Məhkəmə qərarları › İş №2-1(103)-1139/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1139/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1139/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçıların iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və X1 (qanuni nümayəndəsi (atası) İddiaçı3) cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınmaları dəqiqləşdirilmiş tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11016/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və X3 (qanuni nümayəndəsi İddiaçı3) cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına (ünvan 1 ünvanına) qeydiyyata alınmaları öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər (Dəqiqləşdirilmiş iddia) . İddianın əsaslarına görə, iddiaçılar bir ailə olaraq uzun illər pasport qeydiyyatında olduqları Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, keçid 1410, ev 15/2, 11 saylı mənzil 2013-cü il tarixdə satıldığından, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınmışlar. Lakin sonuncu tərəfindən onların inzibati binaya qeydiyyatlarını ləğv ediilmişdir. Yaşadıqları fərdi evi isə dövlət reyestrində qeydiyyatına alınmadığından, həmin evə qeydiyyata düşmək mümkün deyil. İddiaçılar cavabdehə idarəyə müraciət edərək idarənin inzibati binasına qeydiyyata alınmalarını xahiş etsələr də, sonuncu xx.xx.2022-ci il tarixli cavab məktubu ilə imtina edərək binanın yerləşdiyi həmin ünvana qeydiyyata alınmaları barədə müsbət rəyin verilməsi qanunamüvafiq deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11016/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına (ünvan 1 ünvanına) qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd olunmasnı xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, iddiaçılar faktiki olaraq Bakı şəhəri, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi, yeni yaşayış massivi, ev 4 ünvanında yaşayırlar. Bu fakt isə əlavə olunmuş Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda öz əksini tapmışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının faktiki yaşayış yeri olduğu halda Binəqədi Rayon Polis İdarəsinin üzərinə yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş cavabdeh, məhkəmə iclasına gəlməmiş və ərizə (məktub) ilə məhkəməyə müraciət edərək onun iştirakı işə baxılıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (həm də iddiaçı Xədicə Seyidovanın qanuni nümayəndəsi) cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər . İİ. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçıları dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materallarından görünür ki, iddiaçılar öhdəliyin icrası haqqında iddia vasitəsilə onların Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına (ünvan 1 ünvanına) qeydiyyata alınmaları öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin olunmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərində Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışında iddiaçılara faktiki olaraq «Bakı şəhəri, Biləcəri qəsəbəsi, M.S.ünvan 4 ünvanında yaşadıqlarını bildirərək, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 1-2-ci maddələrinə istinadən hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə kollgeyası cavabdehin sözügedən mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, özü tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda Polis idarəsinin inzibati binasına qeydiyyatdan imtina edərkən, həm də bildirmişdir ki, «Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, M.S.ünvan 5 ünvanında tikilmiş fərdi yaşayış evinin sənədləşdirilməsi yekunlaşdıqdan sonra yaşadığı ünvana qeydiyyata alınması məsələsinə baxılacaqdır.» Göründüyü kimi, iddiaçıların faktiki yaşadıqlar fərdi yaşayış evi onların adına rəsmiləşdirilməmiş, dövlət qeydiyyatına alınmamışdır. Başqa sözlə, faktiki olaraq yaşadıqları həmin ev «özbaşına» tikilidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin tələbi də məhz onu nəzərdə tutur ki: -«Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun qeyd olunan 5-ci maddəsinin 2-ci bəndində sadalanan sənədlərdən hər hansı biri iddiaçılarda mövcud olmadığı, yəni, faktiki olaraq qeydiyyatsız yaşadıqları özbaşına tikiliyə onların hər hansı bir hüququ (ocümlədən mülkiyyət, icarə və ya istifad hüquqları) əmələ gəlmədiyi halda, həmin evə qeydiyyata alınmaları mümkünsüzdür. Göründüyü kimi, cavabdehin qeyd olunan dəlilləri əsassızdır. Cavabdehin apellyasiya şikayətinin digər bir, iddiaçıların Polis İdarəsinin inzibati binasına yaşayış yeri üzrə qeydiyyata alınmaları öhdəliyinin qoyulmasının əsassız olduğunu mübahisələndirən dəlilinə gəldikdə, onun həmin dəlillərini də məhkəmə kollegiyası əsassız sayır. Çünki,“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2003ci il tarixli qərarında qeyd edilmişdir ki, əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”ndə vətəndaş haqqında məlumatların sırasında “yaşayış yeri” bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz. Konstitusiya Məhkəməsinin həmin Qərarda qeyd olunan hüquqi mövqeyinə görə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir. Qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrininin icra edilməsi barədə Qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər. Digər ölkələrin təcrübəsini nəzərə alaraq bu orqanlar belə vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirməklə onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təmin edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55s №-li, xx.xx.2003-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” 2003-cü il 31 yanvar tarixli qərarının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında da qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Göründüyü kimi, dövlət tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmış və ya yaşadığı yer üzrə qeydiyyata alına bilməyən iddiçıların qeydiyyatsız qalmamaları üçün müvafiq təminat mövcuddur və şəxsiyyət vəsiqəsi vermək hüququna malik cavabdeh AR Daxili İşlər Nazirliyinin struktur tərkibinə daxil olan cavabdeh polis orqanı, onları öz inzibati binasının yerləşdiyi ünvana qeydiyyata almaq üzərinə düşən öhdəliyidir. Birinci instansiya məhkəməsinin qərarında da, məhz, qeyd olunanlar nəzərə alınmış və məhkəmə əsaslı olaraq hesab etmişdir ki, iddiaçıların hal-hazırda faktiki yaşadığı tikiliyə münasibətdə hüququ yaranmadığından, cavabdeh inzibati orqanın ünvanı üzrə qeydiyyata alınmasından imtina edilməsi onların qanunvericiliklə qorunan hüquqlarını məhdudlaşdırır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh, yerləşdiyi inzibati binanın ünvanı üzrə iddiaçıları qeydiyyata almaqdan imtina etməsi əsassız olmuş, qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11016/2022 saylı xx.xx.2022-ci il il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11016/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar