Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1133/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçıların nümayəndəsi Vəkil1, üçüncü şəxsin nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs:"xxxx" MMC) «sərəncamın və ayrıc aktının ləğv edilməsi» tələbinə dair» iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7489/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı ŞİH-in 26 dekabr 2017-ci il tarixli 634 nömrəli sərəncamının və həmin sərəncam əsasında Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 20 aprel 2018-ci il tarixdə tərtib edilmiş ayrıc aktının (qeydiyyat kitabında 18/73 sayla qeyd edilmiş) ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi aşağıdakılarla əsaslandırılmışdır: «…Bir-birinə qonşu olan iddiaçılara Bakı şəhəri Binəqədi RİH başçısının 30 dekabr 2000ci il tarixli 2217 saylı sərəncamı ilə Binəqədi rayonu ərazisində, torpaq sahəsi ayrılmışdır. Onlar maddi imkanları olmadığından həmin torpaq sahələrində uzun müddət tikinti işləri aparmamışlar. Torpaq sahələrini hasarlamaq qərarına gələn iddiaçılar ayrılmış torpaq sahələrinin dəqiq sərhədlərinin müəyyən edilməsi üçün ekspertizaya müraciət olunmuş və torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, yerində göstərilməsi, eyni zamanda, torpaq sahəsinə dair hər hansı məhdudiyyətlərin, məsələn hansısa kommunikasiya xətlərinin və s. mühafizə zonasına aid olub-olmadığının da müəyyən olunması sifariş edilmişdir. İddiaçılar espertiza rəyini aldıqda onlara məlum olmuşdur ki, bəhs edilən torpaq sahələrinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adlı şəxsin adına “Torpaq sahəsinin planı və ölçüsü” sənəd tərtib edilmişdir. Həmin sənəd 0,20 ha əraziyə aid olmaqla, iddiaçılara məxsus torpaqların əhəmiyyətli hissəsini əhatə edir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin sənədin verilməsinə əsas olmuş sənəd 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5007/2014 saylı iş üzrə 14 noyabr 2014-cü il tarixli qərarı olmuşdur. Belə olduqda, iddiaçılar 3 may 2021-ci il tarixdə bəhs edilən qərarın surətinin alınması ilə bağlı ərizə vermiş və tezliklə həmin məhkəmə qərarını almışlar. Qərarla tanış olduqda qərarın onların maraqlarına aşkar olaraq toxunduğu görünür. Bu səbəbdən, inzibati prosessual qanunvericiliyin qüvvədə olan normalarına əsasən işə üçüncü şəxs kimi qoşulmağa qərar vermişlər. Ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Ərizəyə baxılaraq 2-1(81)-5007/2014 saylı iş üzrə 23 avqust 2021-ci il tarixli qərardad qəbul edilmişdir. Həmin qərardadla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2014-cü il tarixli qərarı ləğv edilərək İddiaçı1 və İddiaçı2 məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilməklə işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. Bundan sonra, iddiaçı X1 iddia tələbləri üzrə işə baxılması davam etmişdir. Sonradan, iddiaçının ərizəsi ilə cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. Həmin məhkəmə işinin baxılması zamanı növbəti məhkəmə iclası 11 mart 2022-ci il tarixdə keçirilmişdir. Həmin iclasda, hazırkı iddiaçılar tərəfindən həmin iş üzrə iddiaçının hüquqmüəyyənedici sənədlərində olan çatışmazlıqların göstərildiyi yazılı etiraz məhkəmədə müzakirə edildikdə, həmin iş üzrə cavabdehin nümayəndəsi də iddiaya etiraz edərək, bəhs edilən torpaq sahəsinin digər hüquqi şəxsə də ayrılmış olması haqda məlumat vermişdir. İddiaçıların nümayəndəsi və vəkili Bakı ŞİH başçısının 26 dekabr 2017-ci il tarixli 634 saylı sərəncamını və həmin sərəncama əsasən 20 aprel 2018-ci il tarixdə tərtib edilmiş 18/73 saylı ayrıc aktını təqdim edərək "xxxx" MMC-yə mübahisəli torpaq sahəsinin ayrıldığını bildirmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, adıçəkilən hüquqi şəxsin təsisçilərindən biri X1 doğma oğludur və torpaq sahəsi hər bir halda onlara məxsusdur. Bundan sonra həmin sənədlər məhkəməyə də təqdim edilmiş və hazırkı iddiaçılar da həmin iş üzrə tərəf olaraq sözügedən sənədlərin mövcud olması haqda məlumat almışlar. Bəhs edilən sərəncam iddiaçıların hüquqlarına toxunur və bu əsasla sərəncamın və onun əsasında verilmiş ayrıc aktının ləğv edilməsi haqda məhkəmədə iddia qaldırmaq qərara alınmışdır. Bakı ŞİH başçısının 634 saylı 26 dekabr 2017-ci il tarixli sərəncamının 1-ci bəndində göstərilir: “EN-PALASE HOTEL" MMC-nin 8 noyabr 2017-ci il tarixli 8 saylı müraciətini nəzərə alaraq, Binəqədi rayonu, 7-ci mikrorayonunun cənub hissəsi, S.S.Axundov küçəsində yerləşən torpaq sahəsində (icarə əsasında) otel, ofis və qeyriyaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilsin. İddiaçılar hesab edir ki, cavabdeh tərəfindən qanunvericiliyin müəyyən etdiyi olduğu qaydalara əməl edilmədən verilmiş 26 dekabr 2017-ci il tarixli 634 saylı sərəncam qanunsuzdur və İPM-in 70.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə qaydasında ləğv edilməlidir. Eyni zamanda, sərəncam əsasında tərtib edilmiş olan 20 aprel 2018-ci il tarixli 18/73 saylı ayrıc aktı da sərəncamın hüquqi nəticəsi olaraq ləğv edilməlidir.» Birinci instansiya məhkəməsinin 2 iyun 2022-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs "xxxx" MMC (nümayəndəsi) vəsatətlə məhkəməyə müraciət edərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Vəsatətdə göstərilən əsaslara görə iddiaçılar iddia müddəti ötürülməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati aktın surəti iddiaçılara X1 «torpaq sahəsinin plan və ölçüsünün verilməsi tələbinə dair» iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsində baxılmış iş üzrə 2021-ci ilin oktyabr ayında keçirilmiş məhkəmə iclası zamanı təqdim olunmuşdur. Beləliklə də iddiaçılar həmin inzibati aktı aldıqdan sonra 30 gün müddətində mübahisələndirmə haqqında iddia tələbi ilə məhkəməyə müraciət etməmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7489/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilərək iddianın mümkün sayılaraq icraata götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «Qərardad əsassızdır və qüvvədə olan inzibati prosessual hüquq normalarının yalnış tətbiq edilməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmənin qənaətinə görə mübahisə predmeti olan 26 dekabr 2017-ci il tarixli sərəncamın qəbulu ilə hazırki iddiaçıların hüquqlarına aşkar müdaxilə mövcud deyil və onların bu halda hüquqi müdafiəyə ehtiyacı da yaranmış olmur”. Məhkəmənin qeyd edilən mövqeyi ilə qətiyyən razılaşmır. Bakı ŞİH Başçısının 26 dekabr 2017-ci il tarixli 634 saylı sərəncamı və həmin sərəncam əsasında təıtib edilmiş 20 aprel 2018-ci il tarixli 18/73 saylı ayrıc aktı ilə mübahisəli torpaq sahəsi "xxxx" MMC-yə ayrılmışdır. Bakı ŞİH Başçısının 26 dekabr 2017-ci il tarixli 634 saylı Sərəncamının 1-ci bəndində göstərilmişdir: "xxxx" MMC-nin 08 noyabr 2017-ci il tarixli 8 saylı müraciətini nəzərə alaraq, Binəqədi rayonu, 7-ci mkr.cənub hissəsi, S.S.Axundov küçəsində yerləşən torpaq sahəsində (icarə əsasında) otel, ofis və qeyri-yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilsin”. Göründüyü kimi, sərəncamın məzmunu torpaq sahəsinin ayrılması ilə bağlı deyil. Eyni zamanda, torpaq sahəsinin ayrılması olmadan, bina tikintisinin layihələndirilməsinə icazə verilməsi də qanunvericiliyə ziddir. Belə ki, bu bəndin məzmunu yalnız layihələndirilmə ilə bağlı olsa da, tərtib edilmiş ayrıc aktı məhz bu sərəncama istinadən verilmişdir. Halbuki, ayrıc aktı torpaq sahəsinin ayrılması haqqında sərəncama əsasən tərtib edilməlidir. Torpaq sahəsinin icarə əsasında verilməsinin nəzərdə tutulması bu bənddə əks edilsə də, sərəncamda torpağın icarəyə verilməsi qərara alınmamışdır. Müvafiq olaraq icarə müddəti, icarə qiyməti və s. məsələlər həll edilməmiş qalmışdır. Sərəncamın məzmununda torpaq sahəsinin ayrılması göstərilməsə də, faktiki olaraq bu məsələyə xidmət edir. İddia ərizəsindən görünür ki, iddiaçı tərəf mübahisələndirilən sərəncam və ayrıc aktının onların hansı hüquq və maraqlarını pozduğunu geniş şəkildə əsaslandırmışdır. Məhkəmənin diqqətinə onu da çatdırırıq ki, iddia tələbi sərəncam və onun əsasında verilmiş ayrıc aktının ləğv edilməsi ilə bağlı olsa da, məhkəmə qərardadı ilə yalnız sərəncama münasibət bildirilmişdir. Birinci instansiya məhkəməsi nəzərə almalı idi ki, mübahisəıləndirdiyimiz Sərəncam ilk hüquqi nəticəsini - ayrıc aktını yaratmışdır ki, həmin ayrıc aktının maraqlarımıza toxunması aşkardır. Bundan əlavə bizə ayrılmış torpaq sahəsinə dair, hətta layihələndirməyə dair olan Sərəncam belə, hüquqlarımıza toxunur. Bir şəxsə məxsus torpaq sahəsinə dair digər şəxsin tikintisinin layihələndsirilməsinə dair Sərəncamın, torpaq sahbinin hüquqlarını pozlmaması qənaəti doğru sayıla bilməz. » Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, üçüncü şəxsin nümayəndəsi Vəkil2 isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbləini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçıların tələbindən göründüyü kimi, mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdeh Bakı ŞİH-nin 26 dekabr 2017-ci il tarixli 634 nömrəli sərəncamının ləğv edilməsi və onun nəticələrinin aradan qaldırılması (yəni, həmin sərəncam əsasında Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 20 aprel 2018-ci il tarixdə tərtib edilmiş ayrıc aktının ləğv edilməsi) haqqında qərar qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə bu nəticəyə gələrkən, iddiaçılar tərəfindən İPM-in 32.1-ci və 38.1-ci maddələrinə istinad edərək iddiaçı tərəfindən cavabdehin qərarından şikayət vermə müddətinin ötürülmədiyini qeyd edərək, eyni zamanda, hesab etmişdir ki: - “hazırda mübahisə predmeti olan 26 dekabr 2017-ci il tarixli 634 nömrəli sərəncam üçüncü şəxs "xxxx" MMC-yə münasibətdə nəticə yaratsa da, iddiaçıların hər hansı hüquqlarını pozmur və onlara münasibətdə heç bir hüquqi hüquqi nəticə doğurmur. Cavabdehin 26 dekabr 2017-ci il tarixli 634 nömrəli sərəncamı torpaq ayrılmasına dair deyil, müvafiq ərazidə tikililərlə bağlı layihələndirməyə icazə verilməsi barədədir. Odur ki, məhkəmənin qənaətinə görə mübahisə predmeti olan 26 dekabr 2017-ci il tarixli sərəncamı qəbulu ilə hazırkı iddiaçıların hüquqlarına aşkar müdaxilə mövcud yoxdur və onların bu halda hüquqi müdafiəyə ehtiyacı da yaranmış olmur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, cavabdehin “tikintinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamı və həmin sərəncam əsasında ayrıc aktının tərtib olunması, hələ mübahisələndirilən ərazidə tikinti işlərinin aparılmasına icazə verilməsi anlamını vermir. Çünki, tikintiyə icazə - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilən çoxlu sayda prosedur qaydalara əməl edilməklə bir sıra sənədlərin əldə olunaraq müvafiq icra hakimiyətinə təqdim edildikdən və müvafiq rəylər alındıqdan sonra yalnız, qəbul edilən “tikintiyə icazə verilməsi barədə qərar” əsasında verilir. Konkret halda isə iddiaçı, onun hüquqlarını poza bilən tikintiyə icazə verilməsi haqqında qərarı deyil, faktiki olaraq onun subyektiv hüquqlarını məhdudlaşdırmayan və pozmayan, yəni, hazırkı durumda, ona münasibətdə əlverişsiz inzibati akt kimi qiymətləndirilməsi istisna edilən bir cavabdeh orqanın “tikintinin layihələndirilməsinə icazə verilməsi barədə” sərəncamını mübahisələndirir. Ona görə qeyd olunanlar baxımından, iddiaçıların cavabdehə qarşı qaldırdığı hazırkı iddia tələbi, İPM-in 35.1-ci maddəsinin tələbində nəzərədə tutulan əsaslandırılmış olan mübahisələndirmə haqqında iddia tələbi kimi qəbul oluna bilməz. Belə olan halda da, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını işin hallarına və prosessual hüquq normalarına uyğun sayır. Bu baxımdan da məhkəmə kollegiyası, iddiaçıların apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7489/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının əsassız olduğunu, qüvvədə olan inzibati prosessual hüquq normalarının yalnış tətbiq edilməsi ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7489/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsivasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1133/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1133/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver