Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1133/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “özəlləşdirmənin etibarsızlığı və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı, 3-cü şəxs X1 vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “özəlləşdirmənin etibarsızlığı və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2939/2020 saylı 23 noyabr 2020-ci il tarixli qərarından 3-cü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinə 05 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqan tərəfindən ünvan 3 ünvanında yerləşən 79,97 kv.metr ümumi sahəsi olmaqla, 49.07 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı, 23 nömrəli mənzilin X1 adına verilmiş MH seryalı 23.01.2008-ci il tarixli ********** nömrə ilə verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X5 ilə 24 sentyabr 1983-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və həmin birgə nikahdan doğulmuş uşaqları yetkinlik yaşına çatmışdır. Birgə nikahda olduğu dövrdə ünvan 3 ünvanında yerləşən mənzil order əsasında əvəzsiz olaraq ona və ailə üzvlərinə verilmişdir. Bundan sonra da birgə nikah dövründə X5 19.12.2007-ci il tarixində qeydiyyat orqanına ərizə ilə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 79.97 kv.metr ümumi, 49.07 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı, 23 nömrəli mənzili adına özəlləşdirmiş, qeyd olunan mənzilə tam mülkiyyət hüququ əldə etmişdir. Həmin daşınmaz əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestri haqqında 631 nömrəli reyestr kitabının, 57918 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd olunan mənzil cavabdeh tərəfindən özəlləşdirilən zaman qanunvericiliyin tələblərinə zidd olaraq X1 ailə üzvlərinin mənzilin özəlləşdirilməsi barədə razılıqları nəzərə alınmamışdır. Buna baxmayaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə verilmiş ərizədə ailə üzvlərinin özəlləşdirmə ilə bağlı razılıq ərizələrinə hazırkı iş üzrə cavadehin özünün məsuliyyət daşıması qeyd olunmuşdur. Həmin mənzil özəlləşdirilən zaman onun ailə üzvlərinin heç birinin razılığı alınmamış, eləcə də, ailə üzvlərinin mənzilin özəlləşdirilməsinə razılığını ifadə edən ərizələri də, qeyd olunan idarəyə təqdim olunmamışdır. Onun bütün məlumatı Nəsimi rayon Məhkəməsində cavabdehlər aralarında olan nikahın pozulması və əmlakın bölünməsi barədə 16 yanvar 2020-ci il tarixində keçirilmiş məhkəmə iclası zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş müvafiq sənədlərin əsilləri ilə tanış olarkən olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2939/2020 saylı 23 noyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X5 tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. O, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində yerləşən 4 otaqlı, 137 saylı binanın 23 saylı mənzilin icarədarı olmuşdu. İddiaçı və iki övladı 15.05.2002-ci il tarixdə mübahisəli mənzildən qeydiyyatdan çıxmış və əvvəllər onun anasına məxsus olmuş, sonradan ona bağışlanmış Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 143 saylı fərdi yaşayış evinə qeydiyyata alınmışlar. DƏDRX tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq və təqdim edilmiş sənədlərə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində yerləşən 4 otaqlı, 137 saylı binanın 23 saylı mənzilini tək icarədar kimi öz adına özəlləşdirilmişdi. Rəşidova X17 mənzilin özəlləşdirilməsinə dair sənədlərin hamısını özü toplamış, müvafiq özəlləşdirmədə birbaşa iştirak etmişdir. Vəkil sorğusu əsasında MKİS-dən əldə edilmiş sənədlərdən görünür ki, mənzil özəlləşdirilən zaman əldə edilmiş forma 2 arayışı iddiaçı tərəfindən alınmışdır. İddiaçı 11 il sonra iddia qaldırmaq, şikayət vermək müddətini ötürmüşdür. İddiaçı və ailə üzvləri qeyd olunan mənzilin özəlləşdirilməsindən məlumatları olmuş, dəfələrlə forma 2 arayışları əldə edilmiş, həmin zaman mülkiyyətçi qeyd edilmiş, bundan başqa iddiaçının adına verilmiş 2008-ci il tarixli forma 2 arayışı məhz mənzilin özəlləşdirilməsi üçün alınmışdır. Bundan başqa hazırkı iddia tələbi ilə iddiaçının hansı hüququnun pozulması və ya iddia tələbi təmin edilməklə hansı hüquq əldə etməsi nə iddia ərizəsi, nə də qanunvericikilə müəyyən edilmişdir. Belə ki, mübahisəli mənzil onun anasına məxsus olmuş, order onun adına verilmiş, digər ailə üzvlərinin adları qeyd edilməklə, həmin mənzildə yaşamaq hüquqları müəyyən edilmişdir. Sözügedən mənzil tərəflərin birgə gəlirləri hesabına əldə edilməmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı 3-cü şəxs X1 vəkili X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, iddiaçının bütün özəlləşdirmə prosesindən məlumatlı olmasını və Namiq Rəşidovla aralarındakı nikah pozulduqdan sonra iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdiyini bildirmiş, bununla bağlı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında Bakı şəhəri, S.Əsgərova 143 ünvanında qeydiyyatda olduğunu, ünvan 5nzilə 2013-dən qeydiyyata düşdüyünü, 1988-də ailə qurduğunu, onlara 4 otaqlı evin verildiyini, sonradan Günəşli qəsəbəsinə köçdüyünü bildirmişdi. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, 3-cü şəxs X9 məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «bu ünvanda yaşamır» səbəbindən geri qaytarıldığı üçün digər 3-cü şəxs Rəşidov Ağahüseyn Namiq oğlu məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin və digər 3-cü şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin, digər 3-cü şəxslər X2 və X4 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “cavabdeh inzibati orqan tərəfindən ünvan 3 ünvanında yerləşən 79,97 kv.metr ümumi sahəsi olmaqla, 49.07 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı, 23 nömrəli mənzilin X1 adına özəlləşdirməsinin etibarsız hesab edilməsi və MH seriyalı 23.01.2008-ci il tarixli ********** nömrə ilə verilmiş çıxarışın ləğv edilməsi” barədədir. İşə birinci instanisiya qaydasında baxmış məhkəmə cavabdeh inzibati orqan tərəfindən əmlak hüquqlarının qeydiyyatı aparılarkən lazımi səviyyədə icraata başlanılmamasına, zəruri hesab edilən sənədlərin toplanmamasına, mənzildə yaşayan şəxslərin kimliyinin, iş üzrə maraqlı şəxs olub-olmamalarının yoxlanılmamasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işə mahiyyəti üzrə baxıb qərar qəbul etməklə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 12 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkəti 2008-ci ilin yanvar ayında baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. İddiaçı müddətin buraxılmasını onunla izah edir ki, Nəsimi rayon Məhkəməsində cavabdehlə aralarında olan nikahın pozulması və əmlakın bölünməsi barədə 16 yanvar 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş müvafiq sənədlərin əsilləri ilə tanış olarkən məlumatlı olmuşdur. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçının yaşadığı mənzilin hüquqi rejimi ilə 12 il müddətində maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının mənzilə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir. Çünki iddiaçının mənzildən istifadə üçün məzmununa etimad göstərdiyi (və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya və ya ictimai maraqlara ziyan vurmadığı) hər hansı inzibati akt və ya digər hüquqi əsas yoxdur. Yalnız bu cür əsas olduğu halda qəbul etmək olardı ki, iddiaçı həmin etimada əsaslanmaqla mənzilin sonrakı hüquqi rejimini araşdırmamışdır. Göründüyü kimi, bütün bu halları birinci instansiya məhkəməsi nəzərə almamış, iddianın mümkünlük şərtlərini tam araşdırmamış, iddianın mümkün sayılmaması barədə qərar çıxarılmalı halda işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs X1 apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2939/2020 saylı 23 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-1133/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1133/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver