Məhkəmə qərarları › İş №2-1(103)-1133/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1133/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1133/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10252/2021 saylı 25 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. H3 seriyalı ******* saylı 23.04.1979-cu il tarixli hərbi biletdən görünür ki, İddiaçı 24.04.1979-cu ildən 12.06.1981-ci ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı xx.xx.1961-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 01.11.1981-ci ildə “Azərneftquraşdırma” tresti 2-ci Sumqayıt Quraşdırma İdarəsinə 2-ci dərəcəli çilingər vəzifəsinə montajçı qəbul edilmiş, 01.04.1982ci ildə ona 3-cü dərəcəli çilingər montajçı dərəcəsi verilmiş, 01.11.1982-ci ildə 3-cü dərəcəli elekrik qaynaqçısı dərəcəsi verilmiş, 15.12.1982-ci ildə işdən azad edilmiş,05.01.1983-cü ildə Cəlilabad rayon Təmir-Tikinti istehsalat Birliyinə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, 05.12.1985-ci ildə Stansiya təmiri üzrə 3cü dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 01.09.1986-cı ildə 4-cü dərəcəli elektrik qaynaqçısı işinə keçirilmiş, 15.09.1987-ci ildə 45 saylı stansiyaya maşinist vəzifəsinə qəbul edilmiş, 01.11.1988-ci ildə Cəlilabad rayonu TŞ-nin ləğv edilməsi ilə əlaqədar digər müəssisəyə keçirilmiş, 01.11.1998-ci ildə Cəlilabad TŞ-dan köçürülmə yolu ilə Cəlilabad RTİİB-nin 45 saylı nasos stansiyasına maşinist işinə qəbul edilmiş. 01.19.1989-cu ildə işdən azad edilmiş, 01.10.1989-cu ildə Kooperativ “Yolüstü” Avtomobil təmiri kooperativinin 08 saylı əmrinə əsasən dəmirçi təyin edilmiş, 04.08.1995-ci ildə işdən azad edilmiş, 07.08.1995-ci ildə "xxxx" Elmi İstehsalat Şirkətinə 3-cü dərəcəli elektrik qaynaqçı qəbul edilmiş, 01.04.1998-ci ildə 01.04.1998-ci il tarixdən 4-cü dərəcəli elektrik qaynaqçı keçirilmiş, 05.10.2001-ci ildə işdən azad edilmiş, 10.12.2001-ci ildə “X8”də poladəritmə sexinə briqadir vəzifəsinə qəbul edilmiş, 12.08.2005-ci ildə işdən azad edilmiş, 10.10.2005-ci ildə poladəritmə sexinə çalov sahəsinə böyük çalovçu vəzifəsinə qəbul edilmiş, 14.09.2009-cu ildə işdən azad edilmiş, 14.09.2009-cu ildə poladəritmə sexinə çalov sahəsinə böyük çalovçu vəzifəsinə qəbul edilmiş, 01.10.2010-cu ildə poladəritmə sexində çalovçu vəzifəsinə qəbul edilmiş, 01.07.2014-cü ildə poladəritmə sexində çalov sahəsinə böyük çalovçu vəzifəsinə keçirilmiş, 01.05.2018-ci ildə poladəritmə sexinə çalov sahəsinə çalovçu sahəsində usta vəzifəsinə keçirilmişdir. İddiaçı onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müracitə etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış ********** saylı 28.07.2021-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin (3) domna istehsalatı bəndində (3.1) fəhlələr yarımbəndində (a) çalovçular peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə 14.09.2009- 01.10.2010-cu il və 02.07.2014-01.05.2018-ci il tarixləri arasındakı dövrlər ərzində onun "X9” MMC-də böyük çalovçu peşəsində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi böyük çalovçu peşəsi yuxarıda göstərilən çalovçular peşəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 11 ay 25 gün (02.10.2010- 01.07.2014-cü il və 02.05.2018- 28.07.2021-ci) təşkil edr. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdehin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 60 yaşdan, yəni 04.04.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01.11.1981-ci il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğuldur. 10.12.2001-ci il tarixdən hal hazıradək “X9" MMC-də çalışır. Həmin şirkətdə briqadir, böyük çalovçu, çalovçu və usta vəzifələrində işləmişdir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 3.2 (a) (isti işlərdə məşğul olan çalovçular) və 3.2 (b) (isti iş şəraitində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar) yarımbəndlərinə əsasən güzəştli şərtlərlə pensiya hüququ vərən vəzifələr hesab olunur. 60 yaşı tamam olan müddətədək, yəni 04.04.2021-ci il tarixədək onun 25 ildən çox ümumi və 12 il 6 aydan çox xüsusi stajı vardır. Bununla yanaşı 48.800 manatdan çox sığorta kapitalı vardır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsinə baxmayaraq, sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10252/2021 saylı 25 noyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı 60 yaşının tamam olduğu 04.04.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.12.2020-ci il tarixli icmal məktubuna əsasən “.... nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.” Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 28.07.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialarından müəyyən edilmir. İddiaçı iddia ilə məhkəməyə 09.09.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı ona 60 yaşının tamam olduğu 04.04.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun güzəştli iş stajının 12 il 6 aydan az, yəni 6 il 11 ay 25 gün olması səbəbindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən iddiası təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 04.04.2021-ci il tarixədək tələb olunan 40 il ümumi sığorta stajının, 19 il 02 ay 03 gün güzəştli iş stajının olmasına, həmçinin ******* manat məbləğində pensiya kapitalının olmasına, bununla da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlərin ödənilməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını, arxiv arayışını və iş yerindən güzəştli arayışları təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, 24.04.1979-cu ildən 12.06.1981-ci ilədək hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” 67-ci maddəsin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının 01.01.2006-cı ilədək işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də öz əksini tapmışdır. Beləliklə, iddiaçıya məxsus əmək kitabçasındakı məlumatlar və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumilikdə iş stajının 25 ildən artıq olduğu müəyyən olunur və bu staj cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi iş stajının və pensiya kapitalının kifayət qədər olmaması mübahisələndirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “X9” MMC-nin 23/L saylı 11.03.2021-ci il tarixli əsaslandırıcı arayışdan görünür ki, İddiaçı həqiqətən 14 sentyabr 2009-cu il tarixdən 01 oktyabr 2010-cu il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində çalov sahəsinin böyük çalovçusu peşəsində, 01 oktyabr 2010-cu il tarixdən 01 iyul 2014-cü il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində çalovçu peşəsində, 01 iyul 2014- cü il tarixdən 01 may 2018-ci il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində çalov sahəsinin böyük çalovçu peşəsində, 01 may 2018-ci il tarixdən hal-hazıradək Poladəritmə sexində isti və zərərli iş şəraitində çalov sahəsində usta peşəsində çalışır. Qeyd edilmiş peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2 (a) yarımbəndində isti işlərdə məşğul olan çalovçular və 3.2 (b) yarımbəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar kimi öz əksini tapmışdır. “X9” MMC-nin 228/A saylı 11.03.2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı X9 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X2 Salan Mərkəz tərəfindən tərtib edilmiş X9 Limited şirkətinin arxiv fondunun materiallarında aşağıdakı məlumatlar qeyd edilib: 10 dekabr 2001-ci il tarixdən 12 avqust 2005-ci il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində briqadir peşəsində çalışmışdır. 10 oktyabr 2005-ci il tarixdən 14 sentyabr 2009-cu il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində çalov sahəsinin böyük çalovçusu peşəsində çalışmışdır. Qeyd edilmiş peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2 (a) yarımbəndində isti işlərdə məşğul olan çalovçular və 3.2 (b) yarımbəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar kimi öz əksini tapmışdır. “X9” MMC-nin X-Y-0622 saylı 24.11.2021-ci il tarixli əsaslandırıcı arayışının qeyd hissəsindən görünür ki, çalov sahəsinin böyük çalovçu peşəsi fəhlə peşələri kateqoriyasına aid çalovçu ilə briqadir peşələri arasında olan bir peşədir. İddiaçı bütün fəaliyyət illəri ərzində iş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərli olmasına görə illik 6 gün əlavə məzuniyyət və əmək haqqına əlavə edilmişdir. Hazırki işdən görünür ki, iddiaçının 14.09.2009-01.10.2010-cu il və 02.07.2014- 01.05.2018-ci il tarixləri arasındakı dövrlərdə onun “X9” MMC-də “böyük çalovçu” peşəsində işlədiyi müddət cavabdeh inzibati orqan tərəfindən güzəştli iş stajı kimi qəbul edilməmişdir. Bununla bağlı apellyasiya baxışı zamanı iddiaçının güzəştli iş stajının kifayət qədər olub-olmaması faktı yenidən araşdırılmış və məhkəmə kollegiyası tərəfindən İddiaçı 10.10.2005-ci il tarixdən 01.10.2010-cu il tarixədək və 02.07.2014-cü il tarixdən 01.05.2018-ci il tarixədək olan dövrlərdə işlədiyi “böyük çalovçu” peşəsinin funksiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin (3) domna istehsalatı bəndində (3.1) fəhlələr yarımbəndində (a) nəzərdə tutulan “çalovçular” peşəsinin funksiyaları ilə eynilik təşkil edib-etməməsi və adıçəkilən peşələrin vəzifə təlimatı üzrə gördüyü işlər barədə təfərrüatlı arayışın, o cümlədən vəzifə təlimatının təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı “X9” MMC-yə məhkəmə sorğuları göndərilmişdir. Həmin sorğulara cavab olaraq 04.05.2022-ci və 18.05.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubların məzmunu iş materiallarında olan “X9” MMC-nin 23/L saylı 11.03.2021-ci il tarixli və X-Y-0622 saylı 24.11.2021-ci il tarixli əsaslandırıcı arayışların məzmunu ilə eynilik təşkil etməklə yanaşı, sorğulara cavab məktubuna iddiaçı ilə bağlanmış 3605 saylı əmək müqaviləsinə əlavələr- iddiaçının işlədiyi poladəritmə sexinin çalov sahəsinin çalovçusu, böyük çalovçusu, həmçinin poladəritmə sexinin çalov sahəsinin ustası peşələrində yerinə yetirdiyi əmək funksiyaları barədə ətraflı məlumatlar da əlavə edilmiş və bir daha həmin peşələrin, o cümlədən “böyük çalovçu” peşəsinin zərərli olub, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2 (a) “Polad və ferroərintilər istehsalatı” yarımbəndində “çalovçular” peşəsinə uyğun olduğu, bundan başqa müəssisədə iş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraiti zərərli olduğu üçün İddiaçı əmək haqqına əlavə olaraq 8% və Əmək Məcəlləsinin 115-ci maddəsinə uyğun olaraq 6 gün əlavə məzunuiyyət günlərinin verildiyi bildirilmişdir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində aydın oldu ki, iddiaçının güzəştli iş stajı 10.10.2005-ci il tarixdən 14.09.2009-cu il tarixədək 3 il 11 ay 4 gün, 14.09.2009-cu ildən 01.10.2010-cu il tarixədək 1 il 17 gün, 01.10.2010-cu il tarixdən 01.07.2014-cü il tarixədək 3 il 9 ay, 01.07.2014-cü il tarixdən 01.05.2018-ci il tarixədək 3 il 10 ay, 01.05.2018-ci il tarixdən 04.04.2021-ci il tarixədək 2 il 11 ay 3 gün olmaqla, ümumilikdə 15 il 24 gün təşkil edir ki, onun işlədiyi “böyük çalovçu”, “çalovçu” və “usta” peşələri də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3. “Metallurgiya İstehsalatı” bölməsinin 3.2. “Polad və ferroərintilər istehsalatı” yarımbəndində (a) fəhlələr: “çalovçular” və (b) mütəxəssislər: “İsti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar” peşəsinə uyğun olmaqla, zərərli peşə kimi qəbul edilir və bu fakt iş yeri tərəfindən də verilmiş arayışlarla təsdiq olunur. Bundan əlavə, cavabdeh inzibati orqanın fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı haqqında 19.10.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14984,26 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 43265,10 manat olmaqla, cəmi pensiya kapitalı 58249,36 manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi, 60 yaşının tamam olduğu 04.04.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39600,00 manat məbləğində hesablanmışdır. Göründüyü kimi, iddiaçıya 60 yaşının tamam olduğu 04.04.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun tələb olunan 39600 manat kapitala qarşı 58249,36 manat kapitalı mövcuddur və bu da onu deməyə əsas verir ki, pensiya kapitalı tamamlanmışdır və ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı da tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Odur ki, iddiaçıya 04.04.2021-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunda və iddiaya dair yazılı etirazda qeyd edilənlərlə eynilik təşkil edib, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10252/2021 saylı 25 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10252/2021 saylı 25 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar