Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1136/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8161/2024 saylı, 08 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçıya prokurorluq orqanının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra ona ödənilən pensiya məbləğinin artıq ödənəldiyi bildirilmiş və artıq ödəmə altında vəsaitin ondan tutulması məqsədilə razılıq verilməsi barədə ərizə verilməsi tələb olunmuşdur. Belə ərizə olmadığı halda və iddiaçının dinləmə hüququ təmin edilmədiyi halda cavabdeh artıq ödəmə adı altında iddiaçıdan pul tutmaqda davam etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə onun Fondun Nəsimi rayon şöbəsi tərəfindən 6 dekabr 2010-cu il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1- ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılarac aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 1 dekabr 2019-cu il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 805,00 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 362,25 manat, rütbəyə görə əlavə 134,00 manat, digər növ əlavələr 1435,42 manat olmaqla orta aylıq əmək haqqı 2736,67 manat təşkil etmişdir. Burunla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 20.8.2-ci maddəsinə əsasən 31 il 11 ay qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (2736,67 manat) 80 faizi-2189,34 manat məbləğində hesablanmalı olduğu halda, 2448,55 manat müəyyən edilməklə xx.xx.2019- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 9331,56 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1060,00 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 477,00 manat, rütbəyə görə əlavə 134,00 manat, digər növ əlavələri 1847,67 manat olmaqla orta aylıq əmək haqqı 3518,67 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 20.8.2-ci maddəsinə əsasən 31 il 11 ay qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (3518,67 manat) 80 faizi-2814,94 manat məbləğində müəyyən olunub. Eyni zamanda, iddiaçının pensiyasının (2814,94 manat) üzərinə 10 faiz maddi yardım əlavə edilməklə aylıq ödənişi 1 yanvar 2023-cü il tarixindən 3096,43 (2814,94+281,49) manat təşkil edib. Nəticədə, 2022-ci ilin dekabr və cari ilin yanvar aylar üzrə iddiaçıya ümumilikdə ödənilməli olan 769,41 manat pul vəsaiti hesablanıb. Həmin 769,41 manat vəsait iddiaçıya artıq ödənilmiş 9331,56 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan 8562,15 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilib. Eyni zamanda bildirilir ki, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 248,50 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 248,50 manat pul vəsaiti cari ilin fevral ayında iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən irıdeksləşdirmə ilə əlaqədar iddiaçının əmək pensiyası cari ilin fevral ayında (1 yanvar 2023-cü il tarixindən hesablanmaqla) 3096,43 manatdan 3551,61 manata artırılıb. Son olaraq iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın artıq ödənilmiş pensiya məbləğinə dair qeyd hissəsinin ləğv edilməsi, artıq ödəmə adı ilə tələb edilən pul məbləğinin tələb edilməsini cavabdehə qadağan edilməsi və tutulmuş pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8161/2024 saylı, 08 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-1422/2023 nömrəli qərarı artıq ödənilmiş pensiya məbləğinə dair qeyd hissəsində ləğv edilmiş, artıq pensiya ödəməsi adı ilə pul vəsaitinin iddiaçıdan tutulması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilməsi və artıq ödəmə adı ilə tutulmuş pul vəsaitinin iddiaçıya geri qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8161/2024 saylı, 08 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-3- 1422/2023 nömrəli qərarına əsasən iddiaçının yenidən hesablanmış pensiya məbləği 2.814,94 manat təşkil etmişdir - Cavabdehin “artıq pul vəsaiti haqqında” məktubunda qeyd olunmuşdur ki, “pensiya işinizə aid sənədlərdə sizə Fondun Nəsimi rayon şöbəsi tərəfindən 6 dekabr 2010-cu il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işiniz araşdırılaraq aylıq ödənişiniz 3551,61 manat məbləğində müəyyən edilib, həmçinin ötən dövr üzrə 8562,15 manat artıq ödənilmiş pul vəsaiti hesablanıb. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında sizə 19 aprel 2023-cü il tarixli 3- 17-1/2-M-86582/2023 nömrəli məktublarla ətraflı məlumat verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasfnm 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1 -ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Eyni zamanda bildiririk ki, 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar pensiyanız cari ilin fevral ayında 3949,39 manat məbləğində müəyyən edilib, həmçinin cari ilin yanvar ayı üzrə ödənilməli olan 397,78 manat fərq məbləği hesablanıb. Həmin 397,78 manat fərq məbləği sizə artıq ödənilmiş 8562,15 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 8164,37 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əlavə olaraq bildiririk ki, cari ilin fevral ayı üzrə sizə ödənilməli olan 397,78 manat pul vəsaiti hesablanıb. Həmin vəsaitin cari ilin mart ayında əmək pensiyasına əlavə edilməklə müvafiq kart hesabınıza köçürülməsi nəzərdə tutulur” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 28.1. inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: -fiziki və ya hüquqi şəxsin ərizəsi; -inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; -inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. - 14. inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Hazırkı işin hallarından görünür ki, iddiaçıya 6 dekabr 2010-cu il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin olunmuşdur. Daha sonra onun pensiya məbləğində dəyişikliklər olmuş və son dəfə artıq ödəmə adı altında onun pensiya məbləğindən tutulmalar həyata keçirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçıdan artıq ödəmə altında pulun tutulmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmçinin qeyd edilməlidir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıdan artıq ödəmə adı altında pul vəsaitini əmək pensiyasının yenidən hesablanmasını barədə qərar qəbul etməklə tutsa da, həmin qərar (artıq ödəmə adı altında vəsaitin tutulması hissəsində) “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçıya prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv edilməsi, geri çağırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə iş materiallarında inzibati akt mövcud deyildir. İddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun cavabdehin mübahisələndirilən qərarı (iddiaçı tərəfindən mübahisələndirilən hissədə) qəbul olunarkən qüvvədə olan 39.1-ci maddəsinin redaksiyası nəzərdə tuturdu ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, əmək pensiyasını təyin edən orqan yalnız əmək pensiyaçısının razılığı olduqda artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin pensiyaçıdan tutulması barədə qərar qəbul edir. Başqa sözlə, burada pensiya təyin edən cavabdeh orqanın diskresion səlahiyyətinin mövcudluğu müəyyən edilmir. Göründüyü kimi, cavabdeh qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almadan, iddiaçını inzibati icraata cəlb etmədən və onun razılığını almadan, qərarı qəbul edərək, iddiaçıdan artıq ödənilmiş pul adı altında pensiya məbləğinin geri ödənilməsini tələb etmiş, bununla da pensiya qanunvericiliyinin tələblərini pozmuşdur. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67-68-ci maddələrinə görə, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, iddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində əmək pensiyası artıq ödənilmişdir ki, məhkəmə hesab edir ki, iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçı etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Həmçinin hazırkı iş üzrə məhkəmə kollegiyası qeyd edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir Belə ki, həmin Qərara əsasən Konstitusiya Məhkəməsi hesab etmişdir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Əlavə olaraq qeyd olunmalıdır ki, əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın artıq ödənilmiş pensiya məbləğinə dair qeyd hissəsinin ləğv edilməsi, onun hüquqi nəticələrinin aradan qaldırılması, tutulmuş pul məbləğinin geri qaytarılmasını ehtiva etdiyindən qərar ləğv edilirsə, digər tələblər də təmin edilməli, tutulmuş pul məbləği geri qaytarılmalıdır. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyta keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmn etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1417/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında öz əksini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8161/2024 saylı, 08 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8161/2024 saylı, 08 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1136/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1136/2025
06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver