Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1131/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrdə dəyişiklik edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-4047/2020 saylı qərardadından iddiaçı ərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrdə dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının “poliqon rəisi” vəzifəsinə təyin olunmağı haqqında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 1191 ş/h nömrəli, 23.08.N-ci il tarixli əmrində müvafiq dəyişiklik edilərək İddiaçı yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə aşağı vəzifəyə keçirilməyinin qeyd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01.03.1987-ci il tarixdən 19.09.1992ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, 16.03.1993-cü il tarixdən 22.07.2011-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində müxtəlif zabit vəzifələrində xidmət etmişdir. 18 may 2005-ci il tarixdən 23.08.N-ci il tarixədək Azərbaycan Respublikası Sərhəd Qoşunlarının 2006, N və N hərbi hissələrində “qərargah rəisinin müavini- Qoşunların hazırlığı bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 23.08.N-ci il tarixli, 1191 ş/h nömrəli əmri ilə tutduğu vəzifədən azad olunaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasında “poliqon rəisi” vəzifəsinə təyin olunmuş, (yaşıyla əlaqədar olaraq xidmət mənafeyi naminə bərabər vəzifəyə adı altında aşağı maaşlı vəzifəyə), lakin bu zaman həmin əmrdə onun yaşıyla əlaqədar olaraq xidmət mənafeyi naminə daha aşağı maaşlı vəzifəyə keçirilməyi göstərilməmişdir. Daha sonra o Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin 1122 ş/h nömrəli, 22.07.2011- ci il tarixli əmri ilə “Hərbi xidmət haqqında” Qanunun 18-ci maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən “polkovnikleytenant” hərbi rütbəsində həmin vəzifədən də ehtiyata buraxılmışdır. Nəticədə 2011-ci ildə ehtiyata buraxılarkən ona əmək pensiyası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasında xidmət edərkən tutduğu “poliqon rəisi” vəzifəsinin vəzifə maaşı əsas götürməklə təyin edilmişdir ki, bunu o ədalətsiz və qanunsuz hesab edir. O 13.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının “poliqon rəisi” vəzifəsinə təyin olunmağı haqqında AR Dövlət Sərhəd Xidməti rəisinin 1191 ş/h nömrəli, 23.08.N-ci il tarixli əmrində müvafiq dəyişiklik edilərək onun yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə aşağı vəzifəyə keçirilməyinin qeyd olunması barədə göstəriş verilməsi xahişi ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciətinə 10.02.2020-ci il tarixli, K/99/4/A-181 №-li məktubla imtina cavabı verilmişdir. İmtina cavabını əsassız və qanunsuz hesab edir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etirazda göstərmişdir ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin 23.08.Nci il tarixli, 1191 ş/h nömrəli əmrində müvafiq dəyişiklik edilərək yaşı ilə əlaqədar xidmət mənafeyi naminə aşağı maaşlı vəzifəyə keçirilməsi öhdəliyinin cavabdeh Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İş üzrə toplanmış müvafiq sənədləri Məhkəməyə təqdim etməklə bildiririk ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı, 01.03.1987-ci il tarixdən 19.09.1992-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, 16.03.1993-cü il tarixdən 22.07.2011-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində müxtəlif vəzifələrdə xidmət etmişdir. İddiaçı 18.05.2005-ci il tarixdən 23.08.N-ci il tarixədək 2006 (Şəki sərhəd dəstəsi) nömrəli hərbi hissədə qərargah rəisinin müavini-qoşunların hazırlığı bölməsinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmət etmiş, 23.08.N-ci il tarixdə Dövlət Sərhəd Xidməti rəisinin 1191 ş/h nömrəli əmri ilə N nömrəli hərbi hissədə qərargah rəisinin müavini-qoşunların hazırlığı bölməsinin rəisi vəzifəsindən Dövlət Sərhəd Xidmətinin Akademiyasına (bərabər vəzifəyə ştat üzrə polkovnik-leytenant) poliqon rəisi vəzifəsinə dəyişdirilmişdir. İddiaçı 22.07.2011-ci il tarixədək Dövlət Sərhəd Xidməti Akademiyasının poliqon rəisi vəzifəsində xidmət etmiş və DSX rəisinin 22.07.2011-ci il tarixli, 1122 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin “j” bəndinə əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Qeyd olunanlardan görünür ki, İddiaçı qeyd olunan sonuncu vəzifəsində 3 (üç) ilə qədər müddətdə xidmət etmiş və 22.07.2011- ci il tarixdə öz arzusu ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı nə DSX Akademiyasında, nə də Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra olan 10 (on) ilə qədər bir müddət ərzində iddia ərizəsində göstərdiyi tələblə bağlı heç vaxt DSX-nə müraciət etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci (iddia müddəti) maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin maddənin 2- ci bəndinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-4047/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit və gizirlərin uçotuna dair Təlimata 6 nömrəli əlavədə “Şəxsi heyət üzrə əmrlərin hazırlanması” Qaydaları göstərilmişdir. Həmin Qaydaların 8.2-ci maddəsinə əsasən xəstəliyinə görə və ya yaşına görə pensiya hüququ olan hərbi qulluçuların xidmət mənafeyi naminə yerdəyişməsi haqqında əmrlərdə -doğulduğu tarix, milliyəti, təhsili, xidmət müddəti, doğulduğu yer, şəxsi nömrəsi və hərbi-uçot ixtisasının nömrəsi, əlavə olaraq sağlamlığına görə verilən əmrlərin yan sətirlərinin sonunda əsas olan sənədin tarixi və nömrəsi göstərilir. Məsələn: “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “b” bəndinə (hərbi həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə aşağı vəzifəyə) müvafiq olaraq, N Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) Əməliyyat bölməsinin (Q3) rəisi-qərargah rəisinin müavini polkovnik-leytenant X3 tutduğu vəzifədən azad edilsin və səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməklə N Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) şəxsi heyət bölməsinin (Ql) zabiti (şəxsi heyətin uçotu üzrə) təyin olunsun. Göründüyü kimi onun (bərabər vəzifəyə ştat üzrə polkovnik-leytenant) poliqon rəisi vəzifəsinə dəyişdirilməyi barədə əmr “Şəxsi heyət üzrə əmrlərin hazırlanması” Qaydalarının tələblərinə uyğun tərtib olunmamışdır. Bununla da onun sosial təminat hüququ olan konstitusion hüququ əsassız olaraq məhdudlaşdırılmışdır. Belə ki, əmrlərdə imperativ qaydada göstərilməli olan “xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməklə” ifadəsi məhz qanunun tələbidir və şəxsin gələcəkdə qulluq stajına görə pensiyasına əlavələr almaq hüququnun təmin edilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Sırf əmrin tərtib olunması qaydalarına riayət edilməməsi səbəbindən o qulluq stajına görə pensiyasına əlavələr almaq hüququndan faktiki olaraq məhrum olmuşdur. Göründüyü kimi o mövcud əmri mübahisələndirməmiş, öz pozulmuş hüququnun bərpası üçün inzibati orqanı müəyyən hərəkətlərə cəlb edilməsini tələb etmişdir ki, bu öhdəliyin icrası haqqında iddiadır. Eyni zamanda bu davam edən ictimai münasibətlərdir. Yəni, o hazırkı vəziyyətdə də pensiya alır. Tələbi isə vəziyyətinin bir qədər də yaxşılaşdırılmasına xidmət edir. O isə həmin normadan xəbəri olduğu andan bu barədə cavabdehə müraciət etmişdir. Yəni o sözügedən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinin tələbi ilə bağlı öz hüququnun pozulduğunu bildiyi andan inzibati orqana müraciət etmişdir. Ağlabatan mühakimə odur ki, əgər o həmin maddi hüquq normasından daha əvvəllər xəbərdar olsa idi, təbii ki, bu onun sosial vəziyyətini yaxşılaşdırdığına görə bu barədə çoxdan iddia qaldırmış olardı. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı Dövlət Sərhəd Xidməti rəisinin 23 avqust N-ci il tarixli, 1191 ş/h nömrəli əmrini mübahisələndirir. İşdə olan 23 avqust N-ci il tarixli əmrdən görünür ki, polkovnik-leytenant İddiaçı N saylı hərbi hissənin qərargah rəisinin müavini-qoşunların hazırlığı bölməsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətinin Akademiyasına poliqon rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı 22.07.2011-ci il tarixədək Dövlət Sərhəd Xidməti Akademiyasının poliqon rəisi vəzifəsində xidmət etmiş və Dövlət Sərhəd Xidməti rəisinin 22.07.2011-ci il tarixli, 1122 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin “j” bəndinə əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Göründüyü kimi iddiaçı poliqon rəisi vəzifəsində 3 (üç) ilə qədər müddətdə xidmət etmiş və 22.07.2011-ci il tarixdə öz arzusu ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçının hazırda mübahisələndirdiyi 1191 ş/h saylı, 23 avqust N-ci il tarixli Əmrdən məlumatlı olmuş və qeyd olunan əmri qanunla müəyyən edilmiş 30 gün müddəti ötürməklə mübahisələndirmişdir. İşə baxan məhkəmə iddianı mümkün saymamış və hesab etmişdir ki, iddiaçı əmrin mübahisələndirilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Qeyd edilməlidir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.1-ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati-Prosessual Məcəllədə müəyyət müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İstinad olunan İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Hazırki iş üzrə iddiaçının mübahisəli əmrdən məlumatlı olması təsdiq olunur. Lakin iddiaçı qanunvericilikdə müəyyən olunmuş müddət ərzində həmin əmri mübahisələndirməmiş, hazırda isə belə hüququnu itirmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən müddətin buraxılmasına səbəb olmuş hallara dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, qəbul edilmiş inzibati aktı şərtləndirən hallar həmin dövr ərzində iddiaçıya məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət olunmadığından hazırkı iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçı yuxarıda qeyd edildiyi kimi 1 illik müddət keçdikdən sonra əmri mübahisələndirmişdir, eyni zamanda təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar müəyyən edilmədiyindən müddətin bərpasına dair ərizənin verilməsi üçün əsaslar mövcud olmamışdır. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə iddiaçı Daxili İşlər Nazirliyinin 23 avqust N-ci il tarixli, 1191 ş/h saylı əmrinin mübahisələndirilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-4047/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1131/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1131/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver