Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1139/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8873/2021 saylı 10 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” **********1090 saylı 27.05.2021-ci il tarixli “qərardan görünür ki, İddiaçı (VÖEN **********) məxsus ünvan 3 ünvanında yerləşən “Face studio”da nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə 27.05.2021-ci il tarixdən 10.06.2021-ci il tarixədək (10.06.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. KY211582219 saylı 27.05.2021-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi barədə məlumat 27.05.2021-ci il tarixdə reyestrə daxil edilmişdir. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” DVX seriyalı 001028 saylı 27.05.2021-ci il tarixli protokoldan görünür ki, OVN zamanı vergi ödəyicisi obyektdə olmadığından sənədgötürmə prosesində nümayəndə kimi X4 iştirak etmişdir. Vergi əməkdaşları tərəfindən iş hesabat cədvəlləri 195 kb həcmdə elektron yaddaş kartına köçürülərək götürülmüşdür. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX seriyalı 006026 saylı 27.05.2021-ci il tarixli aktdan görünür ki, Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən “Face studio”da adminstrator X1 iştirakı ilə operativ vergi nəzarəti həyata keçirilərkən müəyyən olunmuşdur ki, quraşdırılmış **********910055718 zavod nömrəli AzSmart Bank markalı nəzarət-kassa aparatı 24.05.2021-ci il tarixli, ********** nömrəli qeydiyyat vərəqəsi ilə qeydiyyata alınmışdır. 27.05.2021-ci il tarixdə saat 12:45-də müştəriyə göstərilmiş xidmətə görə 20 manat pul ödənilmiş, lakin NKA-ya çek vurulmamış və çek təqdim olunmamışdır. Yoxlama zamanı vergi əməkdaşları tərəfindən nəzarət-kassa aparatında texniki problemin olduğu müəyyən edilmiş, bu səbəbdən həmin məbləğin kassaya bərpa edilməsi mümkün olmamışdır. Araşdırma zamanı həmin məbləğin, yəni 20 manat pul vəsaitinin kassa kitabında qeyd edilmədiyi müəyyən olunmuş, eyni zamanda obyektdə kassa kitabının olmadığı aşkar edilmişdir. Yoxlama zamanı vergi əməkdaşları tərəfindən vergi qanunvericiliyinin tələblərinə riayət olunması, pul vəsaitlərinin qəbulu zamanı NKA-dan istifadə olunması tövsiyə edilmişdir. OVN tədbiri zamanı İddiaçı obyektdə olmadığından Aktı imza etdirmək mümkün olmamışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8379 saylı 16.07.2021-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə vergi məsuliyyətinə cəlb edilməsi, 26.07.2021-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında **********8379 saylı 16 iyul 2021-ci il tarixli qərarın ləğv edilməsini tələb edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin vergi müşavirləri tərəfindən 27 may 2021-ci ildə operativ vergi nəzarəti keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarətinin nəticəsi olaraq, vergi xidməti müşavirləri tərəfindən tərtib olunan 27 may 2021ci il tarixli DVX seriyalı 006026 nömrəli aktda müştəriyə xidmət göstərildikdən sonra xidmətə görə ödənişin ödənilməsi ilə bağlı çekin dərhal verilmədiyi, daha sonra onlar tərəfindən NKA-ya bərpa edildiyi göstərilmişdir. Bu qərar qeyri-obyektiv, əsassız və qərəzli şəkildə tərtib olunmuşdur. Təsərrüfat subyektində quraşdırılan və qeydiyyatdan keçirilən nəzarət-kassa aparatları müştərilərə xidmət göstərilən zaman daima işlək vəziyyətdə olaraq istifadə olunur. Vergi xidməti müşavirləri tərtib etdikləri aktda qeyd etmişlər ki, müştəri tərəfindən göstərilən xidmətə görə ödənilən məbləğ NKA-da qeydə alınmadı və çek verilmədi. Ola bilər ki, işçinin dərhal bu hərəkətləri etmək nəzərindən yayına bilər, amma bu o demək deyil ki, qısa müddət ərzində həmin ödənilən məbləğ NKA-da qeyd edilməyəcək. Həmçinin Vergi xidməti müşavirləri aktda yalnız bir müştəri tərəfindən ödənilən məbləğin NKA-da qeyd edilmədiyini göstərmişlər. Əgər qanunvericiliklə üzərlərinə düşən öhdəlikdən yayınmağa çalışsaydılar, bu cür haldan bir neçəsi aşkarlanardı. Aktda yalnız bir halın qeyd olunması açıq-aşkar qanunla nəzərdə tutulan heç bir vəzifədən yayınmadıqlarının, üzərlərinə düşən öhdəlikdən boyun qaçırmadıqları və işçinin bir anlıq fikir dağınıqlığının təzahürüdür. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8873/2021 saylı 10 noyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, salonda iki nəfərin əmək müqaviləsi olmadan çalışması absurddur. Həmin şəxslər salonun işçiləri deyil, onlardan biri subicarə müqaviləsi əsasında VÖEN və sabit qəbz ilə fəaliyyət göstərən sahibkar, digəri isə yaxın münasibətdə olduğu və eyni ad altında fəaliyyət göstərən sahibkar dostunun işçisidir. Lakin bunların heç biri vergi xidmətinin əməkdaşları tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılmaması, yəni nəzarətin başlanması üçün qanunla nəzərdə tutulmuş əsasların qərarda göstərilməməsi operativ vergi nəzarətinin tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir. Qeyd olunan hüquqi mövqe Ali Məhkəmənin bir neçə qərarlarında formalaşdırdığı məhkəmə təcrübəsində də öz əksini tapmışdır. Belə ki, nümunə kimi operativ vergi nəzarətin keçirilməsi ilə bağlı mübahisəyə aid olan Ali Məhkəmənin 18 aprel 2018-ci il tarixli 2- 1(102)-510/2018 nömrəli, 31 oktyabr 2018-ci il 2-1(102)-1754/2018 nömrəli və 27 noyabr 2019-cu il tarixli 2-l(102)-3327/2019 saylı qərarlarını məhkəmənin diqqətinə çatdırmaq istəyir. Həmin qərarların məzmunuda da vergi orqanının kassasiya şikayətinin təmin edilməməsi əsaslarından biri kimi operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılmaması göstərilmişdir. Sadalanan normalardan göründüyü kimi, qanunvericilik operativ vergi nəzarət tədbirlərinin keçirilməsi zamanı vergi orqanı tərəfindən sənədlər tələb edildiyi halda həmin sənədlərin verilməsi üçün konkret olaraq 1 iş günü müddət müəyyən etmiş və yalnız müddət ərzində sənədlər təqdim edilmədikdə məhz həmin müddət başa çatdıqdan sonra sənədlərin təqdim edilməməsi ilə bağlı müvafiq akt tərtib edilir, akt müvafiq qaydada hazırlandıqdan sonra onun surəti vergi ödəyicisinə təqdim edilir. Vergi ödəyicisi tərəfindən sənədləri təqdim etməkdən imtina edildiyi halda belə vergi orqanı 1 iş günlük müddətin başa çatmasını gözləməlidir. Belə ki, vergi orqanın tərtib etdiyi sənədlərdən görünür ki, vergi orqanı 27 may 2021-ci il tarixində vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnaməni təqdim etsə də, qanunvericilikdə nəzərdə tutulmuş 1 iş günlük müddəti gözləmədən (həmin müddət tələbnamənin özündə belə qeyd edilmiş) və sənədlərin tədqim edilib-edilməməsi barədə müvafiq akt tərtib etmədən, elə həmin gün keçirilmiş operativ vergi nəzarətinin nəticəsi üzrə birbaşa akt tərtib etmişdir. Operativ vergi nəzarəti keçirildiyi gündən 1 gün sonra elektron formada lazımi sənədlərin Dövlət Vergi Xidmətinə göndərilməsinə baxmayaraq, 1 günlük müddət nəzərə alınmamış və dərhal akt tərtib edilmişdir. Halbuki, qanunvericilik vergi orqanına sənədlərin tələb edilməsi üçün nəzərdə tutulmuş 1 iş günlük müddətin gözlənilməsini imperativ qaydada müəyyən etmişdir. Çünki vergi ödəyicisinin həmin sənədləri hətta 1 iş gününün sonuncu saatında belə təqdim etmək imkanı var idi ki, vergi orqanı müəssisənin həmin hüququnu qanunsuz olaraq məşdudlaşdırmış və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Apellyasiya şikayətinə yazılı etiraz: Apellyasiya şikayətinə yazılı etiraz onunla əsaslandırılmışdır ki, tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda 01,06.2021-ci il tarixli **********439900 nömrəli məktubun vergi ödəyicisi tərəfindən 02.06.2021-ci il tarixdə saat 20:37:21-də oxunduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən 16.07.2021-ci il tarixli **********8379 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda 16.07.2021-ci il tarixli **********901500 nömrəli məktubun vergi ödəyicisi tərəfindən 17.07.2021-ci il tarixdə saat 13:15:35-də oxunduğu müəyyən edilmişdir. Apellyasiya şikayətində qeyd edilir ki, nəzarət kassa aparatına məsul olan işçi fikir dağınıqlığı yaşayaraq xidmətə görə ödənilən məbləği NKA-da qeydiyyata almamışdır. Vergi orqanının əməkdaşları isə bunları nəzərə almadan akt tərtib edərək qərar qəbul etmişlər. Bununla bağlı qeyd edilmişdir ki, vergi ödəyicisinin dövriyyəsini müəyyən etmək üçün kassa məlumatlarından istifadə olunur. Vergi ödəyicisinin göstərilən xidmət müqabilində qəbul etdiyi məbləği kassaya mədaxil etməməsi bu kimi halların gün ərzində təkrarlanmasına əsaslı şübhələr yaratdığından vergi orqanı tərəfindən OVN tədbiri həyata keçirilmiş və kassa çekinin təqdim olunmadığı aşkar edilərək qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 20.04.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 30.03.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən 16.07.2021-ci il tarixli qərarın ləğvi ilə bağlı məhkəməyə 27.07.2021-ci il tarixdə müraciət edildiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə qarşı tələbi “cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8379 saylı 16 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi” barədədir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən NKA-nın nasazlığı barədə vergi orqanlarına və operatorlara dərhal məlumat verilməsi barədə sübutun, həmçinin NKA-nın işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlərin aparılmasını təsdiq edən sənədlərin təqdim edilməməsinə, maliyyə sabnksiyasının tətbiq edilməsi ilə bağlı cavabdeh inzibati orqanın qərarının əsaslı və qanuni olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Həmin Məcəllənin 50.1-ci maddəinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisin təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində və təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 7.1-ci bəndinə əsasən bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. Qaydaların 7.2-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. Qaydaların 7.3-cü bəndinə əsasən vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. Qaydaların 7.4-cü bəndinə əsasən NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X13), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. Qaydaların 7.5-ci bəndinə əsasən alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. Qaydaların 7.12-ci bəndinə əsasən işlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. Qaydaların 7.15-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları zamanı nəzarətkassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarət-kassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarət-kassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. Aparılmış araşdırılmalar nəticəsində müəyyən edilmişdir ki, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə iddiaçının fəaliyyət göstərdiyi obyektdə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmış, bu barədə məlumat sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmiş, yoxlama yuxarıda istinad olunan normaların tələblərinə uyğun aparılmış, operativ vergi nəzarəti zamanı aşkar edilmiş hüquqpozma aktlaşdırılmış, nəzarət-kassa aparatında texniki problem olduğundan həmin məbləğ bərpa edilməmiş, müəssisədə həmçinin kassa kitabı olmamış, həmin hüquqpozmaya görə məsuliyyətə cəlb etmə barədə qərar qəbul edilmiş, vergi orqanı bu zaman vergi qanunvericiliyinin hər hansı normasının pozulmasına yol verməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 5.1-ci bəndinə əsasən istismar zamanı NKA-da nasazlıqlar yarandıqda İstifadəçi vergi orqanlarına və Operatora dərhal bu barədə məlumat verir. Qaydaların 5.2-ci bəndinə əsasən NKA nasaz vəziyyətdə olduqda, Operator bu barədə ona çağırış verildiyi andan 36 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etməlidir. Qaydaların 5.3-cü bəndinə əsasən proqram kassasında, habelə proqram kassası və nəzarət mexanizmi qurğusunda yaranmış nasazlığı bu Qaydaların 5.2-ci bəndində göstərilən müddətdə aradan qaldırmaq mümkün olmadıqda, aşağıdakı tədbirlər həyata keçirilir: Qaydaların 5.3.1-ci bəndinə əsasən operator NKA-nı dərhal ehtiyat NKA ilə əvəz edir və nasaz NKA təmirə aparılan zaman Operator və İstifadəçi nəzarət mexanizmi qurğusunda olan bütün məlumatların Nazirliyə ötürülməsini təmin edir; Qaydaların 5.3.2-ci bəndinə əsasən təmirə göndərilmiş NKA-nın əvəzinə ehtiyat NKA-nın quraşdırılması üçün Operator portaldan Nazirliyə müraciət edir. Nəzarət mexanizmi qurğusunun əvəz edilmiş NKAya quraşdırılması üçün Nazirlik tərəfindən Operatora müvəqqəti sertifikat göndərilir. Operator sertifikatı müvəqqəti nəzarət mexanizmi qurğusuna yükləyərək aktla birlikdə İstifadəçiyə təqdim edir; Qaydaların 5.3.3-cü bəndinə əsasən nasaz NKA-nın təmiri mümkün olmadıqda, Operator öz seçimindən asılı olaraq ehtiyat NKA-nı istifadə edə və ya onu yeni NKA ilə əvəz edə bilər. Ehtiyat NKA-nın istifadəsinə davam etdikdə, ehtiyat NKA-ya verilmiş müvəqqəti sertifikatın daimi sertifikata çevrilməsi üçün Operator tərəfindən Nazirliyə portal üzərindən müraciət göndərilir; Qaydaların 8.3.7-ci bəndinə əsasən vergi orqanlarında qeydiyyatdan keçmiş NKAdan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını Operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq istifadəsinin vəzifəsidir. Lakin hazırki işdə iddiaçı tərəfindən NKA-nın nasaz olması barədə vergi orqanlarına və ya operatora dərhal məlumat verməsi barədə sübut, NKA-nın işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə iddiaçının mübahisələndirdiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu həmin inzibati aktı qəbul edən cavabdeh inzibati orqan tərəfindən tam sübuta yetirilir. İddiaçı tərəf məhkəmə araşdırmaları zamanı operativ vergi yoxlaması zamanı aşkar olunmuş pozuntunu qəbul etmiş, lakin bu halı işçinin fikrinin dağınıq olması ilə izah etmişdir, hansı ki istinad olunan bu hal qərarın ləğvi üçün heç bir əsas yaratmır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə də məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəldiyi üçün İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8873/2021 saylı 10 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8873/2021 saylı 10 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1139/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1139/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver