Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1131/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə X4 qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı «cavabdehin imtinasının əsassız sayılması və diplom üzrə ixtisasın tanıması və ekvivalentlik şəhadətnaməsinin verilməsi»tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-811/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Təhsildə X1rşı «cavabdehin imtinasının əsassız sayılması və diplom üzrə ixtisasın tanıması və ekvivalentlik şəhadətnaməsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-811/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı olan iddiaçı apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatının iştirakçıları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2002-ci il sentyabrın 22-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində bağlanılmış Əməkdaşlıq protokolu və Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında təhsil sənədləri, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması haqqında Sazişi, ölkə başçısının təhsil sahəsində apardığı uğurlu, köklü islahatlar nəticəsində ali məktəblərdə yaranan şəffaf mühiti nəzərə alaraq. 2003-cü ildə Bakıda fəaliyyət göstərən Rusiya Dövlət Sosial Universitetinə (maliyyə və kredit) daxil olmuş, 2009-cu ildə oranı bitirmişdir. Həmin ildə Universitet tərəfindən təhsil ocağını bitirməyi haqqında ona diplom verilmişdir (Protokol N°20. 02. 2009-cu il). 2019-cu ildə Moskva Şəhər Təhsil və Elm Departamenti 3-4 ay ərzində ciddi araşdırmalar apararaq, həqiqətən də qeyd olunan Universitetdə təhsil almağı, eləcə də, təhsil ocağını bitirməyi haqqında əsaslı olaraq ona diplom verilməsi faktını müəyyən etdikdən sonra diploma 2019-cu il noyabr ayının 7-də həmin Departament tərəfindən apostil vurulmuşdur. Departamentlə razılıq əsasında Universitet rəhbərliyi həmin təhsil ocağının adı 2011-ci ildə dəyişdirildiyindən, gələcəkdə problemlə üzləşməmək, çətinliklər yaşamamaq üçün ona 2009-cu ildə Bakıda təqdim olunmuş köhnə diplom əvəzinə yeni diplom-dublikat verilmişdir (Rusiya Federasiyası Dövlət Sosial Universiteti mütəxəssis diplomu N« 107724 11778851, qeydiyyat nömrəsi 1266, verilmə tarixi 27 sentyabr 2019-cu il). Bununla belə, diplomun Universitetin 2009-cu il 20 nömrəli protokoluna əsasən verilməsi də diplomda öz əksini tapmışdır. Bu haqda Rusiya Dövlət Sosial Universitetinin U-4441N°-li xx.xx.2021-il tarixli rəsmi məktubunda müfəssəl olaraq bildirilmişdir. Məktubda həmçinin Universitetin 2746f N«-li, xx.xx.2003-cü il tarixli əmri ilə onun Universitetə qəbul olunmağı, 698 saylı xx.xx.2009-cu il tarixli əmrlə təhsilin başa çatması ilə əlaqədar xaric olma əmri də öz əksini tapmışdır. Digər tərəfdən, həm Azərbaycan Respublikası, həm də Rusiya Federasiyası təhsil sistemində Baloniya sisteminə qoşulmuşdur. Hər iki ölkə tərəfindən verilən diplomlar Baloniya sisteminə qoşulmuş bütün ölkələrdə, o cümlədən, Azərbaycan Respublikasında tanınır.Bu, mütləqdir. Rusiya Dövlət Sosial Universitetinin U-3830No-li, xx.xx.2022-ci il tarixli, U-4441N«, xx.xx.2021-ci il tarixli məktublarında qeyd olunur ki, RDSU-nin Bakı şəhərindəki nümayəndəliyi Rusiya Federasiyası Mülki Məcəlləsinin 55-ci maddəsi, RDSUnin Nizamnaməsi əsasında, habelə X5 Dövlət Reyestrinə daxil edilmiş nümayəndəlik haqqında məlumatlar əsasında fəaliyyət göstərir. Təhsil aldığı dövrdə Rusiya Federasiyası Təhsil Nazirliyi tərəfindən verilmiş təhsil fəaliyyəti ilə məşğul olma hüququna dair 29 aprel 2003 il tarixli 0627 qeydiyyat nömrəli lisenziya, sonradan Təhsil və elm sahəsində nəzarət üzrə Federal Xidmət tərəfindən verilmiş 22 sentyabr 2005-ci il tarixli 5342 qeydiyyat nömrəli lisenziyası, daha sonra Təhsil və elm sahəsində nəzarət üzrə Federal Xidmət tərəfindən verilmiş 28 aprel 2008-ci il tarixli 10151 qeydiyyat nömrəli lisenziyası və Rusiya Federasiyası Təhsil Nazirliyi tərəfindən verilmiş 04 iyul 2003-cü il tarixli 0965 qeydiyyat nömrəli dövlət akkreditasiyası haqqında şəhadətnamə, sonradan Təhsil və elm sahəsində nəzarət üzrə Federal Xidmət tərəfindən verilmiş 22 sentyabr 2005-ci il tarixli, 2092 qeydiyyat nömrəli Dövlət akkreditasiyası haqqında şəhadətnamə, sonra Təhsil və elm sahəsindən Federal nəzarət xidməti tərəfindən verilmiş 23 iyun 2008-ci il tarixli 1326 qeydiyyat nömrəli dövlət akkreditasiyası haqqında şəhadətnamə qüvvədə olmuşdur. Buradan görünür ki, TKTA Rusiya Dövlət Sosial Universitetinin nümayəndəliyinin Azərbaycanda lisenziyasız fəaliyyət göstərməsini vurğulayıb, belə bir vəziyyətdə, diplomun tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki, belə bir halın mövcud olması onun iradə ifadəsindən asılı yaranmamış və onun bununla hər hansı bir hərəkətsizliyi olmamışdır. Bu işdə məsuliyyət bütövlükdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərində olmuşdur. Təhsil aldığı müddətdə nə Təhsil Nazirliyi, nə də ki, digər dövlət qurumlarının nümayəndələri Universitetin fəaliyyətinin qanunsuz olduğu və ya lisensiyasız fəaliyyət göstərməsi haqqında heç bir rəsmi xəbərdarlıq etməmişdir. Əksinə, fəaliyyət göstərməsi üçün qapılarını Universitetin nümayəndəliyinin üzünə açmışdır. RDSU nümayəndəliyinin Bakıda bakalavriat səviyyəsinda təhsilin qiyabi formada təşkili qaydaları və fəaliyyəti ilə bağlı, Azərbaycanda lisenziya verilməsə belə (hərçənd, Rusiya Federasiyasının müvafiq dövlət qurumları tərəfindən verilmiş 6 lisenziya mövcuddur), tələbələrin (hazırkı halda onun) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Qeyd olunanlara əsasən, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, TKTA-ın, inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır. İddiaçının hüqüqlarını pozur. Tərəflərin izahatları : Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, bu səbəbdən də ləğv edilərək iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti qərarın ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının dediyinə əsasən o 2004-cü ildə Bakıda fəaliyyət göstərən Rusiya Dövlət Sosial Universitetinə (maliyyə və kredit) daxil olmuş, 2009-cu ildə oranı bitirmişdir. Həmin ildə Universitet tərəfindən təhsil ocağını bitirməsi haqqında iddiaçıya diplom verilmişdir, 2019-cu il noyabr ayının 7-də diploma apostil vurulmuşdur. Diplomun tanınması üçün cavabdehə müraciət etdikdə isə Rusiya Federasiyasında (təhsil aldığı xarici ölkədə) olmaması və bununla da diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyri-mümkünlüyü səbəbindən diplom üzrə ixtisasın tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsinə dair müraciətinə imtina verilmişdir. Bundan sonra iddiaçı cavabdeh Təhsildə X1rşı diplomun tanınması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə görə bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Həmin Qanunun 13.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: (maddə 13.1.1) əyani, (maddə 13.1.2) qiyabi, (maddə 13.1.3) distant (məsafədən), (maddə 13.1.4) sərbəst (eksternat). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyaniqiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 117 nömrəli 24 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.2-ci bəndinə görə bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Həmin Qaydaların 1.5-ci bəndinə görə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. İddia ərizəsinin və apelyasiya şikayətinin məzmunundan aydın olur ki, iddiaçı 2003cü ildə Bakıda fəaliyyət göstərən Rusiya Dövlət Sosial Universitetinə (maliyyə və kredit) daxil olduğunu, 2009-cu ildə oranı bitirdiyini və həmin ildə Universitet tərəfindən təhsil ocağını bitirməyi haqqında ona diplom verildiyini və 2019-cu ildə Moskva Şəhər Təhsil və Elm Departamenti tərəfindən diploma apostil vurulduğunu bildirir. Göründüyü kimi, hazırki iş üzrə mübahisənin mövcud olması Rusiya Dövlət Sosial Universitetinin (maliyyə və kredit) Bakı Filialının mövcudluğu ilə bağlıdır. Başqa sözlə desək mübahisə həmin filialın təhsil müəssisəsi kimi dövlət qeydiyyatına alınması, müvafiq lisenziya alması ilə bağlıdır. «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» Azərbaycan Respublikasının 6 fevral 1996- cı il tarixli Qanununun («Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının 12 dekabr 2003-cü il tarixli Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş) 12-ci maddəsinə görə hüquqi şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri yalnız dövlət qeydiyyatına alındıqdan sonra xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada lisenziya ala bilərlər. Azərbaycan Respublikası Respublikası Nazirlər Kabinetinin 19 may 1998-ci il tarixli 112 nömrəli Qərarı ilə təsdiq edilmiş (Qərar qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»nın 1.4-cü bəndinə görə xarici hüquqi şəxslərin filialları öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»ın 1.5-ci bəndinə görə xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Azərbaycan Respublikasının Təhsil Qanununun (bu Qanun 10 iyul 2009-cu il tarixli Qanunla qüvvədən düşmüşdür) 13-cü maddəsinə görə Azərbaycan Respublikasında dövlət və qeyri dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Təhsil müəssisələri öz aralarında sazişlər bağlamaq, elmi, istehsalat və digər müəssisə, təşkilat və idarələrin iştirak etdiyi tədris-tərbiyə komplekslərində birləşmək və tədris-elm istehsalat birlikləri (assosiasiyaları) yaratmaq, ərazi tədris-istehsalat birlikləri və assosiasiyalarına daxil olmaq hüququna malikdirlər. Belə kompleks və birliklərə daxil olan təhsil və digər müəssisələrin funksiyaları, strukturları, hüquqları onların nizamnamələri ilə müəyyən olunur. hüquqi şəxs statusuna malik tərkib hissəsi olan təhsil müəssisəsi vahid təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Təhsil müəssisələrində proqramların mənimsənilməsi müvafiq əsasnamə əsasında attestasiya keçirilməsi ilə başa çatdırılır. Aralıq mərhələlərdə şagird və tələbələrin attestasiyalarının forması, qaydası və müddəti təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir. Dövlət bütün təhsil müəssisələrinin hüquqlarının müdafiəsinə təminat verir. Həmin Qanunun 19-cu maddəsinə görə ali məktəblər (ali kolleclər, institutlar, konservatoriyalar, akademiyalar, universitetlər və s.) ali ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. Azərbaycan ali məktəbləri konkret ixtisaslar verən tədris müəssisələri, çoxpilləli tədris kompleksləri, tədris-elmi komplekslər, tədris elmiistehsalat müalicə kompleksləri və başqa formalarda fəaliyyət göstərir. Onların nəzdində müxtəlif pillədən olan tədris müəssisələri (orta məktəblər, litseylər, peşə litseyləri, texnikumlar, kolleclər və s), elmi tədqİqat mərkəzləri və institutları, istehsalat müəssisələri, klinikalar, əczəxanalar və s. fəaliyyət göstərir. Azərbaycan Respublikasında ali təhsil orta təhsil bazasında həyata keçirilir. Ali məktəblərdə kadr hazırlığı əyani, qiyabi, axşam, həmin formaların birləşdirilməsi və eksternat yolları ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol oynayır. Müvafiq ixtisaslar üzrə qiyabi, axşam və eksternat yolu ilə ancaq “bakalavr” dərəcəsi verilə bilər. Ali məktəblərin seminar və praktiki məşğələ qruplarında tələbələrin orta sıxlığı, maddi-texniki baza və kadr hazırlığına olan tələbat nəzərə alınmaqla, 12 – 15 nəfər müəyyən olunur. Ali məktəblərin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: müxtəlif dərəcədən olan ali təhsilli mütəxəssislər hazırlamaq; elmi-araşdırmalar aparmaq; yüksək ixtisaslı elmipedaqoji, elmi kadrlar hazırlamaq; elmi-pedaqoji və elmi kadrların attestasiyasını keçirmək; ixtisasartırma və kadrların yenidən ixtisaslaşmasını təmin etmək; mədəni-maarifçilik, nəşriyyat, maliyyəiqtisadi, təsərrüfat, elmi-istehsalat, kommersiya fəaliyyəti; xarici əlaqələr. Ali məktəblər dövlət sifarişləri, həmçinin idarələr, təşkilatlar, müəssisələr, habelə ayrı-ayrı şəxslərlə bağlanmış müqavilələr əsasında fəaliyyət göstərirlər. Qeyd olunan normalardan görünür ki, təhsil müəssisələri, eləcə də xarici təhsil müəssisələrinin Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri müvafiq qaydada lisenziya aldıqdan sonra fəaliyyət göstərə bilərlər. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 4 aprel 2022-ci il tarixli 00-03-170/TKTA nömrəli məktubunda qeyd edilmişdir ki, Məhkəmənin Rusiya Dövlət Sosial Universitetinin Azərbaycan Respublikasında fəaliyyət göstərən Filialının lisenziyası barədə sorğusuna aidiyyəti üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyində baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar olaraq bildirilir ki, Rusiya Dövlət Sosial Universitetinin (filialının) Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığı (lisenziyası) mövcud olmamışdır İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq sorğuya cavab olaraq Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 2 mart 2022-ci il tarixli 05/1561-11 nömrəli məktubunda aşağıdakılar qeyd olunmuşdur: Məhkəmənin Rusiya Dövlət Sosial Universitetinin Azərbaycan Respublikasında filailının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə baxılmışdır. Qeyri-kommersiya qurumlarının dövlət reyestrində adıçəkilən filial barədə hər hansı məlumat aşkar olunmamışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1131/2023 saylı, xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq İ.N yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli, **********609800 saylı məktubdan görünür ki, dövlət reyestrində Rusiya Dövlət Sosial Universitetinin Bakı Nümayəndəliyi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyil. Həmçinin qeyd edilmişdir ki, Ədliyyə Nazirliyindən təhvil götürülmüş arxiv sənədləri arasında həmin nümayəndəliyə aid qovluq aşkar edilməmişdir. İş materiallarında olan İ.N yanında DVX Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan 16 fevral 2023-cü il tarixli, **********561600 saylı sorğuya cavab məktubundan görünür ki, dövlət reyestrində Rusiya Dövlət Sosial Universitetinin Bakı Nümayəndəliyi adlı kommersiya qurumu aşkar edilməmişdir. Göründüyü kimi, Rusiya Dövlət Sosial Universitetinin Bakı filialının təhsil müəssisəsi kimi nə dövlət qeydiyyatı, nə də müvafiq lisenziya alması barədə aidiyyəti orqanlarda məlumatlar aşkar edilmədiyindən, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin olunmamış və birinci instansiya məhkəməsi də haqlı olaraq iddianın təmin edilməməsi barədə yekun nəticəyə gəlmişdir. İddiaçının nümayəndəsi tərəfindən sübut kimi təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Təbabət Muzeyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 24 yanvar 2023-cü il tarixli, 05 nömrəli məktubla bağlı Kollegiya qeyd edir ki, həm məktubda qeyd edilən məlumatların mötəbərliyini təsdiq edən sənədlər (icarə müqaviləsi və s.) təqdim edilmədiyindən, həm də yuxarda qeyd edildiyi kimi filialının təhsil müəssisəsi kimi qeydiyyatı, müvafiq lisenziya alması barədə aidiyyəti orqanlarda məlumatlar aşkar edilmədiyindən qeyd edilən məktub mötəbər hesab olunmur. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə işin faktiki halları baxımından qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-811/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir (1) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Pərviz Hüseynov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1131/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1131/2023
10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver