Məhkəmə qərarları › İş №2-1(103)-1136/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1136/2022

24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1136/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8160/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 7A saylı evin 49 saylı mənzilinin X1 adına özəlləşdirilməsi, mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat və mülkiyyət hüququna dair X1 adına verilmiş çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi 2-1(112)-8160/2021 saylı, 07.07.2021-ci il tarixli qərardadı ilə X2 hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsi 2-1(112)-8160/2021 saylı, 08.12.2021-ci il tarixli qərardadı ilə X2 vəfat etdiyindən onun inzibati məhkəmə icraatında üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmiş, X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 7A saylı evin 49 saylı mənzili Dövlət Mənzil Fonduna aid olmaqla 1979-cu ildə ailələrinə verilmişdir. Mənzil verilən gündən ailə üzvlərilə orada yaşayıb. 1979-cu ildə pasport qeydiyyatına düşüb. 1994-cü ildə ailə həyatı qurub və həyat yoldaşı X8 həmin mənzilə gəlin köçüb. 1995-ci ildə oğlu X7 həmin mənzildə anadan olmuşdur. 2020-ci ilin sentyabrda mülki məhkəmə mübahisəsi zamanı məhkəmə prosesində məlum olmuşdur ki, mənzil 1995-ci ildə anası X1 adına özəlləşdirilərək daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmışdır. Mənzilin özəlləşdirilməsindən məlumatsız olub. Belə ki, mənzil özəlləşdirilərkən onun razılığı olmamışdır. Mənzilin özəlləşdirilib-özəlləşdirilməməsi barədə cavabdeh inzibati orqana, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş 31.08.2020-ci il tarixli, 241 saylı vəkil sorğusuna cavab olaraq 24.09.2020-ci il tarixli cavab məktubunda göstərilir ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi ev 7A, 49 saylı mənzil X1 adına 27.10.1995-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzilə dair razılıq ərizələri arxiv qovluğunda aşkar edilməmişdir. Mübahisəli mənzilə dair verilmiş dövlət reyestrindən çıxarışın, özəlləşdirməyə razılıq vermədiyimə görə ləğv edilməsi ilə bağlı 12.06.2021-ci il tarixli ərizəsinə cavab olaraq cavabdeh bildirmişdir ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Ondan razılıq alınmadığından həmin mənzilin özəlləşdirilməsi qanunsuz olmuşdur. Belə olan halda mənzilin özəlləşdirilməsi etibarsız hesab edilməklə mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat və müvafiq çıxarış ləğv olunmalıdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, idarə tərəfindən İddiaçı ünvanlanan **********84 saylı 02.07.2021-ci il tarixli məktubda bildirilmişdir ki, əlavə edilən Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 2(005)- 3634/2020 saylı, 19.11.2020-ci il tarixli qətnaməsi rəsmi qaydada İdarəyə daxil olmamış və qeyd olunan qətnamə ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8160/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərardadı (hakim G.Sevdimalıyeva) ilə iddianın mümkün sayılmaması, iş üzrə icraatın dayandırılması haqqında vəsatətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, sözügedən mənzil özəlləşdirilərkən onun razılığı olmadığından həmin mənzilin özəlləşdirilməsi, çıxarışın verilməsinin qanunsuz olduğu qeyd edilmiş, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin qərardadında qeyd edilmiş hallar əsassızdır, bir işə baxılıb həll edilənək həmin işə baxılmasının mümkün olmaması iddianın mümkün sayılmaması əsasını təşkil edə bilməz. İddiaçı tərəfindən çıxarışın verilməsinə əsas olan sərəncam mübahisələndirildiyindən hazırkı iş üzrə icraatın dayandırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin, iş üzrə icraatın dayandırılmasını təşkil edən əsaslar məhkəmə tərəfindən əsassız olaraq iddianın mümkün sayılmaması əsası kimi qiymətləndirilmiş və nəticədə iddianın mümkün sayılmamasına dair əsassız qərardad qəbul olunmuşdur. Tərəflərin izahatları: 24.02.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunaraq, işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxs X6 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibatı məhkəmə icraatının iştirakçıları hazırki işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə 3-cü şəxsin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki işdən görünür ki, iddiaçı hazırki tələblə Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi ev 7A, 49 saylı mənzilin özəlləşdirilməsinin, mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi xidməti vəzifəsinə uyğun olaraq sözügedən mənzillə bağlı, həmçinin, mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı barədə aidiyyəti sorğular göndərmiş, həmin qeydiyyat üçün əsas olan sənədlər tələb edilmişdir. Məhkəmə sorğusuna cavab məktubundan aydın görünür ki, sözügedən mənzil X1 adına ilkin qeydiyyata alınmış, ilkin qeydiyyat üçün əsas olan sənəd Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 19.09.1995-ci il tarixli 247/30 N-li sərəncamı olmuşdur. Həmin sərəncama əsasən sözügedən mənzil əvəzsiz olaraq X1 mülkiyyətinə verilmişdir. Məhkəmə Kollegiyası, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını nəzərə çatdırır: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (maddə 8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (maddə 8.0.2) qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; - (maddə 8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı; - (maddə 8.0.4) qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - (maddə 8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzrində hüquqları təsdiq edən aktlar, şahədətnamələr və qeydiyyat vəsiqələri; - (maddə 8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); - (maddə 8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; - (maddə 8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; - (maddə 8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - (maddə 8.0.9.1) hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; - (maddə 8.0.9.2) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; - (maddə 8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - (maddə 8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; - (maddə 8.0.10.2) məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd; - (maddə 8.0.11) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; - (maddə 8.0.12) 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. İşin faktiki hallarından görünür ki, mübahisə predmetini təşkil edən mənzilə dair ilkin olaraq Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 19.09.1995-ci il tarixli 247/30 N-li sərəncamı əsasında X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Beləliklə, Məhkəmə Kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi qəbul edilmiş akt yalnız o zaman inzibati akt dəyəri daşıyacaqdır ki, o, ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilməli və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalıdır. Beləliklə, inzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydiyyatların və bununla bağlı verilmiş çıxarışların mübahisələndirilməsinə dair iddialar üzrə nəzərə alınmalıdır ki, həmin çıxarışlar hər zaman inzibati akt kimi çıxış etmirlər. Şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində hüquqa dair aparılmış qeydiyyat və buna dair verilmiş çıxarış o halda inzibati akt hesab edilə bilər ki, inzibati orqan məhz qanunun verdiyi hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi nəticəsində həmin qərarı qəbul etmiş olsun. Hazırki halda, X1 adına qeydiyyat aparılarkən və çıxarış verilərkən əsas kimi Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 19.09.1995ci il tarixli 247/30 saylı sərəncamı götürülmüşdür. Ona görə də, üçüncü şəxsin adına qeydiyyatı apararkən və çıxarışı verərkən inzibati orqan tərəfindən hər hansı inzibati aktın qəbul edilməsi aşkar edilmir. Bu halda, inzibati orqan tərəfindən hər hansı hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi halı və onun nəticəsində qəbul edilmiş qərar mövcud deyildir. Çıxarışın verilməsi inzibati orqan tərəfindən qanunvericiliyin tələb etdiyi qeydiyyatla bağlı texniki vəzifələrin yerinə yetirilməsindən irəli gəlir. Ona görə də, çıxarış inzibati akt hesab edilə bilməyəcəyinə görə məhkəmədə çıxarışın ləğvi tələbinə mahiyyəti üzrə baxılmaması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İddiaçı çıxarışın verilməsinə əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərin ləğvinə və ya etibarsızlığına nail olduqdan sonra həmin hala istinadla qeydiyyatın və çıxarışın ləğvinə dair inzibati orqana müraciət etməli, həmin müraciəti təmin edilmədikdə isə inzibati orqanın hərəkətini məhkəmədə mübahisələndirməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. Bu mənada, hazırki iş üzrə ilkin olaraq X1 adına çıxarışın verilməsinə əsas təşkil etmiş Nərimanov Rayon İcra Hakimiyyəti sərəncamı mübahisələndirilmədən birbaşa mənzilə dair verilmiş çıxarışın ləğvinə dair qaldırılmış iddiaya iddiaçının hüquqi marağının mövcud olmaması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Çünki həmin hüquq müəyyənedici sənəd qüvvədə olduğu halda çıxarışın ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesin aparılmasını da lüzumsuz edir. Apellyasiya şikayətinin əsas dəlili hazırda mübahisələndirilən çıxarışın verilməsinə əsas olan inzibati aktın-sərəncamın ayrıca mübahisələndirilməsi ilə bağlı inzibati mübahisə üzrə yekun qərar qəbul edilənədək hazırki işin dayandırılmalı olması ilə bağlıdır. Belə ki, inzibati aktın ayrıca mübahisləndirilməsi hazırki iddianın mümkün sayılmamasına əsas ola bilməz. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən etmişdir ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 19.09.1995-ci il tarixli 247/30 N-li sərəncamı Bakı İnzibati Məhkəməsinin digər hakiminin icraatında mübahisələndirilir. Apellyasiya şikayətinin dəlili ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, çıxarışın verilməsinə əsas olan sənədlərin mübahisələndirilməsi hazırki mübahisə üzrə icraatın dayandırılmasına əsas ola bilməz, həmin mübahisəyə dair iddia uğurlu olarsa, iddiaçı daha sonra qeydiyyatı aparmış orqana müraciət etməklə reyestrdəki qeydin ləğvini tələb edə bilər, bundan sonra müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 81.1, 83.1, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8160/2021 saylı, 13 dekabr 2021-ci il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mirzə Tağızadə Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar