Məhkəmə qərarları › İş №2-1(103)-1132/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1132/2023

15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1132/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Cəfərov Namiq Şamil oğlu və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8993/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin şimal şərqində 26 nömrəli sahədə 600 kv.m torpaq sahəsinə cizginin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 870 saylı sərəncamı 03 avqust 1999-cu il tarixdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1606 saylı sərəncamı ilə dəyişiklik edilərək ona fərdi yaşayış evi tikmək üçün Yeni Suraxanı qəsəbəsi şimal-şərqində 26 nömrəli sahədə 600 kv.m torpaq sahəsi ayrılmışdır. 2018-ci il tarixli "xxxx" ASC-nin rəsmi məktubuna əsasən ayrılan torpaq sahəsinin "xxxx" ASC-nə məxsus elektrik verilişi xəttinin mühafizə zolağında yerləşmədiyi göstərilməklə torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına etiraz edilməmişdir. 2022-ci il tarixdə ona ayrılan torpaq sahəsinin cizgisinin verilməsi üçün cavabdeh orqana rəsmi qaydada müraciət etmişdir. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli rəsmi məktubunda göstərilmişdir ki, bu barədə Suraxanı rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. Bu səbəbdən də, müraciətinə imtina cavabı verilmişdir. Nəticədə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onu da, bildirir ki, həmin torpaq sahəsi tərəfindən hasarlanmışdır. Qonşularla heç bir mübahisə yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8993/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 03 avqust 1999-cu il tarixli, 1606 nömrəli sərəncamına əsasən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin şimal şərqində 26 nömrəli sahədə yerləşən 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin İddiaçı verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Qərardan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinin 1999-cu ildən iddiaçının faktiki istifadəsində olması, onun həmin sahəyə sahiblik hüquqlarının həyata keçirilməsi və 23 il ötdükdən sonra cizginin verilməsi ilə bağlı RİH-ə müraciət etməsi cavabdeh tərəfdə ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Belə hallarda RİHB-nin müvafiq sərəncamı ilə ayrılmış torpaq sahəsinin yaxınlığında eyni ölçüdə zəbt edilmiş digər torpaq sahələrin sənədləşdirilməsinə cəhdlər göstərilir və bu da ciddi qanun pozuntuları ilə nəticələnir. Eyni zamanda şübhə yaradan məqamlardan bir də bundan ibarətdir ki, torpaq sahəsi ayrılandan sonra qısa müddət ərzində deyil, uzun illər keçdikdən sonra iddiaçı sözügedən torpaq sahəsinə dair cizginin (planı və ölçü sxeminin) verilməsi ilə bağlı sənədləşmə qərarına gəlmişdir. Birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarxli, 1606 nömrəli sərəncamı ilə sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə"də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə"nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati işin araşdırılmış hallarından müəyyən olunur ki, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1606 nömrəli, 03 avqust 1999-cu il tarixli sərəncamına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün Yeni Suraxanı qəsəbəsinin şimal-şərqində, 26 nömrəli sahədə, 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sərəncama cizgi əlavə edilməmişdir. İddiaçı sözügedən sərəncam əsasında ona yerləşmə cizgisinin verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətindən RİH-nin sənədlərinin 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilməsi və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmamasına istinad edilərək imtina edilmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış M41-091 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubunun surətindən görünür ki, RİH-nin sənədləri 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyini və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətin müsbət həlli səlahiyyətləri xaricindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2021-ci il tarixli müraciətə baxılaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Həmçinin, torpaq sahəsinin ayrılması barədə Suraxanı rayon İcra Hakimiyyətinin 03 avqust 1999-cu il tarixli, 1606 saylı sərəncamına istinad olunmuş yerləşmə sxemi təqdim edilməmişdir. "xxxx" ASC tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş DX-18/1222 nömrəli, 27 mart 2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, şimal-şərqində 26 saylı sahədə yerləşən torpaq sahəsinin üzərində hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq arayış verilməsinə dair ərizəsinə baxılaraq bildirilmişdir ki, göstərilən ünvan "xxxx" ASC-yə məxsus elektrik verilişi xəttinin mühafizə zonasında yerləşmir. Buna nəzərə alaraq, qeyd olunan torpaq sahəsinin və fərdi yaşayış evinin üzərində hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmirlər. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respubikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 12 sentyabr 2022-ci il tarixli, BA-05805-2022 nömrəli məktubla Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1997-ci il tarixli, 870 saylı sərəncamının və həmin sərəncama əlavə olunmuş sənədin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, X2 ərizəsi əsasında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 870 nömrəli, 27 iyun 1997-ci il tarixli sərəncamı ilə X3 fərdi yaşayış evi tikmək üçün Yeni–Suraxanı qəsəbəsinin şimal-şərqində 26 nömrəli sahədə, 600 kv.m torpaq sahəsi ayrılmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respubikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 04 iyul 2022-ci il tarixli, BA-04047-2022 nömrəli məktubla Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1999-cu il tarixli, 1606 saylı sərəncamının və həmin sərəncama əlavə olunmuş sənədin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, X2 və İddiaçı ərizələri əsasında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1606 saylı, xx.xx.1999-cu il tarixli sərəncamına əsasən Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 870 saylı sərəncamının 1-ci və 2- ci bəndində dəyişiklik aparılması və İddiaçı fərdi yaşayış evi tikmək üçün Yeni Suraxanı qəsəbəsinin şimal-şərqində, 26 nömrəli sahədə, 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sərəncama cizgi sxem əlavə edilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən qüvvədə olan qanunvericiliyin normalarında torpaq sahəsi ayrılan zaman ayrılmış torpaq sahəsinin naturada bölünüb iddiaçıya təhvil verilməsi, sərhədlərinin yerində və xəritədə müəyyən edilməsi, buna dair yerləşmə cizgisinin hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olması barədə nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası iş üzrə araşdırma nəticəsində hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8993/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8993/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Namiq Cəfərov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar