Məhkəmə qərarları › İş №2-1(103)-1137/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1137/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1137/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Aida Hüseyn Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə. İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, X5 3-cü şəxs qismində cəlb olunmaqla) qarşı qadağaların götürülməsi və əmlak üzərində ipotekanın əlavə qeydiyyatının aparılması tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-4185/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-4185/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evinin üzərindən qadağaların götürülməsi və əmlak üzərində ipotekanın əlavə qeydiyyatının aparılması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim F.Mədətli). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, X5 3-cü şəxs qismində cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evinin üzərindən qadağaların götürülməsi və əmlak üzərində ipotekanın əlavə qeydiyyatının aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, X3 “xxxx” İKB ASC-nə bank və xxxx MMCnə qarşı ipoteka müqaviləsinə xitam verilməsi, çıxarışın ləğv edilməsi və əmlakın girovdan azad olunması tələblərinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə təmin edilərək, iddiaçı və bank arasında bağlanmış 27 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə xitam verilmiş, Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evinin yüklülüyünə dair çıxarış ləğv olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsi ilə bankın apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ipoteka müqaviləsinə xitam verilməsinə dair hissədə ləğv olunmuş, 27 fevral 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməklə qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qərarı ilə bankın kassasiya şikayəti qismən təmin olunaraq, apelyasiya instansiyasının qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı iddiaçı bankla razılıq əldə etdiyindən iddiadan imtina etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(103)-1539/2019 saylı qərardadı ilə X3 iddiadan imtinası qəbul edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8039/2017 saylı iş üzrə 29 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilmişdir. 31 yanvar 2019-cu il tarixində “xxxx” İKB ASC ilə X5 arasında 27 fevral 2014-cü il tarixli, 19-S-18-0-212-14 saylı əsas kredit müqaviləsinə 01 saylı əlavə saziş, 27 fevral 2014-cü il tarixli 19-S-18-0-212-14 saylı sonrakı ipoteka müqaviləsinə 01 saylı əlavə saziş və 05 mart 2014-cü il tarixli 19-S- 18-0-212-14 saylı əlavə kredit müqaviləsinə 01 saylı əlavə saziş bağlanılmışdır. 31 yanvar 2019-cu il tarixində “xxxx” İKB ASC ilə X5 arasında 27 fevral 2014-cü il tarixli 19-S-18-0- 212-14 saylı əsas kredit müqaviləsinə 01 saylı əlavə sazişə əsasən kredit limitinin məbləği 50000 manat məbləğində müəyyən edilmişdir. Kredit limitinin qaytarılma müddəti 31.01.2047-ci il tarixədək uzadılmışdır, kredit limitinin faiz dərəcəsi isə 3 % müəyyən olunmuşdur; 05 mart 2014-cü il tarixli 19-S-18-0-212-14 saylı əlavə kredit müqaviləsinə 01 saylı əlavə sazişə əsasən müqavilənin predmeti kapitallaşdırılmaqla və konvertasiya edilməklə-45047.13 manat qalıq məbləğ ilə ifadə edilən pul öhdəliyi olaraq müəyyən edilmişdir; 27 fevral 2014- cü il tarixli 19-S- 18-0-212-140 saylı sonrakı ipoteka müqaviləsinə 01 saylı əlavə sazişə əsasən Bakı şəhəri Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. “xxxx” İKB ASCnin (İddiaçı) ASC 5 saylı filialın X4 məxsus Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evi üzərində ipotekanın əlavə qeydiyyatının aparılması ilə bağlı 31.01.2019-cu il tarixli, 16 saylı müraciətinin icra olunmasından imtina olunmuşdur. İmtinaya əsas kimi göstərilmiş səbəblərin aradan qaldırılmasına dair bütün sənədlərin əsilləri 16.12.2019-cu il tarixli PAİHTD-8462 çıxış nömrəli məktuba əlavə edərək, qadağaların götürülməsi üçün tapşırıq verilməsindən ötrü 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsi 15.12.2019-cu il tarixli məktubu ilə qadağaların götürülməsindən yenidən imtina edərək müraciətə əlavə olunmuş məhkəmə aktlarının mütləq qaydada məhkəmə tərəfindən Ərazi İdarəsinə göndərilməli olduğunu əsas gətirmişdir. Halbuki Nəsimi Rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, iddiaçı X3 cavabdeh xxxx İKB ASC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə və “xxxx” MMC-yə qarşı ipoteka müqaviləsinə xitam verilməsi və sair tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.11.2017-ci il tarixli, 2(006)-8039/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 24.01.2019-cu il tarixli, 2(103)- 1539/2019 saylı qərardadı ilə mülki işin icraatına xitam verilmişdir. Qeyd olunan mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 24.01.2019-cu il tarixli, 2(103)-1539/2019 saylı qərardadı qanuni qüvvəsini almışdır. Həmin mülki iş üzrə Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evinin üzərinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs qoyulmamışdır. Bundan əlavə məktubda dörd məhkəmə icraatı 2(006)-8039/2017, 2(103)-2532/2018, 2(102)-7154/2018 və 2(103)- 14396/2018 iş nömrəsi qeyd olunmuşdur ki, həmin işlərdən üçü ilə bağlı aidiyyatı məhkəmələr tərəfindən verilmiş arayışın əsli, yaxud müvafiq məhkəmə aktı (qanuni qüvvəsini almasını təsdiq edən ikinci möhür vurulmaqla) təqdim edilmişdir. Məktubda qeyd olunmuş 2(103)-14396/2018 nömrəli məhkəmə işi isə ilin dəyişməsi ilə əlaqədər 2(103)- 1539/2019 saylı iş kimi nömrələnmişdir ki, bununla bağlı da Bakı Apelyasiya Məhkəməsi tərəfindən rəsmi arayış alınaraq Ərazi İdarəsinə təqdim olunmuşdur. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi İbrahim Kəlbiyev izahatında göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-9 küçəsi, 34 saylı fərdi yaşayış evi üzərində hər hansı ipoteka yüklülüyü aşkar edilməmişdir. Belə ki, müvafiq fərdi yaşayış evi üzərindəki ipotekanın dövlət qeydiyyatı 09.09.2017-ci il tarixdə ipoteka saxlayanın razılıq məktubuna əsasən ləğv edilmişdir. Bundan başqa, müvafiq daşınmaz əmlakın “xxxx” İKB-nin adına qeydiyyata alınması ilə bağlı hərrac protokolu ilə İdarəyə 09.09.2017-ci il tarixdə müraciət edilmiş, müvafiq daşınmaz əmlak barəsində məhkəmə mübahisəsi olması səbəbindən ərizənin icrasından imtina edilmişdir. Lakin müvafiq hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı İdarəyə daxil olmamışdır. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmadan ipotekanın əlavə qeydiyyatı aparıla bilməz. Bundan əlavə, müvafiq daşınmaz əmlak barəsində məhkəmə mübahisəsinin olmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8039/2017 saylı 30.08.2017- ci il tarixli, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2532/2018 saylı 18.01,2018-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7154/2018 saylı 01.10.2018-ci il tarixli, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14396/2018 saylı 24.01.2019-cu il tarixli məhkəmə bildirişlərinə əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14396/2018 saylı mülki iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən müvafiq daşınmaz əmlak üzərində ipotekanın əlavə qeydiyyatı ilə bağlı İdarəyə hər hansı rəsmi müraciət daxil olmamışdır. Lakin iddiaçı tərəfindən məhkəməyə evin üzərindən qadağaların götürülməsi və ipotekanın əlavə qeydiyyatının aparılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Qeyd olunanlardan əlavə, iddiaçının iddia tələbi evin üzərindən qadağaların götürülməsi və ipotekanın əlavə qeydiyyatının aparılması ilə bağlı olsa da, məhkəmə baxışı zamanı iddia tələbinin yalnız “daşınmaz üzərindən qadağaların götürülməsi” hissəsi ilə bağlı araşdırma və müzakirələr aparılmış və iddia tələbinin qalan hissədə (ipotekanın əlavə qeydiyyatının aparılması) geri götürüləcəyi şifahi şəkildə bildirilmişdir. Lakin yekunda birinci instansiya məhkəməsi qanunsuz olaraq iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsi tərəfindən müvafiq iş düzgün və ətraflı araşdırılmamış, maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, ipotekanın əlavə qeydiyyatının aparılması hissəsində iddia tələbinin mümkünlüyü araşdırılmamış, həmin hallara məhkəmə tərəfindən münasibət bildirilməmiş, İdarənin hər hansı qanunsuz hərəkət və ya hərəkətsiziliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmiş, qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamış və qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmiş, lakin müvafiq məhkəmə qərarı qanunamüvafiq qaydada əsaslandırılmamışdır. Odur ki, qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan 3-cü şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan Bakı Apelyasiya Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(103)- 1539/2019 saylı qərardadından görünür ki, X3 iddiadan imtinası qəbul edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 8039/2017 saylı iş üzrə 29 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilmişdir. Həmin qərardad əsasında müəyyən edilənlərdən görünür ki, X3 “xxxx” İKB ASC-nə (bank) və “xxxx” MMC-nə qarşı ipoteka müqaviləsinə xitam verilməsi, çıxarışın ləğv edilməsi və əmlakın girovdan azad olunması tələbinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə təmin edilərək, iddiaçı ilə bank arasında bağlanmış 27 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə xitam verilmiş, Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evinin yüklülüyünə dair çıxarış ləğv olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsi ilə bankın apelyasiya şikayəti qismən təmin edilərək qətnamə ipoteka müqaviləsinə xitam verilməsinə dair hissədə ləğv olunmuş, 27 fevral 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməklə qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qərarı ilə bankın kassasiya şikayəti qismən təmin olunaraq apelyasiya instansiyasının qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 10 dekabr 2019cu il tarixli, 2(006)-8039/2017 saylı məktubdan görünür ki, İddiaçı ASC-nin əmlakın üzərində qadağa olub-olmaması ilə bağlı məlumatın verilməsinə dair ərizəsinə baxılmış və bildirilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(103)- 1539/2019 saylı qərardadı qanuni qüvvəsini almışıdr. Həmin mülki iş üzrə Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evinin üzərinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs qoyulmamışdır. İşdə olan 27 fevral 2014-cü il tarixli, 19-S-18-0-212-140 saylı əsas kredit müqaviləsinə 01 saylı, 31 yanvar 2019-cu il tarixli əlavə sazişdən görünür ki, “xxxx” İK ASC ilə X5 arasında bağlanmış kredit müqaviləsi üzrə kreditin limitinin qaytarılma müddəti 31.01.2047-ci il tarixədək uzadılmış, kreditin limit məbləği 50000 manat təşkil edir. İşdə olan 27 fevral 2014-cü il tarixli, 19-S-18-0-212-140 saylı sonrakı ipoteka müqaviləsinə 01 saylı, 31 yanvar 2019-cu il tarixli əlavə sazişdən görünür ki, X5 mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı 27 fevral 2014-cü il tarixli, 19-S-18-0-212-140 saylı əsas kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayan “xxxx” İKB ASC-nə sonrakı ipotekaya vermişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 27 yanvar 2020-ci il tarixli, **********59 saylı imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evi ilə bağlı məhkəmə mübahisəsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8039/2017 saylı 30.08.2017-ci il tarixli, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2532/2018 saylı 18.01.2018-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7154/2018 saylı 01.10.2018-ci il tarixli, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14396/2018 saylı 24.01.2019-cu il tarixli məhkəmə bildirişlərinə əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Həmçinin əlavə olaraq bildirilmişdir ki, ilkin ərizəyə əlavə edilən Bakı Apelyasiya Məhkəməsinin 6ÜŞ-3094 saylı, 01.11.2019-cu il tarixli məktubu və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8039/2017 saylı 10.12.2019-cu il tarixli məktubu kserosurətdir, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1539/2019 saylı mülki iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı əlavə edilməmişdir. Odur ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1539/2019 saylı mülki işi üzrə yekun məhkəmə aktının və məlumatın rəsmi qaydada məhkəmədən 1 saylı Bakı Ərazi İdarəsinə daxil olacağı təqdirdə ərizəsinə yenidən baxıla bilər. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 30 yanvar 2020-ci il tarixli, **********14 saylı imtina məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evi üzərində ipotekanın əlavə qeydiyyatının aparılmasına mane olan qadağaların götürülməsi barədə məktubuna baxılmış və 27 yanvar 2020-ci il tarixli, **********59 saylı məktubda göstərilənlərlə eyni məzmunda cavab verilərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. İşin hallarından göründüyü kimi iddiaçı ilə X5 arasında kredit münasibətləri mövcuddur. Həmin kreditin təminatı olaraq sonuncuya məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evi bank qarşısında öhdəliyin icrasının təmini məqsədilə ipotekaya qoyulmuşdur. Tərəflər arasında bağlanmış 31 yanvar 2019-cu il tarixdə kredit müqaviləsinə əlavəyə əsasən kreditin limitinin qaytarılma müddəti 31.01.2047-ci il tarixədək uzadılmış, həmçinin həmin tarixdə bağlanmış sonrakı ipoteka müqaviləsinə əlavə saziş əsasında ipoteka predmeti banka sonrakı ipotekaya verilmişdir. İddiaçı ipoteka predmeti olan əmlak üzərində ipotekanın əlavə qeydiyyatının aparılması ilə bağlı cavabdehə müraciət etsə də, lakin cavabdeh tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8039/2017 saylı 30.08.2017-ci il tarixli, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2532/2018 saylı 18.01.2018-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7154/2018 saylı 01.10.2018-ci il tarixli, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14396/2018 saylı 24.01.2019-cu il tarixli məhkəmə bildirişlərinə əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparıldığı əsası ilə qeydiyyatın aparılmasından imtina edilmişdir. Halbuki qanuni qüvvəsini almış məhkəmə qərarlarından görünür ki, X5 “xxxx” İKB ASC-nə (İddiaçı ASC) və “xxxx” MMC-nə qarşı ipoteka müqaviləsinə xitam verilməsi, çıxarışın ləğv edilməsi və əmlakın girovdan azad olunması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən tələbi təmin edilmiş, lakin mübahisəyə apelyasiya instansiyasında baxılarkən iddiaçı iddiasından imtina etdiyindən, Bakı Apelyasiya Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(103)-1539/2019 saylı qərardadına əsasən X3 iddiadan imtinası qəbul edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8039/2017 saylı iş üzrə 29 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilmişdir. Həmin qərardad qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin məhdudiyyətin qoyulması barədə hərəkətləri qanuni olmamışdır və buna baxmayaraq iddiaçının çoxsaylı müraciəti nəzərə alınmadan məhdudiyyətin aradan qaldırılmasından imtina edilərək, ipotekanın əlavə qeydiyyatının aparılmasından imtina edilməsi barədə hərəkətləri əsassız olmuşdur. Belə ki, cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə istinad edərək daşınmaz əmlak üzərinə məhdudiyyətin qoyulmasını göstərmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Göründüyü kimi daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Hazırki iş materialları ilə cavabdeh tərəfindən məhdudiyyət barədə qeydlərin məhkəmənin arayışı əsasında deyil, sadəcə məhkəmə mübahisəsinin olması barədə bildirişlər əsasında aparıldığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əsassız qoyulmuş məhdudiyyətlər əsasında ipotekanın əlavə qeydiyyatından imtina edildiyindən, cavabdeh tərəfindən həmin məhdudiyyətlər aradan qaldırılaraq, qanunvericiliyin tələblərinə əsasən ipotekanın əlavə qeydiyyatı aparılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 3 iş günü müddətində aparılır. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatının digər xüsusiyyətləri, o cümlədən əlavə dövlət qeydiyyatının aparılması qaydası ipoteka haqqında qanunvericiliklə tənzimlənir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: 14.1.1. ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə. Həmin Qanunun 14.5-ci maddəsinə əsasən ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla, ipoteka kağızında isə müvafiq qeydin edilməsi ilə təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-4185/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar