Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1134/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə və üçüncü şəxsin iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X4) “çıxarışın ləğv edilməsi və mənzilə dair hüququnun qeydə alınıb reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8378/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı öhdəliyin icrası haqqında (İPM m 34.1) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)-225/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən etibarsız hesab edilmiş xx.xx.2005-ci il tarixli 4Ə-510 reyestr nömrəsi ilə bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov küçəsi, ev 28, 36 saylı mənzilə dair X3 adına verilmiş çıxarışın ləğv edilməsi, həmin mənzilə hüquqlarının qeydiyyata alınması və buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi və X3 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “…Tərəf olduğu mülki iş üzrə onun iddia tələbi Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-225/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən təmin edilərək xx.xx.2005-ci il tarixdə Bakı şəhəri 16 saylı Notariat Kontorunda 4Ə-510 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı ilə X4 arasında bağlanmış Bakı şəhəri Sabunçu rayonu Xasməmmədov küçəsi 28 saylı evin 36 saylı mənzilinin bağışlanması barədə müqavilə etibarsız hesab edilmişdir. Cavabdeh X4 tərəfindən qeyd olunan məhkəmə qətnaməsindən verilmiş apellyasiya, sonradan isə kassasiya şikayətləri təmin təmin edilməmiş, nəticə etibarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin həmin qətnaməsi xx.xx.2022-ci il tarixdə icraya yönəldilmiş və bu barədə 2(008)-225/2021 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin Sabunçu rayon İcra şöbəsinə ünvanlanmış məktubunda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-225/2021 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icra olunduğu və nəticə etibarı ilə xx.xx.2005-ci il tarixdə Bakı şəhəri 16 saylı Notariat Kontorunda 4Ə-510 reyestr nömrəsi ilə təsdiq edilmiş Bakı şəhəri Sabunçu rayonu Xasməmmədov küçəsi 28 saylı evin 36 saylı mənzilinin bağışlanması barədə müqavilənin ləğv (etibarsız) hesab edildiyi qeyd edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən Bakı şəhəri Sabunçu rayonu Xasməmmədov küçəsi 28 saylı evin 36 saylı mənzilinin çıxarışın əsli iddiaçıya geri qaytarılmış, habelə xx.xx.2023-cü il tarixli 3-16-5/6-7/7 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciət olunaraq Bakı şəhəri 16 saylı Notariat Kontorunda 4Ə- 510 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin hüquqi nəticələrinin nəzərə alınması xahiş edilmişdir. Lakin, buna baxmayaraq 1 saylı Bakı ərazi idarəsi məhkəmə tərəfindən etibarsız hesab edilmiş 4Ə-510 reyestr nömrəli bağışlama müqaviləsinin hüquqi nəticələri daşınmaz əmakın dövlət reyestri sisteminə əlavə düzəliş edilmədiyinə görə ÖM seriyalı, 034433 nömrəli qeydiyyat vəsiqəsi ilə iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu Xasməmmədov küçəsi 28 saylı evin 36 saylı mənzili hələ də X3 adında verilmiş çıxarış ləğv edilməmişdir.” Cavabdeh iddiaya dair etirazlında Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 225/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmadığını və müraciətdə qeyd olunan məhkəmə aktlarının rəsmi qaydada 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmadığını bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8378/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov küçəsi, ev 28, 36 saylı mənzilə dair X3 adına aparılmış qeydiyyatın (çıxarışın) ləğv edilməsi, həmin mənzilə dair İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla (qeydiyyat bərpa edilməklə), hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Üçüncü şəxs apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Məhkəmənin mövqeyi yanlışdır, iddia tələbi əsassızdır, eyni zamanda məhkəmə aidiyyəti üzrə düzgün verilməmişdir. Hazırki işin məhkəmə aidiyyəti inzibati mühakimə icraatında deyil, mülki mühakimə icraatı qaydasında aparılmalıdır. Cavabdeh orqanın hərəkətləri qanunidir, ona görə ki, mənzil mülkiyyət hüququ ilə onun adınadır, onun adına çıxarış var və həmin çıxarış mülki məhkəmə qaydasında ləğv edilməyib. Ona çıxarışın verilməsinə əsas olmuş sənəd bağışlama müqaviləsidir, bu da mülki hüquqi əqd olduğundan həmin müqaviləni ləğv edən məhkəmə tərəfindən baxılmalıdır. Bu səbəbdən də çıxarışın ləğv edilməsi hissəsində də iddia mümkün sayılmamalıdır…» Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək şikayətinin təmin olunmasını, iddiaçının nümayəndəsi isə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 82-ci maddəsinin tələbləini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə üçüncü şəxsin apellyasiya şikayəti həddində baxılıb qiymət verilməlidir. Üçüncü şəxs isə apellyasiya şikayətində hesab edir ki, nə qədər ki, mənzilin mülkiyyət hüququ ilə ona məxsus olması barədə onun adına reyestrdən çıxarış var, mülki icraat qaydasında həmin çıxarış ləğv edilməyib, cavabdeh imtina etməkdə haqlıdır, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə üçüncü şəxsin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, iş materialarından görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 225/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə X4 arasında bağlanmış və xx.xx.2005-ci il tarixdə Bakı şəhəri 16 saylı Notariat Kontorunda 4Ə-510 reyestr nömrəsi ilə təsdiq edilmiş Bakı şəhəri Sabunçu rayonu Xasməmmədov küçəsi 28 saylı evin 36 saylı mənzilinin bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2204/2022 nömrəli 09 mart 2022-ci il tarixli qərarı ilə birinci instansiya məhkəəsinin həmin qərarı dəyişdirilmədən saxlanılmış, həmin qərar da öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3937/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, Bakı şəhəri Sabunçu rayonu Xasməmmədov küçəsi 28 saylı evin 36 saylı mənzilə dair İddiaçı ilə X4 arasında (yəni, hazırkı işin iştirakçıları iddiaçı ilə üçüncü şəxs) arasında bağlanmış və xx.xx.2005-ci il tarixdə Bakı şəhəri 16 saylı Notariat Kontorunda 4Ə-510 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə Sabunçu rayon Məhkəməsinin 2(008)-225/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış, bundan sonra, həmin qətnamə Sabunçu Rayon Məhkəməsi tərəfindən icra vərəqəsi verilməklə xx.xx.2022-ci il tarixdə Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. MPM-in 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İşə əlavə olunmuş AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin Sabunçu rayon İcra şöbəsinə ünvanlanmış xx/xx-7904/11 saylı 01 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-225/2021 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi icra olunmuş və xx.xx.2005-ci il tarixdə Bakı şəhəri 16 saylı Notariat Kontorunda 4Ə-510 reyestr nömrəsi ilə təsdiq edilmiş Bakı şəhəri Sabunçu rayonu Xasməmmədov küçəsi 28 saylı evin 36 saylı mənzilinin bağışlanması barədə müqavilənin etibarsız hesab edilməsi barədə qeyd edilmişdir. Etibarsız hesab edilən həmin bağışlama müqaviləsi isə bağlanmazdan əvvəlki vəziyyət ondan ibarət olmuşdur ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 2xx.xx.2000-ci il tarixli 034433 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mənzilin mülkiyyətçisi hazırkı İddiaçı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0; 8.0.4-cı maddələrinin imperativ tələblərindən isə görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə də qanunvericiliyin qeyd olunan tələbləri və işin tədqiq olunan sübutlarla müəyyən edilən halları baxımından, cavabdeh tərəfindən iddiaçının ərizəsi üzrə mübahisəli mənzilə dair üçüncü şəxsin adına aparılmış reyestr qeydiyyatının ləğv edilməsini və onun əvvəlki mülkiyyət hüququnun mülkiyyət hüququnun bərpa edilərək qeydiyyat aparılıb ona çıxarış verilməsindən imtina olunması qanunsuz olmuş, qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Göstərilənlər baxımından məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin iddianın əsassız olduğunu, işə mülki icraat qaydasında baxılmalı olduğunu, məhkəmə tərəfindən aidiyyət qaydalarının pozulduğunu və iddianın mümkünsüzlüyünü mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8378/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8378/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1134/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1134/2024
23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver