Məhkəmə qərarları › İş №2-1(103)-1136/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1136/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1136/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2092/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2092/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********193761 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə 2-1(112)-2092/2020 saylı inzibati işin icraatı iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraat başa çatanadək dayandırılmışdır. İddiaçı qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xronoloji ardıcıllığa diqqət edildikdə aydın olur ki, iddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2019-cu il tarixdə, yəni cinayət işinin başlanması barədə qərar qəbul edilməmişdən daha əvvəl məhkəməyə təqdim edilmiş və məhkəmənin icraatına qəbul edilmişdir. Belə olan təqdirdə isə iddiaçı barəsində başlanılmış cinayət işinin Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-2092/20 saylı inzibati işə təsir etməsi qeyri-mümkündür, əksinə cinayət işi Bakı İnzibati Məhkəməsinin icraatında olan inzibati işin nəticəsindən bilavasitə asılıdır. İddiaçının iddia tələbi təmin edildikdə vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi barədə məhkəmə qərarı qəbul edildikdə başlanmış cinayət təqibinin icraatına xitam verilməli olacaqdır. Hazırki iddia tələbi üzrə məhkəmə qərarı başlanılmış cinayət işi üzrə icraatdan asılı deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmaqlarına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin dəlilləri ilə razılaşmadığını bildirərək, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək apelyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən görünür ki, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********193761 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir Cavabdehin nümayəndəsi məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, Vergilər Nazirliyinin Vergi X1 Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərar qəbul edilərək İddiaçı MMC-də 116914.08 manat, yəni külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılma faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Belə ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı MMC tərəfindən vergi orqanına təqdim edilmiş 2015-2017-ci illər üzrə mənfəət və əlavə dəyər vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil edilərək, külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılmışdır. Hesab edirlər ki, qeyd olunan iş üzrə aparılan cinayət təqibinin icraatda olan mübahisənin həllinə təsir etməsi halları mövcud olduğundan, inzibati məhkəmə icraatı, cinayət işi üzrə icraat yekunlaşanadək dayandırılmalıdır Birinci instansiya məhkəməsi iş üzrə mübahisələndirilən qərarda göstərilmiş vergi dövrü üzrə iddiaçının vergidən yayınma faktı ilə bağlı cinayət işi başlanıldığını, beləliklə mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayət təqibi mübahisənin həllinə təsir edə biləcəyini əsas götürərək iş üzrə icraatın dayandırılması nəticəsinə gəlmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vergi X1 Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin Q2000045 nömrəli, xx xxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Qərarı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı MMC-də (VÖEN **********) vergi orqanına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edilərək, 2015-2016-cı illər üzrə 88030,65 manat mənfəət vergisi, 2015-ci ilin fevral-may, avqust, 2016-cı ilin yanvar, aprel-may, sentyabr, noyabrdekabr, 2017-ci ilin aprel, avqust ayları üzrə 64558.71 manat əlavə dəyər vergisi az və 2015-ci ilin yanvar, iyun-iyul, sentyabr-dekabr, 2016-cı ilin fevral-mart, iyun-avqust, oktyabr, 2017-ci ilin yanvar-mart, may-iyul, sentyabr ayları üzrə 35675.28 manat artıq hesablanmaqla, ümumilikdə, külli miqdar təşkil edən, 116914.08 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. Qeyd edilənlərə əsasən İddiaçı MMC- də 116914,08 manat məbləğində, yəni külli miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin iş tərəfindən icraata qəbul edilərək ibtidai araşdırma aparılması qərar alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 7.1-ci maddəsinə əsasən mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Həmin normanın məzmunundan da göründüyü kimi, əgər birinci halda-həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən icraatın dayandırılmağı barədə qərar qəbul edilməsi məhkəmənin diskresion səlahiyyətinə aid olduğu halda, yəni məhkəmə konrket icraatın davam etdirilib-etdirilməməsini məqsədəuyğunluğunu öz mülahizəsinə əsasən müəyyənləşdirdiyi halda, digər halda-həmin Мəcəllənin 7.2-ci maddəsinə əsasən bu, məhkəmənin vəzifəsidir, yəni məhkəmə icraatı dayandırmağa borcludur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumun xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, iş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz”. Kollegiya qeyd olunan normaların tələblərini, eləcə də Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq hesab edir ki, cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraatın açılması deyil, məhz işin baxılmaq üçün məhkəmənin icraatına qəbul olunması icraatı dayandırmağa məcbur edən amil kimi qəbul oluna bilər. Hazırki işdən isə görünür ki, ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı MMC-də külli miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanılmış və hazırda cinayət işi məhkəməyəqədər araşdırma mərhələsindədir. Birinci instansiya məhkəməsi işin qeyd edilən halını nəzərə almadan iş üzrə icraatı dayandırmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bu əsasdan kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, cavabdehin icraatın dayandırılması ilə bağlı vəsatəti rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2092/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə icraatın iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraat başa çatana kimi dayandırılmasına barədə cavabdehin vəsatəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar