Məhkəmə qərarları › İş №2-1(103)-1132/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1132/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1132/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı Müharibə veteran adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 1047/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1047/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim A.Oruczadə). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1991-ci ilin oktyabr ayından 1992ci ilin yanvar ayına kimi Ağdam rayonu Şelli və Qurdlar kəndlərində gedən döyüşlərdə özünü müdafiə dəstələrində iştirak etmiş, hərbi əməliyyatların keçirilməsi zamanı yaralanmışdır. Az yaşlı olmağına görə hərbi hissədə uçota alınmamışdır. Döyüşən könüllü özünümüdafiə dəstələri sıralarında, iki il xidmət etsə də hal-hazıra kimi müharibə veteran statusu ala bilməmişdir. Bu barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinə müraciət etmiş, Dövlət Xidməti tərəfindən xx xxxx 2019-cu il tarixli məktubda bildirilmişdir ki,1991-ci il oktyabr ayının 9-dan 1994-cü ilin may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı statusu və vəsiqəsi verilir. Halbuki, hərbi əməliyyatların gedişi zamanı hərbi əməliyyatlarda iştirak etmiş, yaralanmış, yaralanmağının fəsadları hazırda da var, müalicə alır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən iddiaçının izahatı: Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yanvar ayınadək Ağdam rayonu Şelli və Qurdlar kəndlərində gedən döyüşlərdə özünü müdafiə dəstələrində iştirak etmiş, hərbi əməliyyatların keçirilməsi zamanı yaralanmış və azyaşlı olduğuna görə hərbi hissədə uçota alınmamışdır.Döyüşən könüllü özünümüdafiə dəstələri sıralarında iki il xidmət etsədə, hal-hazıra kimi müharibə veteranı statusu ala bilməmişdir. Bu əsaslara görə müharibə veteranı vəsiqəsinin verilməsi barədə ərizə ilə Müdafiə Nazirliyinə müraciət elmiş, cavabdeh nizibati orqan tərəfindən xx.xx.2018-ci il tarixli d/о Ə- 4847 nömrəli cavab məktubu ilə ona imtina edilmiş, imtinaya əsas kimi iddiaçının hərbi biletindəki qeydlərə əsasən hərbi xidmətinin atəşkəsdən sonrakı dövrə təsadüf etdiyi bildirilmişdir. İddiaçı qeyd etdiki, özünümüdafiə dəstələrində iştirak edərkən onun 15 yaşı olmuşdur.Bu baxımdan ona verilmiş hərbi biletdə döyüşlərdə iştirakı qeyd edilə bilməzdi.Hərbi əməliyyatlarda iştirak edən zaman yaralanmış və bu barədə Ağdam mərkəzi xəstəxanası Bağbanlar kənd həkim ambulatoriyası tərəfindən verilmiş xx xxxxxx 1992-ci il tarixli 07 nömrəli arayışda onun xx xxxxxx 1992-ci ildə cəbhə xətdində yerləşən kəndə düşən mərmidən xəsarət aldığı, xx xxxxxx 1992-ci ilə kimi ambulator müalicə aldığı təsdiq edilmişdir. ünvan 2 ərazi üzrə nümayəndəsinin xx xxxxx 2018-ci il tarixli arayışında və X2, X6, X1 və X3 notarial qaydada təsdiq olunmuş ərizələrində İddiaçı azyaşlı olmasına baxmayaraq 1991-ci il oktyabrdan 1992-ci ilin yanvar ayına kimi Şelli və Qurdlar kəndlərində gedən döyüşlərdə özünü müdafiə dəstələrində iştirak etməyi və yaralanmağı təsdiq olunsada məhkəmə həmin sübutlara hüquqi qiymət verməmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarına əlavə edilmiş sənədlər: AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1977-ci ildə doğulmuşdur, ünvan 1i ünvanında qeydiyyatdadır. . ünvan 2 ərazi dairəsinin nümayəndəsi tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli 127 saylı arayışda qeyd edilmişdir ki, İddiaçı, Bakı şəhəri 40 saylı reyestr 7E-4085 və Bakı şəhəri 11 saylı Reyestr 7E4058 notariat kontorunun təsdiq etdiyi sənədə əsasən 1991-ci ilin oktyabrından 1992-ci ilin yanvar ayına kimi Şelli və Qurdlar kəndində gedən döyüşlərdə özünümüdafiə dəstələrində iştirak edən X8, X7, X9, X4 ilə azyaşlı olmasına baxmayaraq döyüşmüş və yaralanmışdır. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 2-1(112)-1047/2020 saylı sorğusuna əsasən Ağdam rayon İcra Hakimiyyəti Başçısının Qasımlı kənd inzibati ərazi dairəsinin nümayəndəliyi tərəfindən daxil olmuş sorğuya cavab məktubunda kəndlərin müdafiəsinə yerli əhalidən təşkil olunmuş dəstədə iştirak etmiş, yaralanmış şəxslər barədə bütün məlumatlar Ağdamın işğalı zamanı məhv edilmişdir. xx xxxxx 2018-ci il tarixli 127 saylı arayış isə döyüşlərdə iştirak etmiş şəxslərin notarial qaydada təsdiq edilmiş şahid ifadələri əsasında verilməsi qeyd edilmişdir. Ağdam Mərkəzi xəstəxanasının Bağbanlar kənd həkim ambulatoriyası tərəfindən verilmiş xx xxxxxx 1992-ci il tarixli arayışa əsasən İddiaçı xx xxxxxx 1992-ci il tarixdə düşmən mərmisindən açılmış atəş nəticəsində qapalı kəllə beyin travması almışdır. İş materiallarına İddiaçı döyüşlərdə iştirak etməsi və yaralanmasına dair ünvan 3 ünvanında qeydiyyatda olan X3, X6, ünvan 1ində qeydiyyatda olan X1, X2 notarial qaydada təsdiq edilmiş ərizələri əlavə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət Baş idarəsinin xx.xx.2018-ci il tarixli 1/Ə-4166 saylı məktubundan, həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi arxivinin xx.xx.2018-ci il tarixli 9/2-7506 saylı arxiv arayışından görünür ki, İddiaçı hərbi hissədə xidməti atəşkəsdən sonrakı dövrə təsadüf edir. Beləliklə, birinci instansiya məhkəməsi təqdim edilmiş sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün təqdim etdiyi ərizəyə Xidmətdə baxılmış, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etməyini sübut edən həmin dövrə aid arxiv materialları olduğu təqdirdə, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxıla biləcəyi qeyd edilmiş, ərizənin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsaslı hesab etmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin onuncu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Göründüyü kimi, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda iddiaçıya müharibə veteranı adının verilməsi üçün əsasdır. İddiaçı tərəfindən, həmçinin, məhkəmə sorğusu əsasında təqdim edilmiş yerli icra hakimiyyəti orqanının arayışı notarial qaydada təsdiq edilmiş şahid ifadələrinə əsaslanır. Həmçinin, iddiaçının xəsarət alması barədə Ağdam Mərkəzi xəstəxanasının Bağbanlar kənd həkim ambulatoriyası tərəfindən verilmiş arayışdan da göründüyü kimi, arayışda iddiaçının düşmən mərmisindən xəsarət alması qeyd edilmişdir ki, bu da şəxsin döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak edən zamanı xəsarət almasını sübut edən hal deyildir. Beləliklə, iş materiallarında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi barədə sübutlar mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, Ağdam rayon İcra Hakimiyətinin Başçısının məhkəməyə ünvanlandığı xx.xx.2020-ci il tarixli, 02/453 saylı məktubda xx.xx.1977-ci il anadan olmuş İddiaçı azyaşlı olmasına baxmayaraq 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yanvar ayının 17-si yaralanma tarixinədək kənd sakinlərindən təşkil olunana könüllü özünümüdafiə dəstə ilə birgə və 1993-cü il may ayından 1993-cü il iyul ayının sonunadək N saylı hərbi hissə əsgər və zabitləriylə birgə Ağdam rayonun Şelli və Gurdlar kəndləri uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etməsi, İddiaçı döyüşlərdə iştirak etməsinə baxmayaraq həmin dövrdə azyaşlı olduğundan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon İcra Hakimiyyəti tərəfindən qeydə alınmaması barədə bildirilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, qərarın ləğv edilməsi üçün əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1047/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar