Məhkəmə qərarları › İş №2-1(103)-1132/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1132/2022

18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1132/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili X2 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2-1(112)-8875/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 15-18 mart 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər X11 üzrə Baş İdarəsi tərəfindən qəbul olunmuş 16 iyul 2021-ci il tarixli **********8377 nömrəli Qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X10 tərəfindən qəbul edilmiş 16 iyul 2021-ci il tarixli **********8377 nömrəli Qərara əsasən 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi xidməti müşavirləri tərəfindən 27 may 2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən "FACE STUDİO” adlı bərbərxana və gözəllik salonunda operativ vergi nəzarəti keçirilmişdir. Keçirilən operativ vergi nəzarətinin nəticəsi haqqında 27 may 2021-ci il tarixli, DVX seriyalı, 002448 nömrəli aktda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarını aşkar edilməsi göstərilmişdir. Həmin akta əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X10 tərəfindən 16 iyul 2021-ci il tarixli **********8377 nömrəli Qərar çıxarılmışdır. Düşünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı tərəfindən qəbul edilən bu qərar qeyri-obyektiv, əsassız və qərəzli şəkildə tərtib olunmuşdur. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2-1(112)-8875/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: E.Əliyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərarında qeyd edilir ki, onun tərəfindən iddia ərizəsində 2 nəfərlə əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi əsassızdır. Bildirir ki, həmin şəxslərlə o, subicarə müqaviləsi bağlamış və həmin əsasdan irəli gələrək əmək müqaviləsinin bağlanmasına zərurət olmamışdır. Lakin bununla bağlı məhkəmə qeyd etmişdir ki, subicarə müqavilələri qeydiyyatdan keçirilməmiş, həmçinin X1 və X4 izahatlarında subicarə müqavilələrinin bağlanmadığını bildirmişlər. Bildirir ki, izahat vergi işçisinin diktəsi ilə yazılmışdır. Həmçinin məhkəmə onu da qeyd etmişdir ki, adları çəkilən şəxslər vergi orqanlarında uçota alınsa da, adı çəkilən şəxslərin adı subicarə müqaviləsi əsasında qeydiyyata alınmış təsərrüfat subyektləri aşkar edilməmişdir. Belə olan halda Fərqanə və Kamran da məsuliyyət daşıyırlar. Vergi orqanın operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci tələbinə müvafiq olaraq yoxlamanın keçirilməsinin əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Qanunverici operativ vergi nəzarətinin həyata keçirilməsi üçün mütləq qaydada 5 əsas müəyyən etdiyi halda iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul olunmuş 27 may 2021-ci il tarixli qərarda göstərilən aslardan heç biri qeyd olunmamışdır. Həmçinin, “Qanunvericilik vergi orqanına vergi nəzarət tədbirlərin keçirilməsi zamanı vergi ödəyicisinin ərazilərinə, binalarına nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdlrilməsini və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunması imperativ qaydada təsbit etmişdir ondan ötrü ki, gələcəkdə bu foto və video çəkilişin nəticələrindən vergi orqanı vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edə bilsin. Lakin təəssüflər olsun ki, qeyd olunan normanın tələblərinə zidd olaraq vergi orqanı operativ vergi nəzarət tədbirinin keçirdikləri təsərrüfat subyektinə baxış keçirərkən aşkar edilmiş qanun pozuntularının qeydiyyata alınması məqsədilə heç bir foto və ya video çəkilişdən istifadə etməmişdir. Sahibkar kimi qanunvericiliyinin bütün tələblərinə riayət edilmiş, heç bir pozuntuya yol verilmədiyi halda barəsində əsassız bir qərar qəbul edilmişdir. Ümumiyyətlə vergi orqanı tərəfindən qəbul edilmiş qərar əsaslandırılmamış, yoxlama düzgün həyata keçirilməmişdir. Sadaladığı bütün bu hallar isə məhkəmə araşdırması zamanı nəzərə alınmamış, ümumiyyətlə məhkəmə iş üzrə heç bir obyektiv araşdıma aparmadan belə əsassız və qanunsuz qərar qəbul etmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə onun bütün hüquqlarının pozulmasına səbəb olmuşdur. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X5 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhər X11 üzrə Baş İdarəsi tərəfindən qəbul olunmuş 16 iyul 2021-ci il tarixli **********8377 nömrəli Qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində 2 nəfərlə əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsinin əsassız olduğunu, həmin şəxslərlə subicarə müqaviləsi bağladığını və həmin əsasdan irəli gələrək əmək müqaviləsi bağlanılma zərurəti olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, subicarə müqavilələri qeydiyyatdan keçirilməmiş, həmçinin X1 və X4 izahatlarında subicarə müqavilələrinin bağladıqlarını bildirməmişdir. Məhkəmə qeyd etmişdir ki, X1 və X8 vergi orqanında uçota alınsa da, adı çəkilən şəxslərin adına subicarə müqaviləsi əsasında qeydiyyata alınmış təsərrüfat subyektləri (obyekti) aşkar edilməmişdir. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində bildirmişdir ki, vergi orqanının operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Qanunverici operativ vergi nəzarətinin həyata keçirilməsi üçün mütləq qaydada 5 əsas müəyyən etdiyi halda, hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul olunmuş 27 may 2021-ci il tarixli qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamışdır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi" operativ vergi nəzarəti tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1098 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 (iki) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan müvafiq akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********8377 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada (…) operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aiddir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (...) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi (50.1.7); Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. (...); Həmin Məcəllənin 50.6-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. (...); Həmin Məcəllənin 58.10-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə (...) hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Beləliklə, yuxarıda sadalanan maddələrin tələbləri baxımından, vergi orqanı müəyyən məsələlər üzrə, o cümlədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsi ilə bağlı əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinin yoxlanılması məqsədilə operativ vergi nəzarətini həyata keçirmək hüququna malikdir. Bu məqsədlə vergi orqanı müvafiq qərar qəbul etməlidir. Daha sonra yoxlamanın nəticələrinə dair müvafiq akt tərtib edilməlidir. Əmək qanunvericiliyin tələblərinin pozuntusu müəyyən edildiyi təqdirdə, vergi orqanı vergi ödəyicisi kimi işəgötürənə münasibətdə müvafiq maliyyə sanksiyasını tətbiq etməlidir. Vergi Məcəlləsinin 58.10-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiqi üçün isə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bu yolla onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılması müəyyən olunmalıdır. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minməsi ilə məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən, (...) əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 3-cü maddəsinin 5.1-ci bəndinə əsasən, əmək müqaviləsi bildirişi- (...) əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (...) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, (...) əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Sadalanmış maddələrin mənasından isə məlum olur ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlansa da, lakin həmin müqavilə müvafiq elektron informasiya sistemində qeydiyyatdan keçdikdən sonra və bu barədə məlumat olduqdan sonra qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin vəzifəsi kimi müəyyən olunmuşdur. Belə olan halda, hazırkı iş üzrə X1 və X4 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunur, belə ki, işçi ilə bağlanmış müqavilənin elektron informasiya sisteminə daxil edilib-edilməməsi cavabdeh tərəfindən yoxlanılmış, həmin 2 nəfər barəsində elektron informasiya sistemində məlumat tapılmamış, iddiaçı tərəfindən də bu hal mübahisələndirilmir. Vergi Məcəlləsinin 58.10-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiqi üçün isə yalnız Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi deyil, həm də bu yolla onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılması müəyyən olunmalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, gəlirlərinin gizlədilməsinə şərait yaratmasının araşdırılması isə bilavasitə işəgötürən tərəfindən işçi ilə bağlanmış müqavilənin elektron informasiya sisteminə daxil edilib-edilməməsinin yoxlanılması ilə kifayyətlənməlidir. Çünki elektron informasiya sisteminə müqavilənin daxil edilməməsi işəgötürənlə işçi arasında əmək münasibətlərinin əmək qanunvericiliyinə əsasən həyata keçirlmədiyinə dəlalət edir və həmin işçinin gəlirinin gizlədilməsinə səbəb olur. Bu halın müəyyən edilməsi isə maliyyə sanksiyasının tətbiqi üçün hüquqi əsasdır. Bu mövqeyi mübahisələndirən, yəni işçinin gəlirinin gizlədilməsinə şərait yaratmadığını iddia edən iddiaçı 2 nəfərlə əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsinin əsassız olduğunu, həmin şəxslərlə subicarə müqaviləsi bağladığını və həmin əsasdan irəli gələrək əmək müqaviləsi bağlanılma zərurəti olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları bildirir. Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir. Məcəllənin müvafiq maddəsindən də göründüyü kimi, subicarə müqaviləsi əsasında fərdi sahibkar kimi fəaliyyət göstərən şəxslər həmin obyekti vergi orqanında uçota qoymalı və Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi ödəməli olduqları halda, öhdəliklərini yerinə yetirməmişlər. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, 2 nəfər ilə bağlanmış subicarə müqavilələri qeydiyyatdan keçirilməmişdir. Bundan başqa adı çəkilən şəxslər vergi orqanında uçota alınsa da, adı həmin şəxslərin adına subicarə müqaviləsi əsasında qeydiyyata alınmış təsərrüfat subyektləri (obyekti) aşkar edilməsi iş materialları ilə müəyyən olunmur. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, “Qanunvericilik vergi orqanına vergi nəzarət tədbirlərin keçirilməsi zamanı vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirilməsini və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunması imperativ qaydada təsbit etmişdir ondan ötrü ki, gələcəkdə bu foto və video çəkilişin nəticələrindən vergi orqanı vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edə bilsin. Lakin təəssüflər olsun ki, qeyd olunan normanın tələblərinə zidd olaraq vergi orqanı operativ vergi nəzarət tədbirinin keçirdikləri təsərrüfat subyektinə baxış keçirərkən aşkar edilmiş qanun pozuntularının qeydiyyata alınması məqsədilə heç bir foto və ya video çəkilişdən istifadə etməmişdir.” Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, operativ vergi nəzarəti tədbiri keçirilən zaman foto və (və ya) video çəkilişdən istifadə olunması vergi orqanın vəzifəsi deyil, hüququdur və məcəllədə imperativ norma kimi nəzərdə tutulmamışdır. Göründüyü kimi operativ vergi nəzarəti tədbiri hər hansı qanun pozuntusu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2-1(112)-8875/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar