.xx.2008-ci il tarixdə 55 yaşında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. 27 iyul 1970-ci il tarixdən başlayaraq müxtəlif çətin peşələrdə uzun müddət işləmiş və çətin peşələrdə uzun müddət qüsursuz fəaliyyətinə görə Ümummilli Lider Heydər Əliyevin 20 sentyabr 2001-ci il tarixli Fərmanı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 2023-cü ilin dekabr ayının 11-də o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına dəvət olunmuş və həmin görüşdə ona 55 yaşında pensiya hüququnun olmadığı bildirilmişdir. O, başa düşmədiyini bildirərək buna ciddi şəkildə etiraz etmişdir. Lakin onun etirazına baxmayaraq 2023-cü ilin dekabr ayından başlayaraq pensiyasından hər ay 1389,11 manat pul tutulur. O, əvvəl 1906.90 manat pensiya alırdı. Hazırda isə o, 517,79 manat pensiya alır. Ona görə də iddiaçı xx.xx.2023-cü il tarixdə müraciət edərək pensiyasının bərpa olunmasını və tutulan vəsaitin ona geri qaytarılmasını cavabdehdən xahiş etsə də, lakin bu günə qədər ona cavab verilməmişdir.
8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006- cı il tarixinədək onun ümumi iş stajı 33 il 9 ay 19 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 39,91 manat (33,80 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 50,43 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4777,92 manat sığorta kapitalına uyğun 33,18 manat (4777,92:144) və 60 manat baza hissəsi əlavə edilərək xx.xx.2010-cu il tarixinə 143,61 manat (50,43+33,18+60,00) (indeksləşdirilməklə xx.xx.2013-cu il tarixinə 203,21 manat) məbləğində əmək pensiyası müəyyən edilib. xx.xx.2013-cü il tarixində iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3902,04 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 108 aya (144 - 36 (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) bölünməklə 36,13 manat (3902,04/108) əmək pensiyasının (203,21 manat) üzərinə əlavə olunaraq pensiya məbləği həmin tarixdən 203,21 manatdan 239,34 manata (36,13+203,21) artırılıb. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə xx.xx.2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. Mülahizənin dinlənilməsi üçün iddiaçı xx.xx.2023-cü il tarixində Mərkəzi Filiala gəlmiş və tərtib edilən akt iddiaçı tərəfindən imzalanıb. İddiaçıya son üç il üzrə 45138,67 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 45138,67 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6747/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-64362/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar ləğv edilsin. Cavabdehin pensiyanın azaldılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməklə, ödənilməmiş pensiya məbləğinin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1997-ci il tarixinədək 25 il ümumi stajı və xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə 12 il 6 ay stajının olması işin mübahisəsiz halıdır. Belə ki, “Əmək pensiyalrı haqqına” Qanunun 9.8-ci maddəsinə əsasən həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman “əvvəllər qüvvədə olmuş” ifadəsi ilə bağlı hər hansı şərt və qayda müəyyən edilməmişdir.
c) Proses iştirakçılarının izahatları
13. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişlər.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 39.1-cü maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur
16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-16-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 21.Belə ki, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 22.Birinci instansya məhkəməsi iddiaçının tələbini təmin edərkən hesab etmişdir ki, “...iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin «a» bəndinin xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya təyin edilməsi barədə qərarı qanuni əliverişli inzibati akt olmuşdur. Cavabdehin iddiaçıya 55 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dəyişdirilərək pensiya yaşının, pensiya hüququnun yarandığı tarixi 57 yaşa çəkməsi barədə xx.xx.2023-cü il tarixli qərarı qanunsuz, əliverişsiz inzibati aktdır. Qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onun hüquqi nəticəsi aradan qaldırılmalıdır...” 23.İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən ödənilmişdir tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş və ödənilmişdir. 24.İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müvafiq sorğu verilmişdir. 25.17 yanvar 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı 11 dekabr 2023-cü il tarixdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəvət olunmuş, həmin görüşdə ona 55 yaşında pensiya hüququnun olmadığı bildirilmişdir. Artıq ödənilmiş pensiya məbləği haqqında qərara əsasən iddiaçıya son üç il ərzində 45138,67 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitini büdcəyə bərpa edilmsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün iddiaçının yazılı razılğının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. 26.Belə ki, cavabdeh iddiaçının xx.xx.1997-ci ilədək güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajını toplaması ilə razılaşır. Cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının 55 yaşının tamam olduğu vaxtda güzəştli şərtlərlə pensiya hüququ verən yaş həddinin 57-yə qaldırılması ilə bağlıdır. 27.Kollegiya qeyd edir ki, iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna dəyişlik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanun qüvvəyə minənə qədər 12 il 06 ay güzəştli stajı topladığı üçün ona əmək pensiyası yaşa görə həmin dövrə kimi qüvvədə olan qanunvericilik əsasında təyin edilməlidir. Həmin dövrə qədər qüvvədə olan qanunvericilikdə isə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən yaş həddi kişilər üçün 2 nömrəli Siyahı üzrə 55 yaş müəyyən edilmişdir. 28.Lakin, cavabdeh orqan həmin pensiya təyinatından 15 il keçdikdən sonra, onun pensiya hüququnun 55 yaşdan deyil, 57 yaşdan yarandığını əsas tutaraq mübahisələndirilən qərarı ilə pensiya yaşını 55 yaşdan 57 yaşına çəkərək, iddiaçıdan ödənilmiş pensiyasında yaranmış 45138,67 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən həmin razılıq ərizəsinin təqdim edilməməsinə baxmayaraq cavabdeh təşkilat öz qərarı ilə iddiaçının pensiyasını yenidən hesablamışdır. 29.Halbuki, “Əmək pensiyaları haqqında” Qanununun 39.1 -ci maddəsinin imperativ tələbinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
30. Belə çıxır ki, cavabdeh orqan «Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələblərindən yan keçərək, iddiaçının ərizəsi əsasında qəbul etdiyi ilkin əlverişli inzibati aktı ilə müəyyən olunan onun yaş həddini «Əmək pesiyasının yenidən hesablanması haqqında» qərar qəbul etməklə, onun razılığı olmadan, məsələni özbaşına və qanunun tələblərinə məhəl qoymadan, çox rahat şəkildə məsələni öz istəyinə uyğun həll etmişdir. 31.Halbuki, «İnzibati icraat haqqında» Qanunun 64.1-ci maddəsinin tələbinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 32.Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 33.Həmin Qanunun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
34. Eyni zamanda, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin” bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)… 35.Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının maddi və inzibati icraat haqqında hüquq normalarına zidd olduğu sübuta yetirilir.
36. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 37.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 38.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 39.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6747/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 40.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6747/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.