Məhkəmə qərarları › İş №2-1(103)-1138/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1138/2021

13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1138/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə cavabdeh Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3226/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qərarından cavabdehin apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 1-ci Zavod döngəsi ev 2 ünvanda yerləşən 15 saylı mənzilə dair iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 11.11.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarın əsaslarına görə, iddiaçı Bakı şəhəri Bülbülə qəsəbəsi 1-ci Zavod döngəsi ev 2 mənzil 15-də 05.02.1991-ci ildən qeydiyyata alınmaqla orada yaşayır. İddiaçı həmin mənzilin icarədarı X7 ilə 28.11.1990-cı il tarixdən rəsmi nikahdadır. X7 və oğlu X8 isə mənzildən qeydiyyatdan çıxmışlar, orada yaşamırlar. Hazırda həmin mənzildə yalnız iddiaçı 05.02.1991-ci ildən daimi qeydiyyatdadır və orada yaşayır, mənzildə başqa şəxslər qeydiyyatda yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmədə inzibati işə baxılarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə və digər hüquq normalarına istinad edilmədən qərar qəbul edilmişdir. Belə ki, iddiaçının 1990-cı ildən faktiki nikahda olduğu sözügedən mənzilin hazırki icarədarı X7 ilə ər-arvad olmağına baxmayaraq qanunvericiliyin tələblərinə uyğun kirayə müqaviləsinin dəyişdirilməsi ilə bağlı razılığı olmamışdır. Mənzil Məcəlləsinin 71.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçinin kirayəyə verənin və yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşadıqları yaşayış sahəsinin sosial kirayə müqaviləsi ilə digər kirayəçiyə verilmiş yaşayış sahəsi ilə dəyişdirmək ixtiyarı vardır. Həmçinin, Mənzil Məcəlləsinin 70-ci maddəsinə görə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Eyni zamanda, məhkəmə qərarında göstərilmişdir ki, Suraxanı rayon MKTB 74 saylı MKİS tərəfindən verilmiş 19.11.2019-cu il tarixli 357 nömrəli arayışdan (Forma 2) iddiaçı ünvan 1 ünvanda 05.02.1991-ci ildən daimi qeydiyyatdadır. Mənzildə başqa şəxslər qeydiyyatda yoxdur, lakin Suraxanı Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 07 dekabr 1990-cı tarixli 13 nömrəli qərarının tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Dzerjinski qəsəbəsi İ Zavod döngəsi ev 2 mənzil 15 ünvanda yerləşən 36,8 kv.m. sahəsi olan iki otaqlı mənzilin kirayəşini 11.01.1990-cı il tarixdə Volqoqrad şəhərinə köçmüş X11muşdur. Həmin yaşayış sahəsində onun keçmiş arvadı X7 öz iki yaşlı oğlu ilə birlikdə yaşayır və mənzilin şəxsi hesabını onun adına keçirməyi xahiş edir, buna onun keçmiş ərinin yazılı razılığı vardır. Azərbaycan SSR Mənzil Məcəlləsinin 84 və 85-ci maddələrinə müvafiq olaraq İcraiyyə Komitəsi Dzerjinski qəsəbəsi İ Zavod döngəsi ev 2 mənzil 15 ünvanda yerləşən 36,8 kv.m. sahəsi olan mənzilin şəxsi maliyə hesabının X2 və olğu X4 adına açılması ilə bağlı qərar vermişdir. Məhkəmə qərarında qeyd olunanlardan da görünür ki, iddiaçının mənzilə dair orderdə adı yoxdur, mənzilin hazırki icarədarı X3 və sözügedən yaşayış sahəsi dövlət mənzil fonduna məxsusdur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İşdən müəyyən edilir ki, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən 04.12.1986-cı il tarixdə verilmiş 072483 nömrəli orderlə Bakı şəhəri Dzerjinski qəsəbəsi 1-ci Zavod döngəsi küçəsi ev 2 mənzil 15 X14 yaşamaq üçün verilmişdir, ailə üzvləri X5 (arvadı), X12 (nənəsi). Suraxanı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 07.12.1990-cı il tarixli 13 nömrəli qərarına əsasən, Dzerjinski qəsəbəsi 1-ci Zavod döngəsi ev 2 mənzil 15 ünvanda yerləşən 36,8 kv.m. sahəsi olan iki otaqlı mənzilin kirayənişini 11.01.1990-cı il tarixdə Volqoqrad şəhərinə köçmüş X9. Həmin yaşayış sahəsində onun keçmiş arvadı X7 öz iki yaşlı oğlu ilə birlikdə yaşayır və mənzilin şəxsi hesabını onun adına keçirməyi xahiş edir, buna onun keçmiş ərinin yazılı razılığı vardır. Qərarla yaşayış sahəsinin kirayəsi müqaviləsinin vət. X7 ilə bağlamaq, Dzerjinski qəsəbəsi 1-ci Zavod döngəsi ev 2 mənzil 15 ünvanda yerləşən 36,8 kv.m. sahəsi olan mənzilin şəxsi hesabının onun adına keçirilməsi, mənzilin şəxsi hesabına X2 (özü) və X4 (oğlu) daxil edilməsini, İ.Y.Avetovun adına mənzilin maliyyə şəxsi hesabının bağlanması MİK-74-ə tapşırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 15.12.2018-ci il tarixli ******* nömrəli arayışına görə, iddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır, qeydiyyatda başqa şəxslər yoxdur. Suraxanı rayon VVADQ şöbəsi tərəfindən 23.07.2003-cü il tarixdə verilmiş AZ-İ 053767 nömrəli Nikah haqqında şəhadətnaməyə əsasən, iddiaçı ilə X7 28.11.1990-cı il tarixdə nikaha daxil olmuşlar və nikah 853 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Qaluşko soyadı verilmişdir. Suraxanı rayon MKTB 74 saylı MKİS-in 19.11.2019-cu il tarixli 357 nömrəli arayışa görə (Forma 2), iddiaçı ünvan 1 ünvanda 05.02.1991-ci ildən daimi qeydiyyatdadır, mənzildə başqa şəxslər qeydiyyatda yoxdur. Cavabdehin iddiaçıya ünvanladığı 20.12.2019-cu il tarixli A-319-068 nömrəli məktubda qeyd olunmuşdur ki, Suraxanı rayonu Bülbülə qəsəbəsi 1-ci Zavod döngəsi ev 2 ünvanda yerləşən 15 saylı mənzilin kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsi məsələsinə sözügedən mənzilin hazırkı icarədarının notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi RİH-ə təqdim edildikdən sonra yenidən baxılacaqdır. Suraxanı MKTB 74 saylı MKİS 521 nömrəli şəxsi hesab vərəqəsinə görə, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 1-ci Zavod döngəsi ev 2 ünvanda yerləşən 15 saylı mənzilə iddiaçının gəlmə tarixi 05.02.1991-ci ildir, X7 və oğlu X8 mənzildən çıxıblar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 19.10.2020-ci il tarixli 03/2-6300/13 nömrəli məktubuna əsasən, atası X10, anası X6 11.01.1960-cı il təvəllüdlü Tatyana Qaluşkonun doğumu Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 15.10.2020-ci ilədək daxil edilmiş məlumatlar öyrənilərkən T.Qaluşkonun ölümü haqqında akt qeydi aşkar olunmadı. Tərəflər arasında mənzil hüquq münasibətlərinin yarandığı dövrdə, 01.01.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər; Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; Maddə 61. İcarədar müvəqqəti başqa yerə getdikdə yaşayış sahəsindən istifadə hüququ İcarədarı müvəqqəti başqa yerə getmiş yaşayış sahəsində yaşayan ailə üzvləri qaldıqları bütün sahədən əvvəlki şərtlərlə istifadə etmək ixtiyarına malikdirlər; həm də onlar bu sahənin icarə müqaviləsinə əsasən bütün hüquqları həyata keçirir və bütün vəzifələri daşıyırlar. İstifadə hüququ müvəqqəti başqa yerə getmiş vətəndaş üçün saxlanan mənzil sahəsi artıq mənzil sahəsi sayılmır; Maddə 62. Müvəqqəti başqa yerə getmiş icarədarın vəzifələri İcarədarın müvəqqəti başqa yerə getməsi, onu yaşayış sahəsini icarə müqaviləsi üzrə bütün vəzifələri yerinə yetirməkdən azad etmir; Maddə 68. Yaşayış sahəsinin dəyişdirilməsi Yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənzil-tikinti kooperativinin üzvü, ilə dəyişdirmək ixtiyarına malikdir; Maddə 85. Ailənin digər üzvünün icarədar hesab edilməsi nəticəsində yaşayış sahəsini icarə müqaviləsinin dəyişdirilməsi İcarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. İddiaçının cavabdehə hazırkı müraciəti ilə bağlı tərəflər arasında inzibati hüquq münasibətlərinin yarandığı dövrdə, 01.01.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 56.4. Bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır; 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. İstinad olunan normaların mübahisəyə tətbiqi göstərir ki, mübahisəli mənzilin hazırkı icarədarı T.Qaluşkodur, onun başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi barədə məhkəmə qətnaməsi və ya ölümü haqqında akt qeydi yaxud mənzilin kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsinə razılığı təqdim olunmamışdır. İddiaçının T.Qaluşkonun belə bir razılığı barədə 05.03.1991-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə kimi təqdim etdiyi materialda notariusun möhürü olmadığı üçün mötəbər deyil. İddiaçının mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşaması da onun hazırkı müzakirə edilən hüquqi statusuna əlverişli təsir göstərmir. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya da zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Lakin şikayət olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə edilən hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə səhv qərar qəbul etmişdir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı deyil, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunmalı, iddia əsassız olduğu üçün rədd edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3226/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 1-ci Zavod döngəsi ev 2 ünvanda yerləşən 15 saylı mənzilə dair iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası rədd edilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar