Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1138/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin, vahid əmlak şəklində daşınmaz əmlakın qeydə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin, vahid əmlak şəklində daşınmaz əmlakın qeydə alınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7265/2021 saylı 25 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.1979-cu il tarixli, 25 №-li müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən sahəsi 48 kv.m olan 3 otaqdan ibarət mənzil iddiaçının əri olmuş X2 istifadəsinə verilmişdir. Həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ xx.xx.1994-cü il tarixdə X2 adına qeydə alınmışdır. Mülkiyyət hüquqları qeydə alınan zaman daşınmaz əmlakın faktiki vəziyyətinə dair səlahiyyətli orqan tərəfindən texniki pasport tərtib edilmiş, texniki pasportda daşınmaz əmlakın göstəriciləri və yerləşdiyi torpaq sahəsi barədə məlumatlar qeyd edilmişdir. X3 xx.xx.2019-cu ildə vəfat etmiş və Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsi, ev 13, mənzil 0 ünvanında yerləşən ümumi sahəsi 69,40 kv.m olan daşınmaz əmlak vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 69,40 kv.m olan 1 mərtəbəli vahid tikili formasındakı mənzilinin fərdi yaşayış evi kimi qeydiyyata alınmasında, evin və tərkib hissəsi olan faktiki istifadəki 1624,5 kv.mdən ibarət torpaq sahəsinin (tikintialtı+həyətyanı sahə) mülkiyyət hüquqları ilə vahid əmlak şəkilində daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyatının aparılmaqla buna dair ona çıxarışın və texniki sənədin verilməsini xahiş etmiş, ərizə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, lakin cavabdeh qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddiaçının müraciətini cavablandırmamışdır. Bundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69,40 kv.m olan, 1 (bir) mərtəbəli vahid tikili formasındakı mənzilinin fərdi yaşayış evi kimi qeydiyyata alınmasına, evin və tərkib hissəsi olan faktiki istifadədəki 1624,5 kv.m.-dən ibarət torpaq sahəsinin (tikintialtı + həyətyanı sahə) mülkiyyət hüquqları ilə vahid əmlak şəklində daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyatının aparılmaqla buna dair ona çıxarışın və texniki sənədin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşayış sahəsi mənzil olmasına baxmayaraq fərdi olmuşdur və xx.xx.1994-cü il tarixdə Bakı şəhər İH-nin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsində ilkin qeydiyyatdan keçərkən də 114 nömrəli reyestr kitabında 30/17141 qeydəalma nömrəsi ilə “Bakı şəhəri, Həzi Aslanov qəsəbəsi, 9-cu Kolçevaya küçəsi (indiki İlham Məmmədov küçəsi-RC.) 13 nömrəli yaşayış evi” kimi qeydiyyata alınmışdır. 2019-cu ildə ərinin vəfatından sonra həmin yaşayış sahəsi miras əmlak olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestri orqanında xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə adına sənədləşdirilərkən fərdi yaşayış evi olmasına baxmayaraq mənzil kimi qeydiyyata alınmış və qeydiyyat ünvanı elektron çıxarışda “ünvan 3 kimi göstərilmişdir. Lakin əslində mənzil kimi qeydiyyata alınmış yaşayış sahəsi faktiki olaraq fərdi yaşayış evi vəziyyətindədir və hətta göründüyü kimi çıxarışın “ünvan” qrafasında qeyd edilmiş ünvanda yaşayış sahəsinin “ünvan 4 ünvanında “ev 13” yazısından sonra “mənzil” yazılsa da, nömrəsi qeyd edilməmiş, “0” (sıfir) rəqəmi yazılmışdır. “Fin tipli mənzil” kimi tikilmiş və istifadə edilmiş, daha sonra özəlləşdirilərək qeydiyyata alınmış həmin yaşayış sahəsi tərəflərindən alındığı vaxtdan hal-hazıradək faktiki olaraq fərdi yaşayış evi vəziyyətində olmuşdur. Çıxarışın “ünvan” qrafasında qeyd edilmiş ünvandakı mənzil ayrıca yaşayış sahəsindən ibarətdir, heç bir yaşayış sahəsi ilə bir dam altında deyildir, heç bir tikiliyə birləşmiş vəziyyətdə deyildir, yəni tam şəkildə fərdi yaşayış sahəsidir, mənzil kimi qeydiyyata alınsa da, fərdi həyət evi xüsusiyyətlərini daşıyır. Ona məxsus ev tikili ilə bərabər həm də həyətyanı torpaq sahəsindən ibarətdir. Mənzilin torpaq sahəsi ev tikildiyi vaxtdan mövcud olmuş və evdən onlara qədər mənzil kimi istifadə edən şəxslərin daimi istifadələrində olmuşdur. Mənzil 1994-cü ildə özəlləşdirilərkən və mərhum əri X2 adına sənədləşdirilərkən (qeydiyyat vəsiqəsi alınarkən) tərtib olunmuş 4790 inventar nömrəli, 2584 qeydiyyat nömrəli, 18.01.94-cü il tarixli texniki pasportda mənzilin/evin sahəsi 0,22 ha göstərilsə də, hal-hazırda faktiki istifadəsində olan torpaq sahəsi 1624,5 kv.m-dir. Əksik hissə daha sonrakı dövrlərdə hasarlama zamanı qonşunun ərazisinə düşmüş və həmin əksik hissə o zamanlardan qonşunun sahibliyinə/istifadəsinə verilmiş, bununla bağlı aralarında razılıq və anlaşma olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, sözügedən əmlak daşınmaz əmlakın dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim olunmalıdır. Bu səbəbdən tərəflərindən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********86 saylı cavab məktubu ünvanlanmışdır. Cavabdeh idarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7265/2021 saylı 25 noyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsi, ev 13 ünvanında yerləşən, ümumi sahəsi 69,40 kv.m olan, 1 (bir) mərtəbəli vahid tikili formasındakı daşınmaz əmlakın fərdi yaşayış evi kimi qeydiyyata alınması, həmin evin və tərkib hissəsi olan faktiki istifadədəki 1624,5 kv.m-dən ibarət torpaq sahəsinin (tikintialtı+həyətyanı sahə) mülkiyyət hüquqlarının vahid əmlak şəklində daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsində əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırki işdə də həmin əsaslar mövcuddur. Belə ki, iddiaçı bildirir ki, onun adına qeydiyyatı aparılmış daşınmaz əmlak əslində “mənzil” deyil, “fərdi yaşayış evi”dir və o, hüququnun qeydinin məhz fərdi yaşayış evi üzərində aparılmasını tələb edir. Cavabdeh isə bunun üçün mənzilin fərdi yaşayış evinə keçirilməsi və yerləşdiyi torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim olunmadığına istinad edərək tələbin təmin olunmasından imtina edır. Göründüyü kimi mübahisəli məqam qeydiyyatı aparılmış daşınmaz əmlakın “mənzil” yoxsa, “fərdi yaşayış evi” olması ilə bağlıdır. Belə olan halda iddiaçının reyestrdə adına qeydi aparılmış mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması tələbinin təmin olunma imkanının yoxlanılması üçün əvvəlcə sözügedən “mənzil”in “fərdi yaşayış evi” anlayışına cavab verib-verməməsi araşdırılmalıdır. Bunun üçün isə mövcud qanunvericilikdə “mənzil” və “fərdi yaşayış evi” anlayışlarına nəzər yetirilməlidir. Belə ki, Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: yaşayış evi, yaşayış evinin hissəsi; mənzil, mənzilin hissəsi; otaq; bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinin tələbinə görə isə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Qeyd olunan maddi hüquq normalarının mənasına görə, mənzil və fərdi yaşayış evinin hər ikisi bir və ya bir neçə otaqdan, yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət yaşayış sahəsidir, aralarındakı fərq ondan ibarətdir ki, fərdi yaşayış evi yaşayış sahəsi olaraq fərdi müəyyən edilmiş evdir, mənzil isə çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədir. Hazırki işdə isə mübahisəli daşınmaz əmlak cavabdeh inzibati orqan tərəfindən “mənzil” kimi qeydə alınsa da, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli texniki pasportdan müəyyən olunur ki, o, 1 mərtəbədən ibarət olmaqla, 3 otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən (dəhliz, sanitar qovşaq, mətbəx və sairdən) ibarət, çoxmənzilli binaya aidiyyatı olmayan ayrıca sahəli mənzil deyil, məhz fərdi müəyyən edilmiş evdir. Bu halı təkzib edə biləcək hər hansı dəlil cavabdeh tərəfindən bildirilməmiş və bu barədə hər hansı sübut da təqdim olunmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, yaşayış sahəsinin ünvanı yalnız “ev 13” kimi qeyd olunmuş, mənzil nömrəsi göstərilməmişdir. Bu isə həmin ünvanın yalnız bir yaşayış sahəsindən (bir evdən) ibarət olmasına dəlalət edir. Belə olan halda iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmış “mənzil” texniki pasportundakı məlumatlara əsasən və qanunla yuxarıda göstərilən “fərdi yaşayış evi” xüsusiyyətlərinə cavab verdiyinə görə onun “fərdi yaşayış evi” kimi qeydiyyata alınması mümkündür. Kollegiya onu da nəzərə alır ki, iddiaçının adına reyestrdə qeydiyyatı aparılmış “mənzil”in “fərdi yaşayış evi” kimi qeydiyyata alınmasını qeyri-mümkün edən qanunla müəyyən edilmiş əsaslar mövcud deyildir. Odur ki, “mənzil”in “fərdi yaşayış evi” kimi qeydiyyatının aparılması ilə hər hansı qanun normasının pozulması da müəyyən edilmir, əksinə iddiaçının adına belə qeydiyyatın aparılmasından imtina onun qanunla qorunan mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilir. Eyni zamanda «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da Qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Həmin Məcəllənin 88-ci maddəsinin 1-ci və 3-cü hissələrinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2 və 2.4cü bəndlərinə görə Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Hazırki işdə də Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən ünvan 5 ünvanına dair tərtib edilmiş xx.xx.1994cü il tarixli texniki pasportda mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi və onun ölçüsü barədə səlahiyyətli orqan tərəfindən qeydiyyat aparılmışdır. Göründüyü kimi mübahisəli daşınmaz əmlak fərdi yaşayış evinin xüsusiyyətlərinə malik olmaqla, texniki pasportunda yerləşdiyi torpaq sahəsi barədə səlahiyyətli orqan tərəfindən qeydiyyat aparılmış və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndində də birmənalı qaydada təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaqda haqlıdır. Çünki cavabdeh inzibati orqanın hərəkətsizliyi qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, iş materiallarından da görünür ki, iddiaçı mənzil üzərində mövcud mülkiyyət hüququnu təsdiq edən sənədləri, o cümlədən texniki pasportu daşınmaz əmlakın “fərdi yaşayış evi” kimi qeydiyyata alınması məqsədilə cavabdehə təqdim etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının sözügedən daşınmaz əmlak üzərində hüququnun qeydi ilə bağlı ona reyestrdən cavabdeh inzibati orqanın verdiyi çıxarış qüvvədədir, qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin çıxarış hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Cavabdehin imtinasında istinad etdiyi mənzilin fərdi yaşayış evinə keçirilməsi və yerləşdiyi torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim olunmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla mənzilin fərdi yaşayış evinə keçirilməsi ilə bağlı hansı sənədlərin cavabdeh inzibati orqana təqdim edilməli olması hər hansı qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də cavabdeh inzibati orqanın iş üzrə iddiaçının müraciəti ilə bağlı əlavə hüquqmüəyyənedici sənəd (bu sənədlərin adı cavabdeh tərəfindən çəkilmir) tələb etməsi ilə bağlı hərəkətləri qanuni sayıla bilməz. Bu müddəa həm də “İnzibati icraat haqqında” Qanunda da öz əksini tapmışdır. Belə ki, həmin Qanunun 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər (sərəncam, çıxarış, texniki pasport və s.) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5 və 10.2.1-ci maddələrinə əsasən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. X4 Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Bu baxımdan iddiaçının adına reyestrdə qeydiyyata alınmış mənzilin onun texniki pasportunda göstərilən ölçülər üzrə fərdi yaşayış evi kimi iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7265/2021 saylı 25 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1138/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1138/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver