Məhkəmə qərarları › İş №2-1(103)-1133/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1133/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1133/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6035/2023 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edilmiş vəzifədə xidməti vəzifələrinin icrası zamanı aldığı hərbi travma və xəstəlik nəticəsində onun xidməti davam etdirilməsi istisna edilməsini (həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab olunduğunu) nəzərə alıb, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” 29 iyun 2004-cü il tarixli 711-İİQ №-li Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulan üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının vəzifəsi “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Qanuna və müvafiq normativ hüquqi aktlara əsasən kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edilmişdir. Bu fakt Müdafiə Nazirliyinin 10 sentyabr 2022-ci il tarixli 15/2206 nömrəli arayışı ilə təsdiq edilir. Həmin Qanunun 14.2-ci və 20.12ci maddələrinin tələblərinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 nömrəli 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən xidməti vəzifələrin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. İddiaçı hərbi xidmətdə kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edilmiş vəzifədə xidmət edərkən səhhətində yaranmış problemlərə (xəstəliklərə) görə dəfələrlə ambulator və stasionar müalicədə olmuşdur. Sonuncu dəfə - 10 dekabr 2021-ci il tarixdən 10 yanvar 2022-ci ilədək Naxçıvan şəhərində yerləşən 205 nömrəli hərbi hospitalda, 10 yanvar 2022- ci il tarixdən 04 fevral 2022-ci il tarixədək Bakı şəhərində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında stasionar müalicədə olmuşdur. 17 noyabr 2022-ci il tarixdə X1 Hərbi-Həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 182 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydası”nın 2-ci bəndində göstərilmişdir ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması onların şəhadətləndirilməsi və dispanserizasiyası (dövri tibbi müayinəsi) yolu ilə həyata keçirilir. Həmin Qaydaların 6-cı bəndində göstərilmişdir ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının dispanserizasiyası ildə bir dəfə həmin subyektlərin rəhbərləri tərəfindən təsdiq edilmiş müvafiq normativ sənədlərə əsasən həyata keçirilir. Bu qaydalara uyğun olaraq iddiaçı ildə bir dəfə tibbi dispanserizasiyadan, tibbi müayinələrdən keçirilmişdir. Səhhətində bu xəstəliklər əvvəlki dövrdə əmələ gəlsəydi hər il tibbi dispanserizasiyadan, tibbi müayinələrdən keçirilərkən bu xəstəliklər aşkar edilərdi. “Xəstəlik haqqında Şəhadətnamə”də göstərilən xəstəliklər “hərbi travma” hesab edilmişdir. İddiaçıda bu xəstəliklərin əlamətləri son bir ildə əmələ gəlmiş, həmin dövrdə o, hərbi xidmətdə kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edilmiş vəzifədə xidmət etmiş, xidməti vəzifələrinin icrası zamanı bu xəstəliklərin əlamətləri yaranmışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci yarımbəndinə əsasən Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Vətəndaşın təqdim etdiyi 17 noyabr 2022-ci il tarixli 1597 nömrəli “Xəstəlik haqqında şəhadətnamə"yə əsasən hərbi xidmətdən istefaya buraxılmasına səbəb olan diaqnozun yaranma tarixi və səbəbi qeyri-müəyyən olduğundan, həmin xəstəliklərin yaranmasının kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı hesab edildiyi zamana təsadüf edib-etməməməsini təyin etmək mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6035/2023 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-6035/2023 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, 1597 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nin “Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında Hərbi Həkim Komissiyanın Qərarı” adlanan 12-ci bəndində göstərilmidir ki, “Ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, birinci funksional sinif, Aorta və tac arteriyalarının aterosklerozu, ateroslklerotik və postmiokarditik kardeoskleroz, ürək ritminin davamlı politop mədəcik ekstra sistoliyaları, paroksizmal mədəciküstü (supraventrikulyar) və mədəcik (ventrikulyar) taxikardiyalar tipli pozulmaları ilə, birinci funksional sinif ürək çatışmazlığı, revmatizmqeyrifəal dövr, mitral qapaq çatışmazlığı, tez-tez baş verən və uzun sürən tutmalarla keçən auralı miqren, C5 radikuloptiya natamam remissiya mərhələsində” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır”; “Gingivit, Sidik daşı xəstəliyi, hər iki böyrəyin konkrementləri, hepatosteatoz İ (birinci mərhələ), İ (birinci dərəcəli) konstutusional piylənmə” diaqnozu “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”: 2.2. Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı tələbi ilə Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” 29 iyun 2004-cü il tarixli 711-İİQ №-li Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulan üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsini xahiş edir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının vəzifəsinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna əsasən kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edilməsi işin mübahisəsiz halıdır. İş materiallarından göründüyü kimi , iddiaçının “Xəstəlik haqqında şəhadətnamə”sində “Ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, birinci funksional sinif, Aorta və tac arteriyalarının aterosklerozu, ateroslklerotik və postmiokarditik kardeoskleroz, ürək ritminin davamlı politop mədəcik ekstra sistoliyaları, paroksizmal mədəciküstü (supraventrikulyar) və mədəcik (ventrikulyar) taxikardiyalar tipli pozulmaları ilə, birinci funksional sinif ürək çatışmazlığı, revmatizmqeyrifəal dövr, mitral qapaq çatışmazlığı, tez-tez baş verən və uzun sürən tutmalarla keçən auralı miqren, C5 radikuloptiya natamam remissiya mərhələsində” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi qərara alınsa da, cavabdeh diaqnozun yaranma tarixi və səbəbinin qeyri-müəyyən olmasına istinad edərək iddiaçının müraciətini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı mübahisələ hal məhkəmə tərəfindən araşdırılmış və Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının mütəxəssisi X2 məhkəməyə dəvət edilmişdir. O məhkəməyə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixli şəhadətnamədə sadalanan ilkin xəstəliklər qan-damar, son sətirdə sadalananlar isə nevroloji xəstəliklərdir. Ehtiyatda olan hərbi qulluqçu-iddiaçı kəşfiyyat subyekti olduğuna görə o dövrdə əldə etdiyi bütün xəstəliklər hərbi travma hesab olunur. Müdafiə nazirinin müvafiq 123 nömrəli əmrinə əsasən həmin müddəa yalnız kəşfiyyat subyektlərinə aid hesab edilir. Həmin əmr Nazirlər kabinetinin müvafiq nömrəli Qərarı ilə eynilik təşkil edir. Həmin xəstəliklər kəşfiyyat xidmətində olduğu illərdə yaranmış ola bilər. Bu xəstəliyin yaranma dövrünü heç bir tibbi texnologiya ilə müəyyən etmək olmaz. Lakin iddiaçının tibb kitabçası var ki, orada kəşfiyyat xidmətinə keçənədək olan hər ilki dispanserizasiya müayinələrində heç bir patologiya olmadığı görünür. Fevral ayında verilən şəhadətnamədə düzgün yazılıb. Fərqin olması ona görədir ki, şəxsi kəşfiyyatçı kimi şəhadətləndirməyiblər. Orada səbəb əlaqə yazılmayıb. Hərbçiləri Müdafiə Nazirliyinin Mərkəzi poliklinikası şəhadətləndirir, daha sonra o poliklinikanın komissiyasının şəffaflığını Səbəb əlaqə bölməsi təyin edir. Növbəti şəhadətləndirmə zamanı səbəb-əlaqə yazılıb. İddiaçı həmin xəstəliklərlə xidmətə gəlsə idi, bu yaşa qədər yaşaya bilməzdi. Əgər xəstəlik olsaydı, mütləq müayinə və analizlərdə məlum olardı. Göründüyü kimi, iddiaçıya üç illik pul təminatı məbləğində kompensasiya verilməsi üçün qanunvericiliyin tələbləri təmin edildiyindən, həmin kompensasiyanın verilməsi üçün əsas olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6035/2023 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6035/2023 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar