Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1136/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı (üçüncü şəxs “Azərbaycan X5” QSC) “əlilliyin bərpa olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-3044/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı (üçüncü şəxs “Azərbaycan X5” Qapalı Səhmdar Cəmiyyəti cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 19.05.2017- ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə Tovuz rayonunda doğulmuşdur. 19.05.2017-ci il tarixdə ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti 5 il olaraq qeyd olunmuşdur. Yəni, o, 19.05.2022-ci ildə yenidən qiymətləndirmədən keçməli idi. Əlilik təyinatı zamanı diaqnoz bölməsində “Şəkərli diabet tip İİ orta ağır formalı, dekonpensasiya faza fazasında insulin tələbi ilə. Diabetik angeoretinopatiya. Sol mədəcik çatışmamazlığı, QDÇ İİ d. ÜİX Gərginlik stabil stenokardiyası f/s İİİ, tez-tez baş verən stenokardiya tutmaları ilə. Hipertoniya xəstəliyi İİ mərhələ. Periferik qan dövranının pozğunluğu. Diabetik mikroangeopatiya. Diabetik polineyropatiya. Aşağı ətrafların sağalmayan trofik yaraları” qeyd olunmuşdur. Daha sonra müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlilik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Sonradan ona məlum olmuşdur ki, DSMF-nin Xəzər rayon Şöbəsi tərəfindən ona təyin olunmuş pensiya dayandırılmışdır. Həmin halı araşdıran zaman məlum olmuşdur ki, əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillik” altsistemində etibarsız hesab edilmişdir. Ətraflı şəkildə məlumat əldə etmək və əlilliyinin bərpası üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan X5” QSC-nin Sosial İnkişaf İdarəsi tərəfindən qiymətləndirməyə əsas verən 44005003AAB6G göndəriş əsassız hesab edilmişdir. Bununla əlaqədar əlilik müayinəsi Nazirliyin “Əlillik” alt sistemində etibarsız hesab edilmişdir. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən ona qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Bundan əlavə cavabdeh inzibati orqan əlilliyinin etibarsız hesab edilməsi üçün “Azərbaycan X5” QSC tərəfindən göndərişin əsassız olmasını əsas götürsə də, həmin məktubun surətini və ya məzmununu ona təqdim etməmişdir. Bundan başqa ona məxsus əlillik etibarsız hesab edilsə də, bu barədə hər hansı bir məlumat verilməmişdir. Aidiyyəti qurumlara müraciət ünvanladıqdan sonra ona nəhayət ki, bir məlumat verilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır. İnzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları pozulmuşdur. Eyni zamanda əlillik meyarlarının müəyyən olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq edilmişdir. Həmin Qərarda əlilliyin vaxtından əvvəl ləğv və ya etibarsız hesab olunması halları qeyd olunmamışdır. Göründüyü kimi Xidmət tərəfindən hüquqları kobudcasına pozulmuş və onun sosial təminat hüquqlarım məhdudlaşdırılmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət məhkəməyə təqdim edilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti X5 QSC Sosial inkişaf İdarəsinin MDX Əhmədli Tibbi sanitar hissəsinin 4405003AABPX saylı göndərişi əsasında 19.05.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. “X5” QSC tərəfindən 4405003AABPV saylı göndəriş etibarsız edildiyindən Əlillik altsistemində əlillik müayinəsi ləğv edilmişdir. “Azərbaycan X5” QSC-nin 29.01.2019-cu il tarixli MC 02/02-45 nömrəli məktubu ilə qiymətləndirilməyə əsas verən 4405003AABPX saylı göndəriş əsassız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnaməyə müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyəti “X5” QSC-nin Sosial İnkişaf İdarəsinin MDX Əhmədli tibbi-sanitar hissəsi 4405003AABPX saylı göndərişi əsasında 19.05.2017-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Göndərişi rəsmiləşdirən “Azərbaycan X5” QSC-nin tərəfindən əlilliyin təyininə əsas olan 4405003AABPX saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. İddiaçı qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müayinə və müalicə olunduqdan sonra göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir. Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-3044/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 19.05.2017-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar təyin olunmuş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, X5 deyib ki, bu şəxslərin onlara aidiyyəti yoxdur. TSEK-in qərarı ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, o, pensiyaya çıxandan sonra bir neçə dəfə xəstəxanada yatmışdır. O, X2 işləməmişdir. 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, iddiaçıya X7 ASC Əhmədli tibbi sanitar hissəsi tərəfindən rəsmiləşdirilmiş 4405003AABPX saylı forma 088 saylı göndərişi əsasında 19.05.2017-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin daha sonra cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik “Azərbaycan X5” QSC-nin Sosial İnkişaf İdarəsi tərəfindən 4405003AABPX saylı göndəriş əsassız hesab edildiyindən, Əlillik altsistemində etibarsız hesab edilmişdir. İddiaçı əlilliyin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 23.09.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, əlillik vəziyyəti X5 QSC Sosial İnkişaf İdarəsi MDX X9 hissəsinin 4405003AABPX saylı göndərişi əsasında 19.05.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 4405003AAB6G saylı göndəriş X5 QSC Sosial inkişaf idarəsi tərəfindən əsassız hesab edildiyinə görə əlillik məlumatları Əlillik altsistemində etibarsız edilmişdir. O, yaşayış yeri üzrə səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarına uyğun olaraq əlillik vəziyyəti iştirakı olmadan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib müvafiq qərar veriləcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İşdə olan X7 ASC-nin Əhmədli tibbi sanitar hissəsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş 4405003AABPX saylı forma 088 saylı arayışından görünür ki, İddiaçı insulindən asılı şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə. Şəkərli diabet tip ikinci orta ağır formalı, dekonpensasiya faza fazasında insulin tələbi ilə əsas diaqnozu ilə, ümumi xəstəlik əsası ilə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 13.05.2017-ci il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq “Azərbaycan X5” QSC tərəfindən göndərilmiş 24.02.2020-ci il tarixli MC 02/02-118 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında ASCO tərəfindən verilmiş cavabda həmin qurumun apardığı araşdırmanın nəticəsinə əsasən, nöqsanlar aşkar edilmiş göndərişlərin etibarsız hesab edilməsi uyğun görülmüşdür. Həmçinin apellyasiya şikayətinə əlavə edilmiş və cavabdeh tərəfindən 3-cü şəxsə ünvanlanan məktubda göstərilmişdir ki, aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Xəzər X4 Səhmdar Cəmiyyətinin strukturuna daxil olan tibb müəsisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 25 nəfərə (əlavə olunur) əlillik təyinatları aparılmışdır. Göstərilənləri nəzərə alaraq, əlavə edilmiş siyahıda adları qeyd olunmuş şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərin əsaslılığının araşdırılması, əsassız rəsmiləşdirilmiş göndərişlərin ləğv edilməsi və nəticəsi barədə Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinə məlumat verilməsi xahiş edilmişdir. Həmin məktuba əlavə edilmiş siyahıda 7-ci sırada İddiaçı adı qeyd edilmişdir. Azərbaycan X5 QSC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan 29.01.2019-cu il tarixli MC 02/02-45 saylı məktubda qeyd edilmişdir ki, təqdim etdiyiniz siyahılarda adları göstərilən şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərin əsaslılığına şübhələr olduğu üçün, sözügedən məktublarınıza əsasən risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi tərəfimizdən uyğun hesab olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının əlillik məlumatlarının əlillik altsistemində etibarsız hesab edilməsi əsaslı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-3044/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-3044/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1136/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1136/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver