Məhkəmə qərarları › İş №2-1(103)-1137/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1137/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1137/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-5514/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 159 saylı sərəncamı ilə mərhum atası X5 ayrılmış Mərdəkan qəsəbəsi, 25 Bakı Kommisarı küçəsi 112 saylı evin ətrafında olan 120 kv.m. torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 159 saylı sərəncamı ilə iddiaçının mərhum atası X5 yaşadığı Mərdəkan qəsəbəsi, 25 Bakı Kommisarı küçəsi 112 saylı evin ətrafında olan 120 kv.m. torpaq sahəsi təhkim edimiş, atası ölən müddətə kimi torpaq sahəsindən istifadə etmiş və torpaq sahəsi hal-hazırda X3 vərəsəsinin – iddiaçının istifadəsindədir. Torpaq sahəsinin ayrıc aktının olmaması torpağa dair mülkiyyət sənədinin verilməsinə maneə yaradır. Buna görə də iddiaçı dəfələrlə Bakı şəhəri Cavabdehnə istifadədə olan torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi barədə müraciət etmiş, lakin müraciətləri hər hansı nəticə verməmişdir. Yerləşmə cizgisinin olmaması çıxarış alınmasına maneə yaratdığı üçün iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 05 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, İddiaçı Cavabdehnə müraciəti əsasında Xəzər RİHB-nın Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri ilə təqdim etdiyi rəsmi sənəddə (sərəncamda) qeyd olunan ölçülər arasında uyğunsuzluq mövcuddur. Bununla əlaqədar olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin sənəd ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq olduğundan sözügedən torpaq sahəsinə yerləşmə sxeminin verilməsi məqsədəuyğun sayılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də Cavabdeh əvvəllər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) verilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 07 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş ’’Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Bununla əlaqədar olaraq, hazırki inzibati iş üzrə Bakı şəhəri Cavabdeh inzibati orqan hesab oluna bilməz. Qeyd olunanları nəzərə alaraq, cavabdeh İddiaçı torpaq sahəsinə cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5514/2024 saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 159 saylı sərəncamına əsasən iddiaçının atası X6 Mərdəkan qəsəbəsi, 26 Bakı Komissarı küçəsi, 112 saylı evin ətrafında ayrılmış 120 kv.m torpaq sahəsinə dair yerləşmə cizgisinin İddiaçı verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 159 saylı sərəncamına əsasən mərhum X6 yaşadığı Mərdəkan qəsəbəsi, 26 Bakı Komissarı küçəsi, 112 saylı evin ətrafında ayrılmış 120 kv.m. torpaq sahəsi təhkim olunmuşdur. Həmin sərəncamın 2-ci bəndinə əsasən torpaq sahəsində icra hakimiyyətinin müvafiq sərəncamı olmadan tikinti aparmaq qadağan olunmuşdur. Cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndələri tərəfindən Mərdəkan qəsəbəsində sözügedən ünvana baxış zamanı torpaq sahəsi üzərində qeyri-yaşayış obyektinin fəaliyyət göstərdiyi məlum olmuşdur. Qeyri-yaşayış obyektlərinin yerləşdiyi torpaq sahələrinin sənədləşdirilməsi Rayon İcra Hakimiyyəti tərəfindən deyil, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsi və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Bundan əlavə, məhkəmə tərəfindən inzibati işə baxılarkən iş üzrə tam və obyektiv araşdırma aparılaraq yekun nəticəyə gəlmədən öncə cavabdehin imtinasının dəlillərinin araşdırılması üçün iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub-olmamasını (torpaq sahəsinin hansı inzibati orqanın idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə ekspert və yaxud mütəxəssis rəyi alınmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndənin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, apellyasiya şikayəti sırf qərarın icrasının müddətinin uzadılması ilə əlaqədar verilib, heç bir qanuni əsası yoxdur və təmin edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının “X1 yaşadığı Mərdəkan qəsəbəsi, 26 Bakı Komissarı küçəsi 112 saylı evin ətrafında torpaq sahəsinin təhkim olunması barədə” xx.xx.2000-ci il tarixli, 159 saylı sərəncamına əsasən X6 Mərdəkan qəsəbəsi, 26 Bakı Komissarı küçəsi, 112 saylı evin ətrafında 120 kv.m. torpaq sahəsi ayrılmışdır (təhkim edilmişdir). - Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli, 188 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 (xx.xx.1953-cü il təvəllüdlü, FİN:3FD2VSG) miras qalmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 26 Bakı komissarı küçəsi, 112 saylı evin ətrafında olan 120 kv.m. torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi İddiaçı ərizəsi qəbul edilmiş və o, vərəsə kimi tanınmışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxıvının Bakı Filialının xx.xx.2022-ci il tarixli, BA-08431-2022 nömrəli məktubu ilə (keçmiş Əzizbəyov rayon İcra Hakimiyyətinin) Cavabdeh xx.xx.2000-ci il tarixli, 159 saylı sərəncamının təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-H-1069- 8/2022 **********63 nömrəli məktubu ilə mərhum X4 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 26 Bakı Komissarı küçəsi, 112 saylı evin ətrafında yerləşən 120 kv.m. torpaq sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar aşkar edilmədiyi bildirilmişdir. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi X7 ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-H-0054-8/2023 **********04 nömrəli məktubu ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindən yerləşən torpaq sahəsinin coğrafi mövqeyi göstərilən yerləşmə cizgisi təqdim edilməli olduğu bildirilmişdir. Göründüyü kimi, torpaq sahəsi iddiaçının atasına (X6) naturada təhvil verilmiş olsa da, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud olmadığından həmin 120 kv.m hissəsinin evin ətrafında – hansı hissədə olması sərəncama əsasən müəyyən edilmir. İddiaçının atası X6 ayrılmış 120 kv.m. torpaq sahəsinə dair ayrıc aktı həmin dövrdə sərəncamla birlikdə vətəndaşa təqdim edilməmişdir. Torpaq sahəsi hazırda Xəzər rayonunun inzibati ərazi vahidində yerləşir (bununla bağlı mübahisə yoxdur). İddiaçının atasına 120 kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 159 nömrəli sərəncamı qüvvədədir, ləğv olunmayıb. Odur ki, icra olunmalı və torpaqayırma tamamlanmalıdır. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə, müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə müvafiq olaraq, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Torpaq sahəsi iddiaçının atasının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 09 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Məcəllənin 14-cü maddəsinə əsasən, müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə müvafiq olaraq, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsinə görə, torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən, yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999- cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13- cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, istər yerquruluşu işləri, istərsə də, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir. Cizgidən fərqli olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş torpaq sahəsinin planı və ölçüsünün təsvirinə əsasən, həmin sənəd ciddi hesabat sənədi olmaqla torpaq sahəsinə dair müfəssəl məlumatı özündə əks etdirir (torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar işlər üzrə qərarlarında formalaşmış məhkəmə praktikasına görə iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sahəsinə aid olmuşdur. Torpaq sahəsinin ayrılması ilə bağlı sərəncam hal-hazırda qüvvədədir və Milli Arxiv İdarəsinin arxivində saxlanılmış Sərəncamın mötəbərliyi hər hansı şübhə doğurmur. Torpaq sahəsinin yerləşmə cizgisinin olmaması iddiaçının məsuliyyət sahəsinə aid edilə və onun təqsirli davranışının nəticəsi kimi qiymətləndirilə bilməz. Eyni zamanda həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, sərəncamın tərkib hissəsi olan sənədlərin icra hakimiyyətinin arxivində aşkar edilməməsi, habelə hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından onun həmin səlahiyyətə malik olub-olmaması cavabdehi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, İnzibati Kollegiyanın əvvəllər oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarında ifadə olunmuş hüquqi mövqelərində torpaq sahəsinin ayrılması ilə bağlı sərəncam qəbul edilərkən yerli icra hakimiyyəti tərəfindən verilməli olan yerləşmə cizgisinin məhz yerli icra hakimiyyətinin özü tərəfindən təmin olunması aşkar və birmənalı şəkildə olması göstərilmişdir. Göründüyü kimi, təkrarlanan mübahisələr üzrə işlərə artıq dəfələrlə baxılmasına və həmin işlər üzrə formalaşmış məhkəmə təcrübəsinin mövcudluğuna baxmayaraq yenidən eyni əsaslarla bu növ apellyasiya şikayətlərinin, daha sonra isə həmin işlər üzrə çıxarılmış məhkəmə kollegiyasının qərarlarından kassasiya şikayətlərinin verilməsi təcrübəsi qalmaqda davam edir. “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 01/2023 saylı qərardadındakı hüquqi mövqeyinə görə, Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsinə uyğun çıxarılmış qərarlardan verilmiş şikayətlər heç bir əhəmiyyətli yeni faktiki və hüquqi dəlillərə istinadla əsaslandırılmamışsa, həmin şikayət “formal” xarakter daşımaqla, məhkəmə prosesinin müddətinin uzanmasına, şəxslərin hüquqlarının bərpasının yubanmasına, məhkəmələrin əsassız olaraq işlə yüklənməsinə gətirib çıxarır. Əks hal, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini təmin etməyə imkan verən hüquqi mexanizmlərin əhəmiyyətini heçə endirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5514/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5514/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar